4
Страница 2 из 3 · 33%
– Yamanca qoçaqlaşıb, amma bilmirsən niyə evlənmir?
– Ona kim gedər? Qapqara şeydir.
– Kişi gözəl olmasa da olar. Ağlığı nəyə gərəkdir, üzündə qatıq doğramacı yeməyəcəklər ha...
– Ay qız, deyəsən, ürəyinə yatır?
– Pis oğlan deyil ki...
Qızlar gülüşür, onun kimi istəyəcəyini gözləyirdilər. Sayalı isə heç nəyə fikir vermədən işləyirdi.
Amma bir gün kənddə heç kəsin ağlına gəlməyən bir hadisə baş verdi...
Kəndin suyunu kəsmişdilər. Görünür, arxı təmizləyəcəkdilər. Qız-gəlinlər səhər tezdən durub, kənddən xeyli aralı axan çaydan su gətirməyə gedirdilər. Hələ nişanlı seçməyən qızlar səhəngi götürməzdən əvvəl özlərinə sığal verir, qaş-gözlərini düzəldir, gəlinlər onlara sataşır, qarılar isə qibtə ilə cavanlara baxır, öz aralarında pıçıldaşırdılar. Çay kənarına səpələnən qız-gəlin səhəngləri doldurur, hərdən bir-birinin üstünə su atıb zarafatlaşırdılar. Qaqqıltı hər yeri bürüyürdü.
Sayalı qabı yenicə doldurub kənara qoymuşdu ki, kənd tərəfdən qarı tozlaya-tozlaya gələn kəhər atlı bir oğlan çaya yaxınlaşdı. Yaxası açıq idi. Şinelinin uzun ətəkləri havada yellənirdi. Uzaqdan baxanda adama elə gəlirdi ki, nəhəng bir quşdur, qanadlanıb uçmaq istəyir.
Qızların yanından güllə kimi ötən at, özünü suya saldı. Nazik buz çilik-çilik oldu. Oğlan atının başını çəkib, ağzını çay yuxarı saldı. Kəhər başını dik tutub suyu yardı. Daşları şaqqıldada-şaqqıldada iki-üç dəfə çay yuxarı gedib-gəldi. Sahibinin arzusunu bilirmiş kimi sonra birbaş qızların üstünə cumdu. Qızlar çığırışıb ətrafa dağıldılar. Ancaq Sayalı yoldan çıxmadı. Kəhər ona toxunub keçdi.
– Ciyəriyanmış, elə bil havalanıb, gözü ayağının altını görmür.
Oğlan atın başını qanırıb geri qayıtdı. Düz Sayalının qabağında dayandı. Gəlinin dolu sinəsi tez-tez qalxıb enir, burun pərələri genişlənirdi. Yanaqları soyuqdan və həyəcandan qızarmışdı.
– Məni cin atına mindirmə!
– Neylərsən?
Sayalı gözlərini süzdürüb qaşlarını çatdı və altdan yuxarı ona elə baxdı ki, oğlan titrədi: elə bil Sayalını birinci dəfə görür, onun qaynar gözlərinə ilk dəfə baxırdı. Oğlanın qanı üzünə vurdu.
– Vallah, bu saat atın tərkinə alıb apararam.
– Bəyəm halvadır?
– Su içimi kimi.
Sayalının həyəcanı daha da artdı. Dəyirmi papağını gözünün üstünə basmış oğlana və yüyəni çeynəyib fınxıran ata baxdı.
– Yolunla düz get, Qurban, el içində özünü də, məni də biabır eləmə.
Onun səsi titrədi. Bunu hiss edən Qurban daha da ürəkləndi.
– Demək əlinin dalını yerə qoyursan?
Sayalı dik onun gözünün içinə baxdı. Gülümsündü, yanaqları çökəldi, dirsəyini Qurbana göstərib şaqqıldadı.
– Başa düşdünmü?
Qurban heç nə demədən atı məhmizləyib onun üstünə şığımaq istədi. Kəhər yerindən tərpənməmiş Sayalı geri sıçradı. Havalanan at Qurbanı götürüb xeyli aralandı. Qızlar gülüşdülər. Qurban gözdən itəndən sonra qara kəlağayılı, göy koftalı bir qız Sayalıya yaxınlaşdı.
– Qurban kişi kimi sözünün üstündə durub səni aparsaydı, nə yaxşı olardı!
Sənə söz düşmür, kəs səsini!
– Heç çığır-bağır salma, ay Sayalı bacı, pis oğlan ha deyil. İstəsə elə gedərsən ki, vallah, ürəyin tökülür.
Bir neçə gün sonra kəndə səs yayıldı ki, Qurban Sayalını aparıb... Onlar pis dolanmadılar. Elə ilk gündən Sayalı Qurbana kömək etməyə, briqadanın yazı-pozu işlərini düzəltməyə, əmək günlərini hesablayıb nizama salmağa başladı. Az sonra Sayalı Qurbanı gecə məktəbinə göndərdi. "Mən oxuya bilmədim, sənsə oxu" - dedi. O, Qurbana dərslərində də kömək elədi.
İllər dolandı, uşaqları oldu. Qurbanın vəzifəsi yavaş-yavaş böyüdü; onu kolxoz sədrinə müavin seçdilər. Ancaq müharibə hər şeyi yarımçıq qoydu. Qurban əsgər getdi.
İlk günlər Sayalı çox darıxdı. Evə baş sala bilmədi. Uşaqlara baxdıqca gözləri doldu. Hər gün doqqaza - poçtalyonun qabağına yüyürdü, Qurbandan gah hər gün məktub gəlir, gah da aylarla xəbər-ətər olmurdu. Onun məktubları həmişə şikayətlə dolu olurdu. Soyuğa, əziyyətə dözə bilmədiyini yazırdı. Sayalı hiss edirdi ki, əri döyüşdən çox evə qayıtmaq haqqında düşünür.
Sayali bəzən gecə səhərə qədər yata bilmir, yerinə qor dolmuş kimi o üz-bu üzə çevrilirdi. Bayırda külək əsən kimi diksinir, adi bir taqqıltıdan oyanır, çox vaxt alt paltarında eşiyə çıxıb çovğuna, qara baxırdı. Qayıdıb yerinə girdikdən sonra da yata bilmirdi. "Görəsən indi hardadır? Bu soyuqda səngərdədir, düzdədir? Yazıq necə dözür? Sağ-salamat qayıdıb gələcəkmi?" O, hər gün qəzetlərə baxır, kənddə gedən söz-söhbətə qulaq verirdi. Kiminin yaralandığını, kiminin qəhrəmanlıqla vuruşub orden aldığını eşidir, onun da ürəyində şirin arzular doğurdu. Qurbanın haqqında şad xəbər eşilmək, bir qadın kimi əri ilə fəxr etmək istəyirdi.
Sayalı Qurbana ərə gedəndən sonra qəlbində qəribə bir hissin baş qaldırdığını duyurdu. O istəyirdi ki, əri adlı-sanlı adam olsun, Sayalını barmaqla göstərib "filankəsin arvadıdır" desinlər. Amma hər dəfə məktub alanda Sayalı məyus olurdu. Qurban hey zarıyırdı.
Sayalı əvvəlcə ürəyində onu asıb kəsir, "tabsız", hətta "qorxaq" deyə qarasına danışırdı. Bəzən də "neyləsin? - deyirdi, - yazıq çöl görməmişdi". Gah da o, ərinin qayıtmayacağını təsəvvürünə gətirirdi. Belə hallarda körpələrinə baxıb dəhşətə gəlirdi. "Yox, qoy şikəst olsun, iraq canından, bir qolu, bir qıçı olmasın, amma qayıdıb evinə gəlsin, balalarını yetim qalmasın" - deyirdi.
Qaranlıq bir qış gecəsində, bu cür qarmaqarışıq fikirlərdən sonra Sayalı yenicə yuxuya getmişdi ki, birdən itlər hürüşdü, sonra qapı döyüldü. O səksəkəli halda soruşdu: "Kimsən?" Bayırdan boğuq səs eşidildi: "Mənəm, aç qapını".
Sayalı qapını açanda gözlərinə inana bilmədi. Gələn Qurban idi. Üz-başını tük basmışdı. Şineli palçığa bulaşmışdı. Sarıqlı qolu boynundan asılmışdı. Sayalı ərinin boynuna sarılıb ağladı. Qurban onu sakitləşdirdi.
– Uşaqlar hanı?
– Yatıblar.
Qurban taxtın üstündə yan-yana salınmış yorğan-döşəkdə yatan uşaqlarına yaxınlaşdı. Bir anlığa hər şeyi unudaraq balalanna tamaşa elədi. Özünü saxlaya bilməyib hönkürdü.
Uşaqlar oyanıb döyükdülər, gözlərini ovuşdurub mat-mat atalarına baxdılar. Əvvəlcə onu tanıya bilmədilər. Sonra boynuna sarıldılar. Evi marçıltı və gülüş səsləri bürüdü.
Sayalı göz yaşlarını silərək lampanın piltəsini qaldırdı, ocağı qaladı. Ev isindi. Hər şey sakitləşəndən sonra Qurban qolunu göstərib yaralandığını söylədi.
– Səni təmizmi buraxdılar?
– Yox, qospitala gedirəm. Yolda maşından düşdüm. Uşaqlardan ötrü burnumun ucu göynəyirdi...
Sayalının qaşları çatıldı:
– Hansı qospitala gedəcəksən?
– Nə bilim, hansı olsa. Elə istəyirəm öz rayonumuzdakında yatam...
Səhər onlar birlikdə rayon mərkəzinə, xəstəxanaya getdilər. Cəbhədən yenicə gətirilmiş yaralıları qəbul edirdilər. Qurban da onlara qarışdı... İki gündən sanra Sayalı yenə əri ilə görüşdü. Bu dəfə Qurbanın rəngi daha da ağarmışdı. Gözləri çuxura düşmüşdü. Dili-dodağı təpimişdi.
O, arvadını bir küncə çəkdi.
– Sayalı, ölmüşəm, meyidimi götür, amanın bir günüdür, məni çevir uşaqların başına.
– Nə olub, a kişi?
Qurban ehtiyatla ətrafa baxdi. Pıçıltı ilə:
– Deyəsən, üstü açılacaq, - o, yaralı qolunu göstərdi, - özüm eləmişəm...
Sayalı ilan çalırmış kimi dik atıldı. Bir-iki addım geri çəkilib ərini nəzərdən keçirdi. Qurbanın elə pərişan görkəmi vardı ki, yağının da yazığı gələrdi. Sayali dinmək istədi, bacarmadı. Qəhər onu boğdu.
– Məni çevir uşaqlarının başına, - deyə Qurban yenə xırıldadı.
– Bir xatadır, əlimdən çıxıb. Gör bir təhər kömək eyləyə bilərsənmi...
Sayalının bədəninə üşütmə düşdü. Çiynindəki ağ yun şala bərk-bərk bürünərək, dinməz-söyləməz, evinə qayıtdı. Taxtın üstünə döşənib hönkürtü ilə ağladı. Uşaqlar onun başına yığışdılar.
– Ana, nə olub?
– Dədəm getdi?
– Dədəmi ürəyim elə istəyir ki!.. Bəs havaxt gələcək?
– Mən dədəmdən küsmüşəm. Bizi qoyub niyə getdi?
– Doktor qolunu sarıdımı, ay ana?
Sayalı dinmirdi, hönkürtüsünü boğmaq istəyirdisə də bacarmırdı, çiyinləri qalxıb-düşürdü.
Uşaqlar da hönkürüşdülər. Sayalı özünü toplayıb ayağa durdu. Göz yaşını silib uşaqlarına baxdı. Onlar boyunlarını büküb dodaqlarını büzmüşdülər. Lap balaca qızın saçı gözünün üstünə tökülmüşdü. Burnundan selik axırdı. O, balaca yumruqları ilə gözlərini ovuşdururdu.
– Dədəm niyə gəlmədi, ay ana?
Sayalı uşaqlarını bir xeyli süzdü. Elə bil onlar analarından imdad istəyir, "bizi atasız qoyma" deyirdilər. Sayalı titrədi, uşaqlarının yetim qalacağını düşünüb dəhşətə gəldi.
Qaranlıq qarışdı. Sayalı ocağı qalamadı, lampanı yandırmadı. Uşaqlarına yer saldı, özü isə gəbənin üstünə uzanıb dirsəkləndi. Səhərə qədər gözlərini yuma bilmədi. "Bəs el-oba bilsə buna nə deyər? El içində rüsvay olaram. Camaatın üzünə necə baxacam? Axı mənim bəxtim niyə qaradır?!" O, əvvəlki ərinin necə tutulub aparıldığını gözünün qabağına gəlirdi. İkinci dəfə bu cür rüsvay olacağını düşünəndə bədəni əsdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.
Birinci hissə, 2Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.
Birinci hissə, 3Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.
Birinci hissə, 4Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.
Стихи других поэтов
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Qamu cövri ki, cana, cana etdinQamu cövri ki, cana, cana etdin,Qamusun xub key mərdanə etdin.