Содержание
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Страница 7 из 8 · 75%

Pişik!

Aslan

Can!

Şəlalə

Gələndə bazarlıq elə.

Aslan

Baş üstə, gəl üzündən öpüm.

Şəlalə

Utandırma məni.

Aslan onun saçlarından öpdükdə səhnə qaranlıqlaşır.

Yeddinci şəkil

Aslanın xatirəsinin davamı. Yeni otaq, təzə mebel. Aslan səliqə düzəldir, arabir nəşə ilə zümzümə eləyir. Tərlan xanım içəri girir.

Aslan

Xoş gəlmisən, ay xala!..

Tərlan xanım

Bonjur!

Aslan

Barjom da, hələ üstəlik Narzan da.

Tərlan xanım

Şəlalə haradadır?

Aslan

Univermağa getdi. Deyirəm ağız, nə deyirsən alım gətirim, ayağına niyə zəhmət verirsən? Razı olmur. Dükanları gəzməyə həvəsi var.

Tərlan xanım

Bu otaq özünüzündür?

Aslan

Hələlik kirayədir. (Yavaşdan) Sonra çırpışdıracağam. Kirayə ki verir, deməli, artıqdır. Artığı da saxlamağa ixtiyarı yoxdur.

Tərlan xanım

Kəs kitudi se ton vol.

Aslan

Nə dedin?

Tərlan xanım

Fransızcadır, sən başa düşməzsən.

Şəlalə gəlir. Əynində yeni paltar. Xarici görkəmi dəyişmişdir.

Şəlalə

Xala, ayağın var olsun. Yaxşı ki, gəlmisən. Görürsən, nə mənzilimiz var?

Tərlan xanım

Zövqsüz bəzənib.

Şəlalə

Aslandır da. Dedim mənsiz əl vurma, qulaq asmadı.

Aslan

Nə cür istəyirsən, özün düzəlt. Sənin bir sözünü mən nə vaxt iki eləmişəm?

Şəlalə

Sonra düzəldərəm. Get çay qoy, xala tünd çayı çox sevir.

Aslan

Çayım hazırdır.

Şəlalə

Onda düş aşağı, mağazadan peçenye al. Xala çayı həmişə peçenye ilə içir.

Tərlan xanım

İnək peçenyesi.

Aslan

Gedirəm. (Qapıdan çıxmaq istəyir)

Şəlalə

Pişik!

Aslan (qayıdır)

Nə deyirsən?

Şəlalə

Pirojna da al.

Aslan (yavaşdan Şəlaləyə)

Bəlkə xalanın ürəyi ər istəyir, gələndə birini tapıb gətirim, yaxam onun əlindən qurtulsun.

Şəlalə

Aslan, mədəniyyətsiz olma. Eşidər, bilirsən neyləyər? Di tez get.

Aslan

Bax, bu gözlərim üstə. (Çıxır)

Tərlan xanım

Getdi?

Şəlalə

O saat. Ağzımdan söz çıxmamış yerinə yetirir. Su köşkündə, bir dəqiqə rahat otura bilmir. Dəqiqədə bir qaçır evə. Məni çox istəyir. Hayıf ki...

Tərlan xanım

Hayıf ki, nə?

Şəlalə

Hayıf ki, mən onu istəmirəm. Ha çalışıram ürəyimi bağlayım, olmur. Nə bir sözü-söhbəti var, nə bir dostu-aşnası var... Teatra getmir, kino başa düşmür, bircə qısqanmaq bilir, küçəyə niyə çıxdın, univermağa niyə getdin?

Tərlan xanım

Birinci gündən demişəm, o, sənin tayın deyil.

Şəlalə

Özün tanış eləmisən ki.

Tərlan xanım

Nə bilim? Dedilər hökumət qulluğundadır, əli işdədir. Sən də qalmışdın ortada. Su satan olduğu heç ağlıma gəlməzdi.

Şəlalə

Qismət belə imiş.

Tərlan xanım

Mən qismətə inanmıram. Ömrün boyu bir axmağın qarovulunu çəkməyəcəksən ki? Ərin pisdir, rədd elə getsin! Gör gəlmir ki, xəlvət sözüm var.

Şəlalə

Yox ey... gələndə ayağının səsi küçədən eşidilir.

Tərlan xanım

Səni bir yaxşı yerdən istəyən var.

Şəlalə

Ərli arvadı istəyən?

Tərlan xanım

Ərin olduğunu deməmişəm. Buna sənin ərin deməyə düzü dilim gəlmir. Sən beləsinə yox, knyaza layiqsən.

Şəlalə

Neyləyim? İndi daha knyaz-mnyaz yoxdur.

Tərlan xanım

Bu zəmanənin də öz knyazları var. O vaxtın İsrail bəyi indi dönüb olub İsrail yoldaş. Səni istəyən adam naçalnikdir. Bir əli yuxarıdakıların əlindədir, bir əli də kassada...

Şəlalə

Aslan eşitsə ikimizi də tikə-tikə doğrayar.

Tərlan xanım

Qələt eləyər, tikə-tikə doğrayar. Bu gözəllik ki, səndə var, bir kişidə qalmayacaqsan ki? Saleh yoldaş səni uzaqdan bir dəfə görüb, ölür dərdindən. Deyir onu mənə bir də göstər dünyanın cavahiratını töküm ayağının altına.

Şəlalə

Sən məni yoldan çıxardırsan, ay xala!

Tərlan xanım

Mən səni tozlu-palçıqlı yoldan çıxardıb asfalt yola salmaq istəyirəm.

Şəlalə

Axı, mən o İsrail bəyi heç görməmişəm.

Tərlan xanım

İsrail bəy yox ey... O çoxdan ölüb. Saleh yoldaş.

Şəlalə

Cavandır?

Tərlan xanım

Kişinin nə qocası, nə cavanı? Sevgi-mevgi havayı sözdür. Qadın gərək çiçək kimi əldən-ələ gəzsin. Saleh yoldaş ixtiyar sahibidir.

Şəlalə

Harada işləyir?

Tərlan xanım

Az, mənim nəçəlniyimdir də... Əlinin altında inpoşivlər, dərzi artelləri... Daha sənin bu yetimçən kimi qazlı su satan deyil.

Şəlalə

Dəlisovdur ey, qorxuram.

Tərlan xanım

Yalan danışma, qorxub-eləmirsən. At kimi minmisən, sürürsən. Aslanı döndərib pişik eləmisən, görmürəm? Amma bir az pal-paltarını dəyiş, üst-başına fikir ver.

Şəlalə

Yaxşı parça tapa bilmirəm.

Tərlan xanım (özüylə gətirdiyi parçanı ona göstərir)

Gör nə parçadır?

Şəlalə

Xala, o nədir elə, par-par parıldayır.

Tərlan xanım

Hindistandan gəlib.

Şəlalə

Ver baxım. (Üstünə ölçür) Xala, ürəyim gedəcək.

Tərlan xanım

Ürəyin niyə gedir? Sənə gətirmişəm.

Şəlalə

Hədiyyə?

Tərlan xanım

Keçmiş vaxt olsaydı, İsrail bəy...

Şəlalə (onun sözünü kəsir)

Uzatma, neçəyədir?

Tərlan xanım

Dördə deyirlər. Mən səndən üç alıram.

Şəlalə

Bizdə o qədər pul haradandır?

Tərlan xanım

Kül onun kişi başına, evdə o qədər pulu da yoxdur?

Şəlalə

Gündəliyi gündə xərcləyirik.

Tərlan xanım

Çünki təcrübəsizsən. On manat xərcləmisənsə, de iyirmi manat xərcləmişəm. On manatı qatla qoy bir tərəfə. Yığ, xəlvətdən yığ. Kişilərə etibar yoxdur. Evdə gümanın gələn bir şey tapa bilməzsən?

Şəlalə

Üç faizli istiqraz var.

Tərlan xanım

Gətir bəri, üçfaizli istiqraz da puldur.

Şəlalə (şkafı axtarır, istiqrazları çıxarır)

Budur, burdadır.

Tərlan xanım

Tez elə, gəlib həyasızlıq salar. (Alıb gizlədir)

Şəlalə

Orada çoxdur, axı.

Tərlan xanım

Artığına bir parça da gətirərəm.

Şəlalə

Bəs mən ona nə deyim?

Tərlan xanım

Hələlik üstünü vurma. De parçanı mənə xalam gətirib, peşkəş. Sonra başa düşəndə, “istiqraz hanı” deyib soruşanda, bax, çiyinlərini bu cür çək, de ki, “sanevu zeenterespa”.

Şəlalə

O nə deyən sözdür?

Tərlan xanım

Yəni yaxşı eləyib xərcləmişəm, sənə nə?

Şəlalə

Gəlir. (Tez otururlar)

Aslan qoltuğunda şeylər içəri girir.

Aslan

İnək peçenyesi tapa bilmədim, selyotka aldım.

Şəlalə

Çay ilə selyotka?

Tərlan xanım

Qara adamdan hər nə desən gözləmək olar.

Aslan

Araqla necəsən, xala?

Tərlan xanım

İsrail bəy mənə həmişə finşampan təklif eləyərdi.

Aslan

Əlli il bundan qabaq olsaydı, mən də şimfanpan təklif eləyərdim. Amma indi daha sənin malın araqdır. (O biri otağa gedir)

Tərlan xanım

Mən gedirəm, yoxsa, başa düşüb cəncəl çıxardar. (Gedir. Aslan qayıdır)

Aslan

Bəs xalan nə oldu? (Şəlalə küsmüş halda dayanır) Şəlalə! (Şəlalə yenə dinmir) Xala incidi, getdi hə? Deyəsən məndən küsmüsən? Mən sənin pişiyinəm, adam öz pişiyindən inciməz ki?

Şəlalənin əlindən öpür. Səhnə qaranlıqlaşır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов