Содержание
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Страница 7 из 26 · 23%

Kim idi ağlayanlar? Elə güman etməyin ki, Hacının əqrəbası idi. Ağlayanlar Hacının təziyəsinə cəm olan dörd yüz nəfər mömin Allah bəndələri idi. Kimə onlar ağlayırdılar? Kərbəla meydanında iki ərəb sərkərdələrinin bir-birilə dava edib basılan və ölülərinə (Atalar sözü: iki dava eləyənin biri basar, biri basılar. Bunlara ağlayanın da xəlbiri divardan asılar).

Xülaseyi-kəlam, məqsəd Hacı Hüseynəlinin matəm büsatına tul və təfsil vermək deyil. O qədər də bunun oxuculara dilxoşluğu olmaya gərək. Məqsəd bunu ərz etməkdir ki, Allah-taala bizə təyin edən və peyğəmbəri xatəmi-ənbiya və onun vəli-vəsiləri və imam və müctəhidləri bizə xəbər verən namazların içində ən vacib və ən mühüm və ən hörmətli və izzətli meyit namazını mən ta yeddi yaşımdan bu vaxtadək o qədər qılmışam ki, onun haqq-hesabı yoxdur; necə ki, yəqin edirəm ki, məndən savayı mənim cəmi vətəndaşlarım və din qardaşlarım bu namazı mən tək haqq-hesabsız qılıblar. Hal-hazırı söyləsək, həmin meyit namazını mənim vətəndaşlarım – istər bazar əsnafı, istər maarif dostları – genə camaatın nəzərində özlərini bu namazı məscid həyətində qılanlar cərgəsinə daxil edirlər ki, avam camaatın nəzərində hörmətlərinə rəxnə toxunmasın.

Şadlıq namazı

– Pəs ey mömin bəndə, sən elə xəyal eləmə ki, məhz-matəm günündə gərək Allahı yada salasan, məhz ölü öləndə və yas quranda gərək xudavəndi-aləmi yad-bud eləyəsən. Pəs məgər sən bilmirsənmi ki, insan hər qədəm qoyduqca, hər nəfəs aldıqca pərvərdigari-aləmi özünə yavıq tuta gərək? Necə ki, şair əleyhürrəhmə deyibdir: “Hər nəfəsi ki firu mirəvəd, mümiddi həyat əst ki, çün bərmiayəd müfərrih zat”. Pəs zatə fərəh verən nədir? Odur ki, sənin bu gün fərəh günündür, sən bu gün təəhhül qərar verirsən. Bu gün sənin şadlıq günündür. Bu gün sən özünə ərus gətirirsən, sən bu gün eyş-işrətdəsən, pəs lazım deyilmi ki, bunu dərk eləyəsən ki, hər günün, hər saatın və hər halın bir sahibi var ki, ibarət olsun o gözə görünməyən yektadan ki, bizə matəmi də göndərən odur, şadlığı da əta edən odur; necə ki, hədisi-hüsndə həzrəti-Sadiq əleyhüssəlamdan nəql olunubdur ki, zifaf gecəsi iki rükət namaz və iki həmdullah əda edə gərək və namazdan sonra bu duanı oxuya: “Allahümmə üridi ən təzəvvücə fəqədir vəli minənnisai”.

Bu yuxarıda nağıl elədiyim sözlər haman sözlərdir ki, dayı – oğlumun toyunda zifaf gecəsi, – yəni o gecə ki, dayım mərsiyəxan Hacı Molla Vəlini çağırıb mərsiyə oxudurdu – Hacı Molla Vəli mərsiyədən qabaq yuxarıdakı moizəni camaata eləyirdi. Və elə ki gəlin gəldi və camaat dağıldı, qaldı qohum-qardaş, dayım evlənən oğlunu çağırdı, köhnə bayazı aldı əlinə və oğluna başladı haman zifaf namazını təlim və məşq eləməyə. Niyyət filan və filan: təkbirətül-ehram, Allahü əkbər, sonra qiyam, rüku, qiraət, sücud öz yerində. Bir rükət, iki rükət və sonra bu duanı oxumaq lazımdır: “Allahümmə üridü ən təzəvvəcə fəqədir minənnisai... ilaxır”.

Və elə ki, qalan adamlar da dağıldı, qaldı bir-iki yengə və bir neçə yavıq qohumlarımız, evlənən dayı oğlum dəstəmaz aldı, müvafiqi-qaidə haman namazı qıldı, duanı oxudu və durdu ayağa, təsbeh çevirə-çevirə və ağzında dua və sənanı vird edə-edə getdi təzə ərusinin yanına.

Dəxi onda mən yəqin elədim ki, dayım oğlunun və ərusinin mabeynində həmişə ülfət əmələ gələcək və bunların övladı səlamət və saleh olacaqdır. Və bu nikah hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir.

Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. Və səbəbsiz yerə başladı təzə övrətini döyməyə. Az çəkmədi ki, dəliliyi şiddət elədi və axırda öldü getdi.

Xülaseyi-kəlam.

O qaranlıq dünya ki, mən birinci dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən günün hər bir saatında, dəqiqəsində və saniyəsində ata və anamı, dayımı, qohum-əqrəbamı, qonşularımı və cəmi mömin vətəndaşlarımı namaz qılan görmüşəm: “Allahü əkbər!“.

Bu saydığım Allah bəndələri namaz qılmağa iki babətdən giriftar idilər: məhəbbətdən və qorxudan.

Məhəbbət namazın sahibi pərvərdigari-aləmə idi ki, bu mömin bəndələri inandırmışdı ki, təyin olunan namazları vaxtlı-vaxtında əda edənə axirətdə veriləcək cənnətlər; haman cənnətlər ki, “tücri min təhtihəl-ənhar xalidinə fiha”; nələr? Övrətlər və uşaqlar. Və hər növ ləziz meyvələr və şirin sular.

