Yurdun qədim məkanlarından biri
Страница 2 из 3 · 33%
Meydangərd¹ qoşun qəfil qasırğaya düçar olan dəniz kimi təlatümə gəldi. Əsgərlər arasında səs-küy qalxdı:
– Asilər!
– Nakişilər!
– Xainlər!..
Hamı Ruindəjə tərəf baxdı. Qalanın darvazası açılmışdı. Bayıra buraxılan at yavaş-yavaş onlara tərəf gəlirdi. Yəhərdə qanına qəltan olan və iplə yəhərə sarılan əsgər oturdulmuşdu. Onun bədəni başsız idi...
Əbubəkr bir göz qırpımında kəhərin belinə sıçradı, başsız atlının qarşısına çıxdı. Vəliəhd qətlə yetirilmiş əsgəri yaxından görən kimi əvvəlcə əlləri ilə gözlərin qapadı, sonra atından endi, onun atının yüyənini qaldırdı, çəkə-çəkə gətirib atasının qənşərində saxladı.
Əbubəkr başını sinəsinə endirmişdi. Hamının üstünə elə bil su səpdilər.
Cahan Pəhləvan da, Sədəddin Əsəddə üzlərini yana çevirdilər.
Cavan əsgərin başı qucağına qoyulmuşdu. Ən dəhşətlisi də o idi ki, əsgər oğlan deyildi, qız idi. Qana bulanan şəvə kimi saçları məxfərinin
¹ Vuruşa hazır dayanan altından çıxıb yəhərin üstünə sərilmişdi. Kilidlənmiş dodaqları arasında isə dördqat bükülmüş qan ləkəli məktub var idi. Əbubəkr məktubu götürüb atasına verdi. Hökmdar da Sədəddin Əsədə uzatdı. Vəzir sakitcə oxudu. Məktubda istehza ilə bircə cümlə yazılmışdı, özü də cavan əsgərin öz qanı ilə:”Yəni qoşununda bir başıpapaqlı yox idi..”
Cahan Pəhləvan irəli çıxdı, yəhərin üstündə gözləri açıq qalan qıza diqqətlə baxdı, bir də baxdı... Birdən özündən asılı olmayaraq “Tanıdım, tanıdım”... Odur, özüdür! Dedi. Ancaq səsi qırılıb boğazında qaldığı üçün özündən başqa heç kim eşitmədi. Bəli, hökmdar igid əsgəri tanımışdı. Başını Təbriz torpağında qurban verən döyüşçünü tanımışdı: O bir vaxt Naxçıvanda, sarayda rəqs edən yeddi nəfər qızın biriydi. Özünü Əli Şimşəyin bacısı kimi, Əcəminin qohumu kimi qələmə verən Cahannur, onun saraydan azad etdiyi Cahannur...
Cahan Pəhləvan haradan biləydi ki, oğlan adıyla Pir Süvarında onun qoşununa daxil olan və özünü düşmən sarayında çox mərd və yenilməz aparan cavan əsgərin boynunu vurdurandan sonra Fələkəddin Əhməd onun kim olduğunu bilmişdi, həm də sarsılmışdı və qeyzindən belə bir oyun düzəltmişdi...
...Cahan Pəhləvanın göstərişi ilə Cahannurun başını da, bədənini də atdan endirdilər. Bir neçə döyüşçünün nizələrini uzununa, qılınclarını eninə düzüb “tabut” düzəltdilər. Cənazəni “tabuta” uzatdılar, üstünə qara əba çəkdilər, sonra çiyinlərinə qaldırıb hökmdarın çadırı qurulan təpənin döşünə gətirdilər və orada dəfn etdilər. Cahan Pəhləvan heç kimin ağlına gəlməyən bir hərəkət də etdi: Qəbrə yaxınlaşdı, qılıncını sinəsinə endirib bir müddət hərəkətsiz dayandı. Hətta öz-özünə danışdı: “Bağışla, qızım, sən məni aldatdığın üçün günahını qanınla yudun... Bəs mənim təqsirimi kim bağışlayacaq?.. Səhvimi kim əfv edəcək?.. Sağlıq olsun, ömür vəfa etsə, Möminə xatun ananın sərdabəsi tikilib başa çatandan sonra Əbubəkr oğlunu bura göndərəcəyəm... Sənin qəbrinin üstündə sərdabə tikmək üçün. Qoy bu da məndən igid qızlarımıza bir xatirə olsun...
Ürəyindən bunlar keçə-keçə özünü məzəmmət etdi ki, qasid əsgərin ayağını üzəngiyə qoyanda, yəhər qalxanda ləng hərəkətlərini görüb nəsə hiss etdiyi halda niyə təfərrüatına varmayıb?.. Hökmdar – sərkərdənin hərəkəti, igidliklə ölən əsgər qızın xatirəsinə böyük ehtiramı bütün döyüşçüləri ayıltdı. Bir anın içərisində qınından çıxan saysız-hesabsız qılıncın tiyələrində bərq vuran günəş şüaları Təbriz düzənliyində bir-birini eninə-uzuna kəsib doğradı.
Neçə-neçə igid diz çöküb Təbriz uğrunda başlanacaq vuruşun ilk qurbanına ehtiram göstərdi, öz əsgəri borcunu ödədi...
Elə bu vaxt qalanın sağ və sol cinahlarında qalxanlı, nizəli, qılınclı süvari dəstələri göründü. Hər şey aydın oldu: qabaqdan qaçmayan Fələkəddin Əhməd qoşununu arxadakı ehtiyat qapılardan çıxararaq düşməni ilə üz-üzə dayanmağa gəlirdi...
Cahan Pəhləvan diqqətlə baxdı və dərhal da tapdı: sarı ayğırın üstündə qalanın əsas darvazasından çıxıb sağ və sol cinahlardan gələn qoşunun önünə düşən Təbriz hakiminin özü idi...
Fürsəti əldən vermək olmazdı. Mərdliklə qabağa çıxan düşmənə mərdliklə da cavab verməli idi.
Cahan Pəhləvan cəld vəliəhdə tərəf döndü:
– Sən ehtiyatda dayanan qoşunun üstündə ol, Əhmədili törəməsinin qabağına özüm çıxacağam... Cəld tərpən.
– Ata...
Cahan Pəhləvan oğlunun sözünü yarımçıq kəsdi.
– Əmrimə tabe ol, vəliəhd! İcra elə!.. İndi müzakirəyə ehtiyac yoxdur. Mən deməmiş döyüşə girmə.
– Baş üstə, hökmdar. – Vəliəhdin cavabı da bu dəfə rəsmi oldu.
Cahan Pəhləvan ağ kürənin belinə qalxdı. Hökmdar-sərkərdəni belə görən qoşun da bir göz qırpımında atlandı.
Təbillər vuruldu, qərənaylar səsləndi...
– Təbriz bizim olmalıdı!..
Qoşun hökmdarın səsinə səs verdi:
– Bizim olmalıdı!..
– Fələkəddinə ölüm!
– Ölüüümmm!..
– Hücum!!!
Məxfərilərin günlüyü gözlərin üstünə endi, qayışları çənələrin altına keçirildi, qalxanlar sinələrə, qılınclar çiyinlərə söykəndi, nizələr qabağa tuşlandı.
Süvari dəstələr irəli cumdular...
Bir-birinin qanına susuyan adamlar üz-üzə gəldilər, sinə-sinəyə söykədilər. Müxtəlif səslər, söyüş və hədə harayları bir-birinə qarışdı:
– Tu... tuun!
– Vu... ruun!
– Kə... siin!
– Bi... çiin!
– Doğ... raayın!
– Qoy... maayın!
Təbriz çöllərinin sakitliyi bir anın içərisində pozuldu. At kişnərtisi, qılınc-qılınc səsləri bir-birinə qarışdı... haray çəkən, ün təpən igidlər qılıncların sağa-sola işlədə-işlədə düşmən süvarilərini pencər kimi biçib-kəsir, özlərinə yol aça-aça irəli gedirlər. Bir-birinə aman verməyənləri isə biçib-doğrayırdılar.
Nizələr sinələrə saplanırdı, qarınlara soxulurdu, qılınclar başlara, çiyinlərə endirilirdi, boyunlara işləyirdi... Qanına qəltan olan igidlər isə başını, sinəsini, qarnını, ombasını tuta-tuta yəhərlərindən aşıb torpağı qucaqlayır, qan qusa-qusa, səndirləyə-səndirləyə bir neçə addım atıb yerə sərilirdilər...
Təbriz düzənliyi qana boyanırdı.
Vuruş sakitləşmir, getdikcə qızışırdı. Gözüqızan əsgərlər isə heç nəyin fərqinə varmadan bir-birini amansızcasına biçib tökürdülər. Sıralar get-gedə seyrəlirdi, sahibsiz qalan atlar isə kişnəyə-kişnəyə özünü ora-bura vurur, irəliyə-geriyə qaça-qaça insan cəsədlərini ayaqlayır, sonra baş götürüb kənara dağılırdılar. Bəziləri yəhərdə ölən sahiblərinin cənazələrini də özləri ilə çəkib uzaqlara aparırdılar. Sağlar azalır, ölənlər, yaralananlar çoxalırdı...
Cahan Pəhləvan təpənin üstündə, çadırın sağ tərəfindən dayanaraq vuruşun gedişini izləyirdi... Seyrəkləşən yerlərə əlavə atlı dəstələri göndərirdi.
Əhmədili tərəfdarları Eldəgəz tərəfdarlarını sıxışdırırdılar...
Əbubəkr atını Cahan Pəhləvanın dayandığı dikdirə çapdı, bir göz qırpımında yerə sıçradı.
– Hökmdar, izn ver mənim süvarilərim də hücuma keçsin.
– Hələ bir az səbr et, vəliəhd!
– Səbr etməyə daha qərarım qalmayıb, ata!
Cahan Pəhləvan başını qaldırıb oğlunun qəzəb yağan sifətində cəmləşirdi. Vəliəhdin baxışlarından hökmdar ataya böyük məhəbbət oxunurdu. Cahan Pəhləvan elə bil ən çox sevdiyi övladını, özünün oğul varisini itirə biləcəyindən qorxurdu...
– Sən özünü əminin yanına yetir. Ona əvvəlcədən çapar göndərib xəbərdarlıq etmişəm. Pişgahdadır, de ki, məqamdı...
Cahan Pəhləvan danışa-danışa gözlərini döyüş səhnəsindən ayırıb Ruindəjin üstündən uzaqlara zillədi. Uzaqda qatı toz layları bülənd olub göyə dirənirdi.
– Getməyinə hacət qalmadı... Əmindi!.. Təbrizi arxadan mühasirəyə alır...
– Düzdür, ata! Düşmən qoşunun arxa hissələri seyrəkləşir... Qalanın içərisinə çəkilirlər... Fələkəddin deyəsən bunu gözləmirmiş...
Cahan Pəhləvan diqqətlə baxdı, uzaq olsa dördnala çapıb Fələkəddin Əhmədin yanına qalxan süvarini görə bildi: o, atından enəndə nəsə dedi və geri döndü. Bir az keçməmiş Fələkəddin Əhməd özü də atını qalaya tərəf sürdü və darvazadan adlayıb yox oldu.
Qızıl Arslan Təbrizi mühasirəyə almışdı...
Ruindəjin arxa qapılarını Əbubəkrin süvariləri kəsdilər.
Cahan Pəhləvanı atın belində vuruşan görən düşmən əsgərləri silahları yerə töküb təslim oldular. Yurdun qədim məkanlarından biri olan Təbriz Azərbaycan Atabəylər dövlətinin tərkibinə daxil edildi...
Cahan Pəhləvan böyük igidlik və mərdlik göstərən qardaşı Qızıl Arslanı Təbrizə hakim təyin etdi. Bağdada qaçmaq istəyən Fələkəddin Əhmədi tutub gətirdilər...
Cahan Pəhləvan Həmədana qayıdan kimi Təbrizin Azərbaycan Atabəylər dövlətinin tərkibinə daxil edilməsi münasibətilə Eldəgəzlər xanədanının bütün şəhərlərində el şənlikləri keçirmək barədə məliklərə, əmirlərə, rəislərə xüsusi xəbərnamələr göndərdi. Və xəbərnamələrdə el şənlikləri bitən gündən bir həftə sonra Ruindəjin alınması uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsini yad etmək üçün bir günlük hüzr saxlamağı əmr etdi və məliklərə, əmirlərə, rəislərə onu da xəbər verdi ki, bəd əməllərinə görə Fələkəddin Əhmədin gözlərinə mil çəkdirib zindana saldırmışdır. Bunun üçün isə bütün günah və təqsir Əhmədili törəməsinin özündə olmuşdur. Çünki Eldəgəz ərkəkləri onların təkliflərini qəbul edən düşmənlərinin üstünə heç vaxt qılınc qaldırmırlar...
Xəbərnamə aparan çaparlar atlanıb Gəncəyə, Bərdəyə, Ərdəbilə, Bərzəndə, Beyləqana, Mazandarana, Şəkiyə, İsfahana, Mərəndə, Urmiyaya, Mosula, Səlmasa, Reyə, Səraba, Xüzistana yola düşdülər. Təkcə Naxçıvana çapar göndərilmədi. Sədəddin Əsəd bunun səbəbini soruşanda hökmdar dedi: “Bəlkə Gəncəyə səfərimdən sonra özüm yenə ora qayıtdım... Əbubəkr oğlunu görmək, onun işindən, əməlindən xəbər tutmaq istəyirəm... Bir də Georgiyə bel bağlaya bilmərəm...!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-yurdun-qedim-mekanlarindan-biri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.