Xatiratım
Содержание
Страница 9 из 26 · 31%
Gecə namazları
Gecə namazları içində ən məşhuru və ən möhtərəmi və ən çox rükətlisi mahi-mübarəki-rəməzanın nafilə namazlarıdır ki, bu barədə gələn səhifələrdə Rəməzan ayının ibadəti dairəsində söhbət olunacaqdır.
Amma mahi-rəməzanın nafilə namazlarından başqa, mənim vətənimin dindar müsəlmanlarını gecələr şirin yuxuya həsrət qoyan namazların biri də haman namazdır ki, hər kəs onu əda etsə, həzrət rəsulu yuxuda görə bilər. Bu namazı mənim yanımda gecələr dayım, ata-anam və qonşularım o qədər qılardılar ki, uşaq vaxtı Molla Bağırın məktəbinə dərs oxumağa gedəndə, Molla Bağır bu barədə məni imtahana çəkərdi və mən bu namazın təfsilatını ona dərs vaxtı cavab verəndə, Molla Bağır mənə belə xeyir-dua edərdi:
– Xoşa sənin valideyninin halına ki, səni bu sində pak olan şəriətin ehkamına vaqif edirlər və səni bu sindən ibadətə və razi-niyazə mötad edirlər! Xoşa sənin də halına!.. Hə, bala, de görüm, peyğəmbəri yuxuda görməyin şəraiti nədən ibarətdir?
Əvvəl mən yoldaşlarımdan həya edib istərdim cavabı müxtəsərcə qurtaram və qısaca deyərdim:
– Dörd rükət namazdan.
– Yox, yox! Bu olmadı. Sözü açıq söylə ki, yoldaşların görsünlər ki, sən necə qoçaqsan.
Və axund Molla Bağır məni məcbur edərdi ki, cavabı müfəssəl edim.
Mən də başlardım müfəssəl rəvayəti və atamdan və dayımdan və qohumlarımdan min dəfə eşitmişdim ki, həzrəti-imami-Cəfər əleyhissəlamdan mənquldur ki, hər kəs istəyə həzrəti-rəsuli-xudanı yuxuda görə, xiftə namazından sonra gərək qüsl eləyə və dörd rükət namaz qıla. Bu şərtlə ki, hər həmddən sonra yüz mərtəbə “ayətəl-kürsü” oxuya və namazdan sonra min dəfə salavat göndərə Məhəmmədə və ali-Məhəmmədə. Və yüz mərtəbə “sübhanallah, vəlhəmdülillah və lailahə-illəllah vallahü-əkbər” oxuya və lahövlə vəla qüvvətə illa billahi əliyyül-əzim...” və yüz dəfə maşallah və genə min dəfə nə oxuya və genə yüz dəfə, genə neçə dəfə və ilax...
Əgər həmin namazı və bundan savayı də şam namazını, xiftə namazını və xüsusən mahi-mübarəki-rəməzanın gecələr qılınan nafilə namazlarını nəzərə alsaq, onda mənim bu sözümə heç şəkk eləmək olmaz ki, mən rəvayət etdiyim həmin əsrin dindar müsəlmanlarını həmişə gecələr namaz qılan görmüşəm. Xoşbəxt Allah bəndələrin gecələri sübhədək gah qədr gecəsini axtararlardı, ya da Məhəmməd peyğəmbəri yuxuda görmək istərlərdi. O yerə də gəldikdə ki, aya, görərdilərmi peyğəmbəri, ya tapardılarmı qədr gecəsini, – bu barədə gələn səhifələrdə də danışacağıq.
Və o sözlərlə ki, mən namaz söhbətlərini başlamışam, o sözlərlə də namaz söhbətlərini burada tamam edirəm:
“O qaranlıq dünya ki, mən birinci dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həmə vaxt gecə və gündüz namaz üstə görmüşəm. Allahü əkbər, Allahü əkbər”... Gündüz “Allahü əkbər”, gecə “Allahü əkbər”.
İndi burada bir sual ariz ola bilər: aya, onlar pəs nə vaxt kəsbi-karə məşğul ola bilirdilər?
Nədən ibarət idi o vaxt mənim vətəndaşlarımın kəsbi-karı, məşğələsi? Bəndənin cəmi söhbətləri o vaxtın məhz şəhər əhlinin söhbətidir. Və rəvayət olunan əhvalat məhz şəhər dairəsindədir. Və yadımda qalan budur ki, gündüzlər hacı, məşədi və kərbəlayılar dükanlarında diz üstə, əli təsbehli, tərəzinin dalında oturub müştəri gələndə ona çəki çəkirlər və mal satırlar, arşın ölçürlər və parça satırlar. Elə ki, müştəri rədd olur, təsbehi götürüb Allahı çağıra-çağıra təsbeh çevirirlər; ta o vaxtadək ki, müəzzin minarədən azan çağıracaqdır: “Allahü əkbər”. Haman müqəddəs tacir, haman təkbiri təkrar edəcək: “Allahü əkbər” və duracaq ayağa, ya dükanın qapılarını bağlayacaq, gedəcək məscidə namaz qılmağa, ya namazını haman oturduğu yerdə dükanda əda edəcək. Əgər azanı eşidən vaxt dükanın qabağında müştəri vardır, bizim müqəddəs tacirimiz məhz “Allahü əkbər” deməyə iktifa edib, müştəriyə məşğul olacaq ki, bunu yola salandan sonra namaza şüru etsin.
Azan–namaz dəsgahında ən möhtərəm və iman əhlinin hər gün və hər saat ən dərin qəlbinə daxil olan bir mücdədir. Azan – qəlbiqaraları dirildən bir sədadır. Azan cəmaəti-müslimani namaza dəvət edən təkbir və şəhadət kəlmələridir: “Allahü əkbər, Allahü əkbər, əşhədü ənna lailahə-illəllah... Əşhədü...”.
Azan demək, azan çağırmaq – namaz qılmağa bərabər savab bir ibadətdir. Azanın feyzi bəlkə dəxi də artıqdır. Zira azan ilə müəzzin min-min cəmaəti-müslimini namaza dəvət edir. Azanı ucadan və sövtlə çağırarlar. Onunçün də rəsmdir ki, müəzzin, səsi xoş şəxslərdən olur. Azanı çağırmaq hər bir mömin bəndə üçün savabdır. Onunçün də namazın vaxtı çatan kimi sübh vaxtı, zöhr vaxtı, şam vaxtı minarələrin və hətta damların üstündə müəzzin əllərini qulaqlarına qoyub, üzlərini asimana, Allah tərəfinə tutub azan çağırırlar. Azanı eşidən tək, cəmi müsəlmanlar həmin dəqiqə hərəkətə gəlirlər: “lailahə illəllah, Mühəmmədun rəsulillah, Əliyyən vəliyüllah, həqqən-həqqa”.
Azanı eşidən müsəlman bəndəsi elə bir şövqə gəlir ki, özü də özünü həmin müəzzinə iqtida etmək, özünü ona oxşatmaq arzusunda olur. Ələlxüsus, o kəslər ki, onların tilavət etmək, yəni ibarəni oxumağa onların səsləri vardır; çünki savabından başqa burada xalqın nəzərində özünü göstərmək də vardır, bəlkə, lovğalanmaq məsələsi də vardır.
Günorta (nisfün-nahar) olan kimi minarələrin və damların üstündə müəzzinlər səs-səsə verirlər. Azan verənlərin çoxu ən dindar məhəllələrdə olardı. Hətta bazar içində, çarsulardan da azan səsi gələrdi; çünki hər bir məkanda hər bir mömin Allah bəndəsi tərəfindən azanı tilavət etmək, həmə vaxt savabdır. Onunçün bu barədə İran məmləkətində, yəni Allah-taalanı yada salmaqda birincilik qazanmış mömin iranlılar içində necə ki nəql edirlər və necə ki bəndə özü şahid olubdur, – müəzzinin “Allahü əkbər” sədasını eşidən tək hər yerdə, – xah evlərdə və xah küçə və bazarda, – hər bir müsəlman haman getdiyi yerdə dayanıb, bəlkə, hərəkət edə-edə azan çağırır.
Buradan azanın cəmaəti-müslimin içində ehtiramı barəsində bir haşiyə çıxmağı lazım görürəm.
Tarixi-isəvinin min doqquz yüz iyirminci ilində, Təbriz şəhərində olduğum zaman orada bazar içində çarsuda mən özüm görmüşəm ki, bir nəfər müştəri papaqçı dükanının qabağında durub papaq alır. Papaqçı taxçadan papaqları bir-bir götürür və müştəriyə nişan verir. Günorta zamanıdır. Bu heyndə minarədən azan səsi gəlir. Papaqçı ələlfövr oturduğu yerdən durur ayaqa, üzünü dükanın içərisində qibləyə tərəf çevirir, sağ əlini sağ qulağına və sol əlini sol qulağına qalxızır və uca səslə başlayır azanı: “Allahü əkbər”. Müştəri də “Allahü əkbər” deyib oturur yerə və dükançının əzanını qurtarmağına müntəzir olur, ta ki, dükançı azanı axıra yetirir və “lailahə illəllah” deyib təsbehi cibindən çıxarır və saqqalını tumarlaya-tumarlaya öz ticarətinə şüru edir.
Mən Təbrizdən savayı İranın qeyri şəhərlərində olmamışam. Amma elə ki danışırlar, hələ dünyanın indiki əsrində İsfahanda, Şirazda və sair böyük şəhərlərdə, nisfün-nahar zamanı – ki, günorta olur və zöhr namazının vaxtı gəlib çatır, – minarələrdən müəzzinlər azanı çağıran kimi küçə və bazarda əhali, hər bir kəs oturduğu yerdə, ya küçə ilə getdiyi yerdə uca səslə azan deyir. Haman min doqquz yüz iyirminci ildə ki, mən Təbriz şəhərində var idim, – Mirzə Məhəmmədəli Natiq nam mənim tanışım təzəcə Şiraz şəhərindən Təbrizə gəlmişdi. Əsnayi-söhbətdə Mirzə Məhəmmədəli Natiq Şirazın mömin müsəlmanlarının dindarlığından belə rəvayət edirdi: Mirzə Məhəmmədəli Natiq söyləyirdi ki:
– Bir gün mən Şiraz şəhərinin bazarında nəyəsə məşğul idim. Günorta vaxtları idi və çün bu şəhərdə olduğum birinci dəfə idi və buraların adətinə aşina deyildim, burada bazarda olduğum zaman birdən bir mərəkəyə düşdüm və hətta xeyli qorxdum da: burada əvvəl qabaq uzaqdan azan səsi eşitdim və haman anda bazar əhli hər bir kəs fərdən-fərd dükanda oturduğu yerdə qalxdı ayağa və başladı azan deməyə. Beləliklə, bazarda bir səs-küy qopdu ki, mən xeyli təəccüb elədim. Söz yox, burada belə camaat azana adət etmiş və mən görürdüm ki, məndən savayı bir kəs yoxdur ki, bu işə təəccüb edə; yəni doğrusu, təəccüb etməyə vaxtları ola bilməzdi; səbəb bu ki, hamı azan deyirdi.
Hamısından məzəli budur ki, mənim gözümün qabağında bir hambal, dalında bir yekə və ağır tay, iki qat əyilib başı aşağı azan çığıra-çığıra gedirdi. Azanı deyib qurtarandan sonra camaat, söz yox, başladı namaza hazırlaşmağa. Kimi öz dükanında və kimi başladı dükanını çəkib bağlamağa ki, gedib məscid namazını əda eləsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xatiratim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Стихи других поэтов
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,