Qorxuları nədən idi? Qorxuları ondan idi ki, imam Museyi-Kazim buyurarmış ki, yetmiş peyğəmbəri qətlə yetirənin min dənə məshəfi yandıranın və həftad dəfə zina eləyənin günahı o kəsin günahından azdır ki, təyin olunan vacibi namazların birini qəzaya qoyandan sonra vaxtını keçirib əda etməyə.

Və hər gün məsciddə əsnayi-moizədə Axund Molla Tağı deyərdi ki: “Həqq-taala cəlli-cəlala buyurur ki, duzəxdə bir ilan var ki, uzunluğu altmış fərsəxdir. Və o ilanın ağzına bir möhr vurulub ki, bir nəfər binamaz oraya gəlməyincə ağzını açmasın”.

Qorxuları ondan idi ki, namazların cümləsini cabəca etməyib Allah-taala yanında şərmsar olalar. Bu surətdə ki, namaz sahibi öz müqəddəs kitabında açıqca əmr edibdir ki, “tətəcafa cünubihim ənilməzaci”; yəni onların, möminlərin qabırğaları isti rəxti-xabdan gecənin bir vaxtı şirin yuxudan ayılıb qalxacaqlar ki, namazlarını əda etsinlər, Allah-taalaya ibadət etsinlər.

Pəs sən necə namazını keçirə biləcəksən? Və nə cürətin var keçirəsən?

Onunçün də hər növ ilə olmuş olsaydı, mənim haman vətəndaşlarım və dindaşlarım labüd gərək namazlarını əda edə idilər. Əgər səhhət halında idilər, ayaq üstə gərək əda edə idilər; əgər bimar idilər, gərək oturduqları yerdə namaz qıla idilər.

Və burada mənim yadımdadır ki, rəhmətlik dayım bir gün elə naxoş oldu ki, yerinin içində uzandığı yerdə istədi durub otura və zöhr namazını əda edə, durub otura bilmədi və oğlunu göndərdi Axund Molla Tağıdan məsələ eləsin ki, aya, onun təklifi nədir ki, otura da bilmir namazını qılsın?

Axund Molla Tağıdan bir belə müxtəsər cavab gəldi ki, bir surətdə ki otura bilmir, caizdir ki, uzandığı yerdə “namazını qılsın”.

Dayımın oğlu bu cavabı gətirəndə dayım uzanmışdı döşəyin üstündə və Axund Molla Tağının belə cavabını oğlundan eşidəndən sonra bir o tərəfə çöndü, bir bu tərəfə çöndü və oğluna dedi ki, saata baxsın, görsün saat neçədir. Günortadan iki saat yarım keçirdi. Və oğlu dayıma belə də dedi. Dayım güclə akoşqaya tərəf baxdı. Mən gördüm ki, günün nə vaxt olmağını təhqiq eləmək istəyir. Sonra genə bir o tərəfə-bu tərəfə vurnuxdu. Bir stəkan su istədi ki, içsin. Suyu verdilər. Suyu içəndən sonra bir salavat çevirdi və oğluna həzin səslə dedi:

– Oğlum, qorxuram günorta namazını qəzaya qoyam, çünki yatdığım yerdə də deyəsən namazımı qılmağa taqətim yoxdur. Dur get, Hacı Molla Tağıdan mənim bu əhvalımı məsələ elətdir.

Dayım oğlu durdu, getdi və övrəti Tükəzban, yəni mənim dayıcanım gəldi çökdü dayımın yanında və kefini soruşdu və dayıma turşulu aş təklif elədi. Dayım bilmirəm nə dedi və dayıcanım yorğanı örtdü dayımın üstünə və durdu, getdi. Ondan sonra yadımdadır ki, dayım övrəti Tükəzbanı çağırdı. Mən elə bildim ki, su istəyir, ya aşdan-yeməlidən bir şey istəyir. Amma bunlar deyilmiş. Tükəzban dayımın yanına yavıqlaşanda dayım övrətinə ancaq bunu dedi ki:

– Ay qız, deyəsən, namaz qıla bilməyəcəyəm.

Hələ məzəli dayım oğlumun Hacı Molla Tağıdan qayıtmağı və Hacı Molla Tağının cavabını dayıma yetirməyi və dayımın yatdığı yerdə namaz qılmağıdır ki, bunun tul təfsilini mən yadımdan çıxara bilməzdim; çünki yaddan çıxarmaq heç mümkün deyil.

Dayıoğlum gəldi, salam verdi və diz üstə çökdü atasının yanında ərz etdi:

– Ata, Hacı Molla Tağı buyurur ki, bir surətdə ki atan o qədər zəifdir və yatdığı yerdə də namazını qıla bilmir, onda sahibi-şəri-şərif bizə bu barədə müəyyən bir yol göstəribdir ki, o yol ilə əlbəttə, biz də gedək. Axund Hacı Molla Tağı mənim öz yanımda Seyid Məhəmməd Bağır Rəşti müctəhidin “Sual və cavab” kitabını açdı oxudu və hətta bir özgə müctəhiy din də risaləsini açdı və baxdı, mənə belə bəyan elədi ki, hər bir məriz, bir surətdə onun yatdığı yerdə də namaz eləməyə taqəti olmasa, labüddür ki, başı ilə işarə eləyə-eləyə namazını qılsın. Əgər başı ilə işarə eləməyə aciz olsa, o vaxt gözlərilə işarə eləyə-eləyə namazını qılsın gərək. Və əgər gözü ilə işarə eləməyə imkan olmasa, o vaxt namazın ibarələrini kifayətdir ki, xatirinə gətirə və beləliklə namazı öz könlündə gərək qıla.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов