Джалил Мамедкулизаде: Ироничные
Ərz olsun ki, müsəlman mətbuatı, şükür Allaha, ilbəil tərəqqi tapmaqdadır və axır vaxtlarda bizim də içimizdə bəzi qələm sahibləri tapılır ki, qeyri millətlərin yazıçılarından geri qalmırlar. Bunlar hamısı çox gözəl, amma bir eybi buradadır ki, bir para yerlərdə yazıçılarımızın və müxbirlərimizin bəzisi şərab içmək və keflənmək dərdinə giriftardırlar, o dərəcədə ki, iki-üç butulka çaxır və bir butulka araq içməyincə ələ qələm götürmək istəmirlər və götürəndə də iki kəlmə sözü bir-birinə yapışdıra bilmirlər.Söz yox, heyifsilənməli və bəlkə dərd etməli bir həqiqətdir; amma necə ki, xudavəndi-aləm hər dərdi yaradanda bir dərman yaradıb, keflənməyin də müalicəsi var və Molla Nəsrəddin arzu edir ki, məst olmağı adət edən müxbirlərimiz və xüsusən rus qəzetlərinə rusca məqalə yazan cavanlarımız nəsihətimizi qəbul edib, şərabxanalara yol döyməkdən geri çəkilə idilər və öz şərəflərini itirməyə idilər.
MəscidBelə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.
Alım-satımMən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.
İslamMənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin?Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin.
Təzə ilBir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.
Pək eyiMənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.
ÇiçəkBir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.
Tök!– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.
İmtahanAxır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər.Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər.
MüsəlmançılıqHər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.
ArtistlərDünən vağzalda bir cavan oğlan, əlində çamadan sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin.Maşın fışqırıqladı, çıxdı getdi.
ƏlifbaLazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?
Övrət məsələsiBu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. Biz də lazım görürük bu məqalələrin məzmunundan oxucularımızı xəbərdar edib, öz fikrimizi və rəyimizi müxtəsərcə söyləyək.Bakıda çıxan gündəlik “İbadət” qəzetinin 215-ci nömrəsində belə yazılıb: “Bəli, Balkan müharibəsini gördük, orda icra olunan müharibə vəsilələrini müşahidə qıldıq və axırda yadımızda qalan və gələcək tarixə yazılmalı olan mənzərə həmindir ki, tərəfeynin birinin əskərləri miyanında bolqar xanımları topçuluq vəzifəsi icra edəndə, yaralıları bağlayanda, teleqraf, mühəndis və qeyri bir xidmətlərdə bulunanda, osmanlı tərəfində tək bircə qadın gözə sataşmırdı və sataşa da bilməzdi və bununla belə biz mürurla avropalılara basılmağımıza və yavaşyavaş yox olmağınıza təəccüb edirik. Xeyr, xeyr təəccüb etməməli! Zira ki, xanımı ilə meydana çıxan bir igid, əlbəttə, tək meydana çıxan igidi basacaq”.
ManifestQayda belədir: həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. Kiminin qohumu və qardaşı dustaqdır, – gərək azad oluna, kiminin nidamkası var, – bağışlanacaq, kiminin sudda işi var, – bilmir nə tövr qurtaracaq.Amma çox heyif olsun ki, Bakıda çıxan müsəlman qəzetlərimiz bu barədə bir şey yazmırlar. Bu səbəblərə görə biz lazım görürük oxucularımıza bir qədər məlumat verək.
DərdDərdi mara nist dərman, əlqiyas!Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı.
BaşElm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən.Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq.
Kişi gəlirMən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
PyatiqorskHələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz?
Dili tutulubGöyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:
ŞükürBir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.
Ruhanilər yığıncağıİndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.
İdarədənMöhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?
QeyrətMöhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).
ŞorBir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.