Birinci hissə, birinci fəsil
Страница 4 из 7 · 43%
Lakin indi… o qadından öz məhrəm sirrini eşidəndən və bir neçə anın içində allah bilir neçə dəfə ölüb-diriləndən sonra Aslan zəif, aciz bir səslə:
⎯ Axı… axı sən kimsən? Sən falçısan, cadugərsən, əfsunkarsan, nəsən, ay başına dönüm? Səni kim öyrədib mənim yanıma göndərib axı? Sən məndən nə istəyirsən? ⎯ deyərək əlləri əsə-əsə siqaret yandırdı, yazıq-yazıq qadının üzünə baxaraq tüstünü ciyərlərinə sümürdü; sanki içərisinin yanğısını bu zəhirmar tüstü ilə söndürə biləcəkdi. O, məşum sözləri dilinə gətirən andan Aslanın haldan-hala düşdüyünü görən və sanki özününmü, başqa birisininmi bədbəxtliyində kiminsə deyil, məhz onun günahkar olduğunu bildiyindən bundan xüsusi ləzzət alan qadın müəmmalı bir tərzdə gülümsünərək yarıyacan «çəkdiyi» siqareti yerə atdı, burnunun ucu sürtülmüş ayaqqabısı ilə tapdalayıb söndürdükdən sonra sakit-sakit dedi:
⎯ Mən nə falçıyam, nə cadugərəm, nə agentəm, nə göydən gəlmişəm, nə yerdən çıxmışam, Aslan bəy. ⎯ Qadın onun təkcə indicə dilindən qopan sözləri yox, bayaqdan bəri neçə dəfə ürəyindən keçirdiyi sözləri də bir-birinə qatıb söyləyəndə Aslanın pırpız qaşları yenə qalxıb alnının ortasına mindi: ⎯ Mən sən düşündüklərinin heç biri deyiləm, mən adi bir adamam.
⎯ Yox, yox, nəyə desən and içərəm, sən adi adam deyilsən. Sən ya mələksən ⎯ göylərdən gəlmisən, ya cinsən, şeytansan, qız. Əgər səni mənim düşmənlərim, DTK öyrədib dalımca göndərməyibsə, sən möcüzəsən, qız. Açıq söylə, de görüm məndən nə istəyirsən? Bax, niyə öz yolunla çıxıb getmədin, niyə mənim yanıma döndün, niyə mənim onsuz da özümə bəs eləyən dərdlərimi təzədən yadıma salıb qanımı qaraltdın, qız? Mən səni heç cür xatırlaya bilmirəm. Ola bilər mən haçansa sənə bir pislik eləmişəm, sən indi məndən intiqam almaq istəyirsən, hə? Sən məni əvvəllər görmüşdün, tanıyırdın? Sən allah, düzünü de, bağrım çatlayır.
⎯ Dedim ki, yox, bəy. Sənin dediklərinin heç biri düz deyil. Mən səni birinci dəfədi görürəm, vallah. Sən şəxsən mənə də heç bir pislik etməmisən ki, səndən intiqam alım. Səndən də heç umacağım yoxdur. Məni heç kəs sənin yanına göndərməyib ⎯ hər halda sənin şübhələndiyin adamlar məni sənin yanına göndərməyiblər. Özüm də əslində bilmirəm niyə uzaqdan səni görən kimi üstünə gəldim ⎯ elə bil mənə dedilər ki, sənin yanında ayaq saxlayım və cəmi bir neçə anın içində sənin bütün həyatın mənə əyan oldu, bəy. Mən səni uzaqdan oxudum: sən həm çox qəddar, həm də yazıq adamsan, Aslan bəy. Sən qəddarlığına görə cəzalanmalısan, yazıqlığına görə isə… sənə kömək eləməliyəm, bəy.
⎯ Mənə «bəy» demə, qız.
⎯ Niyə? İndi dəb düşüb. Bizimkilərin hamısı bir-birinə «bəy» ⎯ deyir. Cibində beş manatı olmayan da bəydi, kassalarda, gizlənclərdə milyonları olanlar da bəydi. Elə biri sən.
Xaricdə iyirmi beş milyon pulun var. Belə olan surətdə mən sənə niyə «bəy» deməyim, hə?
Aslan hələ tamam-kamal özünə gəlməmiş, onun bu sözlərindən sonra yenə fikir dumanında itib çırpındı: «Ay aman, mənim pulumun qədərini də bilir ki. Görəsən hardan bilir?»
⎯ Soruşursan ki, sənin pulunun qədərini hardan bilirəm?
⎯ Mən səndən elə şey soruşmadım, qız.
⎯ Düzdü, soruşmadın, ancaq ürəyində belə dedin.
⎯ Sən mənim ürəyimdə dediklərimi də bilirsən?
⎯ Eşidirəm.
Aslan bütün vücudunu titrədən bir qorxu içində, eyni zamanda bu sehrkar qadını bir daha yoxlamaq üçün ürəyindən keçirtdi: «Daha mənim sənə sözüm yoxdu».
Qadın məmnun halda qımışdı:
⎯ Nə sözün olacaqdı ki? Bəli, Aslan, indi sənin Şvetsariya və Türkiyə banklarında iyirmi beş milyon dolların, burda, Bakıda isə otuz milyonun var; onun az bir qismi kassadadı, gözə kül üfürmək üçün qoymusan, qalanları isə bağındadı. ⎯ Aslan bu sözləri eşidəndə bir anlığa o yan bu yanına baxındı, kənar adamın böyür-başında olub-olmadığını yoxladı, kimsəni görməyib rahat nəfəs alsa da, dünəndən nifrət eləməyə başladığı, sabah, birisi gün gümanları, şübhələri düz çıxarsa, bəlkə də güllələyəcəyi Mehmanı baxışları ilə axtardı: «Kaş bu küçük gələydi, məni bu tilsimli arvadın əlindən alıb qurtaraydı». Ancaq qorxusundan bu fikri tez özündən uzaqlaşdırmağa çalışdı, istədi maşını, Mehmanı elə burdaca, küçənin ortasında qoyub oddan-alovdan, oğrudanquldurdan qaçırmış kimi, dabanlarına tüpürüb ayaqları yer tutduqca yolun ağına düşüb qaçsın, uzaqlaşsın, lakin taqətimi qalmışdı? Yerindən tərpənə bilməyib tələyə düşmüş yazıq ov təkin çarəsiz-çarəsiz qadına baxıb köks ötürdü, artıq əzilib ütüsünü itirmiş cib dəsmalıyla alnının tərini silə-silə başa düşdü ki, qadın əbəs yerə qımışmır: onun fikirlərini oxumuşdu o, lakin əhəmiyyət vermədiyinə görəmi, alicənablıq etdiyinə görəmi, üstünü vurmayıb yarımçıq qalmış sözünə davam elədi: ⎯ Bəli, bağındadı. Ancaq nə olsun? Elə bilirsən xoşbəxtlik ancaq sərvətdədi? O qədər sərvətin ola-ola, bu boyda Bakıda seçilən, sayılan on-on beş kişidən biri sayıla-sayıla sən, xoşbəxt deyilsən, Aslan. Sən təbii ki, çörək dərdi, paltar dərdi, ev dərdi çəkmirsən. Səni sıxan, bədbəxt eləyən tamam başqa şeylərdi, bəy.
⎯ Nədi, bacı? ⎯ Aslan yazıq-yazıq soruşdu, çünki o özü də bu fikirdəydi: «Bu qədər varın-dövlətin ola, amma könül rahatlığın olmaya, özünü dünyanın bədbəxtlərindən biri hesab eləyəsən. Belə də zülm olar?» ⎯ deyə Aslan son zamanlar bu suallar ətrafında çox çırpınmışdı, ancaq cavab tapa bilməmişdi. Ondan «bacı» sözünü eşitmiş qadının sifətində qəribə bir parıltı göründü, gözləri işıqlandı:
⎯ Mənə bacı deyirsən?
⎯ Hə. Mənim bütün sirlərimi bilirsən, sənə necə bacı deməyim?
⎯ Sənin bacın var?
⎯ Yox. Tək oğlan olmuşam.
⎯ Bilirsənmi ki, «bacı» sözü necə müqəddəs sözdü? İnanmıram ki, bacısı olmayan adamlar bu sözün böyüklüyünü, ülviliyini və məsuliyyətini layiqincə başa düşsünlər. Qanı, südü, mayası doğma olmayan bir qıza, qadına «bacı» deyən kişi, gərək o kəlmənin təmizliyini kişi kimi də axıra qədər qoruya bilsin, «bacı» dediyi qıza-qadına başqa gözlə baxmağı gərək bilmərrə ürəyindən çıxarıb atsın, o murdar hissi yaxına belə gərək qoymasın. Ancaq… ancaq indi, çox təəssüf, kişi paltarı geymiş elə nakişilər də əmələ gəlib ki, üzdə, camaat gözünə, dost-tanış, qohum-əqrəba arasında bir də görürsən ki, birinə «bacı» deyir, ancaq… xəlvətdə… Nədi, qaşlarını yuxarı niyə qaldırırsan? Yoxsa belə şey görməyibsən, eşitməyibsən ya özün eləməyibsən? ⎯ Qadının bir an əvvəl xüsusi vurğu və qəribə bir kinlə dilinə gətirdiyi «nakişi» sözünü adının qabağından kənar eləmək üçün Aslan tələsik:
⎯ Yox, ⎯ söyləyəndə qadın başını istehza ilə yırğalayıb:
⎯ Yalan deyirsən, Aslan ⎯ söylədi. ⎯ Səmimi demirsən. Sən özün… hələ mən biləni, bir dəfə elə na…
Aslan, son dərəcə pis həzm elədiyi, acığı gələn o sözü təkrar eşitməmək xatirinə yenə tələsik dedi:
⎯ Hə, hə, olub elə şey bir dəfə.
⎯ Elə indi də var. İndi də onun ərinin, qohum-əqrəbasının yanında «bacımdı» deyirsən. O yazıqlar da inanırlar, ürəklərinə heç nə gətirmək istəmirlər. Lakin hamı avam deyil, bunun gözdən asılan pərdə olduğunu bilənlər də var, Aslan. Ən çox isə əri bu sözün səmimiliyinə inanmır və hər dəfə sənin dilindən o kəlməni eşidəndə üzünə heç nə deyə bilməyən o, səni ürəyində bilsən necə söyür, ikiüzlü adlandırır? Bütün günahlarını ⎯ ömrü boyu işlətdiyin bütün günahlarını qoysan bir tərəfə, yalnız ona ⎯ o qabiliyyətli, mehriban, zəhmətkeş, bir az da sadəlövh olan o kişiyə sənin verdiyin qısqanclıq əzabları kifayətdi ki, səni allah-taala o dünyada cəhənnəm əzabında, qır qazanında əbədiyyətə qədər yandırsın. Bəli, ancaq bircə bu kifayətdi, vallah. Sən heç cür təsəvvür eləyə bilməzsən ki… Yox, indi, ancaq indi, sənin özün elə bir oda düşəndən sonra başa düşə bilərsən ki, o necə dəhşətli əzab imiş ki, sən, elə o qadın da, birləşib o yazığa verirmişsiz. Ancaq allaha qurban olum, o, adildi, buynuzsuz qoçun intiqamını buynuzlu qoçda qoymur qalsın: indi sən özün eynən elə bir odun içində yanırsan, alova atılmış yaralı ilan kimi qıvrılırsan, heç yana, heç yerə sürünüb qaça bilmirsən, canını xilas eləyə bilmirsən. Gecə-gündüz baş sındırırsan ki, o düyünü açasan, amma aça bilmirsən… Ən gözəli də budu ki, o qadın, sənin özündən bir zamanlar öyrəndiyi, daha doğrusu, sənin öyrətdiyin hiylələri, üsulları sənin özünü aldatmaq üçün tətbiq eləyir ⎯ çünki o qadın əvvəllər çox təmiz olub, hiylədən, məkrdən uzaq olub, sən onu dəyişmisən, pis-pis əməllərə öyrətmisən, «adamı necə aldadarlar» elminin incə sirlərini başa salmısan. O gözünə döndüyüm də bu işə birinci elə sənin özündən başlayıb. Bu, çox təbii bir şeydi, Aslan. Ona görə də çox atlanıb düşmək lazım deyil. Nə isə, mən bir az qabağa qaçdım, bu düyünü… Mənim sözümü kəsmə, görürəm, fikrin haçalandı, ağlın dumanlandı, ancaq tələsmə. Madam ki, sən mənə «bacı» dedin, mən sənin həyatının bütün ilişiklərini, düyünlərini, baş sındırdığın, lakin aça bilmədiyin, sənə məlum olmayan qaranlıq guşələrini açıb işıqlandıracağam. Əlbəttə, istəsən və dözə bilsən…
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:
Birinci hissə, doqquzuncu fəsil«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Birinci hissə, onuncu fəsilDünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Стихи других поэтов
Çıxa-çıxa çıxdım dağlar başına,Duman dağlara nə gözəl uymiş.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur