Xarici siyasətimiz
Содержание
Страница 4 из 6 · 50%
Vı. ingiltərə ilə dostluq
Avropa müharibəsi xırda millətlərin nə qədər qüvvətsiz və böyük hadisələr qarşısında qüdrətsiz olduğunu göstərdi. Bu millətləri siyasi tufanlar yuyar götürər. Bunun üçün xırda millətlər böyük bir dost qazanmalıdır.
Bu dost olursa və arada iki tərəf də bu dostluqdan fayda götürmək ehtimalı varsa, dostluq sabitliyini təmin edər. Balkan millətlərinin tarixi göstərir ki, ancaq rus qorxusu və millətlər rəqabəti sayəsində balkanlar müstəqil olaraq meydana çıxdılar. Rus iştəhası Balkanı udmaq istəyirdi. Bu iştəhaya meydan verməmək üçün istiqlala riza göstərildi. Rusla Qərbin rəqabəti sayəsində Balkan millətləri qazandılar.
Beynəlmiləl dostluq yalnız faydadan asılıdır. Bütün məsələlərin həllinə bu nöqteyi-nəzərdən baxılır. Gözümüzün önündə Polşa dövləti ehya olunur və bu məmləkət təşkilində Avropa, ələlxüsus, Firəngistan polyaklardan çox çalışır.
Neyçün, əcəba?
Məsələ aydındır. Polyakların istiqlaliyyəti alman üçün bir yumruqdur. Sabah yenə Almaniya müharibə ilə meydana çıxarsa, Polşanı arxasında görər. Və Firəngistana hücum məsələsi alman üçün bir az çətinləşər. Deməli, bütün beynəlmiləl əlaqə qarşı fayda üzərində möhkəmləşir. Adətən xırda millətlər qarşı faydadan çox qarşı təzaddan istifadə edirlər. Iki qüvvətli dövlət arasında “bufer” olaraq təşəkkül edirlər. Bu nöqtələrdən baxdıqda Azərbaycanın coğrafi vəziyyəti çox gözəldir. Bir tərəfdən böyük rus tufanı, o biri tərəfdən İngiltərə faydası. Rus tufanı iki yüz ildən bəri gözünü cənuba, Hindistan yollarına dikmədədir.
İki əsrdir ki, addım-addım Hindistana yavuqlaşır. Bu yolu kəsmək üçün, rus tufanını durdurmaq məqsədilə Azərbaycanla Gürcüstan istiqlaliyyətini tanımaq icab edəcək. Bu dövlətlərin təşəkkülü doğrudan-doğruya Ingiltərə faydası ilə mərbutdur. Bizim üçün də əlverişlidir.
Çünki Rusiyadan ayrılıb hürr yaşamaq gürcülər və bizlər üçün tarixi bir məqsəd, həm də müqəddəs bir məqsəd idi. Gec-tez rus axını, rus mühacirliyi tapdağı olub məhv olmağımızı bilirdik. İngiltərə isə bizi öz faydası üçün tutmaq məcburiyyətində olacaqdır, bu məmləkətdən bizə zərər gəlməz. Bunun mühacir kimi ölkəni hərc-mərc edən məsələsi yoxdur. Ingilislər bizdən faydalanmaq istədiyi kimi biz də onlardan faydalanacağıq. Onlarla aramızda şübhə doğuran bir məsələ də yoxdur ki, ortalıqda soyuqluğa səbəb olsun. Biz xırda bir millətik, yaşamaq istərik. Aləmşümul məsələlərlə uğraşmayacağıq.
Qüvvətimizə görə iş görəcəyik. Yəni vətənimizin tərəqqisi yolunda çalışacağıq. Ittihadi-islam və ya türk ittihadı kimi xülyapərvər fikirlər gözümüzün önündə qoca bir Osmanlı dövlətini yıxdı. Bunun səbəbini xalqın geniş sinfi belə duyub anladı, ziyalılarımız isə bunu çoxdan etiraf edib durmadadırlar. Bizim bütün məqsəd və amalımız Azərbaycanımızdır. Bu yolda kim bizi tutarsa, biz də ona rəğbət və meyl göstərərik.
Bu gün ingilislər Qafqazdan çəkilib, yerinə italyanlar da gəlsə, yenə İngiltərə dostluğundan çəkinməməliyik. Bu millət dünya siyasətində həmişə böyük rollar oynayıb və oynayacaqdır. Millətlər hüququna riayət etmədə onların istirahətini təmin etmədə, millətləri tərəqqi yolu ilə gətirmədə Avrovada birincilik qazanıbdır.
Əminəm ki, ingilis dostluğu bizi asudə yola çıxaracaqdır. Çünki iki millətin də faydası bunu istəyir.
Vıı. iran və biz
Böyük rus tufanından həmişə zərər görənlərdən biri də İran idi. Bu məmləkət çoxdan bəri dövləti islahatla uğraşmaq meylində idisə də, rus intriqaları, heyfa ki, bu fikirləri yıxıb əzirdi. İranın bir daxili işləri yox idi ki, ona rus qarışmasın.
Daima ölkənin heysiyyətı ayaqlar altında taptalanmada idi. Təbrizdə mücahidlərin asılması, Məşhəddə Imam Rza qəbri-şərifinin təhqir olunması hamının yadındadır, Biçarə Iran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın. Rus yıxıldı. Rusla İranın arasında, Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı.
Bundan sonra bu iki qonşu və islam dövlətləri arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı bir sipər qazanar. Iran istiqlaliyyəti bizə də böyük faydalar verəcəkdir. Bu istiqlaliyyət sayəsində dindaş qonşumuz islahat və idarə inkişafı ilə məşğul olaraq ölkədə rahatlıq və asayiş doğura bilər. Nə qədər Iranda daxili rahatlıq olarsa, bir o qədər biz də rahat yaşarıq. Sərhəd boyundakı təbəələrimizin sülhpərvər həyatı təsadüfi hadisələr ilə pozulmaz. Rus rəqabəti Iranı iqtisadi cəhətlərdən əzirdi. Biz istərdik ki, Iranın iqtisadi qüvvələri artsın. Çünki məmləkətin məhsulları Azərbaycan yolu ilə başqa məmləkətlərə nəql olunacaqdır. Biz də bundan fayda götürəcəyik. Iqtisadca tərəqqi etmiş Iranın alıcıları artar və biz də oraya artıq mal yeritməyə müvəffəq olarıq. Müstəqil yaşayan Iranın, əminik ki, yolları çoxlaşacaq, nəqliyyə vasitələri gözəlləşəcək, insanların asayişi təmin olunacaq. Və bunların sayəsində bizimlə Iran arasında alış-veriş yüngüllüklə yola gedəcək. Bundan da hər iki tərəf fayda görəcəkdir.
Hankı nöqteyi-nəzərdən baxsan, Iranın müstəqil və məsud yaşaması bizə əlverişlidir.
Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu.
Halbuki, Təbriz əyalətinin, yəni Iran Azərbaycanının Iranın olubolmaması barədə ortalıqda heç bir məsələ yoxdur. Iranın hüququna təcavüz etmək fikrində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-xarici-siyasetimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Qoca nənənin ölümü münasibətiləİbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.
Qusar mülkədarlarıXudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi: