Содержание
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Страница 11 из 13 · 77%

Əbus uşaq

Ey mənim gülərüzlü şagirdlərim!

Əbus, yəni qaşqabaqlı və kədərli olmaq deməkdir. Bu sifət insanın canına siraşi-zəhərdar bir ilan kimidir. Əlhəqq bu xasiyyət nifrətəngiz bir mərəzə bənzər ki, hamı ondan qaçar. Odur ki, əbus adamlara heç kəs meyl və rəğbət göstərməz. Belə şəxslər həmişə dost və aşinadan məhrum qalıb, tək və tənha, möhnət və məlal ilə ruzigar keçirməkdədirlər. Bu sifət sahiblərinin üzünə baxanda aşkar görərsən ki, bir küdurət tozu qonub, insana bir məyusluq üz verir. Tutulmuş qaş-qabağından və üz və gözündən elə bir nühusət yağır ki, insanın ürəyi sıxılır. Bu günə adamların surətində əsla asari-sürur müşahidə olunmaz. Qəlblərində heç bir nəşə, zövqü-səfa tapılmaz. Belə kimsənələr müsahibət ləzzətindən bixəbər və eyşü nişat nemətindən məhrumdular. Məktəbimizin əbus uşaqlarını adbəad zikr etmək lazım deyil. Onların hal və hərəkəti və zahir surəti özlərini nişan verməkdədir.

Əbus uşaqlar yenə skameykanın üstünə yayılıbdır və elə bir kəsalətlə imla yazmağa məşğul olubdur ki, az qalır yuxulasın. Bununla belə, yenə nömrəsini dörd almaq xəyalındadır. Yazdığı imlasını oxuyub, axıra yetirincə az qalır ki, ağlasın. Müxatibinə cavab verən vaxtda guya ki, başmaqları ilə danışır. Tövqif cəzasına düçar olanda bir saata kimi məktəbin aşağı tərəfində üzü divara dursa, əsla təngə gəlməz. Tənəffüs zamanında heç kəs onunla oyun oynamağa və onu özünə yoldaş qərar verməyə razı olmaz. Belə uşaqları gülüş üzü ilə və mülayim sözü ilə danışanda görmədim.

Ah! Əbusluq nə pis xasiyyətsən!

Otuz dördüncü imla

Qəlbi saf uşaq

Qəlbi saf və xəyalı rövşən və xatiri səfa olmaq nə böyük səadətdir. Bu sifətin sayəsində insanın zehni səlim və məzacı müstəqim olur. Qəlbi saflıq, yəni hər kimsə ilə müamileyi-sadiqanədə bulunmaq və xalq ilə məhəbbəti-xaliqanədə keçinmək deməkdir. Qəlbi saf adamların hal və hərəkətindən heç kəs zərər çəkməz və onların müsahibətindən və rifaqətindən insana peşmançılıq və nidamət üz verməz.

Doğrudan-doğruya saf ürəkli olmaq nə gözəl xasiyyətdir və insanlar ilə insaniyyətlə rəftar etmək nə pəsəndidə halətdir, oğlanlarım!

Qəlbi saf uşaqların hərəkat və səkənatı sizlərə bir ayineyi-ibrətdir. Bu qism uşaqlar məktəbimizin ümum şagirdlərini bir nəzərdə tutub və hamısı ilə atadan-anadan bir qardaş kimi gözəl-gözəl rəftar etməyə çalışır. Onların qələm, kağız, dəftər və kitablarını öz malı kimi bilib, cırıb qaralamağa əsla xəyanət əlini uzatmaz. Yoldaşlarının tərəqqi və pişrəftindən bir dərəcədə məsrur və məmnun olur ki, guya bir zəhmətsevən müəllimdir.

Məktəbin birinci sinfində əlifba başlayan balaca uşaqları elə bir mülayimətlə danışdırıb, sevib, dərsə təşviq eylər ki, deyəsən bir mehriban mürəbbidir (tərbiyəçi).

Hərgah bəzi uşaqlardan sinn və təbiətlərinin təğazasınca bir para namülaim hərəkətlər sadir olsa da, müəllim xəbərdar olmamış, onlara: «Ey qardaş! Bizə və bizim məsələlərimizə belə naməğbul və nalayiq hərəkətlər şayəstə deyil», - deyib, nazikanə və mülayimanə nəsihət etməyə başlar. Çox vaxt tövqifə düçar olanların qüsurunun əfv olunmasını mübsir (sinif rəhbəri) vasitəsilə müəllimdən iltimas eylər.

Qəlbi saf uşaqlar öz hüsn və hərəkətlərindən həmişə kamyab və bərxürdar olmaqdadırlar.

Otuz beşinci imla

Qəlbi fasid uşaq

Ey mənim qəlbi saf şagirdlərim!

Qəlbi fasid, yəni bədxəyal, fəsad fikirli, qəlbi qara deməkdir. Bu sifət o qədər nalayiq və nagüvara sifətdir ki, insanı hər bir səadətdən məhrum eylər. Fəsad əndişəli adamlar şeytan ağacının yemişi və cəhalət biyabanının qudurmuş qurduna bənzər. Belə şəxslərin vücudundan insaniyyət aləminin havaxahları nə qədər mütəzərrir olur.

Xüdavəndi-aləm bizləri bu növ insan libasında olan şeytanların şərrindən hifz eyləsin.

Qəlbi fasid uşaq həmişə evdə ata-anasını pərişan və məktəbdə yoldaşlarını narahat və müəllimlərini rəncidə xatir eylər. Məsələn:

Atası evdə onun kiçik qardaşını və bacısını öpəndə və sevəndə və yainki yeməli və oynatmalı bir şey verəndə o qədər canı sıxılıb, qaşqabağın tökub, küsüb mükəddər olur ki, axırda o balaca sevgili uşağı xəlvətə salıb, əlindəki şeyi alıb, atıb, yırtıb, sındırıb, zay eylər.

Məktəbdə yoldaşları bir-birilə danışanda onların bəzi sözlərindən bədgüman olub, bir para mənalar çıxardır.

«Bu sözü mənə deyirsiniz? Bu sözdən muradınız nədir? Bu sözdən məqsudunuz mənə dolaşmaqdır» - deyib, o biçarələrin sözün-söhbətin kəsib, qəlblərini məyus və məhzun eylər.

Müəllim uşaqlara nəsihət edəndə və möizə əsnasında bir ibrətəngiz məsəl gətirəndə, (məsələn: «Alim olmaq asandır, adam olmaq çətin») qəlbi fasid uşaqlar onu özünə alıb, müəllimdən inciyər.

Belə uşaqların dünya və axirətdə bədbəxt və mübtəzil olmaqlarına şübhəmiz yoxdur.

Oğlanlarım! Bir-birinizlə səfayi-xatirlərilə rəftar etməyinizə mütməin oluram.

Otuz altıncı imla

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов