Bir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.

Bir əcəb rətli-giran sundu əlümə piri-məst,Aldım içdim, canü dil mülkün imarət eylədim.

Çün məni məst eylədi ol rətlilə piri-muğan,Mən dəxi mütriblə saqiyə işarət eylədim.

Mütriba, rast gu nəvadə çün düzətdir çəngini,Akifi-meyxanəyə çünkim bəşarət eylədim.

Cəm olub kaşanə içrə, nuş qıldıq cami-mey,Sayiqi-məhruyi gördüm, çox şətarət eylədim.

Canü könlü, əqlü dini cümlə verdim saqiyə,Şol ziyangər sofiyə sankim xəsarət eylədim.

Pürgüşayiş olduğumu gördü, der: ey binəva,Çox sevinmə, cismü cani yoxsa qarət eylədim.

Eşidüb pirün sözün, içtüm hüzuri-qəlb ilə,Cümlə isqati-səlatimə kəfarət eylədim.

Bir zaman çün sakini-meyxanə oldum pır ilə,Nəfsi-şum əyyamını xeyli həqarət eylədim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Pirimün bir cürəsinə satmam iki kövni mən,Ey Həbibi, key bilürsən xoş ticarət eylədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana