Xatiratım
Содержание
Страница 21 из 26 · 77%
Utanmadıq
Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq və şərt də budur ki, açıq yazmaqdan utanmadıq. Birinci nömrəmizin baş məqaləsində yazmışıq ki: “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir; çünki yazanın savadının azlığına dəlalət edir”.
Elə böyük cürətimiz o oldu ki, biz utanmadıq; çünki biz görürdük, hər bir əlinə qələm alan türk bəndəsi “ana” sözünü bir yerdə yazmaqdan utanır; “ana” yerinə “madər” yazır. Ancaq biz “ana” yazdıq; səbəb də bu idi ki, bilmirdik niyə “ana” sözünü yazmaqdan utanırıq?
Və xülaseyi-kəlam, yazımızı yazmaqda biz tək dünyada, yazı yazmağın ən birinci qanununu pozmaqdan qorxurduq: biz qorxurduq ki, yazımızı türk camaatı çətin başa düşə.
Biz çalışırdıq ki, yazımızı hər bir kəs asan və tezliklə başa düşsün və güman edirəm, məqsədimizə də çatdıq. Dil barəsində bu bir neçə sətri də burada dərc edib, keçək özgə mətləbə.
Məlum olur ki, bu cür asan “Molla Nəsrəddin” dilini də yazmağı bacarmalıdır. Necə ki bu sözü mən ilk dəfə ədibi-möhtərəm Əlibəy Hüseynzadədən eşitdim. Əlibəy Bakıdan axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. Tiflisə idarəmizə də təşrif gətirdi. Xoş-beş... Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əlibəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bir sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əlibəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əlibəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb guya öz-özünə genə dedi: “Açıq yazmağı” da bacarmaq lazımdır.
Birinci nömrədə dil barəsində müqəddimədən sonra keçdik bu məsələlərə.
İstixarə
O vədə yaşadığımız əsr istixarə əsri idi. Əhli-iman qardaşlarımız istixarə etməmiş bir işə qədəm qoymazdılar. Onunçün də “istixarə”yə gülmək, təhzil etmək babətindən, müştərilərimizə üzümüzü tutub onlara etdiyimiz nəsihətlərin birinci bəndi budur: əvvəla, məcmuəmizə müştəri olmaq üçün lazımdır istixarə etmək.
Söz yox, bizim həmin ixtarımız mömin qardaşlara xoş gələ bilməzdi. Çünki məlumdur ki, istixarəni, adətən, mollalar quran vasitəsilə eləyirlər.
Buradan bir haşiyə çıxmağı lazım bilirəm.
Necə ki Tiflisdə Mollanın intişarı şəriətmədarların əlinə təkfir çomağı verdi, habelə min doqquz yüz iyirminci ildə “Molla Nəsrəddin” Təbrizdə nəşr olunan zaman haman ilin birinci nömrəsində “istixarə” məsələsi genə gülüncə qoyulmuşdu. Söhbət Təbrizin fahişəxanaları barədə idi ki, bu məsələyə həsr etdiyimiz məqalədə yazmışdıq ki: “Keçən vaxtlarda Tiflisdə müsəlman məhəlləsində fahişəxanalar var idi. Və müsəlman camaatı qabaqca fahişəxananın məhəllədən kənar olmağı barədə “istixarə” elədilər. Bir dəfə istixarə bəd gəldi. Və camaat fahişəxananı göçürməyi rəva görmədi. Amma bir az vaxt keçəndən sonra yenə “istixarə” elədilər. Və bu dəfə istixarə xoş gəldi və məhəllə əhli qərar qoydu ki, fahişəxananın məhəllədən köçürülməsi yolunda hökumətə müraciət etsin. Etdilər də və fahişəxananı köçürtdülər də”.
Elə ki birinci nömrəmiz Təbriz şəhərində intişar olundu, camaat bir-birinə dəydi və dükan-bazarı bağlayıb məscidlərə cəm oldular. Vaveyla va şəriəta! “Molla Nəsrəddin” “istixarə”ni məsxərəyə qoyub! Va şəriata! Əgər fazili-möhtərəm Siqətil-islam ortalığa düşməsə idi və avamı başa salmasa idi ki, “burada Molla Nəsrəddinin məqsədi istixarəyə gülmək deyil, fahişəxanaların məzərrətini göstərməkdir”, bilmirəm, axırda nə qiyamət qopacaq idi. Söylədiyim Siqətil-islam haman Siqətil-islamın doğma qardaşıdır ki, onu Şücaüd-dövlə məlunun əsrində Təbrizdə rus hökuməti, qeyri bir neçə azadixah mücahidlərlə bir yerdə dar ağacından asdırıb edam etdirdi.
Haman ixtarımızda ikinci nəsihətimiz bu idi ki, camaat dəmir qələmlə və rus mürəkkəbi ilə idarəmizə kağız yazmasın, Təbriz mürəkkəbi ilə yazsın. Bunun mənası bu idi ki, o vədə iman əhlinin əksəri rus mürəkkəbini murdar hesab edib, ondan qaçırdılar və Təbrizdən gələn qara rəngə qəmişi batırıb diz üstə hıqqına-hıqqına yazı yazırdılar.
İxtarın üçüncü bəndi murdar və təmizlik məsələsidir. Biz belə yazmışdıq: “İdarəmizə göndərilən abunə pullarına gərək poçta qulluqçularının əli dəyməsin; çünki şayəd qulluqçuların əlləri tərləmiş və yaş ola, belə olsa, o vaxt idarəmiz məcbur olacaq o pulları suya çəkib təmizləsin; bu da ki artıq zəhmətdir”.
“Murdar” və “təmiz” söhbətləri, indiki əsrdə hələ bir qədər köhnəlibdir və bir az da keçəndən sonra “Molla Nəsrəddin”in birinci nömrəsində yazılan murdar-təmiz nəsihətləri əfsanə kimi hekayə olar. Və lakin haqq və həqiqətdir. Və nəinki o vədələr, hətta indi də dindar müsəlman qardaşlar rus və erməninin yaş əlini murdar, müsəlmanın yaş əlini təmiz və rus, gürcü yağını və pendirini murdar və müsəlmanın yağ və pendirini pak hesab edirlər. Bu sözlər indi ola bilər ki, qəribə görsənə, amma belədir.
İxtarın dördüncü bəndi genə dil məsələsinə gəlib çıxır. Orada yazmışdıq və məsləhət görmüşdük ki, idarəyə göndərilən yazılarda bir kəlmə də türk sözü olmasın. Ondan ötrü [ki, ] türkcə yazmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir.
Həmin dil məsələsi də, indi təzə məsələ deyil. Amma o vaxt bu məsələni qalxızan, bu məsələ üstdə danışan hələ yox idi. Hər kəs başını aşağı salıb öz bildiyini yazırdı. Və lakin həmin vaxt bizim nəzərimizə gələn bu idi ki, əhli-qələmlərimizin əksəri, doğrudan da, ibarəli yazmağa mayil idi. Və ola bilər ki, asan və türkcə yazmaqdan o səbəbə qaçırdı ki, türkcə yazanlar az savadlılar idi. Aşkar bir mətləbdir ki, hər bir kəs qələmi əlinə alanda təhsil etdiyi ərəb və fars dillərindən mümkün olduqca və yeri gəldikcə, çətin və asan, hansı olursa-olsun, ancaq ərəb və fars kəlməsi olsun, öz yazdıqlarını həmin bu dillərin ibarələri və kəlmələri ilə doldurardılar. Hərçənd belə bir yazıçılarımız həqiqi yazıçı və yazı ustadları deyil idilər, amma xalqın nəzərində alim görsənirdilər. Doğrudan da, elə olurdu ki, bir kəs, xüsusən savadı az olan bir kəs, çətin və ibarəli və anlaşılmayan belə bir yazını oxuyub qanmayanda da yenə buna “pəh! pəh!”-deyirdi. Və hərçənd bu yazıdan feyziyab olmurdu da, genə bu yazının sahibini “elmli” zənn edirdi.
Bu qəbil yazıçıların bir hissəsi, bəlkə, az hissəsi dərin ərəb və fars dillərini təhsil etmiş mollalar idi. Amma Şərq və ərəb dərslərini oxumuş yeniyetmə intiligent türk cavanlarının da əksəri bu dərdə giriftar idi. O vaxt Bakı və Tiflisdə yazıçılıqda şöhrət tapmış yazıçılarımız asan və sadə türk dilindən qaçmaqda idi.
Və çün bu dil məsələsi barəsində biz qabaqlarda da xeyli yazmışıq və digər tərəfdən də məsələnin özü indi o qədər əhəmiyyət qazanıbdır ki, bu barədə uzun-uzun yazmaq və danışmaq lazım gələcəkdir, onunçün biz də burada hələlik bu qədər danışmağı kafi hesab edib, keçirik o biri mətləblərə.
İxtarın beşinçi və axırıncı məsələsi xeyli maraqlı bir məsələdir. Yazmışdıq ki:
“Aşağıda ad verilən günlərdə məcmuəmizə müştəri olmayınız; çünki bu günlər nəhsdir. Və hər kəs bu günlərin birində bir işə iqdam etsə, o işdən bir xeyir görməz”.
Hansıdır o günlər?
Belə nəhs günlər çoxdur; çünki qorxaq və ruhu əzilmiş mütəəssib, fanatik, cahil müsəlmanlar öz işlərində və iqdamatında hər bir dəfə ki başladıqları işdən zərər görüblər, elə biliblər ki, burada müqəssir haman gündür. Və o bədgüman günün adını “nəhs” gün qoyub onu təqvimlərdə də qeyd ediblər. Belə ki, axırda haman nəhs günlər o qədər çoxalıbdır ki, az qalıbdır bir ayda otuz gündən də çox olsunlar.
Günlərin mənhus və məsud qismə bölünməkləri xüsusunda şəriət kitablarında və müctəhid risalələrində müfəssəl səhifələr həsr olunubdur. Və o qism mətbuatın və xüsusən Hacı Nəcmüddövlənin təqvimlərinin təsiri o olubdur ki, cahil müsəlman ümməti, bir işə iqdam etməmişdən və bir səfərə çıxmamışdan, dəfəatla təqvimlərə müraciət və axundlara istixarə elətdiriblər; ta o yerə kimi, bu vadidə pak və dindar müsəlman ümməti içində elə bir məzhəkələr törəyibdir ki, onun hər bir parçasından neçə-neçə nüsxə “Molla Nəsrəddin” kimi məzhək məcmuələr yaradıla bilərdi. Vaqeən bu gülüncək Allah bəndələrinin belə-belə oyunbazlıqlarından bir yox, neçə-neçə “Molla Nəsrəddinlərə” material tapıla bilərdi.
Vətən qardaşlarımın bu yolda başına gələn “nəhs saat” və “xoş saat” mərəkələri ilə nə işimiz var ki, bu növ mərəkə və iftizahlar həmişə hər birimizin öz başına gəlibdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xatiratim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Стихи других поэтов
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,