Страница 3 из 4 · 50%

Nə yox?

Maral

Yoxlamamışıq.

Nəsirov

Necə yəni yoxlamamışıq? Siz mənim gözümə bir cür dəyirsiniz, başınızı harada itirmisiniz?

Bərbərzadə və Maral utanaraq başlarını aşağı dikirlər

Mirzə Qərənfil! Bəs necə olub ki, sən belə bir şeyə yol vermisən?

Mirzə Qərənfil

Müqavilənamə hər dəqiqə yoxlanır...

Nəsirov

Çox gözəl, ona mən özüm göz olaram. (Çöldən oxumaq səsi eşidilir) Bu nə səs-küydür? Bu “Segah” oxuyan kimdir?

Bu halda Usta Segah oxuya-oxuya içəri girir.

Usta Segah (oxuyur)

Hər kəsin, kim can üçün bir mehriban cananı yox,
Elə bilsin cismi var, amma içində canı yox.

Nəsirov (Usta Segaha qəzəblə)

Sənin nə ixtiyarın var istehsalatda “Segah” oxuyursan.

Usta Segah (oxuya-oxuya)

Bu sualında buraxdın bir səhv.

Nəsirov

Bu nədir, Mirzə Qərənfil?.. Bu kimdir?

Mirzə Qərənfil

Bu mənim sizə dediyim məşhur rəngsazdır.

Nəsirov

Rəngsaz olanda nə olar? Gərək oxuyub istehsalatı başına götürsün? Ay yoldaş rəngsaz, yaxın gəlin.

Usta Segah (oxuyur)

Düzdü, mən rəngsazam, rəng çəkirəm.
Evlərə bir yeni ahəng çəkirəm.

Nəsirov

Qurtardı. De görüm, nə üçün istehsalatda “Segah” oxuyursan?

Usta Segah (oxuya-oxuya)

Yenə də səhv buraxdın, qafil!

Nəsirov

Oxuma! Bu nədir, estrada artisti deyilsən ki? Açıq de görək, nə üçün “Segah” oxuyursan?

Usta Segah (oxuyur)

Mən “Segah” oxumuram, “Çahargah” oxuyuram.

Nəsirov

De görüm, bəs nə üçün oxuyursan? İstehsalatda oxumaq olmaz.

Usta Segah

Olar, çünki:

Musiqi yaxşı qidadır bədənə,
Rəhmət olsun səni qoyub gedənə.

Nəsirov

Saxla şerin qabağını! Bu nədir, canım? Kişi, bu dəqiqə mənə de görüm, sən nə üçün dəmlənib gəlmisən?

Usta Segah

Nə? Xeyr! Səhvin var! Mən həyat aşiqiyəm, şərab içmərəm.

Nəsirov

Bəs nə üçün iş üstə özünü bu cür aparırsan? Müxtəsər cavab ver! Boş söz lazım deyil! Vaxt lazımdır!

Usta Segah

Əhsən, vaxt qızıldır, amma eşq...

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır...

Nəsirov

Saxla!

Usta Segah

Eşq afəti-can olduğu, məşhuri-cahandır.

Nəsirov

Saxla, yoxsa bu saat milis çağırtdıraram.

Usta Segah

Milis? Milis nə üçün? Əvvəla, siz məni əyləmisiniz, mən sizi yox. İkinci, bu gün istirahət günüdür, istəsəm lap “Simayi-şəms” oxuyaram. Onun heç kəsə dəxli yoxdur. Üçüncü, məni bura dəvət ediblər, özbaşıma gəlməmişəm.

Nəsirov

Canım, sən nə uzunçu adamsan? Yaxşı, yaxşı, get işinə.

Usta Segah

Gedirəm! Gedirəm rəng çəkəm dər-divara,
Sənət əhli qala bilməz avara.

(Oxuya-oxuya gedir)

Guşi qıl ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol gör ki, nədir naleyi-ney, nəğməyi-tar.

Nəsirov (onun arxasınca baxıb gülümsünür)

Məzəli adamdır. Maral... Sən bu gün işçilərin iş şəraitini yoxlamalısan. Bununçün sənə on beş dəqiqə vaxt verirəm.

Maral

On beş dəqiqənin içində, yoldaş Nəsirov...

