Страница 4 из 5 · 60%

⎯ Hə, elə bir mərəzim var idi. O mərəz içimdə ilan kimi qıvrılıb yatmışdı: arada bir başını qaldırıb haça dilini çıxararaq öz varlığını göstərirdi. Onda isə mən balaca bir kafedranın müdiriydim ⎯ beş-on adama rəhbərlik eləyirdim vur-tut. Bu isə mənim üçün çox az idi. Mən o zaman özümdə bir kafedra nədi, bir böyük şəhərin, hətta bir respublikanın böyüyü-ağası olmaq arzusu, iştahı duyurdum. Amma kim idi mənə yiyə duran, qolumdan tutub qabağa çəkən? Yox idi elə bir adam.

⎯ Sənin o böyük, boyundan və tamahından böyük iştahını o Xallı da duymuşdu. Yadındadı, bir gün diplomunu alıb Universitetə müəllim keçən gün, yanında, kafedrada oturub, ayağını da ayağının üstünə aşıraraq gülümsündü və dedi: «Görürəm, mənim buradan, sənin kafedrandan getməyimə çox pərtsən. Amma nahaq. Su bir yerdə qalanda iylənir, dadını, tamını itirir. Həyat ⎯ bir yerdə dayanıb qərar tutmağı sevmir: gərək irəli gedəsən, yüksəklərə pərvaz edəsən. Sən mənə uçmaq üçün qanad verdin, sağ ol. Əslində bu, qanad deyil, sənəd-di. Kağız, sənəd isə bizim zəmanədə hər şeydən, hətta insanın özündən və sözündən qiymətlidi: indi sənin özünə yox, kağızına, diplomuna qiymət verirlər. Mən sənə borclu qalmadım elə bilirəm. Gərək sən məndən narazı olmayasan. Amma istəyirəm gedə-getdə sənə bir dənə də yaxşılıq eləyəm. Qəlbinin ən böyük arzusunu de mənə. Yerinə yetirməyə razıyam. Ancaq yaxşı-yaxşı fikirləş. Birdən çaşıb deyərsən ki, səni bir də bağıma dəvət eləyib xoş bir gün keçirmək istəyirəm. Yox. Bu, indi sənin ən böyük arzun deyil: bu, sənin üçün keçilmiş mərhələdi və sən indi durub elə desən, biləcəyəm ki, yalan deyirsən və onda sən gözümdən düşəcəksən, özün də çox şey itirəcəksən. Bilirsən ki, mən mərd adamları sevirəm, artistlik eləyən adamlara dərin nifrət bəsləyirəm. Hə, gözləyirəm».

⎯ Onda yaman çaşdım. İlahi, bu kim idi? Nə qüdrət sahibiydi ki, mənə belə deyirdi? Mənim ən böyük arzumu yerinə yetirməyə mənə elə gəlirdi ki, heç allahın da gücü çatmaz. İndi bu Xallı xanım gəlib deyir ki, belə. Özü də elə şərt qoyur ki, səhv eləmək olmaz. O zaman mənim beynimdə qəribə bir ideya var idi: «İnsan» institutu yaratmaq. Kainatın və təbiətin ən şah əsəri olan insanın kompleks halında öyrənən bir institut. Yerin altını, üstünü, insanı və kosmosu bir küll halında tədqiq edən bir institut olmalıydı bu. Doğrudu, bu, təzə ideya deyildi, hələ əsrin əvvəllərində o fikri rus alimləri ortaya atmışdılar, ancaq elə kağız üzərində qalıb çoxdan unudulmuşdu. Geologiya, mineralogiya, fiziologiya, təbabət, nəbatat, əsrin möcüzələrini yaratmağa qadir kimya, fizika elmləri, kosmosun və qalaktikanın sirrlərini açmağa çalışan elmi istiqamətlər və bütün bunların insan problemi ilə geniş, gizli-aşkar əlaqələri. Sən təsəvvür edirsənmi, nə böyük bir kompleksdi bu? Bütün bu sahələri bir mərkəzdə birləşdirmək və ona rəhbərlik etmək. Sən o institutda, bu institutda, o idarədə, bu idarədə adda-budda səpələnmiş və çoxu da bir-birini təkrar eləyən laboratoriyaları, elmi-tədqiqat institutlarını, kiçik-kiçik mərkəzləri bir damın altına yığmağın eyni zamanda dövlət üçün də nə qədər xeyri olduğunu təsəvvür eləyirsənmi? Bu, İttifaqımızda yox, bəlkə də dünyada yeganə institut ola bilərdi və mənə dünya şöhrəti gətirərdi. Ancaq bu fikri kimə izah edəydin, kimi başa salaydın? Qalmışdı ürəyimdə illərlə. Hətta fikrimdə ayrı-ayrı istiqamətləri tədqiq edən şöbələr də yaratmışdım: məsələn, «İnsan və kosmos», «İnsanın yaranması və təkamülü», «Geologiya», «Fiziologiya» və sair və ilaxır. Şöbə müdirlərini də tapmışdım hətta.

⎯ Öz aramızdı, əlbəttə ki, onu yalan deyirsən ki, burada dövlətin də xeyrini güdürdün. Mən səni yaxşı tanıyıram: sən hər şeydə əvvəl öz xeyrini güdən olmusan. Mən özgəsi deyiləm ki, mənim yanımda açıq danışa bilərsən. Sən elə partiyaya da partiyanı çox sevdiyin üçün deyil, özünə bir gün ağlamaq, bir məqam, vəzifə sahibi olmaq xatirinə keçmişdin.

⎯ Sən də başlama görək. Köhnə palan içi tökmə, sən allah. Sözümü kəsdin, heç bilmədim nədən danışırdım. Hə, yadıma düşdü. «İnsan» institutu təşkil eləmək fikrimi Xallı xanıma dedim nəhayət. Və onu da soruşdum ki, axı sən bunu eləyə bilməzsən. Bu, qeyri-mümkün işdi bizim zəmanədə. Xətrinə dəydi Xallının. «Sən mənim qüdrətimə təəssüf ki, hələ də bələd olmamısan. Sən bunu yadında saxla, kişi: mənim bu kirpiklərim var ha. Bir onlara yaxşı-yaxşı bax. Ay yazıq, neçə ildi məni tanıyırsan, hələ də mənim bu uzun, qatlama kirpiklərimi görə bilməmisən, baxıb yadında saxlamamısan». «Düzü, sənin gözəlliyin gözlərimi elə qamaşdırıb ki, heç kirpiklərinə fikir verməmişəm». «Hə, indi fikir ver və yadında saxla ki, onlar, o cansız tüklər çox böyük qüdrət sahibidi, hətta sənin allah dediyin o gözəgörünməzdən də qüdrətli və qadirdi». «Axı necə?» «Çox sadə. Çünki onlar mənim ⎯ bax qabağında dayanmış bu Xallının kirpikləridi. Onlar kimi istəsə yuxarı, lap göylərə qaldırar, kimi istəsə yerlə-yeksan eləyib mələdər». «Axı necə?» «Bax, belə. Əgər sənin xatirinə bu kirpiklərimi bircə dəfə yuxarı qaldırsam, elə hesab elə ki, sən göylərdəsən». «Allah-allah, sən özün saxla». «Xoşum gəldi səndən. Yalan danışmadın mənə, demədin ki, mənim ən böyük arzum sənsən. Sənin ən böyük arzun ⎯ böyük vəzifə sahibi olmaqdı. Onu ⎯ sənin bu arzunu yerinə yetirəcəyəm, Paşa bəy. Qoy məndən sənə yadigar olsun». «Axı necə?» «Eh, sən də nə yapışmısan bu «Axı necə»lərin ətəyindən? Mən sənə dedim axı. Bircə dəfə kirpiklərimi qaldırmaqla, Paşa bəy. Bildin?» «Hə, hə, başa düşdüm». «Di sağ ol. Xudahafiz. Otur, mənim zəngimi gözlə».

⎯ Sən onda lap havalanmışdın. Bir yandan çox istədiyin Xallının sənin yanından tamam çıxıb getməsindən pərt idin, yerə-göyə sığışmırdın. Nə dərs deyə bilmirdin, nə kafedrada otura bilirdin, nə də evdə qərar tuturdun; o biri tərəfdən də Xallının o cür möcüzəli sözlərini həzm eləyib axırını bir yana çıxarda bilirdin. Bir sözlə, çaşıb qalmışdın odla su arasında.

⎯ Düz bir həftə keçmiş zəng elədi, hal-əhval tutdu və axırda dedi: «Paşa bəy, sənin işin düzəldi. Səni təbrik eləyirəm. Bu günlərdə heç yana getmə. Səni o özü qəbul edəcək. Yəqin indi yenə soruşacaqsan ki: «Axı necə?» Sən soruşmamış özüm deyirəm; sənin xətrinə bircə dəfə kirpiklərimi qaldırdım, vəssalam. Özü də bu barədə heç kəsə heç nə demirsən. Başa düşdün?» «Başa düşdüm».

⎯ Özünü elə itirdin ki, sənin üçün o boyda iş görən adama «Sağ ol» deməyi də unutdun.

⎯ Hə, düz deyirsən.

⎯ İndi başa düşdünmü və xatırladınmı ki, səni o zirvəyə kim qaldırmışdı?

⎯ Bəli, bunu unutmaq olar?

⎯ Amma illər keçdikcə sən o boyda yaxşılığı unutmuşdun. Sənə elə gəlirdi ki, sən özün öz gücünə o zirvəyə qalxmısan, gözün ayağının altını görmürdü; sən şöhrət və xudpəsəndlik azarına tutulmuşdun, Paşa. Sən elə bilirdin ki, yeri-göyü sən yaratmısan, elə bilirdin ki, sən allahsan, padşahsan ⎯ bu şəhərin padşahısan və sənin əlinin altında işləyən, səndən də qat-qat ləyaqətli, ağıllı, savadlı adamlar sənin qulundu, nökərindi. Sən çox tez bir zamanda əsil despota çevrilmişdin: sən hansı müəssisəndə, şöbəndə bir ağıllı, istedadlı, parlaq gələcəyi olan bir adam görürdünsə, rahatlığın pozulur, yuxun ərşə çəkilir, o adam sənin gözündə əsil düşmənə çevrilirdi və sən onu, nəyin bahasına olursa-olsun, məhv eləməyə, ləkələməyə, aradan götürməyə çalışırdın. İnsanda nə qədər məkr və hiylə olarmış, ilahi? İnsan nə qədər kinli və qəzəbli olarmış, ilahi? Özü də bütün bu alçaqlıqları, əclaflıqları sən təmiz və müqəddəs kommunist adını özünə bayraq edərək, sovet qanunlarını əlində kəsərli bir qılınc kimi tutaraq eləyirdin, Paşa. Və hərdən özün də özünə heyrət eləyirdin, kənar bir adamın gözüylə özünün əməllərini saf-çürük eləyəndə utanırdın da. Amma geri dönə bilmirdin, çünki sən çayı keçəndən sonra körpünü partladırdın, çünki sən təslim olmaq istəmirdin, sən yaşamaq istəyirdin: ona görə də əllərini daha çox günahsız qanlara batıra-batıra, daha böyük cinayətlər törədə-törədə irəli gedirdin. Dayanmaq sənin özün üçün təhlükəli idi, bunu sən yaxşı başa düşürdün. Səni o zirvəyə qaldıran, o məqama çatdıran o qılıncdan iti kirpiklər də hələ qüdrətliydi, o kirpikləri uca tutub qiymətləndirən o da sənin xoşbəxtliyindən hələ öz yerində möhkəm-möhkəm oturmuşdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on dördüncü fəsil

Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.

30 мин
Birinci hissə, on beşinci fəsil

Aprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.

11 мин
Birinci hissə, on altıncı fəsil

Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.

21 мин
İkinci hissə, birinci fəsil

Sakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.

1 ч 40 мин

Стихи других поэтов