2. «Əzizimin cəfası» romanı
Страница 9 из 11 · 73%
Nə isə, bütün bunlar hələ sabahkı günlərin işi idi, onda isə 1978-ci il sentyabrın 20-si idi və cəmi iyirmi gün idi ki, tələbə Murad İldırımlı həqiqətən də dünyanın bir çox işlərindən bixəbər (milisioner Əsgər düz deyirdi!) o uzaq (və gözəl!) dağların qoynundan gəlib Bakıda tələbəlik həyatına başlamışdı və həmin gün dilsiz-ağızsız birinci kurs tələbəsi olduğu üçün, onun əlinə böyük bir transparant verib sübh tezdən başqa tələbələrlə birlikdə Bakı dəmiryol vağzalına göndərmişdilər. L.İ.Brejnev yoldaş Moskvadan qatarla yola düşmüşdü və bütün qəzetlər L.İ.Brejnev yoldaşın partiya və dövlət rəhbərləri tərəfindən Moskvadan Bakıya yola salınmasını xəbər vermişdi, fotolar dərc etmişdi. Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrini Sov. İKP MK Siyasi Bürosunun üzvləri V.V.Qrişin, A.N. Kosıgin, K.T. Mazurov, A.Y. Pelşe, M.A. Suslov, D.F. Ustinov, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd P.N. Demiçev, Sov.İKP MK katibləri İ.V. Kapitonov, V.İ. Dolgix, M.V. Zimyanin, K.V. Rusakov, Sov. İKP MK üzvləri G.S. Pavlov, Q.E. Sukanov, Sov. İKP MK üzvlüyünə namizədlər M.P. Georqadze, V.S. Paputin, S.K. Sviqun, Sov. İKP Mərkəzi təftiş komissiyasının üzvləri A.İ. Blatov, K.M. Boqolyubov, Y.M. Çurbanov, yollar naziri İ.Q.Pavlovski, xarici ticarət nazirinin müavini Y.L. Brejnev yola salmışdılar.
Universitet tələbələri arasında belə bir oyun var idi: bir nəfər Sov. İKP MK Siyasi Bürosunun üzvlərindən, üzvlüyə namizədlərdən, Sov. İKP MK katiblərindən, yaxud SSRİ Nazirlər Soveti Sədrinin müavinlərindən birinin familini deyirdi və kim ki, bu famil sahibinin adını və atasının adını, vəzifəsini dəqiq deyirdisə, bir dənə siqaret udurdu. Bu suallara dəqiq cavabları, adətən, komsomol fəalları, bir də ki, siqaret almağa pulu olmayan (buna görə də o adları əzbərləyən!) tələbələr cavab verirdi, – tələbə Murad İldırımlı isə komsomol fəalı deyildi, siqaret də çəkmirdi, amma bütün rəhbərlərin adını, atasının adını, familini əzbər bilirdi, vəzifələrini bütöv və dəqiq sadalayırdı və bir-birləri ilə mərcləşmiş tələbələr bəzən höcət edəndə (misal üçün, Boris Nikandroviç Ponomoryov, yoxsa Boris Nikolayeviç Ponomoryov?) gəlib həqiqi cavabı Murad İldırımlıdan öyrənirdilər, özüylə isə, maraqsız adam olduğu üçün heç vaxt mərcləşmirdilər. Tələbələr Murad İldırımlının rəhbərlərin adını və vəzifəsini belə yaxşı bilməyini də, əslində, onun paxıllığı ilə yozurdular.
Həmin sentyabr səhəri Bakı dəmiryol vağzalı əllərində Sov. İKP MK Siyasi Bürosunun üzvlərinin və üzvlüyə namizədlərin şəkillərini, şüarlar, transparantlar tutmuş tələbələrlə, gül-çiçək tutmuş qırmızı qalstuklu, ağ köynəkli pionerlərlə, SSRİ-nin və Azərbaycan SSR-in kiçik bayraqlarını tutmuş oktyabratlarla, əyinlərinə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin rəhbərin gəlişi münasibətilə xüsusi tikdirdiyi milli geyimlər geymiş və əllərindəki iri nimçələrdə paxlava, şəkərbura, şərbət, üzüm, əncir, armud tutmuş qızlarla, milis nəfərləriylə dolu idi və gecədən vağzalda hazırlıq işləri gördükləri üçün yuxusuzluqdan gözləri qızarmış bir o qədər də cavan olmayan komsomol işçiləri, aşağı vəzifəli partiya işçiləri canfəşanlıqla ora-bura qaçırdı, L.İ.Brejnev yoldaşı gətirəcək qatar isə gəlmək bilmirdi.
Hava soyuq və küləkli olduğu üçün, ağ köynəkli pionerlər və oktyabratlar, nazik milli geyimli qızlar elə üşüyürdülər ki, dişləri-dişlərinə dəyirdi və tələbə Murad İldırımlı bu nəhəng izdiham arasında, əlində tutduğu o transparantın xəcalətindən özünü bir mikrob kiçikliyi və heçliyi içində hiss edə-edə o milli geyimli və üşüyən qızlara baxırdı. O uzaq dağların qoynundan onda hələ lap təzəcə gəlib Bakının o dəmiryol vağzalına düşmüş bu cavan adam o yaraşıqlı qızların qarşısında, elə bil ki, özünü günahkar hesab edirdi və qızların o yüngül ipək paltarda eləcə üşüm-üşüm üşüməkləri tələbənin mənliyinə toxunurdu, onu əsəbiləşdirirdi.
Vağzalın ətrafındakı hündür binaların eyvanlarından, divarlarından, tələbələrin, şagirdlərin, komsomol işçilərinin əllərində tutduğu transparantlardan baxan L.İ.Brejnevin şəkilləri də o dəm elə bil ki, səbrsizliklə qatarın gəlib çıxmağını gözləyirdi və Murad İldırımlının gözləri hərdənbir rəhbərin qalın qaşlarına sataşanda, ona elə gəlirdi ki, həqiqət içində, yəni adi insanlar arasında, adi həyatda deyil və bütün bu şəkilləri, iri ağ hərflərlə qırmızı çit parçaların üstünə yazılmış bu şüarları – «Doğma Sovet İttifaqı Kommunist Partiyasına eşq olsun!», «Vətənimizin xalqlarının sarsılmaz dostluğu var olsun!», «Yer üzündə sülh naminə, sovet adamlarının rifahı naminə yorulmaz coşğun fəaliyyəti üçün Leonid İliç Brejnevə minnətdarıq!», «Qazanılmış misilsiz nailiyyətlərimiz partiyanın Mərkəzi Komitəsinin, onun Siyasi Bürosunun dinamik və məqsədyönlü təşkilatçılıq və siyasi işinin, Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri, Lenin rəhbərlik prinsiplərinin və əsl sosialist demokratiyasının carçısı, sülh uğrunda yorulmaz mübariz, əziz Leonid İliç Brejnevin yorulmaz nəzəri və əməli fəaliyyətinin nəticəsidir!» – Bakının raykomları çəkdirib yazdırmayıb, bu qədər adamı vağzala raykomlar yığmayıb, bütün bunları tarix özü edib və tarix özünün hansı bir mərhələsinisə lentə alır.
Tələbə Murad İldırımlının əlindəki transparantda yazılmışdı: «Əziz Leonid İliç! Bizim xoşbəxtliyimiz üçün əsl atalıq qayğınıza görə Azərbaycan tələbələri sizə dərin təşəkkür və minnətdarlığını bildirir!» və dəqiqələr ötdükcə, saatlar bir-birini əvəz etdikcə, bu transparantın ağırlığı daha da artırdı; komsomol fəalları, aşağı vəzifəli partiya işçiləri yenə ora-bura qaçsalar da, əvvəlki canfəşanlıqları hiss olunmurdu.
Bu vaxt qəribə bir görüş baş verdi: tələbə adamları aralaya-aralaya yanından ötən kəndçisi milisioner Əsgərlə üz-üzə gəldi. Milisioner Əsgər əyninə adi vətəndaş paltarı geyinmişdi və tələbəni görən kimi, qaşlarını dartıb ayaq saxladı: «– Bayramın mübarək olsun!» Tələbə əvvəlcə başa düşmədi: «– Hansı bayram?» «–Nətər yanı hansı bayram, ə? Bu boyda zırıltını görmürsən? Bizə də qrajdanski paltar geyindiriblər ki, göz-qulaq olaq, rəhbəri axryanat eləyək!..» Milisioner Əsgər Murad İldırımlının ali məktəbə qəbul olunmağından xəbərdar imiş, sifətini tələbənin sifətinə az qala bitişdirib «– Bə deyirdin nənəmin pulu yoxdu, ə?... – dedi. – Pulu yoxuydu, bə nətər oldu gəldin girdin instuta?» – Və milisioner Əsgər tənə ilə başını bulaya-bulaya uzaqlaşıb izdihamın içində yox oldu.
Günorta L.İ. Brejnev yoldaşı gətirən qatar, nəhayət ki, gəlib çıxdı; qatar gəlib çıxdı, amma, görünür, əvvəlcədən planlaşdırılmış yerdə dayanmadı, L.İ. Brejnevin vaqonu bir az irəlidə qaldı. Rəhbəri qarşılamağa gəlmiş rəsmi adamlar, əllərində gözəl nemətlər tutmuş milli geyimli qızlar, xalq çalğı alətlərindən ibarət böyük nəfəsli orkestrin üzvləri L.İ.Brejnevin vaqonuna tərəf qaçışdı, ara qarışdı və həmin yerdən uzaqda dayanmış tələbə Murad İldırımlı həyəcanlanmış izdahamın arasından L.İ.Brejnevi də, K.U.Çernenkonu da, onlarla gəlmiş başqa adamları da görə bilmədi və həmin dəm tələbəyə elə gəlirdi ki, vağzala toplaşmış adamların cürbəcür rəngli paltarlar geyinməyinə, qıpqırmızı transparantlara, şüarlara baxmayaraq, səsi zilə qalxmış qara zurnanın müşayiəti ilə hərəkətə gəlmiş kölgələrdən ibarət bir multfilmə baxır. Vağzaldakı bu çaxnaşma, bu həyəcan L.İ. Brejnevin dörd tərəfi də bürümüş, qatar gələndən sonra, birdən-birə yüz dəfə artmış şəkillərinə isə sirayət etməmişdi və rəhbər o şəkillərdə qalın qaşlarının altından təmkinlə Bakı dəmiryol vağzalında baş verən bu tarixi hadisəyə baxırdı. Tələbə Murad İldırımlıya elə gəlirdi ki, elə bil, rəhbərlər, doğrudan da, adi insanlar deyil, yəni onlar adi insanlar kimi, çörək yemir, su içmir, tualetə getmirlər...
İki gündən sonra, 1978-ci il sentyabrın 22-də isə tələbə Murad İldırımlı L.İ.Brejnevin sağ əlini gördü. Həmin gün tələbələri sübh tezdən universitetin binasının qabağında «Kommunist» küçəsinin hər iki tərəfi boyunca səkiyə toplamışdılar, yenə əllərinə Sov. İKP MK Siyasi Bürosunun üzvlərinin, üzvlüyə namizədlərin şəkillərini, transparantlar, şüarlar vermişdilər. L.İ.Brejnev buradan keçib V.İ.Lenin adına Sarayda Bakı şəhərinə Vətənin yüksək mükafatının təqdim olunması münasibətilə partiya, sovet təşkilatlarının, əmək kollektivlərinin, qoşun hissələrinin nümayəndələri ilə birlikdə Bakı Şəhər Partiya Komitəsinin və Şəhər Xalq Deputatları Sovetinin təntənəli iclasına gedəcəkdi. Tələbələrə tapşırılmışdı ki, rəhbər küçədən keçəndə onu uca səslə, nikbincəsinə alqışlasınlar, hərəyə ayrı-ayrı alqışlar əzbərlətmişdilər və onda iş belə gətirmişdi ki, Murad İldırımlı lap səkinin kənarında dayanmışdı, ondan irəlidə heç kim yox idi. Tələbələrdən kim özünü daha çox nikbin göstərə bilsəydi, rəhbəri ürəkdən və vəcdlə alqışlasaydı, onun işi bir o qədər yaxşı ola bilərdi, yəni, misal üçün, həmin cavanı fakültə (hətta universitet!) komsomol bürosunun üzvü seçə bilərdilər (yəni, rektorluğa, yaxud partiya komitəsinə çağırıb komsomol bürosunun üzvü təyin edə bilərdilər!), bu da o deyən söz idi ki, gələcəkdə təyinatını Bakıya ala bilərdi, komsomol işinə keçərdi, sonra partiya işinə keçərdi... Və gələcəkdə də işləri düzələrdi, tək özünün yox, bütün qohum-əqrəbasının!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Стихи других поэтов
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.