Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.
Özü bilsin, mənə nə!İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.
Altıncı fəsil1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
Xalq ədəbiyyatının təhliliXALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatıSəhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Əvvəlinci fəsil. Həsrətin xəstəliyi...Dağdı, bağdı, çəməndi.*Hər şey həmən-həməndi.*
On ikinci fəsilFəthi-meyxanə üçün oxuyalım fatihələr*Ola kim, üzümüzə açıla bir bağlı qapu.*
Koroğlunun İstanbul səfəriKoroğlu Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı.Tay iş gəlib o yerə çatmışdı ki, Çənlibelin həndəvərindən bir karvan da keçə bilmirdi. Koroğlunun adı bütün aləmə yayılmışdı.
5Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - deyə Gülsümə təskinlik vermişdi. Amma evə gəldikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".
Gizli ədəbiyyatHamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Xəzinə üstündə yatan ilan 8Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.
Nuru dayımın qəribə macərasıAnamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Həmzənin Qıratı aparmasıBolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər.Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər.
8İmranı pis qarşılamadilar. Doqqazda görünən kimi Şahnaz eyvandan düşüb kəlağayısının ucları yellənə-yellənə onun qabağına gəldi. Gülə-gülə salamlaşdı və kənara çəkilib İmrana yol verdi.– İt bağlıdır, qorxma...
May nümayişi1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi.Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı.
On ikinci fəsilDünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısına buraxırdı. Avropanın şərqində qızışmış müharibə alovu Polşanın ortadan çıxmasilə sanki soyumağa yatmağa başlayırdı. Lakin əsl həqiqətdə o, yerini dəyişirdi. Daha güclü bir yanğınla bütün Avropanı bürüyəcəyinin əlamətləri göz qabağında idi. Polyakları qızışdırıb ortalığa salan və bərk ayaqda köməksiz buraxan İngiltərə hakim dairələri, indi də Fransanı qabağa verməkdə idilər. Sanki onlar mağarasından çıxıb, ov axtaran həris və dəhşətli bir yırtıcının ağzına atmaq üçün yeni bir tikə, yeni bir qurban axtarırdılar. Onlar bu vəhşini Şərqə – Sovetlər İttifaqının üstünə salmaq planlarının baş tutmadığını gördükdə, Avropanı parça-parça onun ağzına atmaqla fəlakəti özlərindən uzaqlaşdırmağa və vaxt qazanmağa cəhd edirdilər. Hitler sözdə yenə sülhdən, Almaniyanın artıq heç bir tələbi olmadığından danışır, əməldə isə hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı. Dünyanın bütün xalqları, Münhendə zəncirdən buraxılmış bu vəhşinin Avropa ilə kifayətlənməyəcəyini duyur, dərin bir əndişə və iztirabla gələcəyi gözləyirdi. Dövlətlər və məmləkətlər arasındakı münasibətdə daimi və sabit bir şey gözə dəymirdi. Sanki dünyanın çarxı öz məhvərindən qopmuş və naməlum bir istiqamətə yuvarlanmaqda idi. Tarix, sahilini aşan fırtınalı dəniz kimi tufanlar, təlatümlər dövrünə qədam qoymuşdu. On beş illik Rza xan istibdadının yaratdığı və iranlıların bir çoxuna əbədi görünən qanun-qaydalar, tarixin bu təlatümü önündə çatdaq-çatdaq olmağa başlayırdı. Yavaş-yavaş cəmiyyətin düşüncəsində bu üsulun tezliklə dağıla biləcəyi fikri oyanırdı. Hər gün artmaqda olan zülm və terrorun yaratdığı vahimə və əndişə, insanların qəlbində və beynində oyanan bu fikrin təzahürünü ləngitsə də, tamamilə onun qarşısını almaqda aciz idi.Hikmət İsfahani də qəlbən Pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən biri idi. Lakin o bu səltənətin əsaslandığı bünövrəni, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. Əksinə, belə bir şeyi fikirdən keçirdikdə onu vahimə basırdı. Pəhləviyə qarşı çevrilmiş hər hansı mübarizənin tərəfdarı olan o, mövcud münasibətlər əleyhinə olan hər şeyin düşməni idi. Qanlı Pəhləvi hakimiyyətinə qarşı mübarizə labüddən ictimai çevriliş xasiyyəti alacağından, o ziddiyyətli bir vəziyyətə düşürdü. Lakin sövq-təbiilikdən doğan bir hiss onu ictimai mübarizəyə yox, Pəhləvinin təhqir və təzyiqinə dözməyə çəkirdi. Çünki bir neçə malikanəni Pəhləviyə qurban vermək, bütün qazanc və gəlirləri itirmək təhlükəsindən daha yaxşı idi. Bu fikir onda, xüsusilə son zamanlar möhkəmlənməkdə idi. Latviya, Litva, Estoniya kimi xalq hərəkatının qalib gəldiyi ölkələrə baxdıqca o, daxili bir vahimənin təsirilə Rza xan istibdadını daha da möhkəmlətmək ehtiyacını duyurdu. “İş, çörək və azadlıq istəyirik!” kitabı, dünya hadisələrini diqqətlə izləyərək belə bir fikri böhran keçirdiyi günlərdə onun əlinə çatdı. Kitabı oxuduqca o, əsəbiləşir və qızışırdı. Bəlkə də, Rza xanın təhqir, şübhə və təzyiqlə dolu on beş illik hakimiyyəti dövründə onun bu qədər əsəbiləşdiyi olmamışdı. “Ey dadi-bidad! Biz yatmışıq, sel az qalıb gələ bizi basa! – deyə düşünürdü. – Müharibə etmək lazım idi. İranı alt-üst edə biləcək bu əqidələri maqqaşla qaşımaq, qızmış dəmirlə yandırmaqdan başqa çarə yox idi”.
Beşinci fəsilƏhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Qulun qaçmasıEşit quldan!Elə ki, qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdü Ələmqulu xanın yanına.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:
İki müztərib yaxud əzab və vicdanSevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
Xəzinə üstündə yatan ilan 1Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.
Koroğlunun Türkman səfəriDeyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Koroğlu Qarsın ətəklərindəki Alacalar adlı dağda Osmanlı qoşunu ilə toqquşduğu zaman çox bərk dara düşüb, yeddi gün, yeddi gecə o mahasırada qalmışdı.Bundan çox qorxduğuna görə kişilikdən kəsilmişdi.
Rusiya sahilindəAraz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı.Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı.