Содержание
  1. 2
  2. 3
  3. 4
  4. 5
  5. 6

Страница 2 из 3 · 33%

2

Tənəffüs vaxtı idarənin tam şadyanalığı başlanardı. Qarğalar stol dalından qalxıb koridora, yetim uşaq kimi sızıldayan samovarın başına yığışardılar. Asqının başına quş kimi qonmuş şlyapalar sanki, idarənin işinə, həm də dünyanın işinə fikir verirdi. Şlyapaların sahibi qadınlar stolun gözündən çıxardıqları yağ yaxmacını dişləri ilə çimdiklərdilər. Qarın dolusu yeyər, ağızdolusu deyər, könül dolusu gülərdilər.

İdarəyə işi düşən adamlar belə hallarda boynunu burub pilləkəndə durar, gözlərdilər. Tənəffüs isə hələm-hələm qurtarmazdı. "Molla Nəsroddin"dən, cahan müharibəsindən tutmuş şair Kərbəlayi Yaftuməliyə kimi, ağızlarına gələn hər şeydən danışırdılar. Lakin, şəhərin gurultulu hadisələrinə bu idarədə çox soyuqqanlılıqla baxılardı. İdarədə qımıldaşan adamların ən ləziz və istəklisi - yazdıqca, qaraladıqca bitib-tükənmək bilməyən kağızlar idi.

Kağızlar, kağızlar...

Müdir bir-bir imzalayıb qırağa qoyduğu kağızlara baxdıqca ixtiyarsız ürəyindən keçərdi:

Kağızlar, kağızlar...

O fikirləşərdi: "Bəzi yerlərdə, bəzi mühərrirlər kağızpərəstliyə, idarədarlığa nədənsə hörmət bəsləmirlər. Bunların hamısı sənədə, vəsiqəyə etina və etibar etmək qabiliyyətinin zəifliyindəndir. Burada, notarius deyilən bu idarədə işin canı kağızdır. Kağızın, yazının, sənədin hökmünə bir bax! Borclunun evini-eşiyini satdırır. Bütün əhdü-peymanları üzə çıxarıb, qüvvətə mindirir. Adamların atasım yandırıb, verdiyi sözün dalında durmağa məcbur edir... Kirayənişinləri çölə töküb, bəyin otaqlarının təmizliyini gözləyir..."

Müdir başıaşağı, gözü uzun vaxtların, neçə-neçə yayların yandırdığı, qışların dondurduğu kağızdakı yazıya baxdığı və qədim kişilərin xallı-xallı möhürlərini araşdırdığı vaxt bəzən hay-küy eşidərdi:

– Bu nə idarədir, başa düşmürəm! Gəlib-getməkdən bezdim! Canım birdəfəliyə deyin olmaz, rədd olaq gedək! Bu nə işdir? Biz də yazığıq axı!..

Müdir ağsaqqal səbri ilə gələn narazı adamı əyləşdirər, tez onun qabağına bir stəkan tünd çay qoydurardı:

– İç, hövsələni bas.

– Sağ ol! Çaya meylim yoxdur. Məni yola salsan, elə bilərəm, toyuqplov yemişəm.

– Bilirsən, bu iş andır elə bir klyauzni işdir ki, tələsmək olmaz. Tələsdin, korladın! Burada hər bir hərfin əhəmiyyəti var. Hər bir imzanın dalında məsuliyyət durur. Sən gəlib kağız istəyirsən. Bu kağız noğul deyil, cibinə dolduralar. Bu gərək əlli min dəftərdən keçə. Yoxlana, baxıla, seçilə, razılaşdırıla, surəti çıxarıla...

Beləliklə, müdir müştərisini yumşaldar, yola salardı. Adam qapıdan bayıra çıxdıqdan sonra müdir bəbəklərini gözlüyü altından işıldada-işıldada Fikri Nəcata baxar, stolun altında qılçasını oynadar, özündən razı halda öskürər, zəngi basıb katibə yeni bir əmr verərdi.

Bir də görərdin, müdir, əliportfelli, gödəkcə geyinmiş bir oğlanla içəri girdi. Müdir qarnını qucaqlayıb öskürdü. Bu öskürəyin mənasını müfəttişdən başqa hamı anlardı. O saat bilinərdi ki, "gələn var". Müfəttişi görən hamı qarnı üstə stola yıxılar, yazar, qabağındakı kağızları tikiş maşını kimi şırtaşırt qaralayıb, qurtarmağa çalışardı. Müdir öz çinovniklərini müfəttiş cənablarına təqdim edərdi:

– Bu bizim əmlak sektorudur. Mehralı bəy bu sektoru idarə edir. Bu da surət sektorudur. Bilavasitə özümün rəhbərliyim altmda çalışan Fikri Nəcat olduqca bacarıqlı bir piserdir. Bu küncdəki əmlak - qeyri-mənkulə sektoru, katib, kargüzar... -Bundan sonra müdir, kəndir ilə tikilmiş, iki put ağırlığında bir iş papkasına gücənərək stolun üstə qoyardı:

– Bu cari ildə biz bu işləri tapıb üzə çıxarmışıq. Qəbalələrdir. Buyurub baxa bilərsiniz.

Müfəttişin gözü qorxar, yaşından çox-çox qabaq olan və imza əvəzində mürəkkəbli barmaqlarla örtülü kağızları bir sağa, bir sola vərəqlər, müdir ilə xudahafizləşər, təftiş dəftərinə qol çəkib gedərdi.

3

İdarənin günləri belə keçərdi. Maaş vaxtı hamı müdirin başına toplanardı (kassir hələlik yox idi).

Katib qol çəkdirər, Bədiülcamal xanım çotkəyə salar, müdir barmağını yaşlayıb, pıç-pıç səslərlə pul sayar, əlini salıb, şalvar cibindən xırda pul çıxarardı.

Haman gecə müdir və Bədiülcamal xanım tələbnamələrlə birlikdə müfəttişin evinə təşrif aparardı. Gündüzki tələbnamələrin və imzaların "əslinə mütaqib" surəti çıxarılardı.

4

Qış belə keçdi.

Yaz, illər yaraşığı, şənliklər aşığı yaz gəldi, bəzəkli qələmi ilə yerlərə sevinclər yazdı, isti küləyi ilə göyləri somurub, tərtəmiz elədi. Göyə mavi ekran çəkildi. Ekrandan sallanan altun fanar dağları, dərələri, şəhər və kəndləri parlatdı, isitdi. Mahir bir rəssam Yer kürəsinin boz və qara torpağmda həyat tablosu çəkdi. Quşlar şeir oxudu. Lal təbiətin kamançası kökləndi, hər simində həyat nəğməsi çalındı. Yarpaqlar oynadı, sular çoxaldı, ağaclar güldü. Çöllər əkinçilərin əmək səsi ilə doldu. Bitkilər torpaqlar altından baş qaldırıb, günəşi salamladı. Lalələr qızardı. İlıq bahar küləyi üzləri yelpiklədi...

Belə vaxtlarda idarənin pəncərələri açılır, kifsimiş kağız qoxusu küçəyə yayılırdı. Qarğalar stol dalından qalxıb, pəncərələrə qonur, qarıldaşırdılar.

Bu yaz müdirin və onun Fikri Nəcat, Bədiülcamal xanım kimi dostlarinin kefi pozğundu.

Ölkədə böyük hadisələr olmuşdu. İşçi və kəndlilər, əməkçilər uzun illərin mübarizəsindən sonra istismarçıların hökumətini yıxmış, kapitalistləri, mülkədarları iş başından qovmuşdular. Xalq azad olmuşdu.

Aprel revolyusiyası notarius idarəsindəki çinovnikləri də narahat etmişdi. Müdir öz narahatlığını deyəndə Fikri Nəcat təsəlli verərdi:

– Maraq etməyin, revolyusiyanın bizim işimizə aidiyyəti azdır. Notarius, notariusluğunda qalır. Bu qalaqlıqda dəftər-kitab ki görürsünüz, – bizim kapitalımız budur. Bu, bolşeviklərin nəyinə lazımdır? Heç bizim qapıdan baxan olmayacaq! Heç maraq etməyin!

Bir müdir deyil, bütün çinovniklər narahat olmuşdu. Onlar isti və xəlvəti yuvalarına su bağlanmaq qorxusu hiss edən köstəbək kimi əlayağa düşmüşdülər. Hamının qulağı səsdə idi.

Bir gün idarədə hay-küy düşdü:

– Sən kimi ələ salmısan? Bu nə bürokratizmdir? Niyə mənim kağızımı vermirsən? Belə də iş olarmı? Bura sovet idarəsidir, ya yox?.. Yoxsa köhnə iyi burnunuzdan çıxartmaq istəmirsiniz!

Bədiülcamal xanımdan tutmuş Mehralı bəyə kimi hamısı dönüb baxdılar. Bir komsomol, şapkasında ulduz nişanı olan bir cavan oğlan Fikri Nəcatın üzünə tərs-tərs baxıb çığırırdı:

– Kimdir buranın müdiri?

Müdir yerindən qalxıb onu yanına çağırdı, əyləşməyə yer göstərdi. Siyirməsindən iki parça qənd çıxartdı və bir stəkan çay sifariş edib başladı:

– İç, bir özünə gəl!

– Mən özümdən çıxmamışam, bu idarə özünə gəlməlidir.

– Bir zəhmət çək əyləş, toxta!

– Beş gün əyləşmişəm, bəsdir! Bu saat mənim vəsiqəmi verin, vəssalam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Abadlıq

Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

19674 мин
Yaratmaq sevinci

insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

19672 мин
Bağa getmişdim

Yayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.

4 мин
Bizim quşlar

İnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:

19673 мин

Стихи других поэтов