Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Страница 19 из 26 · 69%

8

Mən artıq qeyd etdim ki, İlyas Əfəndiyev ömrü boyu vəzifəni, iclasları, bürokratik aparatı, sovet ədəbi-ictimai həyatının cürbəcür «seçkili» orqanlarını heç vəchlə yaxına buraxmayan bir adam idi (yalnız cavan çağlarından etibarən, həmişə Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin, bir də ki, Akademik Milli Dram Teatrı Bədii Şurasının üzvü olmuşdu, vəssalam!), onda, bütün bunlara qarşı təbii bir allergiya var idi, amma eyni zamanda o, (və bu, xüsusən, sovet gerçəklikləri kontekstində qəribə görünürdü) dünəninə, bugününə və sabahına görə hər an xalqının təəssübünü çəkməyə hazır olan (və çəkən!) bir ictimai xadim idi, oxucular da, ictimai mühit də onu ictimai xadim kimi də qəbul edir və ona hörmət bəsləyirdilər.

Unudulmaz maestro Tofiq Quliyev hələ İlyas Əfəndiyevin sağlığında ikən yazırdı:

«Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsna xidmətləri var, o ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir... Bir cəhəti də qeyd etmək istəyirəm: İlyas Əfəndiyev canı ilə, qanı ilə ədəbiyyata, sənətə bağlılığı ilə bərabər, həm də görkəmli ictimai xadimdir.»

Doğrudan, qəribədir, Sovet İttifaqında yaşayasan, heç zaman deputat seçilməyəsən, nəinki heç vaxt partiyanın rəhbər orqanlarında, ümumiyyətlə, heç Kommunist Partiyasının sıravi üzvü də olmayasan və səni ictimai xadim kimi də qəbul etsinlər – SSRI-də çətin analoqu tapılan bir hadisədir.

Şəxsən mənim üçün, burada bir sirri-xuda yoxdur: İlyas Əfəndiyevin ictimai xadimliyi də onun qələminin bəhrəsi idi. Onun ictimai xadimliyini «yüksək»

tribunalarda boğazdan yuxarı bir səmimiyətlə söylənən «atəşin» çıxışlar yox, təyinatlı deputat fəaliyyəti, icazəsi verilmiş təşəbbüskarlıq, tapşırılmış bəyanatlar, çağırışlar yox, qələminin vətəndaş ehtirası müəyyən edirdi.

İlyas Əfəndiyev hələ Sovet İttifaqı vaxtında həmin vətəndaş ehtirası ilə yazırdı: «Axı, biz, tribunalarda «vicdan, vicdan!» deyə bağıraraq, Didrodan, Aristoteldən sitatlar gətirən, əslində, pabmıqla baş kəsən, hər hökumət, partiya başçısının vaxtında bir dona girən, bu gün təriflədiyi «rəhbəri» sabah bağıra-bağıra pisləyən buqələmunları çox görmüşük».

Həmin buqələmun ictimai xadimlər həmişə həm yazıçı İlyas Əfəndiyevin, həm də ictimai xadim İlyas Əfəndiyevin qələminin hədəfi idi.

1991-ci ilin yanvarında – hələ sovet imperiyasının şərəfsizcəsinə süqutundan əvvəl, İlyas Əfəndiyev «Mənliyimiz və mədəniyyətimiz» adlı məqaləsində yazırdı:

«Son yetmiş ildə Stalin repressiyası insanlarda bütün müqədds ideyalara inamı məhv etdi. İş o dərəcəyə çatdı ki, hətta genlərin təsirinə, kibernetikaya inanmaq qadağan edildi. Stalinin zorla yaratdığı kollektivləşmə, yalançı beynəlmiləlçilik, kobud ateizm adamlarda paxıllıq, ikiüzlülük, közü öz qabağına eşmək, yaltaqlıq, satqınlıq kimi keyfiyyətləri sürətlə artırdı. Qardaş qardaşa, ata oğula inanmadı.

Beləliklə, dəmir hasara alınmış sovet cəmiyyətində insanın daxili-ülvi mədəniyyətini cəhənnəm adamının soyuq amansızlığı əvəz etdi. Cəmiyyətin insani müvazinəti pozuldu.»

İlyas Əfəndiyevin ictimai xadimliyi, öz imkanları daxilində, amma ehtirasla güddüyü həmin «insani müvazinəti pozulmuş cəmiyyətdə» doğma xalqının marağı idi.

Mən heç vəchlə istəməzdim ki, oxucu, mənim nəyisə ideallaşdırmaq meylimdən şübhələnsin (onsuz da belə bir «ideallaşdırmanın» heç bir perspektivi, deməli, heç bir mənası yoxdur, İlyas Əfəndiyev demişkən, saf-çürüyü – tarix aparır və tarixin işinə də qarışmaq lazım deyil, çünki mümkün deyil!).

Bəli, İlyas Əfəndiyevin də elə publisist yazılarına, ciddi məqalələrində elə abzaslara rast gəlmək mümkündür ki, orada hakim ideologiyanın tələb etdiyi tərənnümlər, xeyli dərəcədə az da olsa, təkrar olunur, ancaq bu, onun yaradıcılığının və vətəndaş mövqeyinin fonunda, bəlkə də, çox birbaşa deyirəm, açıq-aşkar bir komfulyaj rolu oynayır və bunu görmək üçün xüsusi cidd-cəhd də lazım deyil.

Sovet İttifaqında yaşamayan, sovet gerçəkliyini gözü ilə görməyən və o mühitdə yaradıcılıqla məşğul olmayan bir kəs bəlkə də, belə bir komfulyajı qəbul edə bilməz, çünki bunu başa düşmək, hiss eləmək çətin məsələdir.

Bir epizod yadıma düşür.

2001-ci ilin yanvarında, Nyu-Yorkda, BMT-nin fəaliyyətini işıqlandıran və ədəbiyyatdan da yaxşı xəbərdar olan jurnalist Con Lafeytlə söhbət əsnasında bu mövzu gəlib ortaya çıxdı və o, açıqca mənə dedi:

– Bilirsiz, cənab Elçin, mən belə bir komfulyajı heç cürə qəbul edə bilmərəm. Çünki mənim gözümün qabağına Bulqakov gəlir. Mənim üçün «Ustad və Marqarita» nümunəsi var!

O zaman mən:

– Əzizim, Con!– dedim,– onda gedin, elə həmin Bulqakovun Koba haqqında yazdığı pyesi oxuyun...

Bununla mən, təbii ki, həmin «ədəbi komfulyaja» bəraət qazandırmaq məqsədi güdmürəm, sadəcə olaraq, izah etmək istəyirəm ki, «sovet ədəbi komfulyajı» bir sıra həqiqi sənətkarlar üçün paravoz rolu oynayırdı, sistemə yad, ögey, hətta qərəzli əsərləri öz ardınca çəkib apara bilirdi...

İlyas Əfəndiyevin vətəndaş mövqeyi və fəaliyyəti ilə bağlı yalnız bir nümunənin üzərində qısaca dayanmaq istəyirəm: Cənub mövzusu.

Hələ 1983-cü ildə, uşaqlıq dostu, Füzulidə bir məktəbdə oxuduqları Əhəd Bağırzadə haqqında yazdığı bir essedə, İlyas Əfəndiyev həmin uşaqlıq illərini keçirdiyi yerləri xatırlayır və yazırdı:

«Şəhərin (Füzuli nəzərdə tutulur. – E.) bir kilometr şimalında Hacılı arxı keçirdi. Əslində bu, arx deyildi, qış-yay axan balaca bir çay idi. Hacılı arxından yüz əlli-iki yüz metr şimalda, yazda daşıb göylə gedən gurultulu Quruçay, ondan da bir qədər şimalda, dolana-dolana Köndələnçay axırdı. Quruçayla Köndələnçayın arasında kəsik konus şəklində «Qara köpək» adlanan bir təpə ucalır. Onun üstündən baxanda Arazın o tayında gümüşü bir duman altında uzaq bir əfsanə kimi Savalan dağı görünür. Biz bilirdik ki, Savalan dağının ucaldığı o yerlərdə də azərbaycanlılar yaşayır. Lakin heç bir əlaqəmiz, gediş-gəlişimiz olmadığından oradakı həyat bizə, ancaq nağıllardan bəlli idi».

İllər keçdikcə o nağıl aləmi İlyas Əfəndiyevin düşüncəsində sərt bir reallığa çevrilir və onun üçün Vətən – bölünməz idi, Vətən – yalnız Arazboyu Qarabağ deyildi, Vətən – yalınız SSRI-nin tərkibindəki Sovet Azərbaycanı deyildi, Vətən – şimallı-cənublu, şərqli-qərbli Azərbaycan idi.

1968-ci ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» əsəri tamaşaya qoyuldu və «Sən həmişə mənimləsən»dən sonra ikinci böyük uğur qazandı.

«Sən həmişə mənimləsən»lə Azərbaycan teatrına gələn və bundan sonra İlyas Əfəndiyevin on bir əsərində baş rolları ifa edən Amalya Pənahova yazır: – «Unuda bilmirəm» tamaşasında Nərmin surəti ilə düz 500 dəfə səhnəyə çıxmışam və hər dəfə də böyük şövqlə. Bu tamaşayla teatra axın-axın tamaşaçı gəldi.»

Və o «axın-axın» tamaşaçı, şübhəsiz ki, 40-cı illərin sonlarından etibarən, Cənub mövzusunun get-gedə artan bir sərtliklə Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, Azərbaycan ictimai fikrində qadağan olunduğu bir zamanda, Azərbaycan səhnəsində ilk dəfə özünün bədii ifadəsini tapmış bu mövzunu da alqışlayırdı.

Bu tamaşaya ictimai baxış keçirilən 1968-ci ilin o küləkli-çiskinli payız günü mənim yaxşı yadımdadır. Tofiq Kazımovun yaratdıtı yaradıcı heyət – qocaman Məmmədrza Şeyxzamanovla (Mövsümzadə), Sofa Bəsirzadə ilə (Səadət xanım), Muxtar Avşarovla (Kərəm dayı) birlikdə, gənc Həsənağa Turabovun (Kamran), Amalya Pənahovanın (Nərmin), Hamlet Qurbanovun (Cəmil) oyunu, gənc Solmaz Haqverdiyevanın tərtibatı və Emin Sabitoğlunun musiqisi müasir həyatın bir parçasını səhnədə elə bir sənətkarlıqla, şövqlə, həvəslə yaratdılar ki, elə bil, o saatlarda Cənub özü bir Savalan əzəməti ilə, eyni zamanda, o boyda da bir nisgil ilə Akademik Milli Dram Teatrının səhnəsindən görünürdü – vaxtilə Füzulidə, Qaraköpək təpənin üstündən Arazın o tayında «gümüşü bir duman altında» görünən kimi görünürdü, amma daha nağıl aləmində yox, səhnə, sənət gerçəkliyində.

İctimai baxışa toplanmış tamaşaçılar – teatr xadimləri, sənətşünaslar, yazıçılar (yadıma gələnlər: Abbas Zamanov, Məmmədağa Şirəliyev, Mirzəağa Quluzadə, Bayram Bayramov, Kamal Talıbzadə, Hüseyn Abbaszadə, Qasım Qasımzadə, Ədilə Əliyeva, Cabir Səfərov, gənc Yaşar Qarayev və b.) tamaşadan sonra ayağa qalxıb uzun müddət ifaçıları alqışladılar və hər şey... əməlli-başlı bir dava-dalaşla qurtardı: ictimai baxışda iştirak edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yüksək vəzifəli bir funksioneri tamaşanı... qadağan etdi:

– Bu cür zəhərli millətçiliyi (azərbaycanca yaxşı bilmədiyi üçün, rusca danışırdı və onun rusca dediyi o ifadə o vaxtdan da yaddaşıma həkk olub qalıb:

«otravlennıy nasionalizm»), belə bir pantürkizmi səhnəyə çıxarmaq olmaz!

Çox ciddi bir deyişmə oldu.

Tofiq Kazımov danışan adam deyildi və o, ürəyində nələr çəkirdi – Allah bilir. İlyas Əfəndiyev isə, tamam özündən çıxıb – mən onu çox az vaxtlar bu cür əsəbiləşən görmüşdüm – camaatın içində o adama – yarımrəhbər (rəhbərcik!) partiya işçisinə – necə deyərlər, dişinin dibindən çıxanı dedi və mən o deyilənləri yenidən xatırlamaq, eləcə də o adamın 34 ildən və dünya tamam dəyişəndən (onun da bu dəyişikliyə uyğun «başqalaşdığından»!) sonra adını çəkmək istəmirəm. Təkcə onu deyim ki, qızarıb pörtmüş həmin yüksək vəzifəli partiya funksioneri sürətlə tamaşa salonundan çıxa-çıxa:

Случайное стихотворение

Другие произведения автора

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 мин
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 мин
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 мин
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 мин

Стихи других поэтов