İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Страница 3 из 26 · 8%
2
Qəribədir, İlyas Əfəndiyev uşaqlıq illərinə, soyuna-kökünə, iti hafizəsinin ötüb keçmiş günlərlə bağlı ömrünün son günlərinədək dəqiq təfərrüatlarıyla qoruyub saxladığı xatirələrə nə qədər bağlıydısa, bir o qədər də öz şəxsi arxivinə fikir verməyən, nəinki mətbuatda çap olunmuş əsərlərini, onun haqqında yazılmış məqalələri, hətta öz kitablarının belə, nüsxələrini özündə saxlamağa əhəmiyyət verməyən bir insan idi. Bizim tapıb, alıb gətirdliyimiz kitabları da, görürsən ki, hansısa oxucusuna, qələm yoldaşına, yanına gələn hansısa jurnalistə bağışlayırdı və təkrar nəşrləri hazırlayarkən, məcbur olurduq ki, əvvəlki nəşrləri kitabxanadan xahiş edib götürək, makinada üzünü çıxartdıraq.
O öz şöhrətinin, öz yaradıcılıq taleyinin rejissoru deyildi və təbiəti etibarilə həmin sənətkarlardan biri idi ki, sənətinin taleyini zamanın (tarixin!) öhdəsinə buraxmışdı, onun üçün mübahisəsiz (və qəbul etdiyi!) bir həqiqət ondan ibarət idi ki, sən nə edirsən, et, göyə çıx, yerə düş, nə yazmısansa, onu zaman süzgəcdən keçirəcək və kafi, ya qeyri-kafi qiymətini verəcək – nə bundan yuxarı olacaq, nə də bundan aşağı.
Və İlyas Əfəndiyev burasını da yaxşı bilirdi ki, sənəti süzgəcdən keçirəcək, çaf-çürük edəcək o qüvvə – zaman! tarix! – tamam amansız bir şeydir və heç bir şəxsi cidd-cəhdə baxmır.
Bu, əlbəttə, o demək deyildi ki, İlyas Əfəndiyev yaradıcılığına qarşı biganə idi, əksinə, «yaradıcılığın taleyi» – bu mövzu onu daima düşündürürdü, bəzən tərəddüdlərə, hətta müvəqqəti bir mənəvi böhrana da gətirib çıxarırdı.
Misal üçün, bir epizodu xatırlamaq istəyirəm, hərçənd bunu mən artıq hansı yazımdasa demişəm, amma indi də təkrar edirəm, çünki elə bilirəm ki, İlyas Əfəndiyevin yaradıcılıq psixologiyası, yazıçı xarakteri və ümumiyyətlə, təbiətinin xüsusiyyətləri barədə az şey demir.
Bir dəfə axşamçağı mən ona baş çəkməyə getmişdim və onu görən kimi hiss etdim ki, fikirlidir, düşüncələri haradasa, başqa sferalardadır.
Onun yaxşı kitabxanası var idi: müasir dünya ədəbiyyatı, klassiklər... və birdən İlyas Əfəndiyev iş otağında gəzişə-gəzişə kitab rəflərinin qarşısında dayandı və o kitabları göstərərək soruşdu:
– Bunlardan sonra bizim yazmağımızın bir mənası var?
«Bunlar» – Şekspir, Servantes, Molyer, Şiller, Höte, Lev Tolstoy, çox qiymətləndirdiyi Balzak, sevdiyi Flober...
O zaman mən İlyas Əfəndiyevə belə bir cavab verdim:
– Hər bir yazıçını öz xalqının taleyi, tarixi kontekstində qiymətləndirmək lazımdır. Hərənin öz yeri var. Yoxsa, hər şey, sənin şübhələndiyin kimi, mənasız olar.
Mən bu gün də güman edirəm ki, onda atama düz cavab verdim.
Amma bu cavab onun o dəmdəki hisslər aləminə nəsə bir təsir etdimi? – bunu deyə bilmərəm...
Elə bilirəm ki, bu epizod onun öz yaradıcılığına və ümumiyyətlə, yaradıcılıq məsələlərinə, sənətə tələbkarlığından, daxili mübahisələrindən, yalnız sənətin yox, həyatın mənası barədə düşüncələrindən xəbər verirdi.
Bəzən qəribə hadisələr olurdu.
