Содержание
  1. Iı. beynəlmiləl əlaqə
  2. Iıı. elçilər göndərməlidir
  3. Iv. istanbul səfarəti
  4. V.əfkari – ümumiyyə
  5. Vı. ingiltərə ilə dostluq
  6. Vıı. iran və biz
  7. Vııı. ermənistan və biz
  8. Ix. gürcüstan və biz
  9. X. denikin qorxusu
  10. Xı. bolşevik qorxusu

Страница 3 из 6 · 33%

Iv. istanbul səfarəti

Beynəlmiləl hüquq tarixi göstərir ki, bir məmləkət yaşamaq üçün özunü yaşatmalıdır və dışqarıdan təsdiq gözləməməlidir.

Böyləliklə, Bolqariya meydana çıxdı. Türkiyənin muxtariyyətli bir hissəsi olan bu ölkə hər yerə səfirlər və vəkillər göndərə-göndərə özünü aləmə tanıtdırdı. Biz də bu yolu tutmalıyıq.

Paris müzakirəsində davam etsin. Biz də məmləkətimizin möhkəmliyinə çalışaq. Daxili nizam və islah ilə bərabər xarici işləri də yoluna qoymalıyıq. Bu gün bizim elçilərimiz Rusiyadan ayrılan dövlətlərdən başqa qeyri yerlərdə yoxdur. Halbuki, bizim istiqlal məsələsi Qərbdə muzakirə olunacaq və Qərbdə də elçilər bulundurmalıdı. Elçi təyin olunacaq paytaxtlardan bu gün əhəmiyyəti ilə birinciliyi qazanan İstanbuldur.

İstanbul bu gün müttəfiqlər qüvvələrinin toplandığı bir nöqtədir.
Burada bütün yer üzünün mətbuat nümayəndələri mövcuddur. Burada bizdən başqa yeni təşəkkül etmiş dövlətlərin və müttəfiq məmləkətlərin siyasi muməssilləri də var...

Deməli, aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü... hamısı burada. Bu səbəbdəndir ki, müstəqil yaşamaq istəyən polyaklar, ukraynalılar, gürcülər və başqaları İstanbulda elçilər bulundururlar; bunun üçün də rumlar (yunanlar), ermənilər və qeyriləri burada firəng dilində qəzetlər çıxardıb, öz milli dərdlərini ümumə bildirirlər. İstanbulda yapılan gurultular Parisə çatıb, təsirsiz olmur.

Sabiq Rusiyada yaşayan millətlər istiqlal imtahanının bir hissəsini burada Avropa qarşısında verməlidirlər.

Biz hamıdan çox bağırmalıyız, özümüzü tanıtmalı, fikrimizi tərvic etməliyiz, bu yoldakı müvəffəqiyyətimiz bizə müvəffəqiyyətlər qazandırar.

İstanbulun başqa cəhətlərdən də bizə əhəmiyyəti böyükdür, bu gün İstanbul Bakı mədənləri məhsulları üçün yeganə bir xarici bazardır. Bundan əvvəl Bakı nefti şimala gedərdi. Şimal indi bağlı olduğu üçün nefti bir ayrı nöqtəyə daşımalıdır. İstanbuldan başqa əlverişli bir yer yoxdur. Lakin İstanbul bazarını qazanmaq üçün orada ticarət vəkilləri bulundurmalıdır ki, bazarın ovzaini tez-tez Bakıya xəbər versin. Azərbaycan tüccarı birinci dəfə Istanbula neft gətirdilər, zərər gördülər. Səbəb budur ki, məhəlli rumlar toplanıb, sindikat yapdılar və Bakı neftinin qiymətini saldılar.

Halbuki, İstanbulda səfarətimiz, konsulumuz olsa, məhəlli Azərbaycan tüccarlarından təşkilat yapıb, rum sindikatının qabağına çıxa bilərdi. Sonra ticarətimizi qüvvətləndirmək üçün İstanbulda iskladlar icarə edib, tüccarlarımıza müftə verər ki, Amerika nefti ilə rəqabət edə bilsinlər. Bizim üçün neftimizin İstanbul bazarında asanlıqla müştəri tapması birinci dövləti məsələdir. Bu məsələnin qolaylıq ilə həlli gələcəkdəki İstanbul elçimizdən asılı olacaqdır.

Maarif işlərimiz bir nöqtədə duran kimi görünür. Səbəb budur ki, müəllimlər azlığı hiss olunur. Sonra, kitab yoxluğu da görünür. Maarifi yoluna qoymaq üçün İstanbul elçimiz müəllim və müəllimələr hazırlamalıdır. Kitablar çap etdirməlidir. İstanbula göndərilən bir çox tələbələrimiz geri qayıtdılar. Səbəb bu oldu ki, orada heç bir yerdən gömək görmədilər. Istanbulda leyli (pansion) açmalıdır ki, Azərbaycandan gələn tələbələrimiz istirahət ilə yaşayıb, təhsil edə bilsinlər.
Bunlar hamısı böyük dövləti məsələlərdir, hökumətimiz pullar təxsis etməlidir ki, bu işlərin hamısına əncam verilsin.

Bir millət olaraq müstəqil bir məmləkətə malik olmaq istədikdə bizə yazılı tariximiz su kimi zəruridir. Istanbul kitabxanalarında bir neçə adamlar bulundurmaqla bizə dair böyük məlumatlar toplamaq olar...

İşlər çoxdur. Adamlar göndərməlidir, çalışmalıdır.

Bunlardan başqa, təbəələrimizin himayəsinə çalışmalıyıq. Azərbaycanın siyasi müməssili olaraq və bolşevik qəzasına uğrayaraq İstanbulda çox pulsuzluq müşkülatı çəkdim. Halbuki, səfarət möhürü ilə sənədlər verib pul almaq imkanı var idi. Bu imkanla yenə çətinliyə düşdüm. Əziyyətlər çəkdim. Halbuki, təbəələrimiz xaricdə on qat zəhmətlər çəkirlər. Bolşeviklikdən zərərlər görmüş böyük tüccarlarımız belə İstanbulda qalıb, çox vaxt yol kirayəsinə möhtac olurlar. “Viza” müşkülatı daha da çox...

Bu məsələlərin hamısını həll etməli. Təbəələrimizin istirahətini lazımınca təmin etməliyik.

V.əfkari – ümumiyyə

Dünyada ən böyük qüvvələrdən birisi əfkari-ümumiyyədir. Topdan tüfəngdən və zirehlilərdən də bu qüvvə böyükdür. Odur ki, hər kəs istər ki, bu qüvvəni əldə saxlasın. İstər məhkum, istər hakim. Hökumətlər rəsmi qəzetlər nəşr etməyi ilə və ajans teleqraflarla əfkariümumiyyəni özlərinə çəkmək istəyər. Məhkum millətlər bu yolda daha da çox çalışırlar. Əfkari-ümumiyyəni qazanmaq üçün məhkumların hərəkəti bəzi vaxt qəribə hallar alır.

Avropa şəhərlərindən birində bir erməninin bir çocuğa güllə atdığını qəzetədə oxumuşdum. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: “Bu cinayət ilə erməni çocuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlıda qırırlar”.

İştə əfkari-ümumiyyə cəlbi üçün qəribə hərəkət. Lakin bu adətdən kənar bir işdir. Amma bununla da istifadə edirlər.

Neçə sənə əvvəl içəri Rusiyada dəmir yol ilə gedərkən başqa bir hərəkətə rast gəldim. Bir bolqar çocuğu istasiyonun birində vaqona minib, bütün miniklərə kağızlar yaydı. Məzmunu təqribən bu idi:

“Vəhşi türklər dilimi kəsdiyi üçün danışa bilmirəm. Təvəqqe edirəm, mənə kömək edəsiniz”. Bu işin doğru olub-olmadığını kimsə təhqiq etmirdi. Lakin xalqın rəğbətini bolqar məsələsi qazanırdı və türklərə də nifrət qalırdı.

