Xatiratım
Содержание
Страница 15 из 26 · 54%
Mən Tiflisdə Məhəmməd ağanın qəzetinin idarəsinə daxil olanda bildim ki, Naxçıvanda danışılan bu söhbət əsl həqiqətdir. Və o vaxt mən görürdüm ki, bu on səkkiz min manat qəzet üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. Və bir az vaxtda mətbəə də düzəldi və “Şərqi-Rus” qəzeti – ki, qeyri mətbəələrdə çap olunurdu, – dəxi öz məxsusi mətbəəsində çap olunmağa başladı.
Mən “Şərqi-Rus” idarəsinə daxil olan günlərdə də (təzə 1904-cü ilin ibtidası) qəzetdə “Poçt qutusu” hekayəm çap olundu.
Qəzetin baş mühərriri və müdiri Məhəmməd ağa özü idi. Mən idarəyə daxil olan zaman, onun idarədə əyləşən qələm şərikləri Ömər Faiq Nemanzadə və Səməd ağa Qayıbov idi. Ömər Faiq barəsində söhbət bundan sonra olacaqdır. Səməd ağa Qayıbov Qori darülmüəllimini bitirmişlərdən və indi Bakıda otuz üçüncü şura məktəbinin müəllimlərindəndir. Mən idarəyə daxil olandan sonra qəzetdə məqalələr və felyetonlar yazmağa məşğul oldum.
“Şərqi-Rus” qəzetinin məsləkinə gəldikdə onu deyə bilərəm ki, məlum bir şeydir ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın; yaxud ehtiyatla da olmuş olsa, hökumət ilə oppozisiyada ola bilsin. Və təbiidir ki, bir belə azadi-taləb cəridyə heç bir vəchlə icazə də almaq mümkün olmazdı. Onunçün xah Məhəmməd ağanın, xah onun biz tək qələm köməkçilərinin məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib eləməkdən başqa bir şey ola bilməzdi. Hətta dini mövhumat barəsində söz danışmaq belə mümkün deyil idi. Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmməd ağa tərəfindən qəzetdə yazılmış bir məqalədə “qadın azadlığı” kimi iki kəlmənin üstə müsəlmanlar içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin sansorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləməzdik.
Qəzet qabaq vaxtda, mən idarəyə daxil olan zaman həftədə üç dəfə çıxırdı və sansor qorxusu elə ağır idi ki, həftədə bu üç nömrəni də ancaq sansordan çıxarda bilirdik. Çox vaxt sansordan izn hasil eləmək üçün oraya mən özüm gedərdim. O vaxt sansor idarəsində türk şöbəsində türklərdə bir kəs yoxdu. Ancaq iki nəfər şəxs idi: biri erməni Kişmişov, o biri genə erməni Qaraxanov idi. Bununla bərabər, çün hər ikisi türkcə az savadlı idi və qəzetin materialını gərək hüccəliyə-hüccəliyə başdan-axıradək oxuyub məzmunundan xəbər-dəxi gecələrdar ola idilər ki, çap olunmasına izn də verə idilər, bu da bir neçə saat çəkərdi. Nə qədər ki qəzet həftədə üç dəfə çıxırdı, hələ bir tövr yola verirdik, elə ki axır vaxtlarda qəzet gündəlik oldu, onda yuxu yuxulamaq bizə haram olardı. Ancaq gecənin yarısınadək qəzetin sansorda oxumağı çəkərdi və ancaq gecə saat ikiyədək maşında qəzetin çap olunması başlana bilirdi.
“Şərqi-Rus” qəzeti barəsində xah o vaxtlar, xah son vaxtlarda Qafqaz müsəlmanları içində bəzi vaxt bir belə şayiələr qulağa çatardı ki, guya qəzetin sahibi Məhəmməd ağa həmin bu orqanı ilə Rusiya hökumətinin Şərq politikasına qulluq edir. Bu söhbətlərin cümləsini mən əracif və əsilsiz, sübutsuz hesab edirəm. Belə bir danışıqlara səbəb qəzetin adı idi. “Şərqi-Rus” deyəndə, əlbəttə, hər bir kəs buradan bir mətləb çıxarmağa haqlı ola bilər və qəzetin ruspərəstliyini zənn edə bilər. Və ola bilər ki, Peterburq hökuməti bu qəzetin nəşrinə icazə verəndə də bunun adını da mənzur tutubdur. Və lakin biz, o vədə qəzetdə iştirak edənlər qəzetin Şərqdə Rusiyanın nüfuzuna qüvvət verməyini görmədik və gahdan bir Qafqaz canişininin “əlahəzrət” ibarəsi ilə yad etməyini də o vaxtlar adi bir iş hesab edirdik.
“Şərqi-Rus” qəzetinin söhbətini mən burada ondan ötrü açdım ki, bu söhbətlərin “Molla Nəsrəddin” tarixinə çox yavıq rəbti var; çünki yoldaşım Faiq Nemanzadəni mən birinci dəfə “Şərqi-Rus” qəzeti idarəsində gördüm və burada da onunla üns tutdum. Bu babətdən “Şərqi-Rus” qəzeti mənim üçün iki babətdən xoş, qiymətli yadigar olur:
Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə, məni qəzet dünyasına daxil etdi.
İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik. Elə bir məcmuəni ki, onun birinci nömrəsi nəşr olunan gündən mənim adım bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının, bəlkə yavıq Şərqdə cəmi türk tayfalarının içində şöhrət tapdı.
“Şərqi-Rus” qəzeti, çün Qafqazda o vaxtadək bircə dənə cəridə idi, bu səbəbdən də hörməti və şöhrəti az deyildi. Rus-yapon davası başlanandan sonra tirajı bir neçə minə qalxdı. Amma axırda durduğu yerdə öz əcəli ilə vəfat etdi. Və həmin bu məsələ o qədər maraqlıdır ki, bu barədə burada bir neçə kəlmə dəxi yaddaş etməyi lazım görürəm.
Dünyada “hikmətə” inanan adam olsa idim, mən deyə bilərdim ki, “Şərqi-Rus” qəzetinin yox olmağnda bir “hikmət” var. Məlum şeydir, cəridənin dalı kəsilməyinə ya onun maliyyəsinin zəifliyi, ya da hökumətin qərardadı, yaxud nadir vaxtlarda cəridənin sahibinin özünün fövtü ola bilər. “Şərqi-Rus”un bağlanmağında bu üç maneələrin heç biri üz vermədi. Qəzetin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi:
Necə ki ərz olundu, Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir “Şərqi-Rus” idi. Bu da ki məlumdur, Tiflisdə bina olunmuşdu və orada da çıxmaqda idi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Haşımbəy Vəzirov, Məmmədəmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik “Şərqi-Rus” qəzetinə həsrət aparırdılar. Bəs necə olsun? Belə məlum olur ki, o vaxtlar türk qəzetinə izn hasil etmək bəhərhal çox çətin bir məsələ imiş. İndi belə güman etmək olar ki, o vaxt Bakının birinci jurnalistlərindən Əhmədbəy Ağayev və Əlibəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxud bunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onunçün də bunlar belə məşqə düşdülər: mərkəzdən ki təzə bir türk cəridəsinə izn almaq ümidi yoxdur, səlah buradadır ki, hal-hazırdakı “Şərqi-Rus” qəzetinə bir növ əl uzatmaq və şəriklikmi sifətilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək.
Axirül-əmr, Məhəmməd ağa Bakıdan Əhmədbəy Ağayevin “Şərqi-Rus” qəzetinə yoldaşlıq sifətilə daxil olmağını qəbul etdi. Və niyə qəbul etdi və nə mülahizə ilə qəbul etdi, bunu mən o vədə bilmədim. Ancaq Əhmədbəyin qəzetə daxil olmağına Qafqaz hökuməti izn verə bilmədi; onunçün də bu izni hasil etmək məqsədilə Məhəmməd ağa Peterburqa getməyə məcbur oldu və oradan icazəni də aldı. Və sənə min doqquz yüz beşinci ilin yanvar ayında qəzetin təzə il üçün abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmməd ağa qəzeti yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. Yanvardan fevraladək ancaq idarənin əşyasının qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan sonra haman yerdə qaldı ki, qaldı.
Yuxarıda söylədiyim hikmət bu idi ki, nə “Şərqi-Rus” qəzeti Bakıya köçdü və nə Məhəmməd ağa Bakıya getdi. Axırda yüzlərcə abunə sahiblərinin abunə pulları sahiblərinə geri göndərildi və onlara bildirildi ki, “Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. Həmin müvəqqəti dayanmaq, axırda əbədi oldu.
Bu növ ilə “Şərqi-Rus” qəzeti öldü və Məhəmməd ağa da elə yadıma gəlir ki, Tiflisdən çıxıb getmək fikrinə düşdü. Elə yadıma gəlir ki, Bakıya getmək istəyirdi. Amma qəzet dayanandan sonra qəzetin o vaxta görə mükəmməl mətbəəsi də qaldı bikar və mətbəəçiləri də işsiz qaldılar, necə ki, idarənin xidmətçiləri həmçinin işsiz qaldılar.
Bunu nəzərə almaq lazımdır ki, Məhəmməd ağanın idarəsinin fəal qələm köməkçiləri Ömər Faiq idi və mən idim (o vaxt Səməd ağa Qayıbov idarədən çıxıb getmişdi). Digər tərəfdən də “Şərqi-Rus” qəzetinin iki min manata yavıq borcu var idi. Amma söz buradadır ki, Məhəmməd ağa Şahtaxtlı yenə bir qədər pula möhtac idi və digər tərəfdən də bizim də pulumuz yox idi. Onunçün biz mətbəəni ələ gətirmək, gələcəkdə ondan istifadə etmək niyyətilə biz başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o bir qədər pula malik olsun. Və tapdıq da. Bu üçüncü yoldaş naxçıvanlı möhtərəm Məşədi Ələsgər Bağırov oldu ki, o vədə də, indi də Tiflisdə ticarət əhlidir. Həmin yoldaş Məhəmməd ağaya bir qədər pul verməyi boynuna çəkdi və verdi də. Və həmin vaxtda ki, sənə min doqquz yüz beşinçi ilin yaz fəslinə təsadüf eləyir, biz, yəni mən, Ömər Faiq və Məşədi Ələsgər bir tərəfdən və Məhəmməd ağa o biri tərəfdən, notarius vasitəsilə razılaşdıq ki, mətbəə qalsın bizim ixtiyarımızda, bu şərtlə ki, qəzetin və mətbəənin iki min manat borcunu biz öhdəmizə götürək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xatiratim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Стихи других поэтов
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,