Содержание
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Страница 5 из 8 · 50%

Dördüncü şəkil

Kiçik bir otaq. Fərman səhnəyə çıxır, fit verir. Aslan gəlir.

Aslan

Nə var?

Fərman

İndicə gələcəkdir.

Aslan

Nə yaxşı xəbər gətirmisən. Mən onun sağ tikəsini qulağı boyda eləyəcəyəm.

Fərman

Onun bir damcı qanına mən ürəyimi verməyə hazıram.

Aslan

Satdın məni, keçdin Salehin tərəfinə?

Fərman

Mən Salehdən yox, Xumardan danışıram. İndicə çıxıb evə gedəcəkdir. Yolu burdandır.

Aslan

Əşi, mən nə dərddəyəm, sən nə dərddə?

Fərman

Dərdim böyükdür, şef, fikrim yaman qarışıqdır. Müştəri deyir Razinə sür, sürürəm Alatavaya. Xumardan başqa heç nə barəsində fikirləşə bilmirəm.

Aslan

Axmaq, arvad adamı adamlıqdan çıxardır.

Fərman

O cür arvad adamı adam eləyər.

Aslan

Sevmir, ayrısını tap. Nə çoxdur saçı kəndçi papağına oxşayan qız.

Fərman

Yox, lap mələk də olsa, istəmirəm. Mənim gözüm bircə ondadır.

Aslan

Çox istəyirsən?

Fərman

Allaha and içirəm.

Aslan

Mən Allaha inanmıram.

Fərman

Həzrət Abbas haqqı.

Aslan

Onda inandım. De görüm, məndən nə istəyirsən, sənin bu məhəbbət oyununda mənim vəzifəm nədir?

Fərman

Bir az hədə-qorxu gəl, görsün ki, mənim də dalımda duran var.

Aslan

Yaxşı tapmısan. O cür qızların bir-iki sümüyünü sındıran kimi yumşalıb ipəyə dönürlər.

Fərman

Qurban olum, dilinə nə qədər istəyirsən güc ver, amma əlini vurma. Sən bir tərəfdə dayan, əvvəlcə söz ilə onu başa salım. Gördüm yox, tərslik eləyir, fit verərəm, gələrsən.

Aslan

Bildim. (Gedir. Fərman gizlənir)

Xumarla Kəklik səhnəyə çıxırlar.

Kəklik

Məni bu yollarla hara aparırsan?

Xumar

Burada səni bir oğlanla tanış eləyəcəyəm. Budur, özü də gəlir.

Zəki gəlir.

Kəklik

Zəki!.. Sən bu cür kələk gəlib mənimlə görüşmək istəyirsən? Həyatı səhnəyə çevirmisən, komediya oynayırsan?

Zəki

Diqqətlə qulaq as, gör nə deyirəm.

Kəklik

Nə deyəcəksən? Köhnə vallar təzədən çalınacaq. Tanış melodiyalar.

Zəki

Sən məni yaxşı-yaxşı dinlə!

Kəklik

Dinləməmişdən də cavabını verə bilərəm. Bura bax, siz oğlanlar elə güman eləyirsiniz ki, qız yaşa doldumu, gərək ərə gedə, hə? Mən həyatda məqsədimə çatmamış, istədiyimə nail olmamış ailə qurmaq haqqında düşünməyəcəyəm. Bildin?

Zəki

Məqsədin, istəyin nədir? Böyük rəssam olmaq?

Kəklik

Həm rəssam, həm də aktrisa.

Zəki

Lap ol dünyanın ən böyük rəssamı və ən məşhur aktrisası. Yenə də sənə bir ər lazım olacaq, ya yox? Konstantin Sergeyeviç deyib ki...

Kəklik

Konstantin Sergeyeviç deyib ki, aktrisa ərə getdi, deməli onun sənəti öldü.

Zəki

Konstantin Sergeyeviç elə söz deməyib. O deyib ki, bir qızın ürəyi daş, hissləri məftil olsa, ondan sənətkar olmaz.

Kəklik

Demək mən canlı insan deyiləm, daşam, məftiləm, hə? Çox sağ ol.

Xumar

O cür demək istəmir ey...

Zəki

Ürəkdə gərək istək və arzudan başqa sevgi də olsun.

Kəklik

Zəki, mən səni də, sənin sevgini də rədd eləyirəm. (Gedir)

Xumar

Qızla danışmağı bacarmırsan. Qaş qayıran yerdə vurub göz çıxartdın.

Zəki

Başdan-ayağa həyəcandır, temperamentdir. Elə bununçun mən onu çox istəyirəm də.

Xumar

Qaç dalınca, könlünü ələ al. Küt.

Zəki

Kəklik, bu dünya dağılıb parçalansa da, yenə sən mənim olacaqsan. (Gedir)

Xumar gülərək yoluna davam etmək istədikdə Fərman onun qabağına çıxır.

Fərman

Salam, qonşu qızı. (Xumar cavab verməyib getmək istədikdə qabağını saxlayır) Niyə həmişə məni görəndə üçüncü skorostla gedirsən?

Xumar

A Fərman, nə qırsaqqız olub yapışmısan? Keçən səfər mən sənə sözümü dedim də...

Fərman

O söz ki, keçən səfər sən mənə dedin, elə bil başımı kəsib atdın bir tərəfə.

Xumar

Elə kəsilməli başın var.

Fərman

Lap cəlladsan ki.

Xumar

Daha mənimlə bu barədə danışma. Eşitdin? Qurtardı.

Fərman

Qurtarmadı. Sabah-birigün professor olacağam. Amma elmi işimi işləyə bilmirəm. Gəlib dayanırsan gözümün qabağında.

Xumar

Elmi işçiyə bax, professora bax!.. Elə bilirsən, xəbərim yoxdur ki, şofersən, özün də taksidə işləyirsən?

Fərman

Nə olsun ki? Mən şoferliyin professoruyam: bütün şəhərdə birinciyəm. Şofer – ass.

Xumar

Yaxşı, yaxşı, yoldaş ass! Yol ver, gedim.

Fərman

İndi ki, şoferliyimi bilirsən, onda gəl açıq danışaq.

Xumar

Heç cürə danışmaq istəmirəm. Yalançı adamın üzünə də baxmaram.

Fərman

Bir də yalan danışsam, dilim lal olsun, müştəri ilə danışa bilməyim.

Xumar

Bir de görüm, niyə məni biabır eləyirsən, şəklimi niyə böyüdüb portfelində gəzdirirsən, hə?

Fərman

Nə? Şəkil? Ay aman... böhtandır, xəbərim yoxdur. Portfeldə niyə gəzdirirəm, sənin şəklin həmişə mənim ürəyimdədir...

Xumar

Məni də, şəklimi də ürəyindən birdəfəlik çıxart. Çəkil bu yana, tələsirəm.

Fərman

Sənin kimisini gərək məcbur eləyəsən. Bu saat şefimi çağırım, onda bülbül kimi ötərsən.

Fit çalır. Aslan səhnəyə çıxır.

Aslan

Hə, bacıqızı, yaxşı düşmüsən tələyə.

Xumar

Bu kimdir? Siz məndən nə istəyirsiniz?

Fərman

Mən səndən məhəbbət istəyirəm.

Xumar

Nə?

Aslan

Məhəbbəti bu istəyir. Şəxsən mən nifrət tərəfdarıyam.

Xumar

Çəkilin yolumdan.

Fərman

Xumar, mən gözəl danışa bilmirəm, səni o qədər istəyirəm ki, yolunda iyirmi beş ilə, uf demərəm. (Aslana) Təsdiq eləsənə!

Aslan

On iki imam haqqı.

Fərman

Vurulmuşam, ey, başa düşürsən, lap çoxdan, qonşu olduğumuz vaxtdan vurulmuşam. Təkəri boşalmış maşın kimi ora-bura valay vururam. Səni cavahirat içində saxlayaram. Özgəsinin bir ayda qazandığını bir gündə gətirərəm. (Aslana) Təsdiq eləsənə!

Aslan

On iki imam haqqı.

Xumar

Mənə nə cavahirat lazımdır, nə də pul. Mən səninlə heç danışmaq da istəmirəm.

Fərman

Xumar, yalvarıram.

Aslan

Eh... Yenə hirsim başladı tvist oynamağa... Bu yana çəkil, ə! Qıznan o cür danışmazlar. (Xumarın qolundan yapışır) Bura bax ey, qənfet qız, bu oğlanı sevirsən sev, sevmirsən, səni elə oğurlayıb apararam ki, özün də harda olduğunu bilməzsən.

Xumar

Burax qolumu... burax...

Fərman

Çox güc eləmə, xoşaxoşluqla, xoşaxoşluqla.

Aslan

Xoşaxoşluqla marojna yeyərlər, qız qaçırtmazlar. Daldan yapış, at çiynimə, aradan çıxaq.

Xumar (çığırır)

Ay aman, köməyə gəlin.

Zəki dönüb baxanda Fərman qaçır.

Zəki

Burax, neyləyirsən, burax?!

Aslan (Xumarın əlini buraxır)

Bu kimdir, ə?

Fərman

Qəmişdir.

Zəki

Bunlar kimdir, Xumar?

Xumar

Xuliqan, qolumu sındırmaq istəyirdi.

Fərman

Ağrıdı? Yaylıq verim bağla.

Aslan

Əməzək arvad. (Aradan çıxır)

Xumar

Zəki, sən onu möhkəm tut, mən getdim milis çağırmağa. (Gedir)

Zəki (Fərmana)

Yoldaşın getdi, amma səni qaçmağa qoymayacağam.

Fərman

Niyə qaçıram ki? Odur bax, milis gəlir, ay Xumar!..

Zəki dönüb baxanda Fərman qaçır.

Zəki

Qaçdı... qaçdı.

Xumar qayıdır.

Xumar

Milis gəlmədi, dedi postdayam, tutun gətirin yanıma.

Zəki

Daha gecdir, getdilər.

Xumar

Mən onun evini tanıyıram. Qabaqlar bizim qonşumuz olub. Taksi şoferidir, başına oyun açım, o da görsün...

Zəki

Sakit oldun?

Xumar

Elə qorxmuşdum ki...

Zəki

Mən elə bilirdim, tanıdığım qızların içində bircə ədalətli, mərhəmətli sənsən. Demə, sən də bir yazığı yandırıb-yaxırsanmış.

Xumar

Ona yazıq deyirsən? Xuliqanlarla dostluq eləyirsən.

Zəki

Sevgi adamı nəyə desən vadar eləyər. Görmürsən nə qədər sevir? Sən də bundan istifadə elə, onu öz hərarətinlə isit, öz səviyyənə çatdır. Sevgi insandakı bütün eyiblərin üstünü örtə bilər. (Xumar birdən ağlamağa başlayır) Bu göz yaşları fərəhdən və sevincdəndir.

Səhnə qaranlıqlaşır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов