Содержание
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Страница 8 из 8 · 88%

Səkkizinci şəkil

Aslanın xatirəsinin davamı. Yenə həmin otaq. Bir az daha bəzəklidir. Stolun üstündə telefon var. Aslan nə isə axtarır. Telefon zəng çalır.

Aslan (dəstəyi götürür)

Gəlirəm da... Denən pulları banka təhvil verməyib, evdə qoyub, bu saat gətirir. (Dəstəyi yerinə qoyur, şkafları, bufeti axtarmağa başlayır. Saleh içəri girir. Aslan təəccüblə) Sənə kim lazımdır?

Saleh

Şəlalə xanım evdədir?

Aslan

Bu arvad alverçilərə pul səpməkdən yorulmadı da... Mal gətirmisənsə, lazım deyil.

Saleh

Mənə Şəlalə xanımın özü lazımdır.

Aslan

Nəyinə lazımdır?

Saleh

Bu nədir? Sorğu-sual, filan-feşman...

Aslan

Bura bax, sənə bir kəllə gələrəm ki, pəncərədən düz mastavoya sıçrayarsan.

Saleh

Sakit. Nəfəsini dərindən al, bir az saxla, sonra çölə çıxaranda başla saymağa: bir, iki, üç, dörd...

Aslan

Bu nə deyir, ə?..

Saleh

Şəlalə xanım gələndə deyərsən ki, Saleh gəlmişdi. Yadından çıxmaz ki? Saleh. Ayrı heç bir filan-feşman lazım deyil. (Çıxır)

Aslan (öz-özünə)

Deyəsən mən doğrudan dəli oluram. (Telefon zəng çalır, dəstəyi götürür) Hə, ədə, a key, dedim onları başa sal, indicə gəlirəm də... Arvad evdə yoxdur. Bilmirəm istiqrazları hara qoyub. (Dəstəyi asır)

Tərlan xanım içəri girir.

Tərlan xanım

Bonjur!

Aslan

Bu saat mənim borjumluq halım yoxdur. Bir bura gəl...

Tərlan xanım

Mənimlə o tonda danışma ha. Bilirsən mən kiməm?

Aslan

Bilirəm, bilirəm... İsrail bəyin aşnası olmusan. Bir gözümün içinə yaxşı bax, de görüm, Saleh kimdir? İndicə bura gəlmişdi, Şəlaləni soruşurdu.

Tərlan xanım (özünü itirir)

Saleh? Bilmirəm. Hə, Saleh... Şəlalənin əmisi oğludur da.

Aslan

Təzə çıxdı? Bu vaxta kimi bəs hardaydı?

Tərlan xanım

Göndərmişdilər... Yəqin təzəcə qayıdıb. Bəs, Şəlalə özü haradadır?

Aslan

Cəhənnəmdə. On iki imam haqqı bir gün çıxacağam özümdən.

Tərlan xanım

Tu nə vu riyənfər,no!

Aslan

No, no... sənin üzündən bütün Fransaya nifrət eləməyə başlamışam.

Tərlan xanım

Heyf o boyda ölkədən... Bilsələr özlərini həlak eləyərlər.

Şəlalə içəri girir.

Tərlan xanım (onun qulağına)

Ərin əlindən yığıb. Ehtiyatlı ol.

Şəlalə

Pişik, nə olub, hirslənmisən, fi-fi?!

Aslan

Fi-fi nədir, az? Ərinlə danışanda adam kimi danış!

Şəlalə

Pişik! Tez ol gəl, ayaqqabılarımı çıxart!

Aslan

Ayaqqabılarını yox, ciyərini çıxardacağam. Ancaq bir az sonra. İndi əlimdə ayrı işim var. De görüm, Saleh kimdir?

Şəlalə

A... Bibim oğlu.

Aslan

Əmioğlu dönüb oldu bibioğlu?

Tərlan xanım

Həm əmisi oğludur, həm də bibisi oğlu. Qohum qohumu alıb da.

Aslan

Ey, Fransa kralı, sən yum, mən arvadımla danışıram. (Şəlaləyə) Sənin əmin oğlu ilə bibin oğlunu bir-birinə qatıb smes eləyəcəyəm... İstiqrazlar hardadır?

Şəlalə

Nə?

Aslan

Üçfaizli istiqraz!

Şəlalə (çiyinlərini çəkib deyir)

Sa-ne-vu zeentrespa!

Aslan

Nə, nə? Sən də başladın firəngcə danışmağa?

Şəlalə

Yəni, yaxşı eləyib xərcləmişəm, sənə nə?

Aslan

Xərcləmisən? Mənim maaşım bəs olmuyub? Su köşkünün gündəlik gəlirini banka verməyib sənə gətirmişəm, bəs olmuyub? Özüm köhnə ayaqqabıda, yırtıq köynəkdə gəzib sənə gündə üç cürə paltar geyindirmişəm, bəs olmuyub? Təqsir səndə deyil, bax bu ilandadır. (Tərlan xanımı göstərir) Bu ilan səni yoldan çıxartdı.

Tərlan

Ey, ey, qadınları təhqir eləmək olmaz.

Aslan

Birinci gündən sənin, sən ilanın başını əzsəydim... İndi daha gecdir. İndi daha mənim öz başım ələ keçib. Çıx buradan bu saat, səni gözüm görməsin, çıx!

Tərlan xanım (Şəlaləyə)

Az, dur dəlixanaya zəng elə!

Şəlalə

Xala, get, gör Saleh nə oldu? Bibioğlu məndən ötrü darıxıb.

Tərlan xanım

Sənə yazığım gəlir, ay bala, bu cür vəhşi ilə yaşamaq olar?

Gedir. Aslan həyəcan içərisində gəzinir. Şəlalə Tərlan xanımı ötürüb qayıdır. Ayağını ayağının üstünə aşırıb divanın üstündə oturur.

Aslan (Şəlaləyə yaxınlaşır, pıçıltı ilə)

Köşkü yoxlayırlar, əskiyim var. Başa düşdün?

Şəlalə

Suyun çatmır, bir vedrə evdən apar...

Aslan

Su yox, pul çatmır, bilirəm, varındır, ver!

Şəlalə

Məndə pul haradandır? Gətirdiyini özünə xərcləmişəm. Yediyin yadından çıxıb?

Aslan

Şəlalə, ağız, səndə ürək yoxdur? Mənə yazığın gəlmir? Dur, dur yığışdır paltarlarını, ayaqqabılarını satmağa aparıram. (Telefon zəng çalır) Telefona cavab vermə, paltarlarını hazırla, onları sakit eləyib, qayıdıram. (Gedir)

Şəlalə (dəstəyi götürür)

Allo! Kimdir? Aha, Saleh yoldaş, sizsiniz? Qonşumuzun oğlu gəldiyinizi mənə xəbər verdi... hə, hə... mən sizə demədim? Doqquz bedir də... Dəniz kənarında məni gözləyin, gəlirəm. (Dəstəyi asır, tez paltarlarını şkafda gizlətməyə başlayır)

Tərlan xanım içəri girir.

Tərlan xanım

Neyləyirsən?

Şəlalə

Dedi ki, paltarlarını aparıb satacağam, gizlədirəm.

Tərlan xanım

Gizlətmə, apardılar.

Şəlalə

Hara apardılar?

Tərlan xanım

Gedər-gəlməzə. Pul yediyi üçün tutdular.

Şəlalə

Xala, səni görüm, xoşxəbər olasan.

Sevindiyindən oynamağa başlayanda pərdə düşür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов