Gün cəmalin görsə, cana, məh yəqin eylər həya,Əxz edər çünki məhü xurşid ruyindən ziya.

Sən Məsiha nitqsən, əhya edərsən mürdələr,Kim, nədir İsa sənə həmtaliq etsin, dilbəra!

Zülfünü çək bir kənarə səfheyi-ruxsaridən,Aşiqə məşuqəsi eylərmi bu qədri cəfa?

Bənd olubdur mürği-dil zənciri-dami zülfünə,Bir tərəhhüm qıl mənə, gəl, ey büti-möcüznüma.

Çox sənintək nazəninlər naz edibdir aşiqə,Gəlcəyin xətt ruyinə çəkmişlər xiclət bərməla.

Dilbəra, incitmə, bəsdir, bu dili-sədparəni,Sən təbibi-rəhmdilsən, eylə dərdimə dəva.

Vahida, etmə təmənna bivəfa məşuqədən,Xubrulər bivəfadır, bivəfadır, bivəfa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq