Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)

Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (7 iyun 1923)

Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir?Bu gün, cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun, başını bir işə qat, özünü ələ alıb səbr elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (26 iyun 1923)

Səndən 10 iyun tarixli bircə məktub və adamların həbs edilmələri və at barəsində teleqram almışam.Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, oradakı cürbəcür xoşagəlməz əhvalatlar səni əsəbiləşdirəcək. Sən gedəndən sonra burada – Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki axı, heç kəsdə torpaq-zad yoxdur. Bununla səni xəbərdar etmək istəyirəm ki, dedi-qoduya yol verməməkdən ötrü torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər xeyirxah niyyət olsa da, axırda pis qələmə veriləcəkdir. Ümumiyyətlə, səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya köçüb gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin, istəsən mənim işlərimə də kömək edərsən. Əgər işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirəm ki, o səni ürəyin istədiyi işə qoya bilər.

Cəlil Məmmədquluzadə2 dəq
Əzizim Həmidə! (14 iyul 1923)

Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir?Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (30 iyul 1923)

Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (12 avqust 1923)

Bakı*Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (28 avqust 1923)

Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil

Cəlil Məmmədquluzadə1 dəq
Əziz oğlum Midhət! (28 avqust 1923)

Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.

Cəlil Məmmədquluzadə1 dəq
Həmidə! (30 avqust 1923)

Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.

Cəlil Məmmədquluzadə1 dəq
Həmidə! (16 oktyabr 1923)

Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir). Yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər, azı, 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm. Çünki təzə dərs ili başladığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir).Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq, sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı, bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada da, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik.

Cəlil Məmmədquluzadə1 dəq
Həmidə! (28 noyabr 1923)

Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (18 dekabr 1923)

Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.

Cəlil Məmmədquluzadə1 dəq
“Kommunist” qəzetəsi idarəsinə

Rəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.“Molla Nəsrəddin” məcmuəsi müdiri:

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (2 fevral 1924)

Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Münəvvər! (7 fevral 1924)

Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki paçka sikori göndərdim. Limonun bir neçəsini də ona göndər.Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar.

Cəlil Məmmədquluzadə1 dəq
Həmidə! (6 mart 1924)

Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik.Cəlil

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (2 iyul 1924)

Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.

Cəlil Məmmədquluzadə1 dəq
Həmidə! (23 avqust 1924)

Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (2 sentyabr 1924)

Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.

Cəlil Məmmədquluzadə2 dəq
Həmidə! (8 sentyabr 1924)

Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.

Cəlil Məmmədquluzadə1 dəq
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)

Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.

Cəlil Məmmədquluzadə1 dəq
Midhət! (Orenburq, 9 oktyabr 1924)

8 oktyabr (1924)*Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq.

Cəlil Məmmədquluzadə1 dəq
Əzizim Həmidə! (Moskva, 9 oktyabr 1924)

Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.

Cəlil Məmmədquluzadə1 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.