Xatiratım
Содержание
Страница 25 из 26 · 92%
Buradan naümid çıxdım və üz qoydum kağız mağazasına tərəf ki, bəlkə kağızı bir tövr nisyə alam. Burada da işim tutmadı. Kağız sahibi pulu almamış malını buraxmadı. Oradan gəldim yoldaşım Ömər Faiqin yanına.
– Faiq yoldaş, kağıza pul tapa bilmirəm, sahibi də nisyə buraxmır. Yoldaşımız məşədi... də doqquz manat borc vermir.
– Necə vermir? Qələt eliyir, vermir, gedək görək, necə vermir?
Gəldik haman rəfiqimizin dükanına. Qabaqca Ömər Faiqə də dedi:
– Pulum yoxdur.
Ömər Faiq bir qədər hirsli tələb etdi və hətta tərizlə tələb etdi və bəlkə, məzəmmətlə də başladı:
– Utanmırsan, doqquz manatı qızırqanırsan? Sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur?
Məşədi daxılın qutusunu çəkib qabağa, oradan üç dənə üç manatlıq kağız pul çıxartdı verdi və kağızın pulu düzəldi.
Sənə 1906, aprel ayının altısında tarixi-hicrinin min üç yüz iyirmi dördündə, səfər ayının iyirmi dördündə, axşam vaxtı şəkillər də Bixov adlı bir yəhudinin daş mətbəəsində çapdan çıxdı, gəldi “Qeyrət” mətbəəsinə ki, burada da hürufat səhifələri çap olunsun. Dörd səhifə gündüzdən düzülüb hazır olmuşdu və ancaq axşam vaxtı səhifələr səliqəyə salınıb verildi maşına və başlandı çap olunmağa.
“Qeyrət” mətbəəsi müsəlman məhəlləsində, Voronsov küçəsində idi. Mətbəə üç otaqda sığırdı. Birində mürəttiblər işləyirdi, bir kiçik otaqda tək bircə çap maşını qurulmuşdu, bir otaqda da mətbəənin müdiri əyləşirdi. Necə ki qabaqca söylənibdir, – mətbəəni Ömər Faiq idarə edirdi. Haman gün ki, məcmuənin çap olunmuş şəkilləri “Qeyrət” mətbəəsinə daxil oldu, o günü də hürufat səhifələrə düzülüb tamam olmuşdu. Ancaq səhifələri səliqəyə salmaq, maşına qoymaq, maşında səhifələri yerləşdirmək – bunların hamısı təzə bir iş olduğu üçün xeyli vaxt istədi və ancaq şam vaxtı maşın işə düşdü.
Maşın əl ilə işləyirdi. O vaxt Tiflisdə elektriklə işləyən çapxana maşınları məhz böyük mətbəələrdə vardı ki, onlar da, söz yox, böyük pullarla başa gəlmişdi. Altı-yeddi min manatla qurulmuş olan “Qeyrət” mətbəəsinə elektriklə işləyən böyük maşınları biz gətirdə bilməzdik.
Xülasə, maşın işə düşdü. Maşını iki fəhlə hərəkətə gətirirdilər. Bunların vəzifəsi maşının qolunu hərləmək idi. Demək, elektrik qayışının işini bunlar görürdü.
Mürəttiblər gündüz saat üçədək işlərini görüb dağılmışdılar. Axşam mətbəədə iki fəhlədən savayı, bir də maşınçımız Cahangir idi. Bu köhnə türk maşınçısı hal-hazırda Bakıda mətbəələrin birində haman halal sənətindədir və biz tək çapxana dünyasında yavaş-yavaş qocalmaqdadır.
Bu Cahangir yoldaş “Molla Nəsrəddin”in haman birinci nömrəsini öz əli ilə çap edən maşınçıdır.
– Hə, ya allah, Cahangir yoldaş! Hı, ya allah, fəhlə yoldaşlar! Ya allah, hərrə görək!..
Amma elə güman eləmək lazım deyil ki, bir ağır maşını əl ilə hərləməklə elektrik qüvvəsi ilə fırlatmağın təfavütü yoxdur. Məlum şeydir ki, elektrik yorulmaz, amma insan yorular; bu bir. İkinci də budur ki, elektrik bir saatın ərzində min ədəd çapdan çıxartdığı bir vaxtda, iki fəhlə ancaq yüz ədəd çıxarda bilər. Onunçün gecənin yarısına qədər min ədəd məcmuənin yarısı olan beş yüzünü ancaq çapdan çıxarda bildik.
“Çapdan çıxara bildik” deməkdə oxucular bizi rus ədibi məşhur Krılovun milçəyinə oxşatmasın. Orda bir milçək bir kotanın dəmirinin üstünə minib və sonra öz rəfiqləri olan milçəklərə rəvayət eləyirmiş ki, “biz atlarla birlikdə filan qədər yer şumladıq”.
Söz buradadır ki, yazıq fəhlələrimiz yoruldular.
Gecə yarıdan keçmişdi ki, bu yazıqlar lap dirəndilər. Əlbəttə, zəhmət haqlarını ona görə də ifa etdik.
Amma zəhmət haqqının burada dəxi söhbəti ola bilməzdi. Yoruldular və haqlarını alıb işdən çıxıb getdilər. Qaldıq biz üçümüz: mən, Ömər Faiq və Cahangir yoldaş.
Nə eləmək? Məcmuəni aprelin yeddisində nəşrə qoymağa əzm eləmişik. Bunu yavıq adamlara da xəbər vermişik. İndi də min ədədin yarısını çapdan çıxarmışıq. İnsafdırmı ki, sabah açıla, başladığımız iş yarımçıq qala və bilməyək nə eləyək? Bu beş yüzü meydana çıxaraqmı? Söz yox, bəlkə, heç bu beş yüzü də bir kəs almayacaq, bəlkə, bu beş yüz də əlimizdə qalacaq. Amma kim bilir? Bəlkə, beş-yüzü də sabah camaat bizdən istəyəcək, bəlkə, bundan savayı, beş min də istəyəcək?!..
Xəyalımıza nə gəlirdi? Ümidvar ola bilərdikmi ki, məcmuəmizə camaat rəğbət göstərəcəklər? Xeyr, ümidvar ola bilməzdik və gələcək bizim üçün qaranlıq idi. Bu barədə öz dost və aşnamızdan da bizə elə bir ürək-dirək verən olmurdu. O qədər də təşviq eləyən görsənmirdi; çünki dost-aşnamız üçün də o növ materialla meydana atılmağımız qəribə bir iş nəzərə gəlirdi. Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə, tamam məyusluq və naümidlik üz verirdi. Hətta bir gün məcmuənin birinci nömrəsi üçün hazır olmuş əlyazılarını bir ziyalı dostumuza oxudum. İndi haman dostumuz yoxdur, neçə il bundan əqdəm İranda vəfat edibdir, haman dostumuz əlyazılarının məzmunundan xəbərdar olub heç bir vəchlə onları çapa verməyi məsləhət bilmədi.
– Heç bir mənası yoxdur – dedi. – Heç kəs onları oxumaz – dedi.
Amma necə ki məlum oldu, rəfiqimiz durbinlikdən bu barədə xeyli kasıb imiş. Onunçün də mərhumun övladının xatirinə dəyməsin deyə, onun adını burada örtülü qoyduq.
Ondan savayı genə bir naxçıvanlı həmvətənimizə birinci nömrənin materialının bir neçə yerini oxudum. Bu da bir qoca teleqrafçı idi. Bu da materiallar barəsində belə rəy verdi, dedi:
– Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir; çifayda ki, müsəlmanları tərif etmir (mədh etmir).
Və söhbəti qurtarıb mənzilimizdən çıxıb gedə-gedə mənə tərəf çöndü və belə vəsiyyət elədi:
– Hər nə yazacaqsınız, yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazınız...
Tamam gecənin yarısında bu iki fəhləni azad etdik və iki qat zəhmət haqlarını verdik, çıxıb getdilər.
Qaldıq üçümüz; maşınçı Cahangir yoldaş, Ömər Faiq yoldaş və mən özüm. Heç çarə yox: maşını başladıq özümüz hərləməyə.
– Hı!.. Faiq yoldaş, maşını bas!
– Hı!.. Cəlil yoldaş, maşını bas!
Burada Molla Həmidin görük basmağı yadıma düşdü. Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram.
Miladi tarixinin min səkkiz yüz doxsan üçüncümü – dördüncümü illərində, Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. Və bu oyunun mənfəəti kasıb məktəb şagirdləri üçün idi.
O vədə Naxçıvanda teatr nümayişləri üçün tək bircə yerdə kiçik bir səhnə var idi: ermənilərin kilsə məktəbinin binasında idi. Və hər dəfə türk həvəskarları da orada oynayanda, söz yox, erməni məktəbinin nəfinə bir müəyyən kirayə verirdilər. Naxçıvanda o vaxt səhnədə göstərilən pyeslər Mirzə Fətəlinin “Hacı Qara”, “Məstəli şah” və “Kimyagər”, “Xan Sərabi” komediyaları idi.
Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bu gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. Qərar qoyduq ki, tamaşanın qabaqkı günü pyesi məhz məktəb şagirdləri üçün oynayaq və elə də elədik. O günü Naxçıvanın şəhər məktəbinin və məhəllə məktəblərinin cəmi şagirdləri, tamaşanın müftə olmağını qənimət bilib gəlib dolmuşdular teatra. Belə ki, iki bəlkə üç yüz şagirdi səhnənin zalına ancaq yerləşdirə bildik. Tamaşa günortadan iki saat keçəndə [başladı] və pis də keçmədi. Şagirdlərə böyük təsir bağışladı. Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu və zərif məzhəkələri uşaqlara o qədər xoş gəldi ki, nümayiş qurtarandan sonra bunlar teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan virdi-zəban eləyib çığırışırdılar:
– Molla Həmid, körüyü bas!
Bir neçə dəqiqənin içində şəhər, küçə və bazarın hər yerində elə uşaq idi ki, çığırırdı:
– Molla Həmid, körüyü bas!
Paha! Baveyla! Naxçıvanın mollaları məscidlərdə namaz və ibadətə məşğul olduqları yerdə, uşaqların bu fəryadını eşidirlər: “Molla Həmid, körüyü bas!”. Balam, bu nə qiyamətdir? Necə Molla Həmid, kimdir kerüyü basan Molla Həmid?
Axırda məlum olur ki, körüyü basan Molla Həmid teatr nağılı imiş. Orada erməni kilsəsinin səhnəsində bir dəstə növcavan müsəlman müəllimləri teatr oyunu qurublar ki, ermənilərin və rusların içində mollaları lağa qoysunlar. Bu nə qiyamətdir, bu nə rüsvayçılıqdır?
Camaat bazar-dükanı bağlayır və şəhərin mötəbər mollası Axund Molla Tağının yanına cəm olurlar. Qərar qoyurlar, Naxçıvan naçalnikinə şikayət edib belə nümayişlərin bundan sonra qadağan olunmağını iltimas etsinlər. Və belə də eləyirlər. Nəticədə, naçalnik tərəfindən biz həvəskarlara bir növ, nəsihət olundu ki, bundan sonra ehtiyatlı olaq və teatr nümayişləri ilə mollaları özümüzdən rəncidə salmayaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xatiratim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Стихи других поэтов
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,