Əməl bir nurdur, yə's isə bənzər tibq zülmətə,
Bu oylə bir həqiqətdir ki, hacət yoxdur isbatə.

Əməl bir şö'lədir, parlar həyatın rəhgüzarında,
Ölənlər beylə ümmid ilə yatmışdır məzarında.

Əvət, mövtada vardır arizuyi-nəş'ətül-üxra,
Dilək ölməz deməkdir, ölməyən bir ruhdur zira.

Dirilik arizusilə ölür öldükdə millətlər,
İnanmışdır buna dünyadakı əhli-həqiqətlər.

Ölənlər, öldürənlər həp bu məqsədlə mübarizdir,
Bu qanuni-təbiətdir, bütün aləmdə barizdir.

Bütün meydani-hərbü zərbdir yerlər, sular, göylər,
Bu qövğayi-təbiidə müzaffərdir əməlpərvər.

Zəfəryab olmaq üçün saheyi-qövğayi-fitrətdə,
Əməllərlə müsəlləh olmalı ərzi-həqiqətdə.

Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb.
Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp.


Əməlsiz bənzəyir bədbəxt olan biçarə ə'mayə,
Yaşar, dərk eyləməz neyçün də gəlmişdir bu dünyaya.

Günəşdən bir sıcaqlıq hiss edər əndamı ə'manın –
Və lakin nurunu görməz o, şəmsi-aləmaranın.

Həyatın rəngini, ahəngini bilməz ki, nabina,
Onun indində zülmətdir bütün dünya, bütün əşya.

İşıqlar parladan yer, göy onun hissincə həp şəbdir,
O bilməz eylə bir göy var ki, aydındır, mükövkəbdir.

Qəmərlərdən, səhərlərdən, bütün fərdən əbəd məhrum,
Təbiət aləmində çox həqiqət onca namə'lum.

Mələklərdən, çiçəklərdən, diləklərdən xəbərsizdir,
Sözün ən doğrusu, kor ömr sürməklik səmərsizdir.

Korun pişində çirkinlik, gözəllik həp bərabərdir,
Demək, məfkurəsiz millətlə gözsüzlər bərabərdir.

Korun sönmüş gözü varsa, onun da sönmüş amalı,
Diləksiz millətin yoxdur, əmin ol, parlaq iqbalı.

Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb,
Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp.


Dilək nurani bir candır, həyatəfruzi-millətdir,
Onun ziddi olan yə's, işte, ruhani bir illətdir.

Əməl ölməz, əməl bir ruhdur ki, hər zaman zində,
O bir parlaq işıqdır asimani-canda tabəndə.

Əməl ölməz, əməl sönməz, əməl fəyyazi-aləmdir,
Əməl bir rəhbəri-xoşbəxtiyi-övladi-adəmdir.

Əməl ruhani cənnətdir, onun ziddi cəhənnəmdir,
Əməlsizlər üçün dünya qaranlıq saheyi-qəmdir.

Həyati-kainatın rəhnümayi-feyzi-imranı,
Qaranlıq bir biyabanın əməldir nəcmi-rəxşanı.

Yolun azmışlara yol göstərən bir nəcmi-tabandır,
O ulduz yox olursa, yer qaranlıq bir biyabandır.


Qaranlıq bir ova təsvir edin, səssiz, sədasızdır,
Bulutlanmış üfüqlər, göy üzü fərsiz, ziyasızdır.

Gecə bəsti-cinahi zülmət etmişdir tamamilə,
Qüluba qorxular salmaqdadır müdhiş zülamilə.

Bürünmüş hər tərəf vəhşilərə, xəşyətli zülmətə,
Dumanlar hakim olmuşlar tamamilə mühitatə.

Zəmin səssiz, səma fərsiz, gecə həp lali-mütləqdir,
Təbii, boylə çöldən qorxu tapmaqlıq mühəqqəqdir.

Qaranlıq çox dərindir, qorxular sərpəkdədir balə,
Bulut, sis çox qalındır, baxdınızmı bu şəbi-lalə?

Xəyalən seyr edin, bu çöldə yol azmış bir insan var,
Gözilə cüstcü etməkdədir ətrafdan ənvar.

Deyirlər: göz gözü görməz, bu çöl eynən o halətdə,
Zavallı yolçu azmış, qalmış avarə bu zülmətdə.

Qaranlıq hər tərəfdən könlünü etməkdədir təhdid,
Nə bir səs var bu səhradə, nə də bir şö'leyi-ümmid.

Bütün övhamı canlanmış birər əsrar şəklində.
Hücum etməkdədirlər yolçuya xunxar şəklində.

Zavallı yolçu netsin, neyləsin, zülmətdə qalmışdır,
Mədədrəs yox, işıq yox, vadiyi-xəşyətdə qalmışdır.

Əgər mə'yus olursa, qurtuluş yoxdur həlakətdən,
Əməldir qurtaran hər şəxsi səhrayi-fəlakətdən.

Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb,
Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp.


Əməl ulduz kimi parlarsa gümrahın nigahında,
İşıqlı yol açılmışdır o dəmdə pişgahında.

Əməl zülmət içində bir işıqdır, qəlbə qüvvətdir,
Bunu fəhm eyləyən, şəksiz ki, rəhyabi-sələmətdir.

Əvət, millət də eynən şəxsə bənzər rəhgüzarında,
Gərək olsun həmişə bir ziyanın intizarında.

Əvət, millət bu gündə bilgi şəhrahında azimdir
Və lakin məqsədə ermək üçün çox sə'y lazımdır.

Əməl yol göstərən parlaq işıqdır, yolçudur millət,
Onu qorxutmaz, əlbət, yolları tutmuş olan zülmət.

Qovar zülmətləri, əngəlləri sə'y ilə rahından,
Dönər zənn etməyin millət təriqi-intibahından.

Əməlsiz fərd ya əfrad üçün yoxdur ki, istiqbal,
Əməldir yapdıran atiləri görmək üçün şəhbal.

Əvət, məfkurəli millət ucalmış səmti-əflakə,
Səmavi bir baxışla baxmaqda əflakdən xakə.

Cahanda olmasaydı əhli-ərzin yüksək amalı,
Ucalmazdı göyə yer oğlunun şəhbali-iqbalı.

Əməl məhsuludur pərvaz edən təyyarə şəklində,
Ucalmışdır göyə yerdən uçan səyyarə şəklində.

Evin başlanması başdan deyil, əvvəl təməldəndir,
Göyə uçmaq da oylə, ən təməlli bir əməldəndir.

Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb,
Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp.

Proskurov

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов