Содержание
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil

Страница 3 из 3 · 67%

Yolçu yolda gərək, yubandıq, qardaş!

Qəhrəman

Tez çapaq atları dağlara birbaş.

Naçalnik

Bu xəbər, çatarsa padşaha, inan,
Olar yurd, yuvanız yer ilə yeksan.

Nəbi

O “adil” padşaha deyiniz ki, mən
Taxtına, tacına düşmənəm, düşmən.

(Koxaya)

Sən mənim adımdan cənab, zəhmət çək,
Səlim bəyə de ki, toyun mübarək!
Ağalar, gedirik... hələlik... ancaq
Yerindən tərpənən sağ qalmayacaq!
Mənim sizdən yalnız bir xahişim var,
Çağrılmamış qonaq kimdi, sorsalar –
Deyərsiniz ki, o, Qaçaq Nəbiydi,
Dostları özündən qoçaq Nəbiydi!

Gedirlər.

Pərdə

Altıncı şəkil

Köçərilərin düşərgəsi. Gecədir... Arazın yaxınlığında bir qayalıq. Nəbinin dəstəsi düşmən təqibindən qurtarıb buraya gəlmişdir. Köçərilər Nəbinin adamlarına yer vermişlər.

Həcər

Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yasdığın içində
Şirin yuxu tapasan.
Laylay, balam, a laylay.
Laylay, gülüm, a laylay.

Fatma (Körpəyə)

Yat deyirlər, yat barı,
Ömrümün laləzarı.
Sənə gələn elçilər
Dağıdacaq kandarı.
Nə dəcəlsən, can bala,
Salırsan min qan, bala,
Maddım-maddım baxırsan,
Yatarsan haçan, bala?

Qurd Kərim, Qəhrəman və Mürsəl gəlirlər.

Həcər

A Kərim, bir xəbər bildinmi?

Qurd Kərim

Yox, yox...

Həcər

Doğrusu, Nəbidən nigaranam çox.

Fatma

Dünyada dərd hanı bu dərddən acı?

Qurd Kərim

Sıxma ürəyini, ay Həcər bacı.

Mürsəl

Gəzdik qarış-qarış hər yanı, Həcər,
Dostumuz Nəbidən bilmədik xəbər.

Həcər

Görəsən, nə gəlib yenə başına?

(Ağlayır.)

Mürsəl

Yoxam, Həcər bacı, bu göz yaşına,
İnsan şişirtməsin gərək dərdini,
Sovur küləklərə ürək dərdini.

Fatma

Ay Allah, başına gəlməsin xəta.

Mürsəl

Nəbi sağ çıxacaq düşsə də oda
Yəqin ki, rast gəlib yolda bir kəsə,
Qonaq aparıblar.

Həcər

Bəlkə, nə isə...
Satqına rast gəlsə satar Nəbini,
Divan da zindana atar Nəbini.
Ürəyim dincəlmir.

Fatma

Yorma özünü...
Nəbi eşitsəydi sənin sözünü,
Doyunca gülərdi.

Mürsəl

Aşkardır, aşkar,
On düşməni varsa, on min dostu var.

Qurd Kərim

Dost-dostu satarmı? Gəlməyir dilim.

Həcər

Zəmanə xarabdır, vallah, nə bilim,
Sinəm dərd əlindən sökülür, budur.

Qəhrəman (Həcəri bir kənara çəkir.)

Həcər bacı...

Həcər

Bəli...

Qəhrəman

Qulaq as.

Həcər

Buyur.

Qəhrəman

Nəbiyə heç bir şey olmayıb, olmaz.
İndicə gələcək, səbr elə bir az!
Hara getdiyini dedi dostuna.

(Özünə işarə edir.)

Qardaşı Mehdi də qoşuldu ona.
Gizli yol tapmağa gediblər, Həcər,
Bəlkə bu Arazı keçək bir təhər.
Düşmən yerimizi bilməyir hələ,
Gərək birimiz də keçməyək ələ.
Çox gözəl tanıyır Nəbi Təbrizi,
Təbriz dostlarımız saxlayar bizi.
Nəbiyçin heç qorxma, düz deyirəm mən,
Qayıdar indicə yuxarı kənddən.
Sən məcbur elədin bu sirri açım,
Bunu bir mən bilim, bir də sən, bacım!..

Həcər

Ömrün uzun olsun, Qəhrəman qardaş
Xətər görməyəsən heç zaman, qardaş!..

Qəhrəman

Dəstəmiz Arazı tez gərək keçə,
Çünki qorxuludur bu dilsiz gecə.

Fatma

Səhərdən acsınız, oturun, yeyin.

Mürsəl

Bir dadaq, necədir sənin xörəyin.

Qurd Kərim

Nəbisiz haramdır bu çörək mənə,
Onsuz parçalanır ürəyim yenə.

Mürsəl

Nəbi gəlib çıxar, kefini pozma!

Fatma

Allah, sən Nəbiyə qara gün yazma!

Mürsəl

Tanrı çox görməsin Nəbini elə!
Analar elə qoç doğmayıb hələ.

Qurd Kərim

Səlim bəy nə qədər güclü olsa da,
Nəbidən tük salır.

Həcər

Kişidir o da?

Mürsəl

Ay Kərim, sən allah, adam adı çək.
Onun başındakı ləçəkdir, ləçək!

Qurd Kərim

Sönməyib hələ də ürəyində kin.

Mürsəl

Filin qabağında neylər bir çibin?

Hamı yeməyə məşğul olur. Həcər körpəsinin yanına keçir. Qurd Kərim fənəri qapıb gizli işarə verir.

Həcər

Deyəsən yatmaqla heç yoxdur aran?
Yat, bala, deməkdən yoruldu anan.

(Zarafatla)

Niyə dərdə-sərə salırsan məni,
Görüm, cavanəzən öləsən səni.

Fatma

Nə sözdür deyirsən, ay Həcər bacı?
Qoy düşmənin keçsin günləri acı.
Tökmə acığını yazıq körpəyə.
Niyə danlayırsan balamı, niyə?

(Uşağı oradakılara göstərir.)

Sifəti elə bil çiçəkli yazdır,
Gözləri qapqara, bir cüt gilasdır.
Burnu, göz dəyməsin yekədir, yekə,
Qulağı dağlara salıbdır kölgə.

Mürsəl

Nəbinin burnundan düşmüsən, ay qız?
Çuvaldan seçilmir səndəki ağız,
Ayaqların kündə, əllərin kösöy,
Gəlin gedən kimi qaynananı döy!
Zarafat elədim, qəşəngsən, küsmə,
Büzmə dodağını, mən ölüm, büzmə!

Fatma

Ay allah, bundan beş dənə ver.
Heç olmasa, üç dənə ver.
Həsrətin çəkmişlərə ver,
Çaladakı camışlara ver.

Bu dəmdə uzaqdan bir güllə səsi eşidilir. Eyni zamanda Kərim də havaya bir güllə atır. Uzaqdan at ayaqlarının səsi gəlir.

Hamı heyrətdədir.

Mürsəl

Deyəsən, gələn var, dinməyin, sakit.

Qəhrəman

Verməz ehtiyatı əlindən igid.

Qurd Kərim

Baxım, görüm, kimdir?

Qəhrəman

Gör kimdir gələn?

Fatma

Həcər, sən durma, gəl bəridə əylən.

Qadınlar körpəni alıb yan tərəfə keçirlər.

Mürsəl

Olmaya Səlim bəy qazaq gətirir?

Qəhrəman

Qorxaqlar özünü bərkdə itirir.

Səslər

Dayan, dayan, qaçma!

Qəhrəman

Aman, alçaqlar...

Güllə açılır, bir nəfər yıxılır.

Mürsəl

Aldı üstümüzü atlı qazaqlar.
Səlim bəy, Səlim bəy.
Özüdür ki, var...

Bəylər və qazaqlar onları əhatə edir.

Səlim bəy (Yaxındakılara)

Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar.
Qaçıb başımıza əngəl açsınlar.
Qoymayın bir nəfər çıxsın salamat,
Yaxşı qisas alın, ad çıxarın, ad...

Bir neçə nəfər ətrafı axtarır, Mürsəl kişini qolu bağlı gətirirlər.

Mürsəl

Daha dayanmışdır, bıçaq sümüyə,
Ellərin naləsi ucalır göyə.
Min oyun açdınız onun başına...

Səlim bəy

A gədə, durmayın, vurun başına.

Vururlar.

Fatma

Vurmayın, dayanın, vurmayın bizi,
Allah amanıdır, qırmayın bizi.

Səlim bəy

Yaxşı, deyin görüm, hardadır Həcər?
Yoxsa danışdırır sizi bu xəncər...
Hanı, Həcər hanı?

Mürsəl

Bilmirəm...

Səlim bəy

Söylə.

Mürsəl

Dedim ki, bilmirəm...

Səlim bəy

Dilə bax, dilə...
Həcərin yerini göstərməsəniz
Murdar yuvanıza od vurarıq biz.
De görüm, hardadır Həcər bu saat!

Bu halda səhnə arxasından qışqırıq qopur. Koxa və bir neçə qazaq Həcəri tutub gətirir.

Mürsəl

Sən insan deyilsən, cəlladsan, cəllad!

Fatma

Amandır, dəyməyin.

Həcər

Buraxın məni!

Mahmud bəy

Əldən buraxarmı düşmən düşməni?!
Gərək nəslinizi qıraq birbəbir.

Həcər çırpınır. Səlim bəyi vurmaq istəyir.

Səlim bəy

Dəyməyin, dayanın.

Həcər

Sözünüz nədir?

Səlim bəy

Xoş gördük, əhvalın necədir, söylə?
Xoşuna gəlirmi yaşamaq belə?
Yıxıl ayağıma, öp ayağımdan.

Həcər

Əyilməz düşmənə ölsə də aslan.
Papaq deyil sizin başınızdakı
Bir baxın, Həcərdir qarşınızdakı!

Səlim bəy

Buraxıb möhtəşəm o cah-cəlalı
Bir adsız gədanın oldun əyalı.
Atıb qızılları, atıb daş-qaşı,
Özünə yurd-yuva etdin dağ-daşı.
Bu da həyatmıdır?

Həcər

Bəs nədir, səncə?

Səlim bəy

Bu, it günündən də betərdir, məncə.
Bax, yenə əlimdə əsirsən, əsir,
Duyuram, qorxudan ürəyin əsir.
Yolunu gözləyir çoxdan qazamat,
Bir şərtlə elərəm mən səni azad.

Həcər

Nə şərtlə?

Koxa (Sözə qarışır.)

Ay arvad!

Həcər

Arvad özünsən.

Koxa

Olsun, ancaq, Həcər, deyirəm ki, mən
Bizim, Səlim bəyə ver doğru cavab,
Doğru danışmaqsa savabdır, savab...

Həcər

Əzəldən yalanla olmayıb işim.

Koxa

Siz danışın, mən də bığımı eşim.

Səlim bəy

Həcər, de Nəbinin bizə yerini,
Qorxma, öldürmərik sənin ərini.

Həcər

Azad könüllərdir onun qalası.

Səlim bəy

Ayağı çarıqlı, kəndli balası
Bəylərə, padşaha bata bilərmi?
Murdar arzusuna çata bilərmi?
O, bu yaxındadır, gizlənib yəqin,
Qorxaqdır, mən buna əminəm, əmin!..
Gəlsin meydanıma cürəti varsa,
Güdsün namusunu qeyrəti varsa.

Həcər

Maşallah, qeyrətdən kalansan yaman,
Lap sənin kimiydi, gorbagor atan.

Səlim bəy

Bunda cürətə bax!

Həcər

Beləyəm, belə.
Ağzın süd qoxuyur, körpəsən hələ!

Səlim bəy

Arvad olmasaydın, səni qılıncla
İkiyə bölərdim.

Həcər

Bu qol, bu qıçla?
Silahım olsaydı, bunu bil ki, sən,
Qoymazdım yanımda nəfəs çəkəsən!

Koxa

Həcər, olacaqsan axırda məyus.

Həcər

Sus, boşqab yalayan piltəbığ dəyyus!

Koxa

Bunda əsər yoxmuş ardan, həyadan.

Səlim bəy (Düşünərək)

Alın körpəsini, atın qayadan!

Uşağı beşikdən götürürlər. Fatma onlarla əlbəyaxa olur, uşağı əllərindən almaq istəyir.

Fatma

Körpədə nə günah? Aman, rəhm elə!

Mahmud bəy

Düşmən balasıdır, o, gərək ölə!

Həcər

Bala, anan ölsün, bala can, bala...
Ananın ürəyi oldu qan, bala...
Buraxın!

Koxa

Uşağı atdılar.

Həcər

Aman!

Səlim bəy

Aparın, yolunu gözləyir zindan!

(Gülür.)

Həcər

Səlim bəy, sevinib gülmək nahaqdır,
Bilin, bu qan yerdə qalmayacaqdır!

Səlim bəy

Aparın! Aparın!

Həcəri aparırlar. Qurd Kərim görünür.

Səlim bəy

Qurd Kərim, sənsən?

Qurd Kərim

Bəli, mənim ağam!

Səlim bəy

Afərin, əhsən!

(Pul verir.)

Bəs Nəbi hardadır?

Qurd Kərim

Yuxarı kənddə.

Səlim bəy

Daha durmaq olmaz bir dəqiqə də.

Güllə səsləri.

Bu nədir?

Qurd Kərim

Evimiz yıxıldı, aman...
Yəqin ki, Nəbidir.

Səlim bəy

Mən getdim...

Qurd Kərim

Dayan!
Bu tərəfdən gedin.

Səlim bəy

Çox gözəl.

Qurd Kərim

Bəs mən?

Səlim bəy

Burda qal, bilmirəm, qorxursan nədən?

Qurd Kərim

Vallahı şübhəyə düşsələr əgər
Nəbigil dərimə saman təpərlər.

Səlim bəy

Yox, yox, sən burda qal, ayıq ol, ayıq!

Qurd Kərim

Qorxuram...

Səlim bəy

Mən getdim, danışma artıq!

Nəbi (Səhnə dalından)

Qoymayın onları çıxsın aradan,
Qırın namərdləri, verməyin aman!

Atışma qızışır. Nəbi yel kimi səhnədən gəlib keçir. Nəbinin döyüşçüləri qızğın atəş açırlar. Səhnədə qaçışırlar. Səlim bəyin dəstəsindən ölənlər olur.

Həcər

Hanı mənim balam, verin balamı!
Yarın bu sinəmi, görün yaramı!..

Nəbi

Həcər, aç gözünü, qoçaq arvadım.
Sənsiz bir zindandır ömrüm, həyatım!

Həcər

Bircə balam vardı gül kimi, Nəbi!
Cəlladlar öldürdü ilkimi, Nəbi!

Nəbi

Bu ağır yaranı sağaldar zaman,
Vətən göylərindən çəkilər duman.

Mehdi

Qardaşım, sahildə toplaşıb dostlar,
Gəl keçək Arazı nə qədər vaxt var.

Nəbi

Gedək, Həcər, gedək, yağı gəlməmiş,
Arazı adlayaq dan sökülməmiş.

(Araza xitab eləyir.)

Bax, Arazım, bu dəhşətə, müsibətə şahid ol,
Azadlığa qurbanların üzərindən gedir yol.
Biz iki qan qardaşıyıq, aramızdan axırsan,
Ayrılıqdan qövr eləyən yaramızdan axırsan.
Hey axırsan, bizim ulu babaların yaşından,
Tarix bilir nə bəlalar gəlib, keçir başından...
Sənsən mənim qana dönmüş ürəyimin aynası,
Arzum budur, külə dönsün bu zalımlar dünyası!
Al qoynuna dostlarını, ey bağrı qan Arazım,
Mənim qanlı göz yaşımdan yaranmısan, Arazım!
Əlbir olub od salmaqçün düşmənlərin canına,
Sinən üstdən yol ver, keçim qardaşımın yanına!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов