Aşiyani-viran
Soyuğun, atəşin əlində qalan,
Calibi-mərhəmət, gözəl bir quş
Sərilib torpaq üstünə mədhuş,
Açıyor ağzını, yumur hər an.
Yetməmiş arzuya biçarə
Yaxanı verdi dəsti-bidadə.
Yoxmu bir əl uzansın imdadə,
Eyləsin bu səfilə bir çarə?!
Aşiyanın içində övladı –
Gözünü dikmiş intizardadır.
Validə hali-ehtizardadır,
Dağılır aşiyani-abadı.
Çırpınır, çırpınır da, son nəfəsi –
İstəyir cismdən ola pərran,
Bir sürü yavru mədərə nigəran.
Uçdu ruhu quşun, kəsildi səsi.
Rəhguzari-cahanda sair idi,
Gündüzü asimani-qeyrətdə,
Gecəsi aşiyani-rahətdə.
Bu da bir zihəyat tair idi.
İştə bu xanimancida məxluq –
Əməli-danə ilə çıxmış idi,
Yuvada yavrular acıxmış idi,
Payimali-məmat qıldı soyuq.
Bu gözəl tairi-səmapeyma –
Danə üçün riyazfitrət idi.
Bu da zəhmətkeşi-məişət idi,
Sə'yü qeyrət yolunda oldu fəda.
Nə gözəldir həyati-fə'alə,
Düşkün olmaq yaxışmaz insanə,
Açma əl, düşmə payi-dunanə,
Çalışan namizəddir iqbalə.
Yavrular!
Ananız, yavrular, əsiri-türab –
Olaraq eylədi vida'i-həyat.
Ediniz siz də ataşin nəvəhat,
Aşiyani-məsərrət oldu xərab!
Əsdi şiddətlə tündbadi-əcəl,
Bəxtiniz gülləri xəzan oldu.
Yavrular, mövsümi-fəğan oldu,
Saralıb soldu növbəhari-əməl!
Ey səfalətpənah olan mürğan!
Mədər arayişi-məzar oldu,
Lənəniz də xərabəzar oldu,
Dinləməz kimsə etsəniz də fəğan!
Açamaz kimsə zilli-şəfqətini –
Üstünüzdə himayədar olsun,
Sizi kim bəsləsin də yar olsun,
Bəxş qılsın səxa vücudətini?!
Vətənim lənənizlə yeksandır,
Ölmüş, ölmüş pədərlə mədərimiz,
Bağlanıbdır güşad olan dərimiz,
Bu iki aşiyanə virandır!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-asiyani-viran
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşitdim ölən vəqt Nuşirəvan –Öz övladına böylə qıldı bəyan:
Xosrovun Şiruyəyə nəsihətiGözün yumduğu dəmdə Xosrov, şu zat –Ki, yə'ni edən gündə tərki-həyat –
Nəsimi-səbayə niyazEy səba! Bir bu gətir xaki-rahi dildardən,Məhv edib könlüm qəmin, bəxş et bəşarət yardən.
Zümzümeyi-aşiqanəLütf et, geri gəl, dar-dilimə munisə-can ol!Bu yanmışa sən məhrəmi-əsrari-nihan ol!
Başqa şairlərin şeirləri
Bayram gəlib hamı geyib zər-ziba,Bizdə nə bez, qədək, nə şal da yoxdur.
AldanmaSevdiciyim, məndən sənə əmanət,Hər yetənə, yalançıya aldanma.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
GündüBu günə deyərlər qurban bayramı,Hacılar murada yetdiyi gündü.