2. «Əzizimin cəfası» romanı
Страница 10 из 11 · 82%
Küçənin yuxarı başında alqış sədaları qopdu və tələbə Murad İldırımlı başa düşdü ki, o küləkli havada «Kommunist» küçəsində eləcə ayaq üstə dayanmaqlarına daha az qalıb. L.İ.Brejnev yoldaş gəlir və doğrudan da, elə o dəqiqə qara maşınlar bir-birinin ardınca tələbənin burnunun qabağından ötüb keçdi. Həmin maşınlardan ən irisinin və yaraşıqlısının (möhtəşəm bir maşın!) içində L.İ.Brejnev oturmuşdu, sağ əlini maşının pəncərəsindən çölə çıxarıb onu alqışlamağa toplaşmış Bakı zəhmətkeşlərini (yəni tələbələri, formalarını dəyişib adi vətəndaş paltarı geymiş hərbi məktəb dinləyicilərini və milis nəfərlərini, komsomol işçilərini, aşağı vəzifəli partiya işçilərini – raykom təlimatçılarını, şöbə müdirlərini...) salamlayırdı və tələbə Murad İldırımlı o dəm rəhbərin özünü görməyə macal tapmadı, yalnız əlini gördü.
Rəhbərin əli adi insan əli idi, adi insanlarda olduğu kimi, beş barmağı var idi, barmaqlarının dırnağı var idi, bir az ətli idi, amma əti boşalmışdı, özü də, deyəsən, günün altında bir az qaralmışdı, tamam çılpaq, tüksüz idi – hər halda, o sentyabr səhəri tələbə Murad İldırımlı bir anın ərzində o əli o cürə görmüşdü və aradan keçən bu qədər müddətə baxmayaraq, rəhbərin əli hərdənbir tələbənin gözlərinin qabağında dayanırdı və dünən gecə – yazıq Xədicə arvadın həyatının son gecəsi də elə oldu.
Tələbə yuxuya getmək istəyirdi və o əl qaranlıq içində yavaş-yavaş uzaqlaşırdı, amma birdən-birə qıpqırmızı bir transparantdan yapışıb təzədən gözlərinin qabağına gəlirdi və hər dəfə də o qırmızı transparantlarda iri hərflərlə əldə edilmiş xoşbəxt həyat haqqında cürbəcür şüarlar yazılırdı və tələbə nə qədər eləyirdisə də, yerində nə qədər o tərəf-bu tərəfə çönürdüsə də, rəhbərin əli o qırmızı transparantlarla birlikdə bu cavan adamın gecəyarısı elə bil ki, hov çəkmiş beynini dinc buraxmırdı. Belə anlarda tələbə yer üzündəki bütün insanlara nifrət edirdi.
Quran «Nisa surəsi» ndə deyirdi: «Ey insanlar! Əgər O istərsə, sizi aparar, başqalarını gətirər. Allah buna qadirdir».
Yəni Allah istərsə, lazım bilərsə, buna bir səbəb olarsa, insanları məhv edər, daha doğrusu, yaşayışı dəyişər, insan əvəzinə başqa bir məxluqat yaradar və o gecələr ki, tələbə yerində uzanıb dünyanın buz soyuqluğunu hiss edirdi, o zaman bu cavan adamın içindən dəli bir ehtiras baş qaldırırdı: bütün insanlar yox olaydı, bəşəriyyətin bütün tarixi pozulaydı və yer üzündə yeni bir məxluqat yaranaydı...
Bəzən tələbə Murad İldırımlı özü özünə nifrət edirdi ki, insanlara bu qədər kin bəsləmək olmaz, sən özün bir heç olduğun üçün, insanları da dartıb özünlə heçliyə aparmaq istəyirsən. Sən özün layiq olmadığın halda, çox istəyirsən, çox umursan, buna görə də əzab içində yaşayırsan, elə Quranın həmin surəsində belə bir ayə də var: «Əgər siz şükr edən və iman gətirən olarsınızsa, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah şükrə qiymət verən və hər şeyi biləndir».
Həmin aprel gecəsi (yəni dünən) tələbə Murad İldırımlı göyümtül adyalı (bax, bu göyümtül adyalı) üstündən bir kənara atdı və qalxıb yerində oturdu. Həyətdəki krantın damcılamağı aydın eşidilirdi, amma o damcı səsiylə bərabər, nəsə qeyri-adi bir səs də eşidilirdi və tələbə rəhbərin əlinin təqibindən hələ əməlli-başlı qurtara bilməmiş, bir müddət o qeyri-adi səsə qulaq asdı və birdən-birə dərk elədi ki, bu səs– xırıltıdır və xırıltı Xədicə arvadın otağından gəlir, hətta tələbənin tükləri ürpəşdi, çünki bir anlıq ona elə gəldi ki, Xədicə arvadı boğurlar və Xədicə arvadı boğan... rəhbərin həmin əlidir...
Sonra tamam ayıldı və yerindən dik atıldı, nəfəsini dərmədən diqqətlə qulaq asdı: xırıltı gah kəsilirdi, gah da şiddətlənirdi və tələbə... qorxdu; öz otağının qapısını itələyib açdı, bir müddət də qulaq asdı, sakitlik içində o xırıltıyla bərabər, öz ürəyinin də döyüntüsünü eşitdi, sonra qaranlıqda Xosrov müəllimin qapısına tərəf baxdı, barmaqlarının ucunda ehtiyatla addımlaya-addımlaya – elə bil, kimisə yuxudan oyatmağa qorxurdu– Xosrov müəllimin qapısının qabağına gəldi.
Qapının döyülməyilə Xosrov müəllimin hövlnak: «– Kimdi?» – soruşmağı bir oldu. Xosrov müəllim işığı yandırdı, qapını açdı və tələbə yalnız Xosrov müəllimi ağ tuman-köynəkdə görəndən sonra, özünün əyninə şalvar geymədiyini, nazik, əyri və tüklü qılçaları çılpaq halda, balaqları uzun göy trusiklə (bu göy trusiki – «işdan»ı hələ kənddə kitabxanaçı işlədiyi vaxtlar almışdı) gəlib kişinin qabağında dayandığını başa düşdü...
Xosrov müəllim irəlidə, tələbə də onun ardınca Xədicə arvadın otağına girdilər, Xosrov müəllim işığı yandırdı və tələbə Murad İldırımlı bu səkkiz ay müddətində birinci dəfə Xədicə arvadı yatağında gördü: yorğanı sinəsinəcən üstünə çəkmiş Xədicə arvad boynunu yana büküb gözlərini qırpmadan qapının aşağısına tərəf baxırdı, hətta tələbəyə elə gəldi ki, Xədicə arvad Balaniyazın göstərdiyi o siçan deşiyinə baxır; arvadın ağzından ağ köpük axıb boğazına, ağ gecə köynəyinin yaxasına, xırda gül naxışlı balıncına tökülmüşdü. O ağ gecə köynəyi, o xırda gül naxışlı balınc üzü o qədər təmiz idi, o yataqda o qədər sadəlik və təmizlik var idi ki, tələbə bircə anın içində bu arvadın xəsisliyini də, acgözlüyünü də, ikiüzlülüyünü də yadından çıxardı, yatağın o təmizliyi o gecəyarısı Xədicə arvadın özünün təmizliyindən xəbər verdi...
Xədicə arvad daha xırıldamırdı, Xosrov müəllim nikeli parıltıdan düşmüş köhnə dəmir çarpayıya yaxınlaşıb diqqətlə ev sahibəsinə baxdı, sonra arvadın göz qapaqlarını bağladı, belə bir məqamda çox sakitcəsinə: «– Gedək geyinək...» – dedi və tələbə, Xosrov müəllimin bu sakitliyində dünyanın hər üzünü görmüş bir təcrübə, daha dünyadan heç nə ummayan bir əlacsızlıq duydu.
Elə ki, ikisi də geyindi, təzədən Xədicə arvadın otağına gəldi (tələbə çalışırdı ki, yazıq Xədicə arvadın ağappaq, donmuş sifətinə baxmasın), Xosrov müəllim yuxarıdan aşağı diqqətlə tələbə Murad İldırımlıya baxıb (bayaq da beləcə bir diqqətlə Xədicə arvada baxmışdı) birdən-birə gülümsədi: «– Qapını döyəndə məni yaman qorxutdun...» – dedi. Xosrov müəllimin o gülümsəməyində Xədicə arvadın ağappaq gecə köynəyini, xırda gül naxışlı balıncını bulamış o köpük kimi ət ürpəşdirən bir şey var idi...
... Molla Əsədulla Quranı büküb səliqə ilə qarşısına qoymuşdu və gözlərini əlində çevirdiyi təsbehə dikib bir söz demirdi; sonra gözlərini təsbehdən çəkib Balaniyaza baxdı və həmin boğuq səsiylə:
– İşlər çoxdu də deyirsən, Balaniyaz ?.. – soruşdu.
Balaniyaz da gözlərini həyətin kənar-bucağından çəkib:
– Əh, bilirsən nə qədərdi, molla əmi?.. – dedi. – Əl-əlbət çoxdur.
– Bir söz eşitmişəm axı, Balaniyaz... Deyirlər ki, o köhnə dəyirman var e, «Xaqani» küçəsində, o dəyirman day işdiyə bilmir, nöşün ki, day gücü çatmır bu boyda şəhərin çörəyini çatdursun. Ancaq deyirlər ki, onu bağlamaq olmaz, söküb dağıtmaq olmaz, nöşün ki, orda o qədər siçovul, siçan var ki, bağlasalar a, ya söksələr o dəyirmanı, bütün şəhəri basar... Düzdü, alə, bu xəbər?
Molla Əsədulla bu sözləri çox ciddi deyirdi, amma bu sözlərdən sonra Balaniyazdan başqa məhəllə kişilərinin hamısının sifətinə yenə bir təbəssüm qondu və hamı da həmin təbəssümlə Balaniyaza baxdı.
Balaniyaz:
– Ələdi... – dedi. – Əl-əlbət ələdi! Bu siçovul-siçan ki, var, bunnarnan mübarizə aparmaq, vayna eləmək çox ağır bir məsələdi. Orda, o dəyirmanda elə siçovullar var ki, pişiklər qorxurlar onnardan, görəndə qaçıb gizlənirlər.
Molla Əsədulla:
– Pay atonan! Alə, sən özünnən muğayat ol!.. – dedi, yenə gözlərini əlində çevirdiyi təsbehə dikdi və yalnız bundan sonra mollanın da sifətindən yüngül bir təbəssüm keçdi.
Balaniyaz isə eyni ciddiliklə, hətta bir balaca lovğalıqla:
– Mənnən arxeyin olginə! – dedi.
Tələbə Murad İldırımlı Balaniyaza baxırdı; Balaniyaz, əlbəttə, «Əzizimin cəfası» romanını oxumamışdı və heç vaxt da oxumayacaqdı, amma Balaniyaz, əslində, xoşbəxt adam idi, çünki onun o romanı oxumağa ehtiyacı yox idi, yəni ömrünü siçanlarla mübarizəyə həsr etmiş bu adam o romanı oxuya bilməməyinin əzabını çəkmirdi... Balaniyaz Xədicə arvada oxşamırdı, amma o dəqiqələrdə Balaniyazda eynilə anasının yatağındakı o xırda gül naxışlı balıncın, o ağ gecə köynəyinin sadəliyi və təmizliyi var idi və elə bunun özündə də Siçan Balaniyaz tələbə Murad İldırımlıdan artıq bir məxluq idi– hər halda, o aprel günü, o həyətdə, o məhəllə kişilərinin arasında tələbə belə hiss edirdi.
Qəbiristanlığa gedənlər isə belə bir pis xəbərlə geri qayıtdılar ki, Tülkü Gəldi Qəbiristanlığında yer yoxdu və yazıq Xədicə arvadı orada dəfn etmək mümkün olmayacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Стихи других поэтов
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.