14 sentyabr 1943-cü ildə – gənc bir yazıçı olarkən – «Ədəbiyyat qəzeti»ndə İlyas Əfəndiyevin «Tar çalındı» adlı bir hekayəsi çap olunub – bu tarixi mən sonralar dəqiqləşdirdim, o hekayəni isə, necə olmuşdusa, ikinci nüsxəsi qorunub saxlanmış – indiki kimi yadımdadır – sapsarı, qıraqları didilmiş köhnə makina yazısından oxumuşdum, sonralar elə o köhnə makina yazısının sayəsində İlyas Əfəndiyev onu 1959-cu ildə nəşr olunmuş bircildlik «Seçilmiş əsərlər»inə, eləcə də 1964-cü ildə nəşr olunmuş ikicildliyinin birinci cildinə daxil etmişdi.
60-cı illərin əvvəllərində, əgər, səhv etmirəmsə, 1966-cı ildə – onda mən aspiranturaya yenicə qəbul olunmuşdum – bizim gözəl yazıçımız İsa Hüseynovun «Saz» adlı povesti çap olundu və mən o povesti «Azərbaycan» jurnalında oxuyanda mat qaldım: eyni ilə İlyas Əfəndiyevin həmin hekayəsindəki süjet idi.
O süjet bundan ibarət idi ki, qoca yaxşı tar çalır, yeganə qızı atasının tar çalmağını çox sevir, qız könüllü müharibəyə gedir, bundan sonra qocanın tarı divardan asılı qalır, çünki o da tarı, əslində, qızı üçün çalırdı və bir gün cəbhədən qızın qara xəbəri gəlir, həmin gecə qoca uzun fasilədən sonra, tarı sinəsinə sıxıb çalır.
Gənc İlyas Əfəndiyevə xas olan lirik-romantik bir üslubda yazılmış bu əhvalat İsa Hüseynovun «Saz» povestində tar əvəzinə saz və qız əvəzinə oğlan olmaq etibarilə eynilə təkrar olunurdu.
Düzdü, «Saz»da qələmə alınan material da başqa idi, təhkiyə də başqa idi, amma fakt, fakt olaraq qalırdı, necə deyərlər, kor-kor, gör-gör və mən bir gənclik hikkəsi və təəssübkeşliyi ilə bunu İlyas Əfəndiyevə deyəndə, o, əvvəlcə povesti oxudu, sonra mənim:
– Heç olmasa, zəng elə İsaya, soruş ki, bu nə məsələdi belə? – deyə təhriklərimə gülümsəyə-gülümsəyə:
– İsa yaxşı yazıçıdı,– dedi.– Görmürsən, elə bu povesti də yaxşı yazıb. Yəqin haçansa, yeniyetməlik vaxtlarında-zadda hekayəni oxuyub, o vaxtdan fikrində qalıb, sonra da sövq-təbii ortaya çıxıb...
Bu barədə o, nə İsaya, nə də bir başqasına bir kəlmə dedi, hətta o hekayəni yeni kitablarına salmaq da istəmirdi və yalnız mənim təkidimlə həmin hekayə 1969-cu ildə nəşr olunan dördcildliyinin birinci cildində, 1981-ci ildə «Qırçı və qırmızı çiçək» hekayələr kitabında, 1984-cü ildə altıcildliyinin birinci cildində çap olundu və oxucular hazırkı nəşrin ilk cildində də həmin hekayəni – «Qoca tarını çaldı» – oxuya bilərlər.
Mən bu hadisəni ona görə xatırlamadım ki, sonradan-sonraya İsa Hüseynovu suçlayım, əksinə, mən İsa Hüseynovu, xüsusən, 60 – 70-ci illərin ən yaxşı Azərbaycan nasirlərindən biri hesab edirəm və yeri düşmüşkən deyim ki, İlyas Əfəndiyev hələ 1957-ci ildə İsa Hüseynovun hekayələri haqqında «Yoldaşlıq söhbəti» adlı ayrıca məqalə yazıb «Ədəbiyyat və incəsənət» qəzetinin 3 avqust sayında çap etdirmişdi. Bu hadisəni də yalnız ona görə xatırladım ki, İlyas Əfəndiyevin xasiyyəti haqqında, mənim fikrimcə, az şey demir...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Другие произведения автора
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Стихи других поэтов
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.