Stalinin ölümü
Страница 4 из 4 · 75%
Pravadnik Əbdülkərim həmin mart səhəri Sarı hamamın qabağından qayıdıb mətbəxdə ülgüclə üzünü qırxırdı və əlüzyuyanın yuxarısından divara vurulmuş güzgüdə diqqətlə sabunlu sifətinə baxırdı, amma güzgü çirkli olduğu üçün, özünü yaxşı görə bilmirdi, ayaq barmaqlarının ücüna qalxıb sabunlu sifətini güzgüyə lap yaxınlaşdırırdı, az qalırdı yekə burnunun ətli ucu şüşəyə dəysin. Nataşanın ev işləri ilə arası yox idi, nəyi hara atırdı, orda da qalırdı, supdan başqa da heç nə bişirə bilmirdi, əsgini əlinə alıb Allahın güzgüsünü də təmizləmirdi və üzünü qırxa-qırxa çirkli güzgüyə baxan Pravadnik Əbdülkərimin qanı qaralmağa başlayırdı, amma həmişə belə məqamlarda olduğu kimi, 1953-cü ilin o mart səhəri də Nataşanın ağappaq, dolu və sağlam bədəni Pravadnik Əbdülkərimin gözünün qabağına gəldi, o bədənin hərarətini hiss elədi və güzgünün eləcə çirkliyinə baxmayaraq, kişi sinədolusu rahat və ləzzətli bir nəfəs aldı, gülümsədi. Nataşa hələ isti yataqda idi və Pravadnik Əbdülkərim başını çevirib yeganə otaqdakı enli dəmir çarpayıda yatan Nataşaya baxdı: Nataşa həmişəki kimi, arxası üstə uzanmışdı, dolu qollarını da başının kənarlarından yuxarı uzadıb balıncın üstünə qoymuşdu və əriylə birlikdə gecəki yorğunluqdan sonra, rahatca yatıb istirahət edirdi və o dəm Nataşanın qoltuğunun altındakı narın sarı tüklərin ətri, elə bil, mətbəxdə Pravadnik Əbdülkərimin burnuna gəldi və kişinin bütün bədənindən gözəl bir hiss keçdi, hətta istədi ki, təzədən gedib girsin Nataşanın yanına, amma tələsmək lazım deyildi, hələ düz üç gün evdə idi... Nataşa ərindən iyirmi beş-otuz yaş kiçik idi (iyirmi iki-iyirmi üç yaşı olardı) və Pravadnik Əbdülkərim içindən pıqqapıq qaynayan bu qızı Rastovdan tapıb gətirmişdi və qeydsiz-şərtsiz yüz faiz özünəməxsus olsun deyə, bu qızla ömründə birinci dəfə rəsmən evlənmişdi. Uzun illərdən bəri Rusiyanın saysız-hesabsız stansiyalarında Pravadnik Əbdülkərim hələ bu qız qədər sümüyünə yatan arvad xeylağına rast gəlməmişdi (Rusiyanın o saysız-hesabsız stansiyaları isə o uzun illərdən bəri Pravadnik Əbdülkərim üçün hərəmxana kimi bir şey idi!) və Nataşanın pintiliyi, düzdü, hərdən adamı dilxor eləyirdi, amma o pintilik o bədənin yanında, o hərarətin yanında yaddan çıxırdı, yox olub gedirdi və Pravadnik Əbdülkərim özü əlinə əsgi alıb güzgünü təmizləyirdi, pəncərələrin, evdəki əşyaların tozunu alırdı, süpürgəni götürüb evi süpürürdü, mətbəxin həyətə baxan pəncərəsini şalla kip örtüb ləyəndə özünün və Nataşanın alt paltarlarını, üst paltarlarını yuyurdu və keyfiyyətli yeməkləri – təzə ət, təzə balıq, kürü, Rusiyanın stansiyalarından aldığı, yaxud şey-şüyə dəyişdiyi gözəl ev kolbasaları gətirib Nataşanı bəsləyirdi, özü də Nataşanın öhdəsindən layiqincə gəlmək üçün, gecə-gündüz güclü və vitaminli şeylər yeyirdi: qoz, fındıq, ərik qurusu, göy-göyərti, quyruq yağında qızarmış yumurta və sairə. Hər dəfə səfərə çıxanda Nataşanı evdə tək buraxmırdı, aparıb qoyurdu Biləcəridə yaşayan bacısıgildə və Nataşa orada da yeyib yatmaqla məşğul olurdu, çünki bacısıgil də Pravadnik Əbdülkərimin qorxusundan (qardaş olanda nə olar? qorxulu adam idi!) Nataşaya gözünün üstündə qaşın var demirdilər. Pravadnik Əbdülkərim uzun-uzun illərdən bəri Bakı ilə – «Bakı – Moskva» qatarının yolu boyunca – Rusiyanın irili-xırdalı stansiyaları arasında hörümçək toru kimi, öz torunu hörmüşdü və bu torun telləri ilə stansiyalardan stansiyalara sürüşə-sürüşə yumurta kartofa dəyişilirdi, kartof toyuğa, toyuq balığa, balıq nöyüt plitəsinə, nöyüt plitəsi köynəyə, köynək kürüyə çevrilirdi və Pravadnik Əbdülkərimin qazancı həmişə yaxşı olurdu və ən böyük rəislərindən tutmuş bələdçi yoldaşlarına kimi heç kim Pravadnik Əbdülkərimə bir söz demirdi, çünki deyə bilmirdi, çünki qorxurdu. Pravadnik Əbdülkərim Azərbaycan dəmir yolu işçiləri arasında maskalanmış xalq düşmənlərini ifşa edə-edə 1937-ci ildə Sov.IKP-nin üzvlüyünə qəbul olunmuşdu və o vaxtdan bəri bütün partiya iclaslarında çıxış edirdi, həmişə sayıqlığa çağırırdı, kimin siyasi simasından şübhələnirdisə, o saat iclaslarda deyirdi, enkevediyə və Azərbaycan KP MK-ya, Sov.IKP MK-ya yazırdı, 7 Noyabr, 1 May, sonralar 9 May bayramlarında döşünə qırmızı taxıb əlinə şüarlar götürürdü, nümayişlərdə dəmiryolçuların ön cərgəsində respublika rəhbərlərinin dayandığı tribunanın qabağından keçirdi, hər il dekabrın 21-də Stalinə, noyabrın 19-da Kalininə, Kalinin öləndən sonra isə, mayın 19-da Şvernikə teleqram vurub anadan olduqları gün münasibətilə onları ürəkdən təbrik edirdi və stansiyalararası alveri də işlədiyi vaqonların təkərləri kimi yağlı gedirdi və hərgah təkcə o məhəllədə yox, bütün Bakıda heç bir nigarançılığı olmayan, öz həyatından razı on nəfər vardısa, biri Pravadnik Əbdülkərim idi, hətta, müharibə vaxtı da idarədə birinci Pravadnik Əbdülkərimə bron verib cəbhədən azad elədilər ki, heç kimlə işi olmasın. Həmin mart səhəri mətbəxdə üzünü qırxdığı o ülgücü də Qroznıdan alıb gətirmişdi, trofey ülgüc idi, elə itiydi ki, bir göz qırpımında adamın başını bədənindən ayırmaq olardı və bunu fikirləşəndə Stalinin ölməyi yenə Pravadnik Əbdülkərimin yadına düşdü: Stalin də ölərmiş... Elə bilirdi ki, Stalindi də, dünya ona qalacaq, day demirdi ki, İsgəndərə qalmayan dünya heç kimə qalmayacaq!.. Oturmuşdu bu zırpılıqda ölkənin taxt-tacında, bığlarını uzadırdı, ayaqlarının da altını görmürdü... İndi aparıb soxarlar qara gora, onda bilər!.. Amma heç vaxtında ölmədi qoca kaftar!.. Kim bilir, indi necə olacaq, kim gələcək, təzə Stalin kim olacaq?.. Yox, heç ölməyin vaxtı deyildi... Pravadnik Əbdülkərimin məşhur bir söyüşü var idi, əsəbiləşəndə, narahat olanda, heyfsilənəndə söyürdü: «Svoluş!..» Və həmin mart səhəri də Pravadnik Əbdülkərim özünü saxlaya bilməyib, ürəyində o məşhur söyüşünü söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı!..» Sonra Pravadnik Əbdülkərimin gözü mətbəxin həyət pəncərəsindən papaqçı Əşrəfin evinin taxta pilləkənlərinə sataşdı: orada Balaniyaz adında birisi yaşayırdı, çəkməçi idi, pişik südə baxan kimi, altdan-altdan marıtdayıb Nataşaya baxırdı (belə şeylər təbii ki, Pravadnik Əbdülkərimin gözündən yayınmazdı!), basdılar belinə on ili, getdi, köpək oğlu!.. İndi necə, görəsən, amnistiya olacaq? Amnistiya olsa, o gələnlər bəs nə deyəcək? Pravadnik Əbdülkərim yenə özünü saxlaya bilməyib o məşhur söyüşünü ürəyində təkrar söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı, qoca kaftar!..» Sonra Pravadnik Əbdülkərim mətbəxin pəncərəsinə yaxınlaşdı və heyrətlə o taxta pilləkənlərə tərəf baxdı: Fatma arvad pilləkənlərin başında oturub için-için ağlayırdı və uzun müddətdən bəri ağzını açıb bir kəlmə deməyən bu arvad indi dünyanın qarasına nəsə deyirdi.
