Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!

Üzdüm əl biganəxislət aşinalardan, könül,Mən bu dünyanın həqiqi aşinasın görmədim!

İntəhayə yetdi ömrüm intizari-vəsl ilə,Möhnətü dərdü fəraqın intəhasın görmədim!

Ney kimi fəryadıma göz yumdular həmdəmlərim,Bir özüm tək əhli-eşqin binəvasın görmədim.

Xeyirxahı olduğum bədxahım oldu aqibət,Hər kimi məhrəm xəyal etdim, ədasın görmədim.

Eşqdir baqi edən Leyliylə Məcnun namini,Mən keçən aşiqlərin hərgiz fənasın görmədim.

Vahidi, mən əhli-insafəm, necə gözdən salım?Başqalar tək mən onun bir iddiasın görmədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq