Страница 2 из 2 · 50%

Səba xanım Əmirin sarayına gəldiyi zaman özü üçün həm şöhrət, həm də böyük sərvət qazanmağı düşünürdü. O, Əmirin qızı Qətibəni də Əbül-Ülanın qızı Mahtab xanım kimi istədiyi adamlara göstərmək və istədiyini almaq fikrində idi. Buna görə də onun üçün sarayda yaşamaq xüsusi bir binada yaşamaqdan əlverişli idi.

Xüsusən Əmir tərəfindən sevildiyini və “şərəfə” nail olduğunu görüncə, onun şöhrət və sərvət əldə etmək arzuları yeni bir qüvvətlə alovlanmağa başladı.

Lakin təzə binaya köçürülmək məsələsi Səba xanımı çıxılmaz bir çərçivə içərisinə salmışdı. Onu ancaq Qətibə bu məngənədən çıxara biləcək idi. Lakin ona ümid bağlaya bilmirdi, çünki Nizaminin adından Qətibəyə yalan məktub gətirdiyi gündən bəri Qətibənin gözündən düşmüşdü.

Səba xanım bu acı düşüncənin təsiri altında ilan kimi qıvrılırdı. Lakin yenə də öz qəlbində:

– Qətibəni aldatmaq, çox da çətin deyil. Qəlbini bir sevgiyə verən qızlar öz ağıllarını da verirlər. Ağılsızları isə aldatmaq asandır – dedi.

Səba xanım Əmirə baş endirib otaqdan çıxdığı zaman Əmir də onun boy-buxununu nəzərdən keçirərək dalınca öz-özünə deyirdi:

– Kişilər şəhvətlərinin, qadınlar isə quru şöhrətin əsiridirlər. Mən yüzlərcə bədbəxtin cərgəsinə birisini də əlavə etdim; mənim əlaqədə olduğum cariyələr qadınım tərəfindən bir cinayətkar kimi təqib olunurlar.

Səba xanım Əmirin otağından uzun və geniş dəhlizə çıxdı. O, qiymətli xalçaların üzərindən məğrur qədəmlərlə keçdiyi zaman orada qəribə bir mənzərəyə təsadüf etdi. O ancaq dəhlizdə yeridiyi zaman hərəm həyatının bəzi şəkillərini görməyə başladı. Hərəmdə və sarayda yaşayan cariyələrin hamısı başını qapının arasından çıxarıb Səba xanıma baxırdılar. O, dəhlizin hər iki tərəfindən ona zillənmiş gözlərin müşayiəti altında ötüb keçirdi.

Cariyələrdən bəziləri isə dəhlizdə gəzir və öz aralarında nə isə danışıb gülüşürdülər. Bunların içərisində Səba xanımdan daha əvvəl Əmirin “şərəfinə” nail olmuş iki gözəl cariyə də var idi ki, onlardan birisi ərəb qızı Zəbyan, ikincisi isə İsfahandan alınmış Gülpeykər xanım idi.

Səba xanım dəhlizin yarısını getmişdi ki, birdən-birə gurultulu bir qəhqəhə səsi eşitdi. Gülənlər qapıların arasından baxan cariyələr idi. Bu qəhqəhələr Səba xanımı yerindən tərpədə bilmədi, çünki bu qəhqəhələrin bir həsəd nəticəsində doğulduğunu bilirdi, o bu qəhqəhələri eşitdikdə, özündə bir üstünlük hissi duyur və qürurunu daha da artırırdı.

Dəhlizin yarısında Gülpeykər xanım sağdan, Zəbyan xanım soldan Səba xanıma yaxınlaşdılar. Əvvəlcə Zəbyan xanım ona sual verdi:

– Xanım “şərəfə” nail ola bildimi?

Səba xanım cavab vermədi, məğrur-məğrur onların üzünə baxaraq keçib getmək istədikdə, Gülpeykər xanım ona sual verdi:

– Böyük xanım “şərafətə” nail oldumu?

Səba xanım onun sözünü cavabsız buraxmayaraq:

– Şərəfi ancaq şərəfli olanlar qazana bilərlər, – dedi. Bu zaman qızların birisi Səba xanımın sağ, o birisi isə sol əlindən tutub o biri əlləri ilə də onun nazik çöhrəsini cırmaqlamağa və didməyə başladılar. Onun boynunda və başında olan zinətləri qırıb yerə tökdülər. Üstündəki qiymətli və qumaş libasları cırıb dağıtdılar. Onlar Səba xanımın üzünü didib cırmaqladıqca qapıların arasından baxan cariyələr də bir əlini o biri əlinə vurub:

– Bir də! Bir də! Elə ha... Elə ha!.. – deyirdilər.

Səba xanımın qışqırtısına bütün saray xalqı dəhlizə yığıldı. Qışqırtı səsinə Əmirin qadını Safiyə xatun və qızı Qətibə də dəhlizə gəldilər. Səba xanımın yanaqları və dodaqları cırılmışdı. Gözlərini və göz bəbəklərini cırmaqlamışdılar. Bir neçə qulam və xacə Müfid Səba xanımı cariyələrin əlindən alıb apardığı zaman belə yenə onlar Səba xanımdan əl götürməyərək, vururdular. Ayıltmaq və yaralarını bağlamaq üçün həkimin yanına apardılar. Zəbyan xanımla Gülpeykər xanımı da hərəm həbsxanasına apardılar.

Bu qədər rüsvayçılıqdan və çığır-bağırdan sonra Əmir yenə də qadını Safiyə xatun və qızı Qətibənin yanında bəraət qazandı. Safiyə xatun Əmirin otağına girib acıqlandı:

– Sən bu rüsvayçılıqdan nə zaman əl götürəcəksən?

Əmir də:

– Məsələni layiqincə öyrənmək lazımdır, – dedi.

– Hansı məsələni?

– Namuslu cariyə böyük bir xəyanətin üstünü açıbdır. Dilşad sarayda olan bütün sirləri yazıb Fəxrəddinə göndərirmiş. Al oxu, gör Fəxrəddin ona öz məktubunda nə yazır.

Əmir məktubu çıxarıb Safiyə xatuna verdi və əlavə etdi:

– Namuslu qız məktubu mənə təqdim etmək üçün yanıma gəlmişdi. Onu burada saxlayıb müəyyən tapşırıqlar verirdim.

Qətibə bunu eşidəndən sonra ağladı:

– Yazıq və bədbəxt cariyəm, – deyərək onu yoxlamaq üçün həkimxanaya qaçdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов