Mənim istəklimin hər kəs ki, görə rüsxarın,İstəməz baği-behiştin nə gülün, gülzarın.

Bülbülə öz gülü xoşdur, mənə öz cananım,Hansı aşiqdir o ki, sevməyə öz dildarın?

Bircə biganə deyil könlümü bərbad eləyən,Tanrı yıxsın, görüm, aləmdə evin əğyarın!

Sevgilim olsa təbibim, mənə tez çarə qılar,Tutar öz nazik əlilə yıxılan bimarın.

Mən sevən dilbəri yüzlərcə gözəllər də sevir,El sevər, rəsmdir, istəkli, əziz sərdarın.

Bircə yol vəsl təmənnasını etdimsə ona,Dedi min naz ilə “yox”, gözləmədim təkrarın.

Məni kim görsə deyir: yarın olub qeyrilə yar,Bağ mənim, meyvə mənim, özgə yeyir nübarın.

Bivəfalıq sözü işlənməz idi aləmdə,Leyli Məcnununa düz etsə idi iqrarın.

Vahid, əlbəttə, uçulmaz fələyin cövründən,Hər bina ki, tikilə şövqi ilə memarın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви