I fəsil, 6

Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

Исмаил Шихлы19959 мин
III fəsil, 1

Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

Исмаил Шихлы19954 мин
IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

Исмаил Шихлы19956 мин
IV fəsil, 5

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

Исмаил Шихлы19953 мин
IV fəsil, 6

Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.

Исмаил Шихлы19954 мин
VI fəsil, 3

Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən təəccüblə "Niyə dayandıq?" deyə soruşdu.Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi:

Исмаил Шихлы19951 мин
VI fəsil, 5

Şamxor yolu ilə Gəncəyə doğru irəliləyən izdihamın sevinci hədsiz idi. İndi onların böyük bir ordunu silahlandıracaq qədər silahları var idi. Müşayiətçilərin əhatəsində öndə gedən faytondakı Xudadat bəy tez-tez yanındakı Aslan bəy Səfikürdəkini qucaqlayır "Artıq geniş səfərbərlik elan edə bilərik. İndi hər şeyimiz var" deyirdi. Silahları təhvil alanlardan bir neçəsi şəhərin girəcəyində atdan düşüb topların lüləsinə paçayırma minib "ura" - deyə qışqırırdılar. Küçə boyu düzülən camaat onları eyni sevinclə qarşıladı.Şəhərin kənarındakı dəmir yolunda isə kirpik boyda görünən vaqonlar tüstülənə-tüstülənə arxayınca, takka-tukla irəliləyirdi.

Исмаил Шихлы19951 мин
VII fəsil, 1

Gecədən xeyli keçmişdi. Göyün üzündəki ulduzlar elə bil yazın belə tez və isti gəlməsinə sevinib sayrışırdı. Həmişə səksəkəli yatan şəhər bu gecə də narahat idi. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözə dəyən keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə şəhərini zəbt etmişdi.Çay sahilində yerləşən zirzəmilərin birindən solğun işıq gəlirdi. İçəri zabitlərlə dolu idi. Bakıda müsavat hökumətinin devrilməsindən sonra təslim olmaq istəməyən zabitlər Gəncədəki narazı hərbiçilərlə birləşmişdi. İndi onlar gizlin məşvərətə yığışmışdılar. Məşvərətə Azərbaycan hökuməti dövründə Gəncə hərbi qarnizonun rəisi vəzifəsini icra edən Cavad bəy Şıxlınski və Gəncə atıcı alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər.

Исмаил Шихлы19953 мин
VII fəsil, 3

Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".

Исмаил Шихлы19953 мин
VII fəsil, 4

Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab Verdi:– Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.

Исмаил Шихлы19957 мин
VIII fəsil, 1

Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.

Исмаил Шихлы19952 мин
VIII fəsil, 3

Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?

Исмаил Шихлы19955 мин
VIII fəsil, 4

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.

Исмаил Шихлы19953 мин
VIII fəsil, 5

Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.

Исмаил Шихлы19951 мин