Stalinin ölümü
Страница 2 из 4 · 25%
Fatma arvad bu dünyada daha elə bir xəbər gözləmirdi ki, həmin xəbərin ağırlığına dözə bilməsin, həmin xəbər bütün içini təzədən yesin – başına gələn o müsibətlərə ki, dözmüşdü və indi də oturub evdə bu cürə çay-çörək yeyirdi, deməli, dözümlüydü, hələ dözümlüdən də o tərəfəydi, pisiydi, pis – hər halda, Fatma arvad özü bu barədə belə fikirləşirdi və belə bir aqibətinin ki, müqabilində hələ yaşayırdı, nəfəs alırdı, acırdı, susuzlayırdı, bu, Fatma arvadın özünün xoşuna gəlmirdi, özü beləcə yaşamağından utanırdı; amma çəkməçi Ağagül ki, Allah onun valideynlərinə rəhmət eləsin, özü də gül kimi bir oğlandı, deyəndə ki, Stalin xəstələnib, elə bil, Fatma arvadın bütün içindən bir titrəmə keçdi, ağzını açıb bir kəlmə də söz deyə bilmədi və çəkməçi Ağagül qapını ardınca örtüb çıxıb gedəndən sonra arvad bir müddət elə-eləcə bağlı qapıya baxdı, birdən-birə ürəyini elə sıxdılar ki, imdad yeri qalmadı, arvada elə gəldi ki, bu qapılar bir də heç vaxt acılmayacaq, həmişə beləcə bağlı qalacaq. Fitma arvadın əri Əşrəf papaqçı idi və 1939-cu ilin bir yaz gecəsi papaqçı Əşrəfi gəlib, bax, bu evdən aparmışdılar və o gedən olmuşdu, getmişdi, papaqçı Əşrəf bir daha bu evə, bu həyətə, bu məhəlləyə, İçəri Şəhərin Qoşa Qala Qapısı yanındakı papaqçı dükanına qayıtmamışdı. Papaqçı Əşrəfin ittihamı bu olmuşdu ki, guya, kimlərsə onun papaqçı dükanında oturub yoldaş Stalinin əleyhinə danışıb və o «kimlərin» kim olduğu da məlum olmadı, bu xəbəri enkevediyə kimin verdiyi də məlum olmadı (onda Pravadnik Əbdülkərim hələ bu məhəllədə yaşamırdı, yəni ki, xəbər verən o deyildi) və papaqçı Əşrəfi də bundan sonra gördüm deyən olmadı, söz çıxdı ki, kişini Bulla adasında güllələyiblər, kimi də dedi ki, guya, papaqçı Əşrəfi Fatma arvadın (və yəqin ki, o rəhmətlik kişinin özünün!) ömründə eşitmədiyi Tomsk vilayətinin Kolpaşevo deyilən bir yerində görüblər, orada yatalaqdan ölüb... Fatma arvad iki oğluyla – böyüyü Ağaniyaz, kiçiyi Balaniyaz – bu evdə tək qaldı, sonra müharibə başlandı, Ağaniyaz müharibəyə getdi (Balaniyazın yaşı çatmadı) və 1943-cü ilin bir bəlalı fevral günü poçtalyon Müzəffər əlindəki qara kağızda Fatma arvadın da qapısını döydü və o qara kağızda yazmışdılar ki, Ağaniyaz Fatma arvadın ömründə eşitmədiyi Beketovka deyilən bir yerdə (Stalinqradın yaxınlığında) Stalin uğrunda hücuma keçəndə qəhrəmancasına həlak olub. Məhəllənin baxdığı Mənzil İstismar İdarəsinin rəisi Upravdom Qəribli müharibədən sonra idarəsinin qabağında «STALIN UĞRUNDA» adlı böyük bir şərəf lövhəsi düzəltdirmişdi və xalq düşməninin oğlu olduğuna baxmayaraq, Ağaniyazın da şəklini o şərəf lövhəsinə vurdurmuşdu. O şəkili oradan iki il bundan qabaq – 1951-ci ilin sentyabrında çıxartdılar, çünki həmin sentyabrda Balaniyazı gəlib günün günorta çağı elə çəkməçi köşkündən götürüb aparmışdılar: bu dəfə də, guya, kimlərsə gəlib bu balaca köşkdə oturub yoldaş Stalinin əleyhinə danışıb (və bu dəfə məhəllədə belə bir gizli şayiə gəzirdi ki, həmin xəbəri enkevediyə Pravadnik Əbdülkərim çatdırıb!), xalq