Nəsirov

Gəl bir yerdə gedək və məsələni yerində həll edək, iş vaxtına yarım saat qalır, sən tək getsən, üç saat onlara nitq danışarsan. (Bərbərzadəyə və Mirzə Qərənfilə). Siz də gedin, öz işinizlə məşğul olun!

Mirzə Qərənfil

Yoldaş Nəsirov!

Nəsirov

Yox, bir kəlmə artıq söhbət olmamalıdır. Gedək, Maral yoldaş!

Maral və Nəsirov gedirlər.

Bərbərzadə

Həmişə bu Nəsirov yoldaşla söhbət eləyəndən sonra mənim iştaham açılır. (Cibindən yemək çıxarır). Mirzə Qərənfil, yemək istəyirsənmi? Buyur, qonaq ol!

Mirzə Qərənfil

Yox, Bərbərzadə, mənə toxunma, mən dərd çəkirəm.

Bərbərzadə

Dərd çəkməkdənsə, istəyirsən verim bir papiros çək.

Mirzə Qərənfil

Yox, Bərbərzadə! Mənim ömrüm düyümlənib, həyat məni dar çəkmə kimi sıxır.

Bərbərzadə

Axı, nə olub, ay Mirzə Qərənfil? Açıq danış. Dərdin ailə dərdidir?

Mirzə Qərənfil

Axmaq deyiləm ki, ailə dərdi çəkim.

Bərbərzadə

Bəs nə dərdin var?

Mirzə Qərənfil

Nə deyim, Bərbərzadə, mənim bu boyda şəhərdə dörd divarım yoxdur ki, içində bu qiymətsiz həyatımı sona çatdırım. Mənim dərdim otaq dərdidir, otaq, otaq!

Bərbərzadə

Bəs sən bu saat harada yaşayırsan?

Mirzə Qərənfil

Heç yerdə! Demək olar ki, mən bu saat heç yaşamıram.

Bərbərzadə

Axı haralarda gecələyirsən?

Mirzə Qərənfil

Heç yerdə. Gecəm qarışıb gündüzə, gündüzüm qarışıb gecəyə, yuxu ilə həqiqəti bir-birindən seçə bilmirəm. Dünən gecə görürəm ki, mənə təzə ev veriblər, durub yüyürmüşəm Baksovetə ki, orderi verin. Deyirlər, nə order, nə zad... Əmi, yuxu görmüsən?..

Bərbərzadə

Ərizə yazmısan?

Mirzə Qərənfil

Soruşma, Bərbərzadə, soruşma. O qədər ərizə yazmışam ki, barmağım mazol olub. Ancaq nə olsun ki... heç bir nəticəsi yoxdur. Ümid nə qədər istəsən verirlər, amma otaq yox...

Bərbərzadə

Mirzə Qərənfil, heç qəm yemə, sənin otağın məndə.

Mirzə Qərənfil

Bərbərzadə, ayağa qalx, yanıma gəl, səni qucaqlayım.

Bərbərzadə

Yox, Mirzə Qərənfil, dayan, qoy mən də sənə dərdimi söyləyim. Əgər mənim dərdimə əlac tapsan, sənin işin öz-özünə düzələcək.

Mirzə Qərənfil

De görüm, o necə dərddir ki, mənim dərdimin dərmanıdır?

Bərbərzadə

Mənim dərdim eşq dərdidir!

Mirzə Qərənfil

Yaxşı, mənlik nə var ki?

Bərbərzadə

Sənlik çox iş var! Qulaq as. Mən onu sevmişəm, o da məni.

Mirzə Qərənfil

Yaxşı, daha sizə mane olan nədir ki? Bir otaq tapsanız işiniz düzələr.

Bərbərzadə

Otaq var. Mirzə Qərənfil, otaq var.

Mirzə Qərənfil

Hanı?

Bərbərzadə

Məndə, mənim bir evim var ki, dörd otağı, vannası, quxnası...

Mirzə Qərənfil

Bərbərzadə icazə ver, səni qucaqlayım. Demək, sənin dörd otağın var?

Bərbərzadə

Var, necə bəyəm?

Mirzə Qərənfil

İkisini ver mənə.

Bərbərzadə

Nə danışırsan, Mirzə Qərənfil? Heç otaqdan da əlborcu olar?

Mirzə Qərənfil

Əlborcu istəmirəm, həmişəlik bağışla.

Bərbərzadə

Ağzımda sənə deyirəm ki, xeyir işim var. Ancaq mən sənin dərdinə dərman eləyərəm. O qızı ki, mən sevirəm, onun da otağı var.