Elə ki, çəkməçi Ağagül səhər tezdən qapını açıb içəri girdi, yarım kilo ağ çörəyi mizin üstünə qoydu, Fatma arvadın ürəyi düşdü, elə bil, bir salxım üzümü qayçı ilə kəsdilər və arvad Ağagülün qıpqırmızı qızarmış gözlərindən başa düşdü ki, Stalin ölüb. Fatma arvad bütün gecəni yatmamışdı; əvvəlki gecələr həmişə Allaha yalvarırdı ki, Balaniyazdan bir xəbər gəlsin, Balaniyaz getdiyi yerdən salamat qayıtsın, amma həmin gecə Balaniyazla birlikdə Stalinçün də Allaha yalvarmışdı, yalvarmışdı ki, Stalin ölməsin, çünki əgər Stalin də ölsəydi, daha iynənin ucu qədər də ümid qalmayacaqdı bu dünyada, batacaqdı bu dünya, Aşqabaddan da pis günə qalacaqdı bu dünya... Və Ağagül çıxıb gedəndən sonra, Fatma arvad eləcə oturduğu yerdə qaldı, durub çay dəmlədi, mizin üstündəki o yarım kilo ağ çörəyə əl dəymədi və birdən-birə arvada elə gəldi ki, ömrünü keçirdiyi, əriylə birlikdə iki oğlunu böyütdüyü bu otaq otaq yox, qəbirdi, bardaş qurub oturduğu palazın üstündən güclə qalxıb titrəyən ayaqları səndələyə-səndələyə evdən çıxdı, o, səhərçağı çöldə də, elə bil, azadlıq yox idi, elə bil, nəyləsə hər tərəfi qapamışdılar və gözə görünməyən o «nəsə» çölü də otağın içi kimi, qəbirə çevirmişdi və Fatma arvad taxta pilləkənin üstündə oturdu, çoxdan bəri ağlamadığına (ağlaya bilmədiyinə!) görə hönkürtü, elə bil, birdən-birə qanlı-kədərli bir fəvvarə kimi, püskürüb bütün içindən gəldi, ağlaya-ağlaya: «–Bəs, necə olacaq? – pıçıldadı. – Ay Allah, bu nə gündü biz düşdük. – dedi.
– O boyda kişiyə necə qıydın, ay Allah?! – dedi. – Baisin evi yıxılsın, bəs, necə olacaq bundan sonra? – dedi. – Bu yazıq camaat neyniyəcək bundan sonra?..»
O Sarı hamamın qabağındakı o qoşa tut ağacının çılpaq budaqlarına isə pırıltıyla sərçələr qonurdu, uçub gedib təzədən qayıdırdı və 1953-cü ilin o soyuq mart səhəri bizim məhəllədə təkcə o sərçələr heç nəyin fərqində deyildi...
Aprel, 1990.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-stalinin-olumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:
Xxı fəsilBinə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.
Xxıı fəsilQırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Стихи других поэтов
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
BilmirəmAy ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi