Джалил Мамедкулизаде: Ироничные
Ölülər elə bilir ki, dirilər halva yeyir. Nemət Bəsir cənabları (həyə, bu necə addı?!) elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. İrəvanlılar Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada münəzzəm gecə kursları var. Həştərxanlıların məktəbi bağlananda indi yəqin deyirlər ki, “Ax kaş biz tiflisli olaydıq ki, uşaqlarımız müfti və şeyxülislam şkolalarında elm (eyib olmasın) təhsil eləyəydilər”.Şamaxılılar indi öz yanlarında, söz yox, həmşəhərliləri olan Hacı Seyid Məhəmməd Ağadan çox-çox narazıdırlar ki, onları atıb, gedib əyləşib Aşqabadda və çıraq öz dibinə işıq salmayan kimi, bu nainsaf, hər nə ki, əlindən gəlir, aşqabadlılara eləyir (və müzayiqə də ki, yoxdur: hava qaranlıq, su da lil! Hər nə bilirsən elə. Keçəl-küçələ Allah bərəkət versin!).
NəcasətAxtılı Hacı Əbdürrəhman əfəndi “Əsasüddin vəl iman” adında bir kitab yazıb, “Səda”nın da “Bir nəfər”i bu kitabı açıb görsün ki, bu fazil iqtisad və siyasət məsələlərini necə şərh etmiş. Və kitabı açan kimi “Bir nəfərin” gözünə “babül-hədis və fəslün fi adabül-xəla və babülğüsl və babül-heyz” sözləri sataşıb.Biçarə utandığından kitabı büküb qoyub kənara.
QatmaqarışıqBilmirəm söhbəti hardan başlayım. Deyirlər ki, Gədəbəy mədənində Şeyx Cəlil adında bir mərsiyəxan dünyada bir biclik qalmayıb ki, biçarə həmşəhərlilərinin başına gətirməmiş olsun. Bilmirəm nədənsə yaxşı mollalar yadıma düşəndə həmişə İrəvan qazisi Molla Məmmədbağır ağa yadıma düşür. Bir gün var idi, bir gün yox idi, bəli, məscid mövqufatını vəqf edənlərin varisləri ilə dilbir olmaq və rüşvət alıb, vəsiyyətnamələri gizlədib müddətini fövtə vermək ki, dəxi işə keçməsinlər. Xülasə, məscidə girib oğurluq eləmək. Nə eybi var, bunlar ötüşər. Ancaq bu dinsiz Molla Nəsrəddin hələ bilmirəm niyə bizim qazimizə sataşır?Məzə orasındadır ki, qazi cənabları bu işləri görəndən sonra yenə təşəxxüs ilə müsəlman camaatının içindən keçib gedəndə halına bircə zərrə də təğyir vermir. Çünki bilir ki, İrəvanda hər nə eləsən, keçib gedər. Amma gündə bir gəlib dostlarından soruşur ki, “görəsən, məni “padsud” verməzlər ki?”.
BaisBais, evin yıxılsın.Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.
Şeyx MəhəmmədLənətullah əla qövməzzaliminGecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.
MənfəətMolla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).
İrsİrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”.İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”.
NovruzAx, gözəl bayram, ax gözəl novruz! Ax, min-min balaca uşaqların qəlblərini şad edən novruz!Vəqti bəharəst xiz, ta betamaşa rəvim.
Keçi“Xah, beca, xah bica, xah imruz, xah fərda hər nöqteyi-Asiya ki, əmniyyəti-mali və cani nist, məhali-əql əst ki, beydəqi-Frəngistan bər on nöqtə nəsb nəşəvəd”.Mirzə Məlküm xan – “Üsuli-təməddün”.
Əmali-mahi-rəməzan1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Paklar“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Nadirül-vücudBu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar.İnna lillahi və inna ileyhi raciun.
Kimlərdir?Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”.Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan?
Rəşt yanğınının planıAğayi-şəriətmədar və ağayi-molla seyid Məhəmməd Rəşti yandırmaq üçün belə bir gözəl plan çəkmişdilər ki, şəhərə dörd tərəfdən od vurulsun və qəsdi əmələ gətirmək üçün xainlər üç dəstə olmuşdular. Əvvəlinci dəstədə iş görənlər bunlar idi: Sərdar Əmcəd, şəriətmədar və molla seyid Məhəmməd; ikinci dəstədə iş görənlər: sabiqdə Rəşt mücahidi seyid Abbas, faytonçu Muxtar, maştağalı faytonçu Məşədi Baqi və Cəfər; üçüncü dəstə: İranın bakir adamlarından iki yüz veyl və bambılı.Nə tövr olursa haman gecə nəzmiyyə hakimi Siddiqül-Hərəm irticaiyyunların bu tədbirindən xəbərdar olur və bir neçəsini həbs edir; molla seyid Məhəmmədi göndərir Tehrana, amma şəriətmədara bir söz deyə bilmir; çünki təzəlikdə rus rəiyyəti olubdur.
EtidaliyyunQorxma, osmanlıca yazmıram! Öz dilimizdə yazacağam. Yoxsa başdan “Etidaliyyun” sözünü görüb elə xəyal elərsən ki, biz də “osmanlılaşdıq”, yəni “ərəbləşdik”, yəni mötəbər qələm sahiblərinin cərgəsinə soxulduq. Maşallah, qəzetlərimizi görəndə adamın “tamahı” düşür: lap elə bil ki, təzə Osmanlıda çıxan “Hikmət” qəzetidir ki, mərhum Məlkümxan deyən kimi, maşallah adını da oxumaq olmur ki, biləsən bari nə qəzetidir.Bəli, yenə Osmanlı padşahının tərifi başlanır. Nə olar, qoy başlansın. Amma dəxi demə ki, “dünyanın yox yerdən vücuda gəlməyinə bais sultanımızdır”.
Hacı İbrahimov“Rusiyada Əbdürrəşid İbrahimov həzrətlərini tanımayan kimsə yoxdur”. Bu adamın barəsində Əhməd bəy Ağayev belə deyir. Və belə deyəndən sonra başlayır hacının hünərlərini və xidmətlərini birbir saymağa. Məsələn, İstambulda “Əsrari-Qasimi” elmlərini oxuyub qurtarandan sonra gəldi Peterburqa və başladı “Ülfət” qəzetini çıxartmağa. Axırda baş götürüb getdi Yaponiyaya və orada 35 nəfər məbus və mühərrirlərdən və vəzirlərdən islam dininə çöndərdi. Elə az qalmışdı ki, Yaponiya imperatoru da islamı qəbul edə ki, dəxi İbrahimov istixarə eləyib, artıq qala bilmədi və oradan düz Məkkəyə tərəf yola düşdü və “Tərcüman” qəzetini elə indiyədək təəccübdə qoydu ki, aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışırdı; çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər.Bunların heç birini mən hesaba qoymuram. Allah şahiddir ki, Əbdürrəşid İbrahimovu Rusiyada tanımayan yoxdur. Amma söz burasındadır ki, əgər sən elə belə deyib dursan, mən də deyərəm ki, İranda şeyx Fəzllulahı da tanımayan yoxdur. Ya gərək sözünü geri götürəsən, ya da gərək mətləbi açasan; yoxsa İstambulda təhsil tapmaq, sonra “Ülfət” qəzetini çıxartmaq və sonra da “Bəyanül-həqq” qəzetinə müxbirlik eləmək artıq bir iş deyil.
ŞeyxülislamMərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”.Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”.
Helmi PaşaXəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə.Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu?
İt baxandanTiflisdə bizim məhəllədə bir bağ var, adı Botaniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər.Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izin vermirlər.
Bahalıqİstambulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər nöqtəsində bahalıq üz verdi. Nəcəfdən yazırlar ki, cücənin biri bir manatdır.Bu bir aşkar mətləbdir ki, İstambul inqilabına Nəcəf şiələri qarışmaya bilməzdilər: anadan doğma hüriyyətsevən nəcəflilər məşrutə səsi eşidəndən Məcnun kimi divanə olub, əkin-tikinlərini, ev-eşiklərini boşlayıb, düşüblər çöllərə azadlıq axtarmağa.
Tacül-hacBəli, buna iyirminci əsr deyərlər ki, Vatikan kimi dağı da tərpətdi. Hünər bircə simsiz teleqraf icad eləmək deyil: hünər bircə havaya qalxmaqda deyil; hünər bu idi ki, katoliklərin bütü mənzələsində olan və İsanın vəkili hesab olunan Rim papaslarının nüfuzunu azaltmaq, katolik ruhanilərin istibdadını pozmaq və biçarə əhalinin boynundan keşişlərin zəncirini qopardıb, inkvizis günlərini min-min nifrətlərlə yad etmək və min-min lənətlərlə rəhmət oxumaq.Belə də oldu.
Qanlı faciəYox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.Xeyr, qanlı faciə bu deyil.
Təzə xəbərQardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.
MollaBir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.