Əfkari-ümumiyyəni cəlb etmək üçün yuxarıda göstərilən ifrat vasitələrdən başqa, bir də adi yollar var. Bu da mətbuat və nümayişlərdir. Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmaq bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də qəzetələr və məcmuələrdir. Qonşularımızdan bağırmağı ilə məşhur ermənidir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Rusiyada bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa, özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində “Armyanski vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic etməklə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi. Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda fransızca qəzetələri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər.

Bir çox məhkum millətlərlə yavuqdan tanış oldum. Çalışmalarını gördüm. Onlarda da eyni hal – əfkari-ümumiyyəni cəlb etməyə böyük əhəmiyyət verirlər. Öz tarixlərini, ədəbiyyatlarını, başqa mədəni məhsullarını Avropanın gözünə soxmağa çalışırlar. Bu gün Paris konfransının nəzərini cəlb etmək üçün hədsizhesabsız kitablar çap olunur, qəzetlər nəşr olunur; hər kəs dərdini, tələbini uca səslə bildirir. Eşitdiyimə görə, ermənilər bu il milli məsələlərinə dair doqquz yüz əsər təb etdirmişlər.

Mətbuatdan başqa bir də bir nümayiş var. Muttəfiqlər İstanbula girdikdə rumlar ev və mağazalarını milli bayraqlarla bəzəmişlərmiş və çalışmışlarmış ki, İstanbulun zahiri görünüşünə yunan rəngi versinlər.

İştə nümayiş. Burada oxumaq lazım deyil. Hər kəs gözü ilə görər və bilər.

Məlumdur ki, yunanlar Istanbulu almaq iddiasında bulunurlar.

Buna haqları olmağını bildirmək üçün hər vasitəyə müraciət edirlər.

Birinci yol əfkari-ümumiyyədir ki, buna xoş gəlmək istəyirlər. Türklərin rəvayətinə görə, yunanlar Bəyoğlunda və Qalatada küçələri çox zibilli saxlayırlar; hər nə əllərinə gəlir, küçəyə tullayırlar. Səbəbi bu imiş ki, avropalılar türkün “idarəsizliyini” görsünlər. Baxınız, nümayiş nə şəkillər alır.

İstanbulda bir ayrı nümayişə dair söylədilər. Bir neçə erməni uşağı cırıq-cındır libasda şəhəri dolanmışlar. Məqsəd erməni qaçqınlarının halını bəyan etmək imiş...

Xülasə, minlərcə zikr olunan şəkillərə rast gəlmək olar.

Bizim müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün az çalışılır. Onun üçün də dərdlərimiz kimsəyə bəlli olmur və bizlə maraqlanan az olur. Son səyahətim zamanında bir çox Avropa siyasiyunu ilə görüşdükdə, təəssüf ki, əcib hallar gördüm. Bizim Azərbaycanın nerədə olduğunu çoxları bilmirmişlər. Siyasi adamlar məmləkətimizdən xəbərsiz olduqda, yəqin adi adamların heç də xəbəri yoxdur. Böylə olduqda biz ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq. Bu yolda birinci addımları səfirlərlə konsullarımız atmalıdırlar. Gürcü konsulxanalarında bir mətbuat şöbəsi var. Bunun vasitəsilə məhəlli qəzetələrə Gürçüstana dair məlumat verilir. Biz də eynini düzəltməliyik. Tariximizi, məmləkətdə sayımızı və iqtisadi qüvvəmizi aləmə bildirməliyik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 мин
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 мин
Qoca nənənin ölümü münasibətilə

İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.

6 мин
Qusar mülkədarları

Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:

4 мин

Стихи других поэтов