Əvvəlinci məclis
Содержание
Страница 2 из 3 · 33%
Ağa Məhəmmədxan. Mərhəba, qardaşım! Gəl alnından öpüm. Allah səni məndən ayırmasın. (Cəfərqulu xanın alnından öpür.)
Mustafaxan. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixlas göstərib. Bain-həmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə Qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar.
Əliquluxan. Qardaş, məni Allah təqrir tərəfdən mərhum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixlasımı və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən.
Sərkərdələrdənbiri (qabağa yeriyib). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbiləsinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü Qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki, ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölənədək hazırıq. Ağa Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışmıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-paça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi Irakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə girib, istəyir müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılmaq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm.
Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər.
Ağa Məhəmmədxan. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun.
Sərkərdələr. Buyurun, xan.
Ağa Məhəmmədxan. Budur ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə İndiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarıma və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə töküləcək və Qacar nəsli dostu ilə düşmənini tanısın.
Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir.
Cəfərquluxan. Qardaş, sənin bu sözlərin mənim ümidimi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bizə tərəf dönəcək.
Mustafaxan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq.
Ağa Məhəmmədxan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə.
Pərdə
İkinci məclis
Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gəlir.
Mürtəzaqulu xan (uca yerdən baxır.) Afərin, Qacar igidləri! Hər biri bir şir-jəyan tək dava edirlər. Axır mənim də bəxtimin çırağı yanacaq. Dörd ildir bu insana oxşamayan xacə, cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə, Ağa Məhəmməd mənim müqabilimdə İndiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salaydı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (Gurultu artır.) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın... Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə... Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər... İnşallah xeyirdir, inşallah xeyirdir. (Enir aşağı)
Qasid (daxil olur.) Xan sağ olsun, müjdəmi ver!
Mürtəzaquluxan. Tez ol, de görüm, nə xəbər gətiribsən?
Qasid. Xan, Q u r b a n ın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!..
Mürtəzaquluxan. Nə olub? Ağa Məhəmməd xanı öldürüblər nədir, de görüm?
Qasid. Yox... Öldürməyiblər...
Mürtəzaquluxan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə istəyirsən.
Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər.
Mürtəzaquluxan. İlahi, mərhəmətinə gündə min şükür! (Qasidə) Tut, bu sənin müjdən. (Bir kisə pul verir.) Buradan get fərraşbaşının yanına. Deginən sənin adını fərraşlar cümləsindən yazsın.
Qasid. Allah xanın iltifatını artıq eləsin. (İstəyir getsin.)
Mürtəzaquluxan. Dayan bir az, getmə! De görüm Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb?
Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə Cəfərqulu xan deyir, əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm.
Mürtəzaquluxan. Qulaq asma, naxoş öləndən qabaq işıq verər. Cəfərqulu xan haləti-nəzdədir. Inşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində təbdir olunar... Sən get. (Qasid baş əyib gedir.) Nə gözəl oldu! Inşallah, Cəfərqulu da qardaşının halətinə düşər və gəlib qardaşını ölmüş görər. Onda mən... ona buyuraram ki, əhdinə vəfa etsin, öz xəncəri ilə özünü öldürsün. Gözəl divandır! (Bir neçə nəfər, əzon cümlə Mustafa xan Ağa Məhəmməd xanı gətirirlər.) Qardaş! Xoş gördük. Eşidibsən:
Hər on köhtər ki, ba mehtər sitizəd
Çinan üftəd ki, hərgiz bər nəxizəd:
Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sifətlə padşahlıq arzusuna düşmüşdün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha züllüllahi-filərz deyirlər? Məgər Allah kölgəsi sənin tək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma İndi öz halətinə bax. Qızmış şir tək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir.
Ağa Məhəmmədxan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübsən, amma namərd padşah ola bilməz. Məni öldürəcəksən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılınc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart.
Mustafaxan (irəli yeriyir). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulu tək qardaşın varsa, Mürtəzaqulu xanın da mənim tək və Rzaqulu xan tək qardaşları var. Ölüncə vuruşmağa hazırıq. Necə ki, sənin vəhşi heyvan tək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən.
Böyüklə dalaşan kiçik elə yıxılır ki, heç bir vaxt ayağa qalxa bilməz.
Ağa Məhəmmədxan. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər. Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu edərəm. İstəyirsən gözlərini çıxart, istəyirsən başını kəsdir.
Mustafaxan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-evvelinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci şəkilKəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir*
İkinci pərdəDördüncü şəkilKənd meydançası. Mayın biridir. Evlər, dükanlar qırmızı bayraqlarla, yaşıl otlarla*
Vaveylaİki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*