Содержание
  1. I
  2. II
  3. I
  4. II
  5. I
  6. II

Страница 3 из 6 · 33%

I

Qara gözlü, anamın dilində danışan şirindilli bir oğlan milis idarəsinə girib stol arxasında oturmuş qaraqaş-qaragöz bir kişiyə müraciət etdi:

– Məni Bakının flan küçəsindəki flan nömrəli evə yazın. Yaşamaq üçün.

Kişi barmaqları ilə stolu taqqıldadıb:

– İcazə yoxdur, heç cür yaza bilmərəm. Lap Allah da gəlsə!..

– dedi – yaza bilmərəm.

Oğlan ah çəkib küçəyə çıxdı: «Mən dərdimi kimə deyim?».

II

Göy gözlü, yad dilli, sarı saçlı, burnunun ucu göyə baxan bir adam milis idarəsinə girib həmin qaraqaş, qara göz kişiyə müraciət etdi:

– Məni Bakının flan küçəsindəki flan nömrəli evə yaz. Yaşamaq üçün. O yandan gəlmişəm.

Kişi ədəb-ərkanla ayağa qalxdı, baş endirib təzim etdi:

– Çox xoş gəlmisən, əzizim. Bizim borcumuz sizə xidmət etməkdir. Yazarıq, yazarıq.

Gələn adam gülə-gülə küçəyə çıxdı:

– «Nə qonaqpərvər adamdılar!»

14.01.1959

Zəli

Bu gün bir zəli gördüm. O, kişinin bədəninə yapışıb acgözlüklə onun qanını sorurdu. Sorduqca da şişib tuluğa dönürdü. Kişinin isə rəngi saralır, solurdu.

Bizim də qanımızı eləcə sorurlar, o zəli kimi… bizim də rəngimiz saralır, o kişi kimi…

… Bir az sonra həmin zəli yerə düşüb qusdu və öldü.

O günü biz də gözləyirik…

15.01.1959

Məni siyahıya alma!

– Adın nədir?

– Həsən.

– Millətin?

– Millətimi öldürdülər!

– Vətənin?

– Vətənimi də əlimdən aldılar!

– Bəs elə quru adın qalıb?

– Bəli, mənim də, millətimin də, vətənimin də quru adı qalıb. Ancaq quru adı qalıb.

Alma məni siyahiyə, qardaş, alma!

16.01.1959

Ocaq və mən

Ocaq yanır. Acı, boğuq, tutqun tüstü burula-burula buxarıdan çıxıb çölə yayılır. Hamı görür ki, ocaq yanır. Tüstü də çıxır.

Lakin… mən! Tüstüsüz yanıram. Tüstüm heç yerə çıxmır… Məni yandıran budur ki, heç kəsin xəbəri yoxdur ki, mən yanıram. Yan, ocaq! Sənə qibtə edirəm…

17.01.1959

Gələcək

Otaq qaranlıq idi. Cansıxıcı idi. Adam darıxırdı. Qaranlıqda siçanlar, birələr, taxtabitilər o yan bu yana qaçır, insanlar bir-birini görmədən düşünürdülər.

Birdən işıq yandı. Siçanlar, birələr, taxtabitilər qaçıb gizləndilər.

İnsanların çatılmış qaşları açıldı:

İnsanlar bir-birini görüb sevindilər.

İnsanlar güldülər.

… O gün gələcək.

18.01.1959

Susun

– Yer üzündə artıq insan çoxdur. Gərək müharibə olsun, insanların xeyli hissəsi qırılsın.

– Yaxşı, elə isə onda sizdən başlayaq, ağalar!

Onda susursunuz?! Susun, ağalar, susun!

19.01.1959

Deputat…

Onun döşündə bayraq şəkilli «deputat nişanı» var. O, xalqın elçisidir. Onu biz seçmişik.

Bir gün bir kişinin küçədə onunla dalaşdığını gördüm. O dedi, kişi dedi. Camaat da oraya yığışdı. Hamı kişini müdafiə edirdi. Deputat ona və camaata baxır və acıqlı sözlər deyirdi.

Camaat onun üzünə baxıb deyirdi:

-Günah bizdədir, sənin kimi adamları deputat seçmişik.

Deputat qah-qah çəkib güldü və dedi:

– Eh. Məni siz seçməyibsiniz. Heç sizin xəbəriniz də yoxdur ki, məni kim seçib.

… Qeybdən bir səs gəldi.

– Bəli, düz deyirsən, cənab deputat, düz deyirsən!

20.01.1959

İki ağa

Sən mənim ağamsan, səni mənim ağam eləyiblər.

Kim eləyib? Sən özün. Mənim özümünkülər.

Mən ağzımın çörəyini də gətirib sənə verirəm, evimin işığını da, əynimin paltarını da…

Vermirəm. Alırsan.

Sonra… pulum olsa onlardan bir az mənə satırsan, olmasa yox.

Qəribə alverdir. Niqolay vaxtı hacı Rəsul da dədəmlə belə alver eləyirdi. Nə olsun ki, sən namaz qılmırsan, xaç çəkirsən!

Bunun eybi yox, «ağa!»

Hacı Rəsul da, sən də bir adamsan. Özünü çox tərifləmə!

21.01.1959

Böyüyürlər

O, şəhər evlər idarəsinin müdiri idi. Oğurluq da eləyirdi, rüşvət də alırdı, adam da döyürdü, yalan da danışırdı. Kimin əli cibində idi, o, ona yaxşı qulaq asırdı. O, bir sözlə, yaxşı alver eləməyi bacarırdı.

Bu gün onun vəzifəsini böyütdülər. Alış-veriş naziri qoydular. Təəccüb eləmə, o ki, alver eləməyin bütün yollarını öyrənmişdi.

… Bəli, oğrular, əyrilər indi belə böyüyürlər.

02.01.1959

Qara saçlar, ağ üz

Mən cavanam, cəmi iyirmi üç yaşım var. Mənim saçlarım şəvə kimi qara idi. Üzüm də ağ idi.

Lakin bu gün güzgüyə baxdım. Bu qara dövran mənim qara saçlarımı ağartmış, ağ üzümü kömür kimi qara eləmişdir.

Hərənin həyatda nəsibi bir şey olur. Mənimki də budur: cavan ikən ağ saçlar və gözəl ikən kömür kimi qara üz!

Aman, ya rəbbi! Mən qocalmışam!

23.01.1959

Güllü yorğan

Ey mənim cırıq yorğanım. Sənin üzünə baxa bilmirəm, səndən də xəcalət çəkirəm Sənə üz ala bilmirəm, yorğanım.

Ah, güllü üzə həsrət qalan yorğanım, ah, güllü yorğana həsrət qalan canım…

24.01.1959

Əbədiyyət yolunda

Dahi bir sənətkarın anası oğlunun tunc heykəlinin yanına gəldi. Oğlu döşünü irəli verib gələcəyə baxırdı. Ana titrək əllərini heykələ toxundurub tunc soyuqluğunu hiss edəndə ah çəkdi və dedi: -Bala, mən səni belə soyuq doğmamışdım.

Mən səni tunc deyil, insan doğmuşdum.

Ana oğlunun səsini eşidər kimi oldu:

-Sən məni insan doğdun, insan kimi yaşadım. Mən sənin doğduğun şəkildə ancaq bir ömrün yolunu gedə bildim.

Əbədiyyətin yollarını getmək üçün isə bax belə möhkəm tunc olmaq lazımdı.

24.01.1959

Yediyimiz

Biz əsgərik. Əynimizdə əsgər paltarı, çiynimizdə tüfəng vətənin keşiyini çəkirik.

Səhər, günorta, axşam bizə yemək verirlər. Qabağımızdan qalır… Bu artığı yerlilər yığıb aparırlar.

Soruşdum:

– Qardaş, bunu neynəyirsiniz?

Dedi:

– Eşşəyimizə verirəm.

25.01.1959

Bizim yazıçılar

O, yazıçı idi. Oturub əsərlər yazırdı: «Biz xoşbəxtik, biz gözəl bir dövrdə yaşayırıq. Bizim hər şeyimiz var».

Arvadı gəldi:

– Kişi, bəs işə getmirsən? – O qələmi yerə qoyub dedi:

– Guya bilmirsən paltoum yoxdur! Lüt getməyəcəyəm ki?

26.01.1959

Əl qaldıracağam…

– Səni təbrik edirəm, qurultaya nümayəndə seçilmisən!

– Çox sağ ol.

– Yaxşı, soruşmaq ayıb olmasın, gedib orada neynəyəcəksən?

– Neynəyəcəm? Hamı neynəyir, mən də elə. Nə desələr əl qaldıracam də?!

27.01.1959

Həsrət və qorxu

Onun gül yarpağı kimi nazik, qırmızı dodaqları vardı. Oğlan bu dodaqları öpmək, bircə dəfə öpmək arzusu ilə yaşayırdı.

İllər beləcə gəlib keçdi. Bu xoşbəxtlik ona nəsib olmadı. Oğlan həsrətlə yaşadı.

Lakin bir gün o dodaqları ona öpmək nəsib oldu, tək bircə dəfə öpmək… İndi o dodaqların sahibi vardı. O bilsə…

Oğlan qorxu ilə yaşadı.

… Biz ömrümüz boyu xoşbəxtliyin həsrətilə, bədbəxtliyin, ölümün qorxusu ilə yaşayırıq.

28.01.1959

Tamahkar olma!

Sənin olmayan bir şeyə göz dikmə. Onun həsrətilə yaşa, yan, yaxıl, ancaq ona əl vurma.

Əgər əl vursan, onu özün üçün götürsən, sən oğrusan, quldursan. Oğrular, quldurlar həmişə cəzaya layiqdirlər.

29.01.1959

Tərbiyə

– Əgər o günah etmişsə, onu döymə, söymə, danlama. Əgər onu tərbiyə etmək istəyirsənsə bilirsənmi nə et?

– Yox?

– Onu bağışla. O özü xəcalət çəkib bir də belə işlər etməyəcək.

Tərbiyədə ən yaxşı yol budur.

30.01.1959

Ehtiras

Ehtiras ruhdur. Ehtirasın varsa insansan, yoxsa… Allah göstərməsin! Ancaq bir şeyi unutma: ehtiras insanı mənəviyyət aləminin «nəşə» adlı qızının yanına da qaldıra bilər, heyvanlığın çirkabına da ata bilər.

Amandır, özünü bu dünya gözəlindən qoru!

30.01.1959

Evimiz onda yıxıldı

Böyük ölkənin padşahı İmanı yanına çağırdı:

– Adın nədir?

– İman!

– Yox…Bu olmadı. Köhnə addır. Səni öz ölkənizə padşah qoyuram. Özünə yaxşı bir ad tap.

– İman – deyə o bir az düşündü, birdən sevincək – hə, hə, tapdım

– Nədir?

– İlan!

… Evimiz onda yıxıldı!

31.01.1959

Ayaqlar

Tələbə dostum S.Arifə

O ayaqlara vurulmuşdu. Bu gözəl gəlinin mütənasib ayaqlarına… Kapron corab içindəki ayaqlar, ipək kimi yumşaq, qara tüklü ayaqlar… O, bu ayaqlara baxanda ürəyi titrəyirdi.

O gəlin kitab mağazasında işləyirdi. Oğlan onun ayaqlarının həsrətilə hər gün buraya gəlirdi. Lakin bu mənfur piştaxta ona maneçilik törədirdi.

O, gəlinə kitab rəfinin lap yuxarı cərgəsini göstərib deyirdi:

– O kitabı xahiş edirəm.

Gəlin qalxırdı, ayağının altına nərdivan qoyub yuxarı çıxırdı. Oğlan onun ayaqlarını aydın görürdü.

– O kitabı yox, o birini.

– Onu da yox, o göy cildlini.

Beləliklə, oğlan onun ayağına doyunca tamaşa edib gedirdi. O, A.S.Puşkinin bu sözlərini tez-tez təkrar edirdi:

Bütün Rusiyanı dolaşıb gəzsən, Bir cüt gözəl ayaq tapa bilməzsən…

Oğlan deyirdi:

– Bizdə isə belə gözəl ayaqlar çoxdur.

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on üçüncü fəsil

Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.

20 мин
Birinci hissə, on dördüncü fəsil

Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.

30 мин
Birinci hissə, on beşinci fəsil

Aprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.

11 мин
Birinci hissə, on altıncı fəsil

Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.

21 мин

Стихи других поэтов