Əlibala Hacızadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bu, Məhəmməd Şəfinin çoxdankı arzusu idi; ömür yarı olmuşdu, ad-sanı məmləkəti tutmuşdu, onunla oturub-durmaq, kəlmə kəsmək həvəsində olanların sayı-hesabı yox idi—ancaq o, hələ bircə dəfə də, «xalqın atası», «məmləkətin sahibi» sayılan əlahəzrətlə bir məclisə düşmək, onunla üzbəüz əyləşib söhbət eləmək, yaxından gözlərinin içinə baxmaq, bir şair kimi özünü narahat eləyən məsələlər barəsində bu «şəxsi-əvvəlin» nə düşündüyünü anlamaq, nəhayət, camaatın nəzərində sirli-sehrli bir dünyaya oxşayan «Ərkeşahi»nin içərisindəki cah-calallı saraya tamaşa eləmək «səadətinə» nail olmamışdı. Əlahəzrət bu sarayda tez-tez qəbullar düzəldərdi, yüksək məqamlı adamları, generalları, gələn xarici qonaqları qəbul edərdi, lakin heç vaxt Şəfi onların arasında görünməzdi. Sadəcə olaraq onu dərbardakılar «görmürdülər». Bu, bir tərəfdən yaxşı idi— dərbardan uzaq olanlar nadir hallarda qəzəbə düçar olurdular. Yaxın olanlar isə nə zaman harada «günaha batacaqlarını» bilmədiklərindən həmişə nigarançılıq içində yaşayırdılar və Şəfi də bunu çox yaxşı bilirdi. O biri tərəfdən isə pis idi «görünməməzlik» dərdi—çünki bu, sayılmamaq demək idi, adilik demək idi, yüksək məqamlara çatmamaq kimi də qiymətləndirilə bilərdi. Şəfi şöhrətpərəst deyildi, heç vaxt da olmamışdı. Bəzən elə düşünürdü ki, əlahəzrətin ətəyinə əli çatanlar qorxaq və yaltaq olduğundan nə xalqın, nə məmləkətin dərdləri barədə ona heç nə demirlər, deyə bilmirlər. Amma o, bu «şərəfə» nail olsa, mütləq hər şey barədə açıq danışar, başa salar, qorxmadan, çəkinmədən əsl həqiqətləri, əsl dərdləri deyər. Şəfi məhz bu arzu ilə yaşamışdı illər boyu və ona elə gəlmişdi ki, bunları əlahəzrət hümayuna söylərsə, bu, mütləq təsirsiz qalmaz.Şəfi dünən Bəbirlə gecəyarıdan keçənə qədər dərdi-dil eləmişdi, malı bir yerə, gümanı min yerə gedən adam kimi əlahəzrətin bu iltifatından çaşbaş qalan şairi Bəbir xeyli sakitləşdirmiş, dəvətin mümkün səbəbini izah eləmişdi:
İkinci hissə, on dördüncü fəsilİki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!
İkinci hissə, on yeddinci fəsilƏtiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı
İkinci hissə, on doqquzuncu fəsilAylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:
Üçüncü hissə, birinci fəsilGözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Üçüncü hissə, beşinci fəsilHəmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Üçüncü hissə, altıncı fəsilAxşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?
Üçüncü hissə, səkkizinci fəsilHava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.
Üçüncü hissə, doqquzuncu fəsilGün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:
Üçüncü hissə, onuncu fəsilCümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:
Üçüncü hissə, on birinci fəsilAğayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.
Üçüncü hissə, on ikinci fəsilQəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.
Üçüncü hissə, on üçüncü fəsilAxşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.
Üçüncü hissə, on dördüncü fəsilZiyaülhəqq Elməddinin təkidinə baxmayaraq, maşından düşmədi. Gülə-gülə dedi:– Sabah gələrik, yorğunsunuz, rahatlanın, özünüzə gəlin. Ancaq gərək sən, Əfsanə xanımın tapılması şərəfinə yaxşı bir qonaqlıq hazırlayasan.
Üçüncü hissə, on altıncı fəsilElməddin xoruzun ilk banında qayıdıb gəlmişdi. Başı çatlayırdı, beynində dəyirman daşının uğultusuna bənzər bir səs vardı. Neçə illər tutqun bir ümidlə gözlədiyi bu qəribə görüş axşamını, tərsliyə bax ki, o, Əfsanənin yanında keçirə bilməmişdi. Çağırıb aparmışdılar, neçə saat iclasda oturmuşdu, mübahisələr olmuşdu, natiqlər kəskin, maraqlı çıxışlar eləmişdi, ancaq Elməddin, tamam başqa bir dünyadan gəlmiş adam kimi, laqeyd, küt nəzərlərlə adamlara baxmış deyilənləri dinləmiş, lakin heç nə başa düşə bilməmişdi Cismən burda otursa da, fikrən evdə, Əfsanənin, Siminin yanında olmuşdu. İndi, o gurultulu, mübahisəli məclisin qurtarmasından iyirmi-iyirmi beş dəqiqə keçsə də, Elməddindən soruşan olsaydı, bircə dənə də dəqiq şey deyə bilməzdi, hamısını qatıb-qarışdırar, baş-ayaq danışardı.Həyətə girən kimi qəlbi sıxılmışdı — işıqlar sönmüşdü, yəqin ki, Əfsanə də, Simin də yatmışdı. Halbuki, Elməddin onların, xüsusilə Əfsanənin bu uzun ayrılıq illərindən sonra əvəzsiz bir nemət, misilsiz bir səadət kimi ələ düşmüş, şirinliyi, acılığı hələ bilinməyən bu əsrarəngiz görüş gecəsi əsla yatmayacağını, oturub Siminlə söhbət edəcəyini, onu gözləyəcəyini düşünmüşdü. Elməddinin aləmində, bu gecə yatdı yox idi, bu gecə düz səhərəcən üzbəüz oturacaq, başlarına gələn əhvalatları, olub-keçənləri — hər şeyi, hər şeyi lap birinci gündən sonuncu günəcən bir-birinə danışacaqdılar, gah sevinəcək, gah da kövrəlib susacaqdılar, bir-birinə doyunca, bu sonsuzluq kimi uzun görünən, hicran illərinin tüstü kimi acı həsrətini yox edəcək göz də, ürək də toxtayınca baxacaqdılar. Ancaq işə bax ki, itirdikləri səadətin, bəxtəvərliyin müqabilində çox kiçik görünən bu səadət də onlara nəsib olmamışdı. Elməddin qayıdıb gəlincə Əfsanə öz dərdli macərasının tarixçəsini Siminə nəql eləmiş, Simin də Elməddinin başına gələnləri ona danışmış, sonra xeyli gözləmiş, qonağın tez-tez əsnədiyini görən ev sahibəsi onun üçün kiçik otaqda yer salmış, neçə gecə Kabilin küçələrində, dalanlarda səhəri demək olar ki, diri gözlü açan, yorğun yuxusuz olan Əfsanə yatağına girib yatmışdı. Yatmışdımı? Yox, azca əvvəl, Siminlə danışarkən o, həqiqətən yuxudan sarı ölürdü. Lakin yumşaq, təmiz yorğan-döşəyə girən kimi elə bil yuxusu ərşə çəkilmişdi, yorğunluğu da harasa uçub getmişdi. Bu evə ayaq basandan gördüklərini, eşitdiklərini, hiss elədiklərini dərk etmək istəyirdi, anlamaq istəyirdi, ancaq, fikirləri bir-birinə qarışır, düyün düşür, Əfsanə tora düşmüş balıq kimi çalıxıbçapalayırdı. İlk təəssüratı o qədər güclü və mürəkkəb idi ki, ildırım sürəti ilə bir-birini əvəz edən, hərəsi bir cür gözqamaşdıran o təəssüratların heç birisinin üstündə ani də olsa qərar tutub dayana bilmir, hisslər axıb gedir və bu, onu az qala ağlamaq dərəcəsinə gətirirdi. Kim bilir, görəsən indi o yatan bu yorğan-döşəkdə Elməddin haçansa yatmışdımı? Yorğan-döşək, qəribə idi ki, ona doğma, əziz görünürdü. Elə bil, Elməddinin nəfəsi hopmuşdu ona, Əfsanə sinəsinə çəkdiyi yorğanı iyləyirdi, qəlbi sakitləşirdi. —Yadına neçə illər qabaq, Elməddinlə kəbini kəsilən gün soyunub girdiyi yorğan-döşək düşürdü. Onda həmin yorğan-döşəkdən, balışdan Yusifin iyini duymuşdu Əfsanə. Lakin indi ancaq Elməddinin qoxusu gəlirdi, ancaq Elməddinin! Yusifin bədəninin iyini illər çoxdan qovub harasa aparmışdı, unutdurmuşdu.
Üçüncü hissə, on yeddinci fəsilGec yatdıqlarına baxmayaraq, Simin hamıdan tez oyanmışdı, mətbəxdə çay qaynatmış, stolun üstünə stəkan-nəlbəki düzmüş, çörək, yağ-pendnr, bal qoymuş, üzünə milçək-filan qonmasın deyə dəsmal sərmişdi. Səhər yeməyinin vaxtı əslində çoxdan keçmişdi. Saat ikiyə işləyirdi — Elməddin şirin-şirin yatmışdı. Simin ev-eşiyi yığışdırandan, həyət-bacanı süpürəndən sonra tək qalıb darıxdığı üçün yavaşca, barmaqlarının ucunda Əfsanənin otağına girdi. Əfsanə, görünür, bərk uyumuşdu, Siminin gəldiyindən heç xəbəri də olmamışdı — çünki nə tərpəndi, nə də qımıldandı. Başı da, sinəsi də açıq idi. Hörülmüş, uzun saçlarının biri ağ balış üstündə qara ilan kimi qıvrılmışdı, əynindəki gecə köynəyinin üçbucaq şəkilli yaxasından ağ sinəsinin bir parçası görünürdü. Arxası üstə yatmışdı, sol biləyini də alnına qoymuşdu. Ayaq tərəfdə dayanan Simin aram-aram nəfəs alan, ağ, qəşəng sifətində əzablı-ağrılı bir ifadə həkk olunan (bu, deyəsən, onu daha da gözəlləşdirirdi) Əfsanənin həqiqətən gözəl olduğunu elə bil indi, bax bu anlarda görüb hiss elədi. Dünən gələndə deyəsən o belə gözəl deyildi, axşam, ikisi üzbəüz oturub söhbət eləyəndə də bu cür deyildi. Amma indi... Simin istər-istəməz bir qadın kimi özünü bu yatmış, bu dərdli gözəllə müqayisə elədi, müqayisə elədi və anlaşılmaz, qəlbinə yad bir sıxıntı içində istər-istəməz üstünlüyü Əfsanəyə verdi. Və bu an Əfsanə ona Simindən qüdrətli, Simindən ağıllı göründü; ona elə gəldi ki, bax, bu qabağında yatmış gözəl qadın illərin arxasından, uzaq-uzaq yerlərdən məhrumiyyətlərə dözə-dözə, onun-bunun qoltuğuna sığına-sığına, Şahin kimi sevən bir cavanı rədd edib gözüyaşlı qoyaraq, Siracəddin kimi bir «əjdahanın» torundan xilas olaraq bura — Elməddinin ocağının başına nahaq gəlməyib, əbəs gəlməyib. O gəlib ki, Siminin Elməddinini — demək, səadətini əlindən alsın, xoşbəxtliyini uçurub dağıtsın. «O mənimdir, Simin!» — deyərək hər şeyi alt-üst eləsin. Bu acı fikirlər ürəyini cırmaqladı, gözləri qaraldı, başı gicəlləndi. Əfsanə elə bil yatağında əriyib yox oldu, yerində nə isə qara, qatran kimi qapqara bir vücud qaldı —yalnız bu zaman, səhərə yaxın Elməddinin Əfsanə barəsində dediyi sözlər yadına düşdü, qulaqlarında səsləndi və onu bu qara fikirlərin zəhərli caynağından qopartdı: «Mən Əfsanəni alsaydım, elə o vaxt alardım. Onda ürəyim qəbul etməmişdi, indi də etməz. Çünki mənim ürəyim elə həmin ürəkdi, əqidəm də elə həmin əqidədi, Simin!» Bu sözlər onun beynini, baxışlarını durultdu, hövllənib tez-tez çırpınan ürəyi qara, qorxulu təhlükənin sovuşduğunu hiss edib adi qaydasına düşdü. Yatağında uzanmış Əfsanə də o qara, qatran kimi qapqara vücuddan dönüb əvvəlki Əfsanə oldu — saçı yenə ilan kimi qıvrılıb yatmış, əli alnında, sinəsinin bir parçası açıq... Əfsanə oldu. Və Simin onun ağ sifətinə həkk olunmuş ağrılı əzablı ifadəni daha aydın oxudu və onun nəfəs almağında da, sifətində də bir yazıqlıq, bir bədbəxtlik gördü, onun haqqında belə düşündüyünə görə utandı Simin! Balacalaşdı, cılızlaşdı, çirkinləşdi Simin! Özünü, qəlbini indiyə qədər yaxşı tanımadığına heyrət içində gözünü döydü. Daha bundan sonra belə qara fikirləri yaxına buraxmayacağına, bu cür alçalmayacağına səssiz-səmirsiz and içdi.Qəhərləndi, boğazı acışdı və öskürdü. Səsə Əfsanə gözünü açdı — uzun, qatlama kirpiklərini qaldırıb ayaq tərəfində Simini görəndə.... yuxulu-yuxulu gülümsündü. Simin irəli gəldi, döşəyinin yanında diz çöküb:
Üçüncü hissə, on səkkizinci fəsilElməddin döyülmüş, əzgin adam kimi yataq otağına girdi, soyunub çarpayısında uzandı, üzünü də, kədərli və dilxor vaxtlarında olduğu kimi, divara çevirdi. Simin yanına gələndə onu uzanmış görüb təəccübləndi.– Bıy, sən təzədən yatdın? Elməddin çevrilmədən;
Üçüncü hissə, on doqquzuncu fəsilƏfsanə son dərəcə mürəkkəb, ziddiyyətli, sevinc dolu, eyni zamanda kədərli, illərdən bəri arzuladığı, can atdığı, indi isə baş çıxara bilmədiyi, anlamadığı, buna görə də qaçmaq istədiyi, lakin niyə, hara, kimin yanına qaçacağını bilmədiyi dolaşıq bir aləmə düşmüşdü. Bu aləm onun üçün maraqlı idi, yeni idi. Bu aləmdə hamıdan — Reyhan anadan da, Şahindən də gizli saxladığı xəyal dünyasının baş qəhrəmanı — Elməddin yaşayırdı; o Elməddin ki, həsrətini çəkə-çəkə ömrünün ən əziz, ən şirin bir parçasına çevrilmişdi — bax, həmin Elməddini tapmışdı Əfsanə. Bu evə qədəm basanacan onun üçün ancaq bir məsələ mövcud idi. Elməddini görmək, onunla danışmaq, onun gözlərinə baxmaq... vəssalam. Daha sonra nə olacaqdı, nə ola bilərdi — bunlar barədə düşünməmişdi Əfsanə. Ancaq indi görürdü ki, yox, bu görüş o fikirləşdiyi qədər də asan deyilmiş — burda neçə-neçə həlli müşkül suallar varmış! Əfsanə Elməddini görüb toxtamışdı, qəlbini illər boyu sıxıb əzən həsrətiqubarı azalmışdı. Aşkarda, xəlvətdə, Əfsanə Elməddinə çox baxmış, gözünün həsrətini öldürmüşdü. Amma yenə narahat, yenə nigaran idi. Həyatda insaflı, mürüvvətli olmağı hər şeydən üstün tutan və insanlardan da çox zaman bunu uman Əfsanə Elməddinin, o, evdən çıxıb gedəndən sonra başına gələnləri, çəkdiyi əziyyətləri, mənəvi əzabları gecələr yatağına uzananda da, tək qalanda da götür-qoy eləyir, ölçüb-biçir, onun haqlımı, haqsızmı olduğunu müəyyən etməyə çalışır gah haqq qazandırır, gah da ittiham edirdi. Həyat bir dənizdi — onun nəzərində, — bu dənizin fırtınalı qoynuna düşən adam məhv də ola bilər, yarımcan halda özünü birtəhər sahilə də çatdıra bilər — dəyişib əclaf da, yaxşı insan da ola bilər. Bəli, həyat, bir-birinin dalınca qanad açıb sürətlə uçan illər insanın tək zahirində, saçlarında, üzündə əl gəzdirmir, o eyni zamanda insanın ürəyini də, hisslərini də yonub-baltalayır, ya büllurlaşdırır, ya kobudlaşdırır — axırı ki, nə isə dəyişilir, nə isə ölüb gedir, nə isə doğulur! Əfsanə ömrünün-gününün elə vədəsini yaşayırdı ki, dünyanın kitablara yazılmamış bu hikmətini başa düşürdü və bu mizanla Elməddinə baxanda onda müəyyən dəyişikliklər görürdü. Bunu, əlbəttə, təbii sayırdı Əfsanə. Elməddin kişiləşmişdi, Elməddin artıq uşaq atası idi, onun indi özünə görə adısanı vardı. Kənddə beş-on adamın tanıdığı, qardaşının haqqını tapdadığı və böyük-kiçik gözlədiyinə görə məhəbbətini belə dilinə gətirməyən, üstünə su səpilmiş ocaq kimi korun-korun yanan, başıaşağı Elməddin deyildi. Elməddin, Siminin də danışdığına görə, özünün də müşahidə etdiyinə görə, qarşısına nə isə çox ali, uca bir məqsəd qoymuş, bu yolda həbsxanalardan, ölümündən belə çəkinməyəcəyinə and içmiş tamamilə yeni bir adama çevrilmişdi. İndi onun, dünən Əfsanənin tapılması münasibətilə nə qədər xərc çəkib təşkil etdiyi böyük qonaqlıqda gördüyü kimi, necə də şan-şöhrətli, mehriban əqidə-məslək dostları vardı ki, Elməddin onlarla fəxr eləyirdi. Şəfi kimi böyük sənətkarın dostu olmaq məgər hər kəsə nəsib olan səadət idi? Əfsanə özü də, dünəndən bəri Elməddinin bu cah-cəlalına baxıb uşaq kimi sevinirdi və düşünürdü ki, Elməddinin bu mərtəbəyə gəlib çıxmasında hardasa, nədəsə onun da kiçik bir payı var. Ya bəlkə heç yox idi? Olsa da, olmasa da, Əfsanə Elməddinin bu gününə, bu məqamına baxıb fərəhlənirdi. Ancaq, hiss edirdi ki, bu fərəh azdı, onun qəlbindəki boşluğu doldura bilmir, kədəri, qüssəni tamam silib apara bilmir — bu onu ağrıdırdı. Nəydi bu boşluq, nədəndi? Heç özü də düz-əməlli baş çıxarda bilmirdi. Bax, buna da sevinirdi ki, Elməddinin indi Simin kimi mehriban, ağıllı, həssas yoldaşı var, inanırdı ki, Simin ona qəlbən bağlıdı, onu xoşbəxt edib. Gül parçası kimi Əfsanəsi var Elməddinin! Siminin təkidiylə bu adı seçiblər! Bunlar az idi? Hələ, Simin ona öz bacısı kimi baxır: bir «bacı» deyəndə, necə deyərlər, beşi də ağzından düşürdü — o gün bazara apardı, Əfsanəni təpədən-dırnağa bəzəndirdi, geyindiribkeçindirdi. Bunu kim edərdi? Hətta doğma qardaşarvadı da eləməzdi! Bütün bunlar da hardasa sevinc idi, fərəh idi, dərindən düşünəndə adamı mütəəssir edir, göz yaşardırdı. Lakin... lakin həmin boşluq dolmurdu, həmin o adsız qüssə-kədər çəkilib getmirdi, aman allah!Neçə gündü burda idi, öz ürəyinə də baxırdı, Elməddinin, Siminin ürəyinə də. Öz ürəyini görə-görə baş çıxara bilmirdi — Siminin, Elməddinin sözlərini eşidirdi, hərəkətlərini görürdü, gözlərini görürdü. Elməddin, şübhə yox idi ki, bu günlərdə çox tutulmuşdu, kədərli idi — gah üz-gözündən sevinc yağırdı, gah da fikir dəryasına qərq olurdu. Yaz havasına bənzəyirdi. Dolurdu, boşalırdı. Demək olar ki, bir gözü ağlayırdı, bir gözü gülürdü Elməddinin. Deyirdi. Danışırdı, qonaqlıqda şer söyləyirdi, ancaq Əfsanə bütün bu hərəkətlərin, sözlərin, hətta səsinin, gülüşünün arxasında ən həssas adamların duya biləcəyi bir nisgil, bir qüssə oxuyurdu. Özü də Əfsanə anlayırdı ki, bu sınıqlıq, bu qırıqlıq Elməddində o, onu «vəfasız» adlandırandan sonra əmələ gəlib. «Gərək belə deməyəydim— dilim quruyaydı, lal olaydım, gərək belə deməyəydim» — deyərək peşmançılıq hissi keçirirdisə də, əli heç yana çatmır, yanıb yaxıla-yaxıla qalırdı.
Dördüncü hissə, birinci fəsilReyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə
Dördüncü hissə, ikinci fəsilGecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:
Dördüncü hissə, üçüncü fəsilPuhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»
Dördüncü hissə, on dördüncü fəsil«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.
Dördüncü hissə, beşinci fəsilƏfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.
Dördüncü hissə, səkkizinci fəsilHava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Dördüncü hissə, doqquzuncu fəsilƏfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
Dördüncü hissə, on üçüncü fəsilVaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.