Cəlil Məmmədquluzadə · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.
Həmidə! (28 dekabr 1928)Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Yoldaş Əliyev (2 fevral 1929)Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Həmidə! (19 aprel 1929)İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.
Həmidə! (8 iyun 1929)İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.
Münəvvər! (14 iyul 1929)Bakı*Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan.
Teymur! (25 avqust 1929, Kislovodsk)Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq.Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.
Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929)Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Əli Həsən! (26 noyabr 1929)Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Həmidə! (1 aprel 1930)Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Mənim əziz oğlum Midhət! (12 iyul 1930)Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.
Əziz oğlum Midhət! (27 iyul 1930)Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.
Həmidə! (10 noyabr 1930)Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil
Həmidə! (23 mart 1931)Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.
Həmidə! (Şuşa, 7 iyul 1931)Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.
Həmidə! (Bakı, 17 sentyabr)Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.
Əzizim Midhət! (4 iyul)Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).