Mirzə Qərənfil

Çox əcəb!

Bərbərzadə

Biz qovuşan kimi o canan köçüb gələr mənim xanəmə. Onun da evini sənə bağışlayarıq.

Mirzə Qərənfil

Yox, Bərbərzadə, bu bir az nisyə söhbətə oxşayır. Yaxşı, bir də görək, mənim vəzifəm nədir?

Bərbərzadə

İndi o canan ilə mənim aramda bir məhəbbət körpüsü lazımdır, gəl, sən bu vəzifəni boynuna götür.

Mirzə Qərənfil

Deyirsən, otağı var?

Bərbərzadə

Var.

Mirzə Qərənfil

Onda razıyam. Bəs, yaxşı, de görüm, o canan kimdir?

Bərbərzadə

Maraldır!

Mirzə Qərənfil

Özü maral kimidir, yoxsa, adı Maraldır?

Bərbərzadə

Adı da Maraldır, özü də maral kimidir.

Mirzə Qərənfil

Adı Maraldır? Hansı Maral? Yoxsa bizim yerli komitə Maral?

Bərbərzadə

Özüdür ki, var!

Mirzə Qərənfil

Ədə, o Maral adama otaq verər? Allah verdiyi canı ondan ala bilmir.

Bərbərzadə

Ey, ey, özünü yığışdır. Məhəbbəti tənqid eləməzlər.

Mirzə Qərənfil

Yaxşı, de görüm, mən necə körpü olum? Vəzifəm nədir?

Bərbərzadə

Sənin qabiliyyətin var, ona bir şeir yaz. Şeir insanlardakı məhəbbəti daha da coşdurur. Şeri oxu, fikrini bil, görüm toyu nə vaxta təyin eləmək istəyir. O zaman sənin otaq məsələn düzələr. Arxayın olummu?

Mirzə Qərənfil

Fikirləşərəm...

Bərbərzadə

Fikirləş! Hələlik sən yavaş-yavaş qafiyələri yığ, şeri yaz, mən də bir bəhanə ilə o cananı sənin yanına göndərim.

Sənubər içəri girir.

Sənubər

Mirzə Qərənfil! Bir dəqiqə və gizli.

Bərbərzadə

Başın ayrı işlərə qarışar, mən yaddan çıxaram ha...

Mirzə Qərənfil

Sən arxayın ol!

Bərbərzadə

Arxayınlıq içində olasan! (Çıxır)

Sənubər

Mirzə Qərənfil!

Mirzə Qərənfil

Mirzə Qərənfil sənə feda olsun dəstəsi ilə.

Sənubər

Bəs hanı verdiyin vəd? Səni səhərdən axtarıram.

Mirzə Qərənfil

Baxəbər olmamışam, mənim kəbutərim!

Sənubər

Kəbutər? Kəbutər nədir?

Mirzə Qərənfil

Quşdur.

Sənubər

Quşdur?

Mirzə Qərənfil

Bəli, quşdur. Dünyada nə qədər quş varsa, hamısına sən oxşayırsan, mənim şahinim!

Sənubər

Şahini başa düşdüm, yəqin yenə quşdur. Mirzə Qərənfil!

Mirzə Qərənfil

Mirzə Qərənfil sancılsın sənin yaxandan! Buyur görək.

Sənubər

Otaq tapa bilmədin?

Mirzə Qərənfil

Darıxma, mənim sığırçınım! Otaq üçün bir plan qurmuşam ki, gəl görəsən.

Sənubər

Plan?

Mirzə Qərənfil

Bəli, plan. İndi bu saat otaq tapmaq müharibə eləmək kimi bir şeydir. Gərək əlində hərbi planın olsun, sağ cinahın, sol cinahın olsun.

Sənubər

Mən düşmürəm.

Mirzə Qərənfil

Necə yəni düşmürsən?

Sənubər

Mən ixtisar eləyib danışıram. Demək istəyirəm ki, başa düşmürəm.

Mirzə Qərənfil

Burada mənim ürəyim səndən incidi. Sən niyə mənimlə ixtisar eləyib danışırsan?

Sənubər

Mən hamı ilə ixtisar eləyirəm.

Mirzə Qərənfil

Özgələri ilə eybi yoxdur, ancaq mənimlə yox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов