Yurdun qədim məkanlarından biri
Страница 3 из 3 · 67%
Dəbir Bağdaddan Həmədana qayıdan günün axşamı təğyirlibas olmamış onu hökmdarın hüzuruna dəvət etdilər.
– Dəbir, indi növbə sənindir, danış.
Dəbir eşidib-bildiklərini, öyrənib-dürüstləşdirdiklərini yerbəyer hökmdara nəql etməyə başladı.
– Mərhum atabəy-əzəmin siyasətindən narazı olan, onun ağıl və zəkasına qabiliyyət və müqtədirliyinə həsəd aparan İraq əmirləri dövlət xəzinəsini, təxt-tacın əmlakını nəzarət altına almağınızdan, bütün qoşunu özünüzə tabe etməyinizdən, ələlxüsus naxçıvanlıların sizi böyük təmtəraqla qarşıladıqlarından, sizə hədsiz sədaqət göstərdiklərindən xəbər tutan kimi özlərini salırlar xəlifənin yanına. Xəlifə əl-Müstədi də xəlvətiyyəsinə daxil olanları həmən-həmən sarayına dəvət edir və ilk sualı da belə olur: “...Eldəgəzlər xanədanı otuz doqquz il bərqərar oldu, bəs eləmədi”... Mənim sələflərim mərhum xəlifə əl-Müqafi, mərhum xəlifə əl-Müstədid, elə beş il də mən özüm atabəy Şəmsəddinin nazı ilə oynadıq, kifayət deyil?.. Eldəgəzlərin hakimiyyəti süqut etməlidi, vəssalam! Biz atasından siyasətcil və fəndgir olan Nüsrətəddin Əbucəfər Məhəmməd Cahan Pəhləvan ibn Şəmsəddin Eldəgəzin hakimiyyəti öz əlinə almasına razı ola bilmərik... Atabəy Şəmsəddinin təxtində Bağdad əmirliklərinin məsləhət bildikləri adam əyləşməlidir. Onun tacını da başında həmin adam gəzdirməlidir. Bir gün vaxt verirəm, fikirləşin, sabah günorta namazı bitən kimi yenidən yanıma yığışın... İndilikdə mürəxəssiz...” Amma xəlifə əl-Müstədi səhərisi xəlvətiyyəsinə daxil olan əmirləri qəbul etməkdən boyun qaçırdı...
Bunun da səbəbi o oldu ki, vəzir əl-Xübayra izn alıb gecə xəlifənin yanına qayıdır, düşünüb götür-qoy etdiklərini danışır, danışdıqları da xəlifənin ağlına batır. O da hökm edir ki, vəzir dediklərini onun şəxsi məktubu kimi tərtib etsin və xüsusi mühafizlər götürüb gecəynən də sultan Arslan şahın yanına yola düşsün. Elə bil vəzir də bunu gözləyirmiş... Sultan Arslan ibn Toğrul... bəli, hökmdar ibn Toğrul xəbər tutan kimi xəlifə əl-Müstədinin vəziri Xübayranı böyük hörmət və ehtiramla öz imarətinə dəvət edər. Vəzir xəlifənin şəxsi salamını ögey qardaşınız yetirəndən sonra onun şəxsi məktubunu da sultana təqdim edir. Bu da məktubun surətidir. Görün sultana nə yazırlar: “Sizin mərhum atanız ikinci Toğrul ən ləyaqətli, ən mötəbər sultanlardan biri idi. Xilafətdə Siz Arslan şah ibn Toğrulu da beləcə tanıyırlr. Amma sizin atabəy Şəmsəddinin ölümündən sonra dövlət işlərinə biganəliyiniz və laqeydliyiniz bizi çox narahat edir. İşlər belə getsə inanın ki, siz Arranda son səlcuq sultanı olacaqsınız və sizin sultanlıq tarixinizə də atabəy Şəmsəddinin ili tamam olmamış fatehə veriləcəkdir... Bunları nəzərə alaraq sizə təklif edirik, əgər siz Arslan şah ibn Toğrul həqiqətən bir sultan kimi hərəkət edib Azərbaycanlı Eldəgəz sülaləsinin əlindən alıb azad etsəniz və bu dövlətin təxti-tacın inandığınız yaxın adamlarınızdan birinə tapşırasınız, siz təzədən Həmədana qayıda bilərsiniz... Buna xilafət zəmanət verir, İraq əmirləri zəmanət verirlər. Bundan sonra da xilafə məscidlərinin minbərlərindən xütbə oxunanda sizin şərikiniz olmaz.
Xətiblər xütbələri yalnız və yalnız sizin adınıza oxuyarlar. Ağıllı və qüdrətli sultanı hər cür rəqib və yağıların kölgəsi izləməz, onun başının üstündə əflak daim təmiz və aydın olar...”
Xəlifənin vəziri xeyli dil tökdü, Eldəgəz Şəmsəddin övladlarının şəxsində səlcuqilərinin qənimlərinin yer üzünə gəldikləri barədə sultana xəbərdarlıq etdi və hətta Möminə xatun ananın dul qalandan sonra əsil-nəcabəti bəlli olmayan bir köçəri oğlana (əslində, vəzir “qul” demişdi) ərə getməsini məsləhət bilən mərhum sultan Məsud barədə bədgüman olduğunu da Arslan şahdan gizlətmədi. Və beləliklə də ögey qardaşınızın saqqızını oğurladılar... Arslan şah isə vaxtında edilən xəbərdarlıq və verilən xeyirxah məsləhət üçün xilafətin və İraq əmirlərinin elçisinə öz təşəkkürünü bildirdi və onu necə böyük hörmət və ehtiramla qəbul etmişdisə eləcə böyük hörmət və ehtiramla da yola saldı...
Cahan Pəhləvan sağ əlini yuxarı qaldırıb dəbiri dayandırdı. Və heç bir sual vermədən bura qədər nəql etdiklərini çox diqqətlə və maraqla dinlədiyini başını mənalı-mənalı silkələməklə təsdiq etdi, sonra oturduğu qızıl payəli kürsüdən durdu. Dəbir də cəld ayağa qalxdı, ancaq hökmdar yenə bir söz demədən işarə elədi ki, əyləşsin.
Əyləşdi. Hökmdar pişgahdan pərdəni qapı açılan otağa keçdi, orada bir müddət öskürdü və yenə öz yerinə qayıtdı. Qayıdan kimi də işarə elədi ki, söhbətini davam etsin.
– İki gündən sonra ögey qardaşınız öz qoşununu əmirlərin köməyilə qəfil-qəfil üstünüzə yeridir. Amma Möminə xatun ananın təmiz südü, müqəddəs ruhu burada köməyinizə çatır. Öz süd qardaşına xəyanət etməyə təhrik olunan və belə bir əyri yola düşən sultana Zəncana çatanda qəfildən bəla göndərilir. Arslan ibn Toğrul elə dərdə mübtəla olur ki, deyir bəs ömrü başa çatır. Və əmr edir ki, həm qoşun geri qayıtsın, həm də onun özünü təcili olaraq Həmədana çatdırsınlar.
Cahan Pəhləvan burada özünü saxlaya bilməyib dedi:
– O ki indiyə qədər heç vaxt səhhətindən şikayət etməyib.
Dəbir cavab verib dedi ki, hətta təbibi-xünkarı da sultanın dərdindən baş aça bilməyib. Və bir az dayanıb gözlədi ki, bəlkə hökmdar əlavə sual vermək niyyətindədir. O vaxt gördü, xeyr, Cahan Pəhləvan onun nəql etdiklərinə daha çox maraq göstərir, söhbətinə davam etdi:
– Sultanın hökmü yerinə yetirilir. Qoşunun yürüşü dayandırılır. Arslan get-gedə sağalır və yenə dinc dura bilmir. Həmədana qayıdan kimi evlənmək eşqinə düşür. Şəhərin rəisi Ərəb şahın qızı ilə izdivaca girir. Deyilənlər səhvin olsa, ögey qardaşınızın bu izdivacı sabah rəsmən icra ediləcəkdir...
Söhbət bura çatanda Cahan Pəhləvan sağ əlini yenə yuxarı qaldırdı. Bu o demək idi ki, bəsdir, kifayətdir... Dəbir tabe oldu. Hökmdar yavaş-yavaş dən düşən girdə saqqalını sol ovcunun içərisinə aldı, dirsəyini qızıl payəli kürsünün söykənəcəyinə qoyub xeyli müddət fikrə getdi. Dəbir gördü ki, saray sahibi özündə deyil, xəyal onu deyəsən bu dəfə çox-çox uzaqlara çəkib aparıb. Bəlkə də bu saat Möminə xatun ana ilə danışıb dərdləşir. İlki barədə bildiklərini ona nəql edir, onu inandırmağa çalışır ki, oğlun Arslan naxələf çıxıb, namərd olub. Analıq haqqı-sayını yerə vurmaq, südünü ləkələmək istəyir. Qardaş qatili olmaq niyyətindədir... Birdən haradansa təblikus¹ səsləndi. Cahan Pəhləvan xəyaldan ayrıldı, dikəlib kürsüdə şax oturdu, sonra kürəyini söykənəcəyə söykəyib yerini rahatladı və sakit-sakit dedi: “Həyatda elə sirrlər var ki, onu yalnız iki adam bilməlidir. Ələlxüsus sarayda, dövlətxanada... Heç kimə, yeri gələndə lap qardaşa da, oğluna da etibar edilməyən bu dağılmışlarda da gərək sirrini bir nəfərdən başqa ikincisinə bildirməyəsən...
Dəbir, öyrənib gətirdiyin bu xəbərləri bilirsən, bilməmiş ol!” Dəbir ani fikrə getdi və birdən hökmdarın eyhamını başa düşdüyü üçün dedi: “Baş üstə, hökmdar!” Hökmdarsa dedi: “Və bildiklərinin hamısını mənə danışmısan, danışmamış ol!” Dəbir cavab verdi: “O da baş üstə!” Cahan Pəhləvan xəbərdarlıq etdi: “Mən səni gecə saraya dəvət etmişəm, sən də gəlmisən, gəlməmiş ol!” Dəbir razılaşdı: “Əlbəttə, əlbəttə...”
Bir az yumşalan kimi oldu hökmdar: “Mürəxxəssən onda...” Dəbir qapının astanasına çathaçatda hökmdar əl çalıb onu dayandırdı və dedi: “Sənin bu xidmətin məqam çatanda özünün lazımi qiymətini alacaq...” Dəbir heç nə demədi: gülümsəməklə öz razılığını bildirib otaqdan çıxdı.
¹ Karvan yola düşəndə çalınan təbil
...Səhərisi Cahan Pəhləvan sultan Arslan şahın görüşünə getdi, onu növbəti izdivacı münasibətilə dönə-dönə təbrik etdi və özünü elə apardı ki, guya son hadisələrdən tamamilə xəbərsizdir...
Sultan Arslan şah isə onu Fələkəddin Əhməd üzərində çaldığı qələbə münasibətilə təbrik edib bağrına basandan sonra əlavə edib dedi:
– Möminə xatun anamızın məzarı üstündə elə əzəmətli bir sərdabənin tikintisinə başladığın üçün və bu işi müqtədir memar Əcəmi Naxçıvaniyə həvalə etdiyin üçün sağ ol!
Bu sözləri deyəndən sonra Arslan şah qəhərlənib üzünü yana çevirdi və gözlərinin yaşını sildi.
Ancaq Cahan Pəhləvan onun səmimiyyətinə inanmadı...
...Bir müddətdən sonra sultan Arslan şah qəfildən xəstələndi və dünyadan köçdü...
Ancaq İraq əmirlərinin dediyi düzgün çıxmadı: Arslan şahın yerinə onun yeddi yaşlı oğlu, baba Toğrulun adaşı nəvə Toğrul sultan elan olundu. Cahan Pəhləvanın əmrinə görə onun şəninə məscidlərdə xütbələr oxundu, hətta “körpə sultan”ın adına sikkələr də kəsildi...
Zaman sirr saxlamaqda çox namərddi, bivecdi. O, bir sirri də axıra kimi hifz etməyi bacarmadı... Cahan Pəhləvanın ölümündən çox-çox sonralar edama məhkum olunmuş birisi dedi ki, mərhum hökmdarın tapşırığına görə şərbətə zəhər qatıb və hamamda çimən sultan Arslan ibn Toğrula içirib...
Burada Sədəddin Əsədin dedikləri yada düşür: Yüz illərin, min illərin təcrübəsi öyrədir ki, rəyasət hərisliyi bəzən ana südündən də, ata qanından da üstün tutulub...”
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-yurdun-qedim-mekanlarindan-biri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.