Haydı, Rüstəm, çıxalım gəl yarışa,Çıxalım mövzu üçün axtarışa.M.Müşfiq

Gənclik çağımız keçdi Xəzərdən daha coşqun,Etdik əməl uğrunda uzun yolları yorğun.Mümkünmü unutmaq o əziz günləri?! Yox, yox,Könlümdə o xoş illərin öz izləri var çox.Gənclik qanımız qaynayan illərdi o illər,Düşmənlərimizçin yaman illərdi o illər.Xalqın səsi haqq səsdi bizimçin o zamanlar,Bir arzu müqəddəsdi bizimçin o zamanlar:

Şair kimi öz əsrimizin nəbzini tutmaq,Ən qəti döyüşlərdə uduzmaq deyil udmaq.Bir qardaşımız vardı, gözəl, sadə geyimli,Müşfiqdi o şair, özütək şeri sevimli.Baxdıqca səadət dolu gülşənlərə hər gün,Birlikdə edərdik qəmi yoxluqlara sürgün.Müşfiq də ürəkdən coşaraq vəcdə gəlirdi,Mən yaxşı bilirdim ki, – o çox yaxşı bilirdi:Şerin öləcək yazsan ürəksiz, həyəcansız,Dövran sənə qiymət verəcəkdir çox amansız.Xoşbəxtdir o şair ki, onun öz səsi vardır,Dillərdə, könüllərdə gəzən nəğməsi vardır.Müşfiq bu yolun yolçusu tək yazdı, yaratdı,Al bayrağın al rəngini öz şerinə qatdı.Qardaş kimi hər gün bölüşüb dərdi, sevinci,İstərdik olaq işdə, sədaqətdə birinci,Yollarda günəş aşiqi tək zülməti dandıq,Müşfiq bizə, biz Müşfiqə dar gündə hayandıq.Onsuz öz anam, süfrəni açmazdı o vaxtlar,Söylərdi: “balam harda qalıb, get onu axtar”.Günlər belə keçdi,Müşfiq belə gəncdi.Yazdıqca həyat çeşməsi qaynardı gözündə,Rəqqas kimi barmaqları oynardı üzündə.Ağ günlərin eşqilə qaraldıqca varaqlar,Çox incə gülümsərdi qalın, döymə dodaqlar.Bir şeir oxuyan vaxtda içindən alışardı,Qaş-göz danışır, əl danışır, dil danışırdı.İlhamla sətirlər cana gəldikcə könüldə –Çalsaydın o baxsın deyə, şeypur da, təbil də –Yox, yox, bu səsi Müşfiq eşitməzdi kökündən,Milyon ürəyə vardı bu an yol ürəyindən.Müşfiq belə şair, belə insandı gözümdə,Dostum yenə dilləndi bu şerimdə, sözümdə.Müşfiq! Məni gəl dinlə, ötüb keçsə də illər, –Xatırlayacaqdır səni hörmətlə nəsillər.Xoşbaxtsan, əzizim, vətəninçin dirisən, bax,Öz millətinin alnı açıq şairisən, bax!Xoşbəxtdir o şair ki, onun öz səsi vardır,Dillərdə, könüllərdə gəzən nəğməsi vardır.Müşfiq! Səni, gəl bir də basım bağrıma, bir də,Olsun bu təsəlli bu ürək ağrıma bir də.Şair kimi, insan kimi – yox ölməmisən sən,Müşfiq! Səni təbrik edirəm mən, öpürəm mən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов