İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Страница 22 из 26 · 81%
Amma mən yenə keçmişlərə qayıtmaq istəyirəm.
1954-cü ildə Tofiq Kazımov «Atayevlər ailəsi»ni tamaşaya qoymuşdu və mən də İlyas Əfəndiyevlə birlikdə hər axşam o tamaşaya gedirdim. Tamaşada yozumu satirik planda verilmiş Sadıq surətinin ifasında Mustafa Mərdanov ilə Məmmədəli Vəlixanlı bir-birinə dublyor idi. Hərdən tamaşadan sonra İlyas Əfəndiyev Tofiq Kazımovu və Niyazini (tamaşanın musiqisini o bəstələmişdi) köhnə «İnturist»də restorana dəvət edirdi və süfrə arxasındakı söhbət əsnasında Tofiq Kazımov şikayətlənirdi:
– Əşşi, qalmışam Mustafa ilə Vəlixanlının arasında. O deyir bu gün mən oynayacağam, bu deyir, yox, mən oynayacağam...
İlyas Əfəndiyev gülüb:
– Tofiq,– deyirdi.– Məni bu işə qatma. Mustafa da böyük sənətkardı, Vəlixanlı da!
Orası da indi gözəl bir xatirə kimi yadıma düşür ki, həmin «İnturist»
məclislərindən sonra, Niyazi bəzən təkid edirdi ki, bizə gedəcəyik! İlyas Əfəndiyev də, rəhmətlik Tofiq Kazımov da nə qədər edirdisə ki, indicə süfrənin arxasından qalxmışıq, gecdir, mümkün olmurdu, təzədən Niyazigilə gedirdilər (mən – 5-ci sinif şagirdi də onlarla! onlar yeyib-içib söhbətləşirdi, mən də onlara qulaq asırdım) və məlum olurdu ki, Həcər xanım (maestronun vəfalı həyat yoldaşı) plov bişirib Niyazini gözləyir. Onların Niyazigildəki məzəli söhbətləri, oradakı o duzlu ab-hava da heç vaxt mənim yadımdan çıxmayacaq.
Mən lap uşaqlıq çağlarımdan İlyas Əfəndiyevin həyatının sonuna qədər, onun Mehdi Hüseynlə, Əli Vəliyevlə, Adil İsgəndərovla, Süleyman Rüstəmlə, Mir Mehdi Seyidzadə (ona «Ağa» deyirdilər) ilə, professor Əmir Həbibzadə ilə, bəstəkar Sultan Hacıbəyovla, atamın, Əmir müəllimin, xüsusən, Sultanın dostu, musiqiçi, Mədəniyyət Nazirliyinin işçisi, çox koloritli bir adam olan rəhmətlik Davud Balayeviç Qədimovla (ona «Dodik» deyirdilər), həkim-yazıçı Əli Ağabəyli ilə, başqaları ilə duzlu-məzəli söhbətlərinin, zarafatlarının şahidi olmuşam.
Fikirləşirəm ki, o zarafatların, məzəli əhvalatların bir qismi ilə, eləcə də həm İlyas Əfəndiyevdən eşitdiyim, həm də başqalarının mənə danışdığı bəzi hadisələrlə oxucuları tanış etsəm, bu, bir insan, şəxsiyyət kimi, İlyas Əfəndiyevin xarakterini duymağa kömək edər.
Eyni zamanda, güman edirəm ki, bu yumoristik hadisələr, epizodlar, mükalimələr dövrün yazıçılar mühitini hiss etmək baxımından da maraqlıdır.
Orasını da deyim ki, bu zarafatlar yalnız və yalnız təmiz hisslərin, gözəl münasibətlərin, qarşılıqlı hörmət və istəyin məhrəmanə ifadəsidir və mənim də bu epizodları qələmə almağım onlarda adı çəkilən Əli Vəliyev və Xan Şuşinskinin, Mehdi Hüseyn və Ağasadıq Gəraybəylinin, Süleyman Rəhimov və Mir Cəlalın, Əbülhəsən və Mirzə İbrahimovun, Adil İsgəndərov və Mir Mehdi Seyidzadənin, Məmməd Əkbər və Zeynal Xəlilin, Əliağa Kürçaylı və Cabbar Məcnunbəyovun, İslam Səfərli və Salam Qədirzadənin, Firudin Şuşinski və Tələt Əyyubovun, başqalarının ruhuna ehtiramımın ifadəsidir.
Elə bütün bu mülahizələri nəzərə alaraq da, mən həmin məzəli əhvalatların bəzisi ilə bu kitabın oxucularını tanış etmək istəyirəm.
Çətin vəziyyət
Əllinci illərin əvvəllərində İlyas Əfəndiyev Azərbaycan Yazıçılır İttifaqında məsləhətçi işləyirdi. Bir nəfər ədəbiyyat xəstəsi (zorən təbib!) qoltuğundakı yekə bir qovluq ilə həftə səkkiz, mən doqquz, İlyas müəllimin yanına gəlir, kolxozdakı əmək qəhrəmanlarının şanlı fəaliyyətindən, camışçılıq sahəsində dövlət planını artıqlaması ilə yerinə yetirməklərindən bəhs edən povestini ona oxumaq istəyir.
İlyas Əfəndiyev də hər dəfə bir bəhanə ilə onu başından edir. Axırda daha mümkün olmur və günlərin bir gözəl yaz günündə həmin ədəbiyyat xəstəsi Yazıçılar İttifaqındakı məsləhətçilər otağında İlyas müəllimlə üzbəüz oturub o böyük və danq-danq danqıldayan povesti ona oxumağa başlayır.
O, yazısını oxuduqca İlyas Əfəndiyev Yazıçılar İttifaqının geniş şüşəbəndindən görünən o gözəl yaz gününə baxır, kim bilir, nə fikirləşir, nələri xatırlayır, kimləri düşünür...
Bizim o zorən təbib isə böyük bir həvəslə povesti oxuyub qurtarır və intizarla İlyas Əfəndiyevə baxır.
İlyas Əfəndiyev soruşur:
– Nə oldu?
– Qurtardım də, İlyas müəllim...
– Hə?
– Bəli! İndi fikrinizi bilmək istəyirəm!
Bir müddət sükut çökür.
Sonra İlyas Əfəndiyev deyir:
– Onda sən bir qısaca bunun süjetini danış görüm...
Bəs, niyə tərifləmirsən?
«Hüsü Hacıyev» küçəsindəki 19 saylı binada (öz ənənələri, şuxluğu, zarafatı olan və min təəssüf ki, artıq bir çox məşhur sakinlərini itirmiş Yazıçılar Evində) üçüncü mərtəbədə yaşayan İlyas Əfəndiyev bir gün eyvana çıxır və görür ki, ondan aşağı mərtəbədə yaşayan Salam Qədirzadə də eyvandadır, balaca samovarına (bu da o gözəl binada bir məşhur samovar idi!) köz salır.
– Salam, salam!
– Salam, İlyas müəllim!
– Nə var, nə yox?
– Sağlığınız, İlyas müəllim.
– Bugünkü «Ədəbiyyat qəzeti»ndə mənim hekayəmi oxudun?
– Bəli, İlyas müəllim.
– Onda, bəs, səhərdən niyə tərifləmirsən?!
«Nam salat vmeste!»
1942-ci ilin yayında, müharibənin çətin vaxtında Mir Cəfər Bağırov Əli Vəliyevi, Zeynal Xəlili, Azərbaycan KP MK-nın məsul işçisi Kərimov familyalı bir nəfəri və o zaman cavan bir yazıçı olan İlyas Əfəndiyevi MK-ya çağırır və şəxsi tövsiyələri ilə onları əsgərlərlə görüş keçirmək üçün, Naxçıvanda yerləşən 402-ci Azərbaycan diviziyasına ezam edir.
Bu kiçik dəstənin rəhbəri Əli Vəliyev idi və səfər bitdikdən sonra bu barədə bilavasitə M.C.Bağırovun özünə məlumat verməli idi.
Onlar Əli Vəliyevin ciddi nəzarəti altında isti Naxçıvanda gündə bir neçə dəfə əsgərlərlə görüş keçirirlər: Əli Vəliyev məclisi aparırdı, İlyas Əfəndiyev «Azərbaycan ədəbiyyatı Böyük Vətən Müharibəsi günlərində» mövzusunda məruzə edir, hekayəsini oxuyurdu, Zeynal Xəlil də şerlərini oxuyurdu və günorta da gəlib zabitlərin yemək otağında nahar edirdilər.
Birinci gün nahar vaxtı xörəkpaylayan rus qızı onlardan soruşur:
– Salat vam otdelno prinesti, ili vmeste?
Səmimi bir adam olan Əli Vəliyev dərhal:
– Salat vmeste! – deyir.
O qorxulu illərin rəsmi məsuliyyət hissi Əli Vəliyevdə çox güclü idi və Əli müəllim Naxçıvanda səfər yoldaşlarına nəfəslərini dərməyə də imkan vermirdi: dördü də bir yerdə görüşə gedir, bir yerdə nahar edir, dördü də mehmanxanadakı böyük bir otaqda bir vaxtda yatırdı.
Havalar həddən artıq isti keçirdi və eləcə isti günlərdən birində günorta görüşdən qayıdarkən naharqabağı Əli Vəliyev deyir:
– Ürəyim yaman gilənar istəyir!..
Günlərinin yeknəsəqliyindən canı darıxan İlyas Əfəndiyev deyir:
– Əli, icazə ver, mən gedim şəhər bazarından gilənar alım gətirim.
– Nahara gecikməzsən ki?
– Yox!
– Onda get, amma tez gəl ki, nahara gecikməyək!
27 yaşlı İlyas Əfəndiyev qarnizondan çıxıb şəhərə gedir və bazarın girəcəyindəki kiçik kababxanadan tar səsi eşidir. İçəri girib görür ki, qarabəniz arıq bir tarzən tarı sinəsinə sıxıb, gözlərini yumub, necə deyərlər, ürəyinin mizrabıyla «Segah» çalır və o «Segah» neçə gündən bəri birinci dəfə azadlığa çıxmış İlyas Əfəndiyevi necə tutursa (bəlkə elə həmin təəssüratla da bir müddətdən sonra, məşhur «Qoca tarını çaldı» hekayəsini yazır...), kababxanada əyləşib yüz qram konyak, bir az da yemək sifariş edir.
Tarzən çalır, İlyas Əfəndiyev qulaq asır, bircə Allah bilir ki, o anlarda nə hisslər keçirir, dünyanın hansı işlərini fikirləşir, təzədən yüz qram konyak gəlir və bu münvalla vaxt keçir, qaş qaralır, bazar bağlanır və axşam İlyas Əfəndiyev boş qarnizona qayıdanda görür ki, Əli Vəliyev, sağ tərəfində də Zeynal Xəlillə Kərimov, sükut içində həyətdəki skamyada oturublar və Əli Vəliyev qəzəblə gözlərini zilləyib naməlum bir nöqtəyə.
İlyas Əfəndiyev yavaşca gəlib oturur Əli Vəliyevin sol tərəfində və ömründə dilinə içki dəyməmiş Əli Vəliyev çönüb onu yanında görəndə, belə bir gözlənilməzlikdən:
– Boy!..– deyir, sonra burnunu tutub: – Püf!..– eləyir.– Dədəmin goruna and olsun, bunu Bağırova xəbər verməsəm, məndən pis adam yoxdu! – Hirslə ayağa qalxır. – Kərimov, dur!
Bundan sonra Əli Vəliyev İlyas Əfəndiyevi danışdırmır. Günorta nahar zamanı Əli Vəliyev uzun barmağını İlyas Əfəndiyevə tuşlayıb xörəkpaylayan qıza:
– Yemu salat otdelno!– deyir.
Qorxuya düşən Kərimov tez-tez İlyas Əfəndiyevin qulağına pıçıldayır: «– Başımıza oyun açdın! Sən heç, Bağırov mənim dədəmi yandıracaq! Deyəcək ki, bəs, sən hara baxırdın?! Səni onlarla bir yerdə nəyə göndərmişdim?!»
İki gün beləcə davam edir, üçüncü gün günorta hərbçilərlə görüş zamanı İlyas Əfəndiyev məruzəsindən sonra, hekayə oxumaq əvəzinə, insani hisslərdən danışmağa başlayır, Əli Vəliyevin komandir Aslan Novruzovun müharibədə həlak olmasını təsvir edən hekayəsi üzərində dayanır.
Müharibədən əvvəl İncəsənət İdarəsində sədr müavini işləmiş, cavan, yaraşıqlı bir oğlan olan Aslan Novruzovu İlyas Əfəndiyev də yaxşı tanıyırmış və onun ölümü barədə həmin görüşdə çox təsirli danışır, deyir ki, Əli müəllimin bu hekayəni yazması onun bir insan kimi, daxili kövrəkliyinin nümunəsi, həyatdan cavan getmiş bir adam qarşısında mənəvi borcunun ifadəsidir...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Другие произведения автора
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Стихи других поэтов
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.