Gündəliyimdən səhifələr
Страница 5 из 6 · 67%
I
Cavab
– Yox, - deyə qulağıma səs gəldi – torpağın qəlbi böyükdü. Kim gəldi, özünə görə, tək otaqlı bir evim var.
II
Düşüncə
– Neyniyim, ay qardaş. Gözüm qorxub də. Burda indi bəzi adamların özləri bir yana, qohum-əqrəbası bir yana, itlərinin də ayrı otağı var. Bəzisinin də mənim kimi, başını soxmağa heç küməsi də yoxdur.
– Vallah, gözüm qorxub, məşədi? Deyirsən orda da elədi, inanım də.
– Ta sən deyirsən də. Ayrı adam desəydi, inanmazdım. Genə də inanmıram. Şeytan işidi, bilmək olmaz!
15.02.1959
Ötən günlər
Bu 20 günü heç nə yazmadım. O günlərdən yadigar qala biləcək heç nə yoxdur.
Vay o adamın halına ki, yaşaya, ömrünün günlərini mənim kimi hədər verə. Vay o adamın halına. Vay, vay!
06.03.1959
Bəzi yazıçılara
-Bu əsəri özün yazmısan?
-Görmürsən? Xətt özümündü.
06.03.1959
Aləmdə
– Mənim bir şüarım var: aləmdə yemək.
– Pulum yoxdur.
– Onda aləmdə yatmaq.
– Yerim də yoxdur, qardaş!
07.03.1959
Durbin
– Sən qonaq getmişdin. Sənə hədiyyə olaraq bir yaxşı durbin verdilər. Sən bildinmi o nə demək idi?
– Yox.
– O demək idi ki, burnunun ucundan uzağı görmürsən.
Al, bu durbini, bir az da uzaqlara bax.
Böyük adamlar həmişə uzaqgörən olublar.
07.03.1959
Nə fərqi var ki?
– Belə-belə şeyləri yazma, səni tutarlar.
– Eh, qardaş, nə fərqi var ki?
08.03.1959
Yuxular
Səni yuxuda gördüm. Sevindim. Səninlə danışdım, sevindim. Sən mənim sözlərimə cavab verdin, sevindim. Sən mənə baxıb gülümsündün, sevindim. Sənin həsrətini çəkdiyim o qara gözlərindən öpdüm, yenə sevindim. Nə etdimsə, sevindim, nə gördümsə, sevindim.
Lakin ayıldım; hər şey yoxa çıxdı: sən də yox oldun, sevinclərim də yox oldu. Mən məyus olub fikrə getdim.
… Ah, yuxular, yuxular. Səadət yalnız sizdədir, sizdə!
08.03.1959
Kasıblıq
– İnsanı nə utandırar?
– Kasıblıq.
– İnsanı dost-düşmən yanında nə xəcalətli edər?
– Kasıblıq.
– İnsanı diriykən nə öldürər?
– Yenə kasıblıq.
– Kasıblıq, kasıblıq. Sənə nə deyim. Vallah, heç söz də tapmıram. Elə bu özü də bir kasıblıqdır.
08.03.1959
Cavabsız sual
– Eşitdim deputat seçiblər.
– Bəli.
– Nə alacaqsan?
– Min beş yüz.
– Nə verəcəksən əvəzində xalqa?
– …
Eh… Qəribi bu yerdə ağlamaq tutdu.
09.03.1959
Ağacavad kefimi soruşdu
– Necəsən, ay Əliş (Şair dostum, bir evdə kirayənişin yaşadığım Ağacavad Əlizadə məni belə çağırırdı).
– Eh… Mən beləyəm, Ağacavad.
Mən eləyəm Ağacavad.
Bax, bu geniş vətəndə
Bir köləyəm, Ağacavad.
10.03.1959
Kompas
– Səni əzizlədilər, sənə əl çaldılar. Sənə hədiyyə olaraq bir kompas da bağışladılar. Sən bildinmi bu nə demək idi?
– Yox!
– Bilməzsən. Bu o demək idi ki, yolumu azmısan, camaatı da dalınca salıb Allah bilir haraya gedib çıxacaqsan. Sənə yazıqları gəlməyib, camaata yazığı gəldi sənin «dostlarının».
10.03.1959
Arvadımın xoşu gəlir
Küçədə bir tanışıma rast gəldim. Matros paltarı geydiyini görəndə ayağım yerə yapışdı.
– Ay kişi, bu nə dəm-dəstgahdı. Bu matros paltarı nədi.
– Neyniyim – dedi – arvadımın matroslardan xoşu gəlir.
30.09.1961
Dəhşət
Bu gün başım yaman ağrıdı. Səbəbi budur ki, iki yazıçı ilə söhbət eləmişəm. Adlarını yazıçı qoyublar, amma çox nadandılar. Bu adamlar həyatda yaxşı şeydən yazmağı mənə tövsiyə edirdilər… Pisdən, nöqsandan, əyridən, oğrudan yazma deyirdilər. Ax, nə deyim, bunlar həddən artıq «partiyalı» adamlardır.
Dəhşət!
30.09.1961
Sən niyə utanırsan?
Universitetdə 2-3 il eyni vaxtda oxuduğum, çox şirin və mehriban bir insan olan Bəkir Nəbiyevlə söhbət elədim: «Həblər və həqiqətlər»i vermişdim oxusun.
Dedi, görünür, iri əsər yazmaq üçün hələ hazırlığınız yoxdur… Sabirdən yazıbsan, amma bu yazıda Sabir yoxdur, müasirlik güclüdür. Göstərdiyin o Qeyrətzadənin iyirmisini sənə göstərə bilərəm.
Mən, adətim üzrə, qulaq asdım.
– Bağışlayın – dedim - Bəkir müəllim, vaxtınızı aldım.
– Yox, eybi yox… Bağışla ki… Amma dili çox yaxşıdır.
Hiss elədim o mənə «əsərin xoşuma gəlmədi, pisdir» – deməyə utanır.
– Sən niyə utanırsan, qardaş. Qoy mən utanım – dedim.
30.09.1961
Narazıyam
Bərk dilxoram… Hər şeydən: işdən, evdən, dünyadan narazıyam… Hətta özümdən də narazıyam.
30.11.1961
Ürəklə
Rəfiq Zəka Əbdülhəq Hamidin «Məqbər» poemasından bir parça əzbər dedi. Gözəl əsərdi, Rəfiq də gözəl dedi:
– Belə əsərlərə necə də ehtiyac duyulur.
Ürək sözləridir. Bəs bizimkilər nə zaman belə əsərlər yazacaqlar. Ürəklə! Hə?
30.11.1961
Taleyim
Deyəsən mənim taleyim də öz Mirzə Yanarımın (irəlidə adı çəkilən «Həblər və həqiqətlər» povestinin əsas qəhrəmanı Mirzə Yanar idi) taleyinə oxşayacaq. Onda heyf, heyf, səd heyf.
01.12.1961
Söhbət
Yazıçı dostum Vasif Əfəndiyevlə xeyli dərdləşdik. Ürəyim sakitləşdi. O gedəndən sonra «Həqiqət»ə bir əlavə fəsil yazdım. «Bir yüngülvari müqəddimə»…
01.12.1961
Bəxtiyarla görüş
Bu axşam əziz müəllimim, ustadım Bəxtiyar Vahabzadəgilə getdim. Kişi əsil şairdi. Bu torpağı, bu xalqı çox sevir. Sabirin «Fəxriyyə»sini oxudu və dedi ki, bu «Hophopnamə» bizim quranımızdır.
Mən onunla hər görüşəndə ürəyimdə deyirəm ki, Allah onun ömrünü uzun eləsin, lap uzun…
02.12.1961
Nə üçün?
«Heykəl gülür» satışa çıxıb. Amma heç sevinmirəm. Bilmirəm də nə üçün? Bəlkə, Allah mənim sevinmək qabiliyyətimi əlimdən alıb?
03.12.1961
Başa düş!
Məni başa düş, əzizim, məni anla. Mən o zaman səni sonsuz bir məhəbbətlə sevərəm, əzizim… Anlaşılmazlıq olan yerdə əsl məhəbbətdən necə danışmaq olar? Bunu ki, sən özün yaxşı bilirsən?
03.12.61
Sınaq
Çoxdan çox istədiyim bir adamı sınayırdım. Gözləyirdim ki, ona nə etsəm, hətta başını kəsməyə hazırlaşsam belə, sözü olmaz. Amma heyf… Tez təslim oldu və ürəyindəkiləri dedi…
Sən gözləmədiyin bir cavab alasan? Necə olarsan?
Başım bərk ağrıyır. Bu gecə elə qəmliyəm ki.
Ah… Mən onu dəyanətli adam bilirdim… İnsan yanılır…
04.12.1961
Bir üzdə
«Bir üzdə görün, bir ürəyin var!»
04.12.1961
Ömür gedir
İki gün boş idim. Deyirdim işlərəm. Heyif ki, işləyə bilmədim. Vaxt havayı getdi. Yox, vaxt yox, ömür havayı getdi, ömür.
05.12.1961
Gülərüz
Evdə xoş üz görmək, qayğına qalan bir adamla üz-üzə gəlmək nə gözəl nemətdir. İnsanın qəlbi cavanlaşır. Dərd-qəmini unudur. Bunu mən bu gün xüsusilə bir daha dərindən dərk etdim.
Kaş zaman bu növrağı pozmasın, mən onu həmişə belə gülərüz, mehriban görüm.
06.12.1961
Rahatlıq
Nə vaxtdan bəri yazmaq istədiyim «İki əsgər» hekayəsini nəhayət bu axşam yazdım. İstəyirəm müsabiqəyə göndərəm. İndi elə rahatam ki… Dünyada əsər yazıb qurtarandan sonra (əlbəttə, əgər yazdıqlarıma əsər demək mümkünsə) duyduğum rahatlığı heç vaxt, heç yerdə görə bilmərəm, qardaş.
07.12.1961
Bədbəxt adam
Yer üzündə iki bədbəxt adam varsa, onun biri, özü də birincisi mənəm. Bədbəxt adam! Bu sözü izah etməyə nə ehtiyac?
11.12.1961
Yaraşıq
Neçə gündür şəhərdəyəm. Amma evimizin qapısını indi açıb içəri girirəm.
Eh, sənsiz bu evin nə yaraşığı, Xanım? Sən mənim evimə də yaraşıqsan, ömrümə də, könlümə də!!!
Allah bizi bir-birimizə çox görməsin, Xanım, əzizim? Sən mənim ağıllı xanımımsan.
12.12.1961
Yeni il
Bu il, 1962-ci il deyəsən mənim üçün çox bəd il olacaq. Mən səndən yaxşı bir şey gözləmirəm, yeni il! Bunu mənə ürəyim deyir. Ürəyim isə məni heç vaxt aldatmır.
12.01.1962
Nadanlıq
Dünyada nadanlıqdan dəhşətli bir şey yoxdur. Allah heç kəsi nadana tuş eləməsin!
13.01.1962
Ümidsizlik
Ümidsizliyə qapılan adam – ölmüşlərdən nəfəs almağı ilə fərqlənir. Əslində o da ölüdür.
Müharibədən sonra…
Bu yazını 8.01.1960-ci ildən başlamışdım. Yarımçıq qalmışdı. 13-16 arasında (1962) yazıb qurtardım – ssenarisini.
16.01.1962
May ayında yazacağım hekayələr
Gözübağlıca.
Kişi
Uşaq
Ata hədiyyəsi
Bizim tramvay
01.05.1962
Bu hekayələrin heç birini yaza bilmədim. Xoşuma gəlmədilər.
24.10.64
Haçandı heç nə yazmıram. Zəmanəmizdə alçaq, nadan adamlar çoxdur. Xeyirxah adam çox azdır. Hamısı ruhdan salmağa, öldürməyə çalışır. Əlindən tutub qaldıran, demək olar ki, yoxdur.
Həvəsdən düşməmək və yazmaq! Vəssalam, yeganə yol budur. Nə təriflərə, nə tənqidlərə qulaq asmamaq!
Yazmaq! Yazmaq! Kim ki, könlünü bununla ovundura bilir, o, əsil sənətkar olacaqdır.
01.05.1962
Yaza bilirəm
«Elxanın səhvi» hekayəsini yazdım. Axırı məni açmadı. «Daha yazabilmirsən!» – deyə hər an qulağıma pıçıldayıb üç ay məni narahat edən ümidsizliyə ağır bir zərbə endirdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-gundeliyimden-sehifeler
Другие произведения автора
Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.
Birinci hissə, on dördüncü fəsilAna-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
Стихи других поэтов
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.