Xəzinə üstündə yatan ilan 10
Страница 3 из 4 · 50%
Belə bir vəziyyətdə Səməd yenə də nəfəsini dərməmiş, bayaqkı ağbəniz, qaraqaş, qaragöz qızı – Müşərrəf Mirbağır qızı Bağırlını çağırdı:
– Müşərrəf... bura zəhmət çək.
Qızı çağırırdı, əmma o yenə bədbəxt ailənin – Qarışqa qarı ilə gəlinlərinin, nəvələrinin havada şəklini görürdü.
Müşərrəf vahimələnmişdi. Atası – Mirbağır müəllim də narahat olmuşdu, yenə də dodaqaltı, “Vay, vay! Bu nədi, bu nədi?!” – deyirdi.
Səməd üst-başını düzəltdi. Əllərini daraqlayıb, gombulların dırnaqları altında yaymalanan qandan, tərdən, toz-torpaqdan bərkimiş saçını alnından dala apardı, boynuna tökülən qana bulanmış ovuclarını çirkli yaylığı ilə qurulayıb, Müşərrəfə təpindi:
– Dedim bura zəhmət çək! Yemiyəcəm səni!
Qız tərəddüdlə, ağır-ağır yaxınlaşdı. Nazik aypara qaşlarını və kirpiklərini titrədə-titrədə Səmədə baxdı, əmma bu qorxunc adamın gözlərində nə gördüsə, dərhal dirçəldi.
Səməd özü də ürək-dirək verdi:
– Qorxma məndən, – dedi, – pis niyyətim yoxdu. Mən pislərə pisəm... De görüm... Sən bilirsənmi ki, o qarının haqqını verdilər sənə?!. Atan başa düşər bunu, məncə. Sən özün de görək...
Müşərrəfin ağca üzü pörtdü. Aypara qaşlar gərildi.
– Qarının?!. Xeyr!.. öz zəhmət haqqımı almışam mən. Yüz kilo pambıq yığmışam!.. Hələ bir az da artıqdı. Düz çəkmədi o kişi!.. Günorta hamı tənəffüsə çıxanda mən çıxmadım. Özümə söz vermişdim ki, yüz əlli kilo yığacam. Azı yüz iyirmi, yüz otuz kilo pambıq var orda. Bildir də belə işlədim mən burda, təşəkkürnamə aldım... – Qızın nazik, hissiyatlı dodaqları civə kimi qaynayırdı. – Atamı qarışdırma bura! Bizim ailədə heç kəs heç kəsin işinə qarışmır!
Səbirsizlikdən, az qaldı ki, Səməd əlini o nazik dodaqların üstünə bassın.
– Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. Neçənci sinifdə oxuyursan?
Müşərrəf heç nə anlamırdı.
– Onuncuya keçmişəm. Necə ki?
– İnstituta gedəcəksən?
– Darülfünuna gedəcəm. Sergey Mironoviç Kirov³⁵ adına Dövlət Darülfünuna. Filologiya fakültəsinə girəcəm. Necə ki?!
– Girə bilmiyəcəksən, Müşərrəf. Əgər atan doğrudan da sənin işlərinə qarışmırsa, qəbul imtahanında kəsiləcəksən!
Müşərrəfin pörtmüş üzündə ağ ləkələr əmələ gəldi. Qız dönüb yoldaşlarına baxdı.
– Bu nə danışır?!
Qarışqa qarı ilə gəlinlərinin, nəvələrinin havada şəklinə Mirbağır müəllimlə Muradovanın qaraltıları qarışdı. Səməd əlini qızın çiyninə toxundurdu.
– Maarif müdiri bilir mən nə deyirəm. Rayonda özü bu barədə danışıb. Sultan Əmirli kimi nüfuzlu yoldaşnan döşləşib. Xahiş edək, köhnə, təcrübəli tədris mütəxəssisi kimi izah eləsin, başa salsın qızını, görək niyə kəsiləcəksən.
Mirbağır müəllim duruxmuşdu. Xahişi eşidəndə ortasını fırladıb Muradovaya baxdı:
– İzaha ehtiyac varmı?! Bu nədi belə?! İzahat vaxtıdı?!
Muradova dillənmirdi. Səməd təkidlə: – Rayonda danışdığınızı danışın! – deyəndə Mirbağır müəllim Səmədlə Muradovanın arasında fırfıra kimi fırlandı.
³⁵ 1934-cü ildə Kirov öldürüləndən sonra onun adına şəhər və müəssisələrin sayı-hesabı yox idi. Azərbaycan Dövlət Universitetinə də Kirovun heç bir aidiyyatı yox idi.
– Rayonumuzda maarif-mədəniyyət işlərinə baxan raykom katibi dayanıb burda... Mənim danışdığım orda qaldı. Hamı şahiddi, Sultan Əmirli yoldaş nə kökə saldı məni. O barədə bir də danışmaq istəmirəm, yoldaş Səməd. Bu gün vəziyyət də başqadı, tələb də.
Səmədin səsi sərtləşdi:
– Tələb?! Tələb olunur ki, kolxozçunun təminatına buraxılan pulu yığıma kənardan cəlb olunanlar aparsınlar?!
Müşərrəf necə pörtmüşdüsə, Mirbağır müəllim də eləcə pörtdü:
– Sultan Əmirli yoldaş qayıdanda ondan soruş. Bu işlərin hamısı onun göstərişidi.
Qarışqa qarı ilə gəlinlərinin və nəvələrinin şəklinə qırmızı tuf daş binanın foyesindəki adamların qaraltıları qarışdı. Səməd pırpız qaşlar altında əzabla dolu boz-ala gözləri gördü. Səsi endi, hətta titrəyən kimi oldu:
– Sultan Əmirli nə vaxt, harda, kimə göstəriş verib ki, o pul qırılan diviziyada qırılanların uşaqlarına yox, şəhər məktəbiynən dəmir yol məktəbinin şagirdlərinə paylansın?!
Mirbağır müəllim yenə duruxdu. Şalvarının cibindən baş yaylığısayağı böyük dəsmal çıxardıb buxağını, boğazını sildi. Gözünün biri Muradovada, biri Səməddə idi.
– Başa düşmürəm, sən nə istəyirsən məndən. Tutaq ki, izah elədim, Müşərrəf də bildi ki, tədris proqramı alayarımçıq keçiləndə şagirdin biliyi də alayarımçıq olur. Bu il AMİ-yə³⁶ göndərdiyimiz uşaqlardan soruşublar: “Üzvi kimyadan müəlliminiz kimdi?”, uşaqlar bilməyiblər üzvi kimya nə olan şeydi. Çünki keçən il noyabrın axırınacan pambıqda qalmışdılar, dekabrda da suşilkalarda³⁷ qoza arıtlamışdılar. Yanvarda tədris müdirləriynən kimya müəllimləri yığışdılar maarif şöbəsinə, dedilər qeyri-üzvi kimyanı zornan çatdırırıq, üzvi kimyaya vaxt qalmır... Qısası, “Kamal attestat”larında üzvi kimyadan qiymət yazmadıq. Nazirlikdən bir axmaq inspektor qışqırdı, bağırdı ki, “tədris proqramını pozduğunuza görə hamınıza töhmət verdirəcəm”. Məcbur elədi bizi, yazdırdı qiyməti. Axırı, AMİ-dən uşaqlarımız kor qız kimi qayıtdılar. Burdakı onuncuların aqibəti də elə olacaq. Bu da izahat! Nə çıxar mənim bu izahatımdan?! Rayonda o cür danışdığıma görə möhtərəm əmin yaxamı Gülənovun əlinə verdi! Bu yaşımda, iyirmi ilin maarif işçisi, şəhərin küçələrində özüm qapı-qapı düşdüm, uşaq yığdım! Bugünkü danışığıma görə də möhtərəm əmin, şübhəsiz, özü yapışacaq yaxamdan ki, məktəblilərin əhval-ruhiyyəsinə pis təsir eləmisən! Başa düşmürəm, sən özün nə cavab verəcəksən ona!
³⁶ “Tibb institutu” da dilə rus təbirilə (“AMİ” – Azerbaydjanskiy medisinskiy institut) daxil olmuşdu.
³⁷ Havalar soyuqlaşandan sonra açılmayan qozaları kollardan dərib “suşilka”larda (soba – “peç” istisində) açırdılar.
Çal, pırpız qaşlar altında əzabla dolu boz-ala gözlərlə Qarışqa qarının, gəlinlərinin, nəvələrinin şəkillərindən başqa, Səmədin nəzərində tək bir nəfərin – Muradovanın qaraltısı qaldı.
– İndi Muradova yoldaşadı sözüm... İcazə ver sənnən elqızı kimi danışım, Məleykə bacı... Bayaqdan baxıram. Susursan. Raykomun təlimatçısı əlləşib-vuruşur ki, kolxozda bu dözülməz vəziyyəti birtəhər düzəltsin, katib heç münasibətini də bildirmir. Niyə, Məleykə?!. Mən hiss eləyirəm, susmağın, əlbəttə, boş-boşuna deyil. Baxışında soyuqluq görürəm. Laqeydlik, yox, məhz soyuqluq! İncimə məndən, elə bil ocaq sönüb, külü qalıb. Hanı məşhur “Diapozonlu Muradova?!” Yalvarıram, incimə sözümdən! Mən səndən kömək umuram. Bu rayonun üç katibindən birisən. Rayonumuzda on yeddi təsərrüfat başsız qalıb. General Persin bircə gündə təyin elədiyi Bezobraziye toxumları hakimdilər hər yerdə. Elimizə-obamıza ürəyi yanan adamlardan, Qılınc Qurbandan, Təftiş Abbasdan eşitdiklərimə görə, cəmaati sındırıblar hər yerdə. Bu cinayəti törədənlər mühakimə olunurlar. Əlaltıları hələ fəaliyyət göstərirlər. Stalini, Mirqəzəbi, Persi pisləyirlər, Sultan Əmirlini “Mirqəzəbə qalib gələn Kişi” adlandırırlar, Sultan Əmirlinin özünə istinad eləyə-eləyə cəmaati rəzil kökünə salıb, rayonu özülündən sarsıdırlar. Belə vəziyyətdə susmaq olarmı, Məleykə bacı?! Mayda “Şəxsiyyətə pərəstiş” məktubu oxunanda Sultan Əmirlidən narazı danışmısan. “Administrativ tədbirləri”ni pisləmisən. Bəs burdakı bu “cəza tədbiri”nə münasibətini niyə bildirmirsən?! Sultan Əmirli məcburiyyət qarşısında, kənardan işçi qüvvəsi cəlb eləyirsə, bu o deməkdimi ki, yerli camaat daha da rəzilləşməlidi?! Xahiş edirəm, susma, bacım!
Nəlbəki gözlər açılıb Səmədə dikildi.
– Yoldaş Səməd!.. Biz bura mitinqə yığışmamışıq! Kənardan cəlb olunan işçi qüvvəsinin kolxozlara zərəri haqqında da, yığım kompaniyası müddətində məktəblərdə yuxarı siniflərin bağlanmağının maarifə, mədəniyyətə zərəri haqqında da çox danışmışıq. Düzdür! Şəxsən mən maarif müdirinin fikrinə şərik çıxmışam və raykomun bürosunda öz şəxsi rəyimi tamamilə açıq bildirmişəm. Nəzərinizə çatdırıram ki, bizim şəxsi rəylərimiz şəxsi rəy olaraq qalır. Pambığı “sürətlə, itkisiz yığmaq” haqqında göstəriş Moskvadan verilib bizim Mərkəzi Komitəyə. Yəni Sovetlər İttifaqı adlanan dövlətin mənafeyi güdülməlidir burda, yoldaş Səməd! Budu əsas məsələ! İşi atıb alverə qaçanlara qarşı cəza tədbiri də, məktəblilərə zəhməthaqqı paylanması da kolxozun rəhbərliyi ilə milis rəisinin Mərkəzdən göstərişə diqqətlərinin nəticəsidir! Qonşularınız Tahirlidə də belə nəticə çıxarılıb, Qurbanlıda da. Tahirlidə maldarlıq texnikumunun tələbələrinə gündəlik zəhməthaqqı verilib. Orda bu tədbirə etiraz edən yoxdur. Qurbanlıda şəhər fəallarının ailələrindən cəlb olunanlara gündəlik zəhməthaqqı verilib. Orda da etiraz edən yoxdur. Tək siz, partiya işçisi, Mərkəzi Komitənin göstərişinə qarşı çıxırsınız. Özü də belə kobud şəkildə! Səbəblərini dedilər burda. Sizin əsəbləriniz pozulub, yoldaş Səməd! Aldığım məlumata görə və burda öz gözümlə gördüklərimə əsasən deyə bilərəm ki, partiya işçisinə yaraşmayan nalayiq hərəkətlər edirsiniz. Adamlarla partiya etikası çərçivəsində danışmaq, qüvvələri səfərbərliyə alıb, bütün imkanlardan istifadə yolu ilə yığımı təşkil etmək əvəzinə, şəxsi hisslərinizi ictimai işə qatışdırıb dava salırsınız! Sovet adamları arasında düşmənçilik törədirsiniz! Dəfələrlə xəbərdarlıq olunduğuna baxmayaraq, bir-birinin ardınca adam döyürsünüz! Sizi məsuliyyətə cəlb edən milis rəisini vəzifə başında yıxıb sürüyüb, dözülməz zorakılıqla iş üstündən qovursunuz! Bütün bunlardan sonra isə məni öz biabırçı işlərinizə şərik çıxarmaq istəyirsiniz?! Sizə nə deyim? Necə yəni “bacı?!” Nə vaxtdan bacınız olmuşam sizin?! Kommunist partiyasının rəsmi işçisiyəm mən! Və rəsmi surətdə bildirirəm ki, əsəbləri bu dərəcədə pozulmuş adamın belə şəraitdə işləməyi qeyri-mümkündür. Siz çox ciddi xəstəsiniz, yoldaş Səməd! Əgər xəstəliyinizi başa düşürsünüzsə, raykoma ərizə yazın, təhkimçilikdən imtina edin! Onsuz da bu hərəkətlərinizin çox pis nəticələri olacaq. Xəstəliyinizi etiraf etsəniz, həm prokurorluq xətti ilə, həm də partiya xətti ilə müəyyən güzəştə gedə bilərlər. Başqa sözüm yoxdur sizə. Yalnız bunu əlavə etməliyəm ki, mənim adımın yanında “diapozon” sözü raykomun divarları arasında zarafatla işlənir. Siz hətta bu incəliyi anlamaqdan da məhrumsunuz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.
Süleyman padşahın xəzinəsi 11Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.
Süleyman padşahın xəzinəsi 12Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.
Süleyman padşahın xəzinəsi 13Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Mən gülmək istərəmMən gülmək istərəm, çəkil, ey kədər!Çəkil pəncərəmdən, çəkil, ey duman.