düşməninin oğlu da atasının yolu ilə gedib və düz iki il idi ki, Balaniyazdan da bir xəbər yox idi, məhəllədə kimi deyirdi ki, Balaniyaz Sibirdədi, kimi deyirdi ki, Qazaxıstandadı, kimi də Fatma arvadın qulağına çatmasın deyə, lap gizli bir sirr kimi, deyirdi ki, Balaniyazı güllələyiblər. Fatma arvad bilmirdi ki, kimin qapısına getsin, kimdən soruşsun oğlunun aqibətini, Balaniyazı Allaha tapşırıb saatlarla həyətdəki taxta pilləkənin üstündə otururdu, səsini çıxartmırdı ki, daha nə ağlaya bilirdi, nə də qarğış eləyirdi (kimə qarğış eləyəydi?) və Upravdom Qəribli də, əlbəttə, belə bir hadisədən sonra, lap gözünün işığı da olsaydı, Ağaniyazın şəklini şərəf lövhəsində saxlaya bilməzdi və saxlamadı da, Fatma arvad ki, o cümə axşamı səhər-səhər Ağagülün ardınca o bağlı qapıya baxırdı, elə bil, indicə eşitdiyi bu dəhşətli xəbərdən sonra (« – Stalin xəstələnib!... Qəzetdə yazıblar!..»), təkcə özü, yəni Fatma arvad yox, bütün dünya bu cürə bağlı qapı arxasında idi.
O soyuq mart səhəri poçtalyon Müzəffər belində içi dolu poçt çantası Bakının dağlıq məhəllələrindəki küçələri dolaşdıqca, illərdən bəri tanış qapıları açdıqca, qəzetjurnalları, məktubları payladıqca, elə bil, Sarı hamamın qabağında oxuduğu o qara məlumatın sözlərini, hərflərini həmin qəzet-jurnalları, həmin məktubları verdiyi adamların – kişilərin və qadınların, qocaların, cavanların və uşaqların sifətində, baxışlarında hər dəfə təzədən oxuyurdu. Asfalt səkilərlə, qənbər döşənmiş küçələrlə addımladıqca poçtalyon Müzəffərə qəribə gəlirdi ki, belə bir xəbərdən sonra, həyat yenə əvvəlki kimi davam edir; düzdü, hər tərəfi dərd basıb, dərd divarlara, daşlara hopub, amma həyat yenə əvvəlki kimi davam edir, yəni o yenə əvvəlki kimi qəzet-jurnal paylayır, məktub paylayır, yoldan maşınlar keçir, kimsə dükandan nəsə alır, kimsə hara gedir. Bayaqkı o «Kommunist» qəzetində o qara məlumatdan sonra, bülleten çap eləmişdilər: «1953-cü il martın 4-də saat 2-də I.V. STALININ səhhəti haqqında bülleten. 1953-cü il martın 2-sinə keçən gecə I. V. STALININ beyninə birdən-birə qan sızmış, qan beynin həyat üçün mühüm sahələrini bürümüş, nəticədə sağ qıçı və sol qolu iflic olmuş, huşunu itirmiş və dili tutulmuşdur. Pozulmuş tənəffüsü və qan dövranını yaxşılaşdırmaq məqsədilə martın 2-də və 3-də müvafiq müalicə tədbirləri görülmüş, lakin bu tədbirlər xəstəliyin gedişində hələ mühüm dönüş əmələ gətirməmişdir. Martın 4-də gecə saat 2-dək I. V. STALININ səhhəti ağır vəziyyətdə qalmaqda davam etmişdir. Tənəffüsün xeyli pozulduğu müşahidə edilir: tənəffüs tezliyi dəqiqədə 36-ya çatır, xəstə düzgün nəfəs almır və arabir uzun fasilələr olur. Nəbzi tez-tez, dəqiqədə 120-yə qədər vurur və müntəzəm işləmir; qan təzyiqi maksimum 220 və minimum 120-dir. Temperaturu 38,2 dərəcədir. Tənəffüsün və qan dövranının pozulması ilə əlaqədar oksigen çatışmazlığı müşahidə edilir. Beyin funksiyalarının pozulması dərəcəsi bir qədər artmışdır. Orqanizmin həyat üçün mühüm funksiyalarını bərpa etmək məqsədilə hazırda bir sıra terapevtik tədbirlər görülür». Aşağıda da o böyük həkimlərin hamısının bir-bir adını yazmışdılar, nazirin adını yazmışdılar və poçtalyon Müzəffər bu bülletendəki bir çox sözləri, ifadələri başa düşmürdü, amma buradakı «beyninə qan sızmışdı», «qıçı, qolu iflic olmuşdu», «huşunu itirmişdi», «dili tutulmuşdu», «nəbzi tez-tez vururdu» kimi sözlər poçtalyon Müzəffərin öz ev-eşiyini yadına salırdı, özünün, arvadının, uşaqlarının xəstələnməsini, xəstəliklərdən ölüb getmiş məhəllə adamlarının – hər gün rastlaşdığı, dərdləşdiyi, xeyirdə-şərdə oturub bir qismət çörək yediyi, bir stəkan çay içdiyi o rəhmətliklərin yas məclislərindəki söhbətləri yadına salırdı və poçtalyon Müzəffər bu sözləri heç cürə Stalinə uyğunlaşdıra bilmirdi, bu – adamın ağlına sığmayan bir iş idi. Bülletendəki o «xəstə» sözü... O söz dünyanın yazıqlığından, acizliyindən, köməksizliyindən, əlacsızlığından xəbər verirdi, o sözün özündə bir zəiflik var idi və o söz indi Stalini əvəz edirdi? Elə həmin «Kommunist» qəzetində Bolqarıstan Elmlər Akademiyasının Moskva universitetinə hədiyyəsi barədə, İmişli rayonundakı L. M. Kaqanoviç adına kolxozun üzvlərinin kənd təsərrüfatı məhsullarının tədarükü planlarını 1 May bayramınadək yerinə yetirməyə söz vermələri, Azərbaycan neft sənayesi işçilərinin orden və medallarla təltif olunması, Çan Kayşinin Birmadakı quldur dəstələrinə Birma qoşunlarının hücumu, İranda Müsəddiq hökumətinə etimad məsələsinin səsə qoyulacağı barədə yazılar var idi və elə bil ki, bütün bu əhvalatlar yer kürəsində yox, hardasa başqa bir aləmdə, başqa bir dünyada Ayda, Marsda, başqa bir ulduzda baş verirdi, çünki... Çünki bu dünyada Stalin xəstələnmişdi və bu dünyada ki, Stalin xəstələnmişdi, daha başqa nə ola bilərdi? Dünyada nə vardısa, Stalinin xəstələnməyi bunun son həddi idi, başqa nə ola bilərdi? Və birdən-birə poçtalyon Müzəffərin ağlına gəldi ki, bundan sonra yaxşı bir iş ola bilər, misal üçün, amnistiya ola bilər, gözü yollarda qalan qaragünlərin bir az bəxti açılar və poçtalyon Müzəffər bu fikirlərin gözlənilməzliyindən özünü itirdi, çünki bu o demək idi ki, bu xəstəlik Stalini... Poçtalyon Müzəffər daha dalını fikirləşmədi, təkcə ürəyindən bu keçdi ki, Allah mənim ömrümdən kəsib (nə qalıbsa, bundan sonra – ondan kəssin!) Stalinin ömrünə calasın, o böyük insanın ömrünü uzatsın və poçtalyon Müzəffər qalan bütün bəd fikirləri başından çıxarmaq üçün belinə şəllədiyi poçt çantasının yerini rahatladı və sürətini artırdı ki, yükünü tez boşaldıb qurtarsın, amma o mart səhəri poçtalyon Müzəffərin yükü, əslində, belinə şəllədiyi o içi dolu poçt çantasının ağırlığı deyildi, rəhbərin xəstələnməyi xəbəri ilə soyuq xəncər kimi ürəyinin içinə girmiş dərd idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-stalinin-olumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:
Xxı fəsilBinə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.
Xxıı fəsilQırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Стихи других поэтов
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
BilmirəmAy ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi