Джалил Мамедкулизаде · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Təəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq.Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar.
ZinaHər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.
AdSən çalış adın bədnam olmasın.Görürsən, Bakı artistlərini? Heç biri özünə müsəlman adı qoymur; biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona elə bircə Vəli deyirlər; Allaha şükür olsun ki, bu da cəhənnəm oldu artistlikdən çıxdı getdi.
QohumluqDarvin öz kitabında yazır: “Heyvanlar bir-birilə qohumdurlar, necə ki insanlar da Adəm ilə Həvvadan əmələ gəliblər”.İnsanlar bir-birilə qohumdur. Bu qohumluq ya qədimdən, ya yavıq vaxtlardan, ya təzəlikdir. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra, bunların övladı olur; amma haman övrət və haman kişi onsuz da bir-biri ilə qohumdurlar: övrət də, kişi də Adəm və Həvva kimi bir cift insandan əmələ gəliblər.
İmaləƏrz olsun ki, müsəlman mətbuatı, şükür Allaha, ilbəil tərəqqi tapmaqdadır və axır vaxtlarda bizim də içimizdə bəzi qələm sahibləri tapılır ki, qeyri millətlərin yazıçılarından geri qalmırlar. Bunlar hamısı çox gözəl, amma bir eybi buradadır ki, bir para yerlərdə yazıçılarımızın və müxbirlərimizin bəzisi şərab içmək və keflənmək dərdinə giriftardırlar, o dərəcədə ki, iki-üç butulka çaxır və bir butulka araq içməyincə ələ qələm götürmək istəmirlər və götürəndə də iki kəlmə sözü bir-birinə yapışdıra bilmirlər.Söz yox, heyifsilənməli və bəlkə dərd etməli bir həqiqətdir; amma necə ki, xudavəndi-aləm hər dərdi yaradanda bir dərman yaradıb, keflənməyin də müalicəsi var və Molla Nəsrəddin arzu edir ki, məst olmağı adət edən müxbirlərimiz və xüsusən rus qəzetlərinə rusca məqalə yazan cavanlarımız nəsihətimizi qəbul edib, şərabxanalara yol döyməkdən geri çəkilə idilər və öz şərəflərini itirməyə idilər.
İslamMənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin?Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin.
Tök!– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.
DərdDərdi mara nist dərman, əlqiyas!Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı.
BaşElm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən.Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq.
Kişi gəlirMən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
ŞükürBir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.
Ruhanilər yığıncağıİndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.
İdarədənMöhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?
MübarəkbadlıqRusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.
Zənciri-müqəddəsAprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.
TikanBir gün bizə bir əbalı qonaq gəldi və salam verib istədi otura. Mən də istəyirdim oturam, birdən gördüm qonaq birdən dik durdu ayağa. Mən çox xəcalət çəkdim; çünki xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə.Mən çıxdım dalana və nökəri çağırdım və başladım məzəmmət eləməyə ki, ey namərd, sən niyə məni xəcalət eləyirsən ki, evi süpürəndə süpürgənin tikanını fərşin üstünə salırsan?!
Elanın zərəri“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.
Dəstə– Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.– Çeşm, çeşm! Şərəfyab olarıq inşallah. Buyurduz nə vaxt gələk?
CağəsbiBir gün bir dəlidən soruşdular ki, “cağəsbi, camə ğəsbi” ibarələrini məna eləsin. Dəli bir qədər fikrə gedəndən sonra belə cavab verdi:– Cağəsbi haman ali imarətə deyirlər ki, ibarət ola dörd-beş həyətdən: həyəti-birun, həyəti-əndərun, həyəti-xəlvət, həyəti-ziyafət. Talar talar içində, hovuz, gülkarlıq, təvilə, aşbazxana, ambarlar, zirzəmilər, buzxanası, çayxanası, tiryəkxanası. Və bu ali imarətdə əyləşən bir nəfər adam və beş-altı baş ailəsi və beş-altı nəfər nökəri (söz yox, xədimi də olacaq). Digər tərəfdən də biçizlərin iyirmi-otuz nəfəri tıxnaşa bir qaranlıq rütubətli evə, hələ bəlkə çoxları yağış və qar altında zindəganlıq eləyərlər, yainki mədrəsələrə yer tapılmaya və müftə müəllimlər yüz nəfər keçəl-küçəl şagirdi qata bir qaranlıq təviləyə və orada dərs deyə. Buna deyərlər cağəsbi; yəni qabaqkı ali imarətdə namaz da batildir, hələ bəlkə çörək yemək də sahibinə haram yazılacaq.
İlan-qurbağaDünən poçtadan bir məktub aldım, yazılıb ki, “İdarədən xahiş edirəm Rasta küçəyə mənim adıma altı aylıq ruznamə göndərilsin”.Məktubun axırında imza əvəzinə bir qurbağa şəkli çəkilib.
Yumşaq-quruMən qərib adam, pulum da yoxdur. Gedirəm çörək almağa, səngəkçi qabaqca soruşur: yumşaq istəyirsən, quru? Deyirəm quru. Görürəm şatır səngəki səliqə ilə bişirir, o tərəfini bu tərəfini qızdırır, tutur qabağıma ki, götür apar. Mən də olan qalan bir abbasımı verirəm, çörəyi dürməkləyirəm və bir dəqiqədə qovurqa kimi yeyirəm, genə ac qalıram.Sabah genə getdim bir səngək istədim, genə çörəkçi soruşdu: yumşaq istəyirsən quru? Dedim qoy bu səfər “yumşaq” deyim, bəlkə bu səfər qarnım doya. Dedim yumşaq. Onda gördüm zalım oğlu şatır bir xəmir kündəsini yaydı, bir təhər burşaladı (məsələn, itə yal bişirən kimi), qoydu tərəziyə və bir-iki tikə də kəsdi, düzəltdi, verdi apardım yedim, doydum. Bəli, doydum, yəni möhkəm doydum. Amma qarnım şişdi və sancı elədi. Getdim davaxanaya, dava soruşdum, elə qiymət dedi ki, quruyub qaldım (amma davaxananın adını yadımda saxlamışam ha).
Misyonerlərİranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
BəlaBu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.
Dövlətli xanımlarŞəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
KürkMəşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.
ŞuraO şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzasına hər babətdən müvafiqdir – onun adı Şuradır.Şura üsul-idarəsi!
Hədərİnqilabdan sonra Azərbaycanda, Türküstanda, Tatarıstanda və Gürcüstan ilə Ermənistanın bəzi şəhərlərində müsəlman kəndlilərinin oxumağı üçün çox-çox qəzet və jurnallar çıxmaqdadır.Bu qəzet və jurnalların cəmini nəzərə alanda və onlara diqqət edəndə, baxıb görürük ki, bu cəridələri çıxardanlar, bu işə xərc və səy qoyanlar bunu heç bilmək istəmirlər ki, aya bu qəzetləri oxuyan var, ya yoxdur.
RəndəBəli, qızlarımızın da oxumağı getdi işinə.Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar.