Страница 4 из 4 · 75%

Sənubər

Yoldaş Nəsirov deyir ki, az danış, çox iş gör. Düşürsən?

Mirzə Qərənfil

Hə, indi düşdüm.

Sənubər

De görüm necə plandır? Tez ol, darıxıram.

Mirzə Qərənfil

Qulaq as. Mən sənin yolunda bu qiymətsiz canımdan gündə on dəfə keçərəm.

Sənubər

Təşəkkür!

Mirzə Qərənfil

İndi bir de görüm, sən mənim yolumda neylərsən?

Sənubər

Eləyərəm.

Mirzə Qərənfil

Yox, daha bu cür ixtisar ilə danışmaq olmaz. Məhəbbətdə ixtisar olmaz. De görüm, mənim yolumda özünü qurban verərsənmi?

Sənubər

Buna bax ha... Mən özümü qurban versəm, sən qalarsan tək, gedib taparsan ayrısını.

Mirzə Qərənfil

Müvəqqəti deyirəm də. Yəni özünü yalandan qurban ver.

Sənubər

Düşmədim.

Mirzə Qərənfil

Bu saat düşərsən. Bir də görüm, Bərbərzadəni tanıyırsan?

Sənubər

Yıram.

Mirzə Qərənfil

İndi ki, “yırsan”, çox gözəl. Haman Bərbərzadəyə bu yaxınlarda dörd otaq veriblər, sağında quxna, solunda vanna.

Sənubər

Hanı? Aldın?

Mirzə Qərənfil

Mənə verməyiblər ey, Bərbərzadəyə.

Sənubər

Ax, zadəyə.

Mirzə Qərənfil

Bəli, zadəyə, zadə də təkdir, subaydır.

Sənubər

Ona kim gedər axı?

Mirzə Qərənfil

Gedər, gedər! O dörd otağa səkkiz qız almaq olar. Mətləb onda deyil... Sənubər, əvvəlcə gözümün içinə de görüm, məni sevirsənmi?

Sənubər

Virəm.

Mirzə Qərənfil

Yox-yox... bütöv de!

Sənubər

Sevirəm.

Mirzə Qərənfil

Hə, əgər həqiqətən məni sevirsənsə, onda Bərbərzadəyə ərə get.

Sənubər

Necə? Səni sevib, Bərbərzadəyə gedim?

Mirzə Qərənfil

Yalandan deyirəm ey...

Sənubər

Mirzə Qərənfil, bir stəkan su hazırla, ürəyim gedəcək.

Mirzə Qərənfil

Yox, getməsin, suyu hələ açmayıblar. Qulaq as, mənim turacım! Gör bir nə plan qurmuşam. Mənə təzədən otaq, kim bilir, nə vaxt verəcəklər. Otaq tapmasaq da evlənmək olmaz.

Sənubər

Mirzə Qərənfil!

Mirzə Qərənfil

Mirzə Qərənfil xəlçə kimi sərilsin ayaqlarına. Qulaq as! Bərbərzadənin dörd otağı var. Sən Bərbərzadəyə yalandan ərə get, bir aydan sonra ayrıl. İşi ver məhkəməyə. Qanunla otağın ikisi sənə düşər, ikisi ona. Sən otaqlara sahib olan kimi ZAQS-dan təvəqqe eləyərik ki, bizi qeyd eləsin.

Sənubər

Mirzə Qərənfil!

Mirzə Qərənfil

Mirzə Qərənfil şəhid olsun sənin yolunda. Heç etiraz eləmə, işimiz düzəlib.

Sənubər

Axı, sən işin o biri tərəfini fikirləşmirsən.

Mirzə Qərənfil

Hansı tərəfini?

Sənubər

Bəlkə Bərbərzadə məni almaq istəmədi?

Mirzə Qərənfil

O məndə.

Sənubər

Bəs, bu biri tərəfi?

Mirzə Qərənfil

O hansıdır?

Sənubər

Bəlkə bir aydan sonra boşamaq istəmədi?

Mirzə Qərənfil

Ondan arxayın ol. İki gün də saxlamaz. Sənin qədrini o haradan biləcək? Razısan?

Sənubər

Yaxşı, onda fikirləşərəm.

Mirzə Qərənfil

Fikirləş, fikirləş, mənim tovuzum!

Sənubər

Yenə quş?

Mirzə Qərənfil

Quş olmayıb nə olacaq ki?

Nəsirov (balkona çıxır)

Sənubər, kağızlar haradadır?

Sənubər

Şkafdadır...

Nəsirov

Gətir, qol çəkim.

Sənubər

Üstə! (Çıxır).

Nəsirov

Mirzə Qərənfil, o yana getmə, bura gəl!

Mirzə Qərənfil balkona çıxır, gözdən itirlər. Mürşüd bir tərəfdən, Sadıqov biri tərəfdən səhnəyə gəlib kefsiz yan-yana oturlar.

Sadıq

Küsdü.

Mürşüd

Mənimki də küsdü.

Sadıq

Getdi.

Mürşüd

Mən güclə yola saldım. Ayağını dirəmişdi ki, getmirəm.

Sadıq

Nə istəyirdi?

Mürşüd

Gəzmək. Deyir ki, səhərdən axşama kimi qol-qola verib düşək bu küçələrin canına. Bəs səninki nə istəyirdi?

Sadıq

Uşaq.

Mürşüd

Necə yəni uşaq?

Sadıq

Uşaq da, balaca tifil. Axı mən övladı neyləyirəm? Ağlayıb işləməyə qoymayacaq.

Mürşüd

Heyf, subaylıq, heyf, subaylıq! Başımızı noxtalayıb vermişik bir zənən xeylağının əlinə... Sadıq!

Sadıq

Sadığın taleyi ucu dolaşıq düşmüş bir kələf sapa çevrildi.

Mürşüd

Sadıq, sən necə bilirsən, bu bəladan qurtarmaq üçün bir çarə yoxdur?

Sadıq

Yoxdur. Dünyanın bütün alimləri yığışıb baş sındırsalar, yenə də bir çarə tapa bilməzlər.

Mürşüd

Alimlər tapa bilməsələr də, bizim köhnə kişilər onun dərmanını yaxşı deyiblər.

Sadıq

Nədir?

Mürşüd

Dişin ağrıyır – çək qurtar, qonşun pisdir – köç qurtar, arvadın pisdir – boşa qurtar. Çarə tapıldı?

Sadıq

Ay Mürşüd, diş nə qədər bərk ağrısa, yenə çəkdirməyə adamın ürəyi gəlmir.

Mürşüd

Bəs neyləyək? Sənətimizi, işimizi atıb gedək düşək parklara, bulvarlara? Yox, Sadıq, mənim arvadımı sən yaxşı tanımırsan, bir məsələ ki, onun beyninə girdi, ərsinlə qazıyıb çıxarmaq olmaz. Ayrılaq, qoy onlara dərs olsun.

Sadıq

Razıyam. Mən getdim ərizəmi verməyə.

Mürşüd

Mənim ərizəm çoxdan hazırdır, gedək.

Sadıq

Bu gözəl bina tikilib qurtarandan sonra özləri səhvlərini başa düşəcəklər.

Mürşüd

Güman eləmirəm. Mənim kimi canlı adam onu başa sala bilməyəndən sonra bu dilsiz bina neyləyə bilər?

Sadıq

Bu dilsiz binanı biz öz sənətimizlə dilləndirəcəyik. Gedək.

Mürşüd

Gedək.

Çıxırlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов