Xatiratım
Содержание
Страница 13 из 26 · 46%
Burada bir haşiyə çıxmaq lazım gəlir.
Şəhərimizdə Hacı Səməd xan bir gün ziyarəti-imam Rza qəsd eləmişdi. Çün xan həzrətləri qeyri xanlardan müstəsna olaraq xeyli, dindar və əhli-təqva idi, onunçün də qəsd etdiyi bu qiymətli səfərini labüd gərək bir xoş saata müvafiq tuta idi və bu barədə də, təbii, ruhanilərə müraciət etdi. Hacı Molla Tağı Quranla istixarə etmişdi və xanın şəhərdən hərəkət gününü rəbiüssaninin on yeddisinə təklif etmişdi. Amma nədənsə Hacı Nəcmüddövlənin təqvimində rəbiüssaninin on yeddisi əzm-ziyarət üçün yox, ticarət qəsdi üçün xoş yazılmışdı. Və yadımdadır ki, bu səbəbdən xan həzrətləri bir neçə həftə təxirə düşdü. Sonra Hacı Molla Əlinin istixarəsi mocibincə xanın səfəri rəbiüssaninin səlx gününə təyin olundu. Amma burada yenə bir maneə ortalığa gəldi; çünki Hacı Nəcmüddövlənin təqvimində yazılmışdı ki, bu il rəbiüssaninin səlxi yoxdur, yəni bu ay otuz gün yox, iyirmi doqquz gündür. Rəbiüssaninin iyirmi doqquzu əyyami-səkkiz ulduzun, yadımda deyil, hansı gününə düşürdü və məlumdur ki, əyyami-səkkiz ulduz günləri səfərə çıxmaq üçün nəhs hesab olunurlar. Sonra Hacı Səmədxan yenə qeyri mollaya müraciət elədi. Ondan sonra yenə bir qeyrisindən məsləhət istədi.
Axirül-əmr Hacı Molla Tağı, Hacı Səməd xanın səfərini cəmadiyəl-əvvəlin ayının altıncı gününə təyin eləmişdi. Amma məlum oldu ki, haman gün cümə gününə düşür.
Amma məlumdur ki, həzrəti imam Rza cümə günlərini səfərə çıxmağı rəva görməz imiş, o səbəbə ki, cümə gününün namazına mane olur.
Beləliklə, Hacı xanın səfəri genə yubandı. Hacı Nəcmüddövlənin təqviminə genə pənah apardılar. Orada yazılmışdı ki, cəmadiyəl-əvvəl ayının dördü, beşi, on üçü, on altısı, iyirmisi, iyirmi dördü, iyirmi beşi və iyirmi altısı səfərə çıxmağın kərahəti var. Hacı Molla Əli də xana sifariş eləmişdi ki, ayın səkkizinci və iyirmi üçüncü günü səfər eləmək məsləhət deyil. Hacı Kərim də xana ərz eləmişdi ki, məbadə ay əqrəbdə olanda səfərə çıxa.
Biçarə Hacı Səməd xan axırda təsmim eləmişdi ki, cəmadiyəl-əvvəl ayının on səkkizində şəhərdən çıxsın. Amma burada yenə böyük maneçilik üz verdi. Çünki haman gün düşənbə gününə düşürdü və məlumdur ki, düşənbə günü həzrəti-rəsulun vəfat günü olduğu üçün, səfərə çıxmaq o gün heç bir vəchlə caiz deyil. Sonra bədbəxt Hacı Səməd xan, yadımda deyil, ayın iyirmi birindəmi, ya iyirmi ikisində Rəvan şəhərinə tərəf yola düşdü. Və yadımdadır ki, haman gün bütün şəhər xanın müşayiətinə çıxmışdı. Amma...
İki gün ondan sonra dedilər ki, Hacı Səməd xan yoldan qayıdıb gəlir. Məlum oldu ki, xan fayton ilə Xok qəryəsindən ötüb Qıvraq adlı kəndə daxil olur və fayton kəndin ortasından keçən vaxt bir kəndli arvadı damın üstündə paltar sərdiyi yerdə asqırır. Xan faytonu saxlayır və arvada tərəf üzünü tutub deyir:
– Görüm sizin toxumunuz yer üzündən kəsilsin!
Xan haman yerdən faytonu geri qaytarır. Və şəhərə xəbər düşdü ki, yolda səbir gəlib və Hacı Səməd xan ziyarətə getdiyi yoldan qayıdıbdır. Və sonralar küçə uşaqlarının dilində əzbər oldu: “Səbir gəldi, xan qayıtdı”.
Bu vaxtadək çox az ittifaq düşübdür ki, cəmaəti-müslimin içində qəməri ayların hansı neçə gündür, 29-mu ya 30-mu, bəlli olsun və behər hal qabaqca bilinsin. Onunçün də şabanla rəməzanın sərhədini müəyyən etmək mənim yadıma gəlir ki, mümkün olmazdı. Və onun üçün də mənim biçarə vətəndaşlarım rəməzanül-mübarəkin hilalını axtarıb tapmaq yolunda çox-çox zəhmətlərə düşərdilər, çox-çox ruhani və cismani əziyyət çəkərdilər. Mən özüm ta yeddi yaşından başlamış, böyüklərimlə bərabər, damların üstündə Rəməzan ayını axşam vaxtları, saatlarla axtarıb tapmamışıq: ya hava bulud olub və təzə ay buludlar içində gizlənib ki, mömin müsəlman ümmətinin imanının dərəcəsini mizana vursun, yaxud haman gün şabanın səlxı, ya, bəistilahi-türk axırı deyilmiş.
Rəməzanın hilalı axtarılan günlər axşam zamanı, damların, minarələrin və qeyri bu kimi uca yerlərin üstü mömin müsəlmanlarla dolu olardı. Və camaat gözlərini Məğribə, gün batan tərəfə tikib, təzə ayın quyruğunu axtarardılar. Və tapmayanda kor-peşman pəcmürdəhal yenib gedərdilər evlərinə. Əgər təzə ay asanlıqla görüksə idi, müsəlmanlar salavat çevirə-çevirə təsbeh əllərində bir növ bəşarətlə evlərinə gedərdilər. Nə böyük səadət! Sabah rəməzanül-mübarəkdir, sabah haman aydır ki, mələklər ərşlərə düzülüb tamaşa edəcəklər ki, aya islam ümməti bu mübarək ayı nə surətdə başa çıxardacaq, onların ibadəti nədən ibarət olacaq? Tamaşa edəcəklər müqəddəs islam ümmətinin qeyrətinə, Allahı çağırmağına, gecələr yatmayıb ehya saxlamağına və qədr gecəsini cidd-cəhdlə axtarmağına.
Hansı qədr gecəsini? Burada, vaizlər demişkən, mətləb bir az tuldur.
İslam müfəssirlərinin və müctəhidlərinin təbirincə rəməzanül-mübarək ayının otuz gecəsinin biri qədr gecəsidir. Cəmi əimmənin rəvayətindən də belə anlaşılır ki, ilin üç yüz altmış altı gecəsinin biri qədr gecəsidir. Ancaq o gecə hansı gecədir? Məlum deyil və demək olar ki, o gecəni rəsulu-xudadan sonra, bəlkə tapan olmayıbdır. Hər bir kəs o gecəni tapa bilsə və haman gecəni yatmayıb müəyyən ibadəti əda edə bilsə o şəxs əbədəl-abad özü də bağışlanır və onun cəmi qohum-əqrəbası və abavü əcdadı və cəmi günahlardan məğfirət tapıb əbadəl-abad xudavəndi-aləmin şəfaətinə nail olurlar.
Pəs hansıdır o gecə? Bu barədə tək bircə işarə var ki, o gecə rəməzanül-mübarəkin gecələrinin biridir?
Pəs hansı gecəsidir? Bir rəvayət də bundadır ki, qədr gecəsi rəməzanül-mübarək ayının on doqquzuncu gecəsi ilə otuzuncu gecəsinin arasındadır.
Bu, on iki gecənin biridir.
Pəs deyəsən, mətləbə yavıqlaşmışıq. Nə çətin şeydir qədr gecəsini tapmaq? Bir surətdə ki, o şərafətli gecə rəməzanın on doqquzundan axırının ərzindədir, dəxi burada nə qəm ola bilər? Mən, bərayi-ehtiyat, bu on iki gecəni elə bir əziz tutaram ki, bu gecələri ta axşamdan-sübhədək elə bir candil ilə etikafa əyləşərəm ki, bu on iki gecəni özümü Allah yolunda fəda edərəm və qədr gecəsi üçün cəmi təfsir sahibləri, cəmi şəriətmədarlar – Ağa Bağır məclisilər, Molla Əhməd ərdəbililər, Həsən cilanilər, Bəhaəddin Məhəmməd cəbəlilər və sair minlərcə şəriətmədarlar – təyin etdiyi dua və sənaları əda edərəm; ta ki, beləliklə, qədr gecəsini tapmış olaram.
Və elə də mənim uşaqlıq əsrimdə mənim vətəndaşlarım elərdi. Və yadımdadır ki, Rəməzanın on doqquzuncu gecəsindən ta axırınadək, mən, yeddi yaşında uşaq üçün gecə yuxusu haram olardı.
Onu ərz edim ki, mənim rəhmətlik dayım xeyli savadlı idi. Bir vaxt Təbrizdə ticarətlə məşğul olan zaman orada mollalarla o qədər oturub-durmuşdu ki, özü bir balaca molla dərəcəsində idi və Quranı oxuyub məna eləməyi yadımdadır. Və bu on iki gecənin oyaq qalmağı ilə işim yoxdur; gecəni səhərə kimi yatmaq da olar, yatmamaq da olar. Ancaq bircə şey məni o vədə, doğrudan da, o qədər təngə gətirərdi ki, mən cənnətə və cəhənnəmə bərk etiqad eləyən ola-ola və Allahın qəzəbindən qorxan ola-ola yenə Rəməzanın əhya gecələrini, dayımın zərbindən o qədər təngə gələrdim ki, çox vaxt ağlardım və ağlaya-ağlaya bunu da bilərdim ki, günaha batıram.
Dayımın ibadət üçün səxtliyi, onun riyazətinin qəlizliyi hələ o vədələr nəinki tək bircə məni, hətta çox mömin olan anamı da təngə tutardı. Və hərçənd anam Allahın qorxusundan cınqırını çıxartmazdı, amma gündüz zəhməti və orucluq aclığı bu yandan, gecə ibadəti bir yandan, özü də bir gecə yox, on iki gecə yazıq arvadı əldən salardı və oturduğu yerdə çox vaxt qəşş elərdi və yıxılardı.
Burada haşiyə çıxmaq babətindən ərz etməyi lazım görürəm ki, insanın canı, doğrudan da, bərk olarmış. Anam hifz-sihhənin həmin rəvayət etdiyim şəraiti vücudilə genə əlli-əlli beş ilə kimi dünyada yaşaya bildi. Buradan mülahizə eləmək olar ki, biçarə arvadın gör nə dərəcədə canı bərk imiş.
Habelə də qeyriləri...
Naxçıvan və İrəvan vətənindən Tiflisə köçməyin ittifaqı oldu.
Tarixi-miladinin min doqquz yüz üçüncü ilinin dekabr ayında, İrəvanda övrətim şiddətli azara mübtəla olmuşdu; o dərəcədə ki, oranın təbibləri övrəti Tiflisə aparmağı lazım gördülər. Qış bərk soyuq idi. Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi. Və ilin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə gətirməyə məcbur olduq. Olduq deməkdə mən yeznəm Məhəmmədqulu bəyi nəzərə alıram. Məhəmmədqulu bəy Naxçıvan bəyzadələrindən və mənim haman azarlı övrətimin qardaşı idi və bacısını nəhayat istərdi; onunçün də onunla o da Tiflisə gəlmək istədi. Daha doğrusu azarlını Tiflisə gətirən bəlkə qabaqca o idi; çünki o, Tiflisi və Tiflisin həkimlərini məndən də yaxşı tanıyırdı və hər barəda bacarığı məndən artıq idi və yol məxaricini və müalicə məsələsini də öz öhdəsinə götürmüşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xatiratim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Стихи других поэтов
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,