İkinci hissə
Məzmun
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Səhifə 10 / 32 · 28%
İkinci salon.
Pərdələr arxasından Məmun ilə Bəşir arasındakı səhnəni seyr edən vəzir ilə baş qazi hələ də bir-birinin üzünə baxaraq qalmışdılar. Nəhayət vəzir dedi:
– Ya qazi, hələ dünən qul bazarından satın alınmış bir türk köləsinin bu gün əmirəlmöminin üstünə necə bağırdığını eşitdinmi?
Qazi. Eşitdim, ya vəzir, amma kar olmuş qulaqlarıma inanmıram.
Vəzir. İnan, ya qazi, çünki bundan sonra gərək Xorasan ilə İraq arasındakı nifaqə son qoyulsun, və xilafətin paytaxtı istər Mərv olsun, istər Bağdad, fərqi yoxdur, abbasilər xilafəti ta əvvəldən ərəb xəlifələri ilə İran vəzirlərinin dövləti idi. İndi lazımdır ki, bundan sonra da bu hal nə təğyir tapsın, nə pozulsun...
Qazi. Sonra, ya vəzir?
Vəzir. Nə sonra, ya qazi, məgər bilmirsən ki, yeni vəliəhd Mötəsimin anası – türk qızı bir cariyə idi və görmürsən ki, vəliəhd başındakı türk köləmənləri Bağdad küçələrində at çapanda, kim qabaqlarına çıxdı, tapdayıb keçirlər? Və düşünmürsən ki, o gün ki, Mötəsim xəlifə oldu, başına yığdığı bu şeytan toxumu nə ərəbə etina edəcək, nə əcəmə? Və saqqalımız qalacaq bu saqqalsızlar əlində?
Məmunun hərəm dairəsi.
Məmun indi qara çalmada və qara cübbədə, qara atlaslı bir döşəkcə üstündə oturmuşdu.
Boynundan qızıl xaç asmış baş təbib qoca Cəbrayıl isə xəlifənin qarşısında diz çökmüşdü.
Təbib. Ya Əmirəlmöminin, toya getməyə hazırlaşırsınız, amma çox fikirlisiniz.
Məmun. Mən ən məhrəm arzularımı sənə açmışam, ya Cəbrayıl... və özün gördün ki, mən Bağdadı sakit etmək üçün Mərvi qurban verib paytaxtı yenə bu şəhərə köçürdüm və bu gün yenə qara libas geyinib yaşıldan və şiələrdən üz çevirdim... Və indi də İranı sakit etmək üçün bu axşam xorasanlı qızı ilə evlənirəm...
Təbib. Və tanrıdan dilərəm ki, bu yeni izdivac sizə yeni səadət, yeni bəxtiyarlıq bəxş eləsin, ya əmirəlmöminin.
Məmun istehza ilə gülümsədi və dedi:
– Ya Cəbrayıl, deyir, biri bu gün bir canavar tutdu və cəmi məxluq bir yerə yığılıb o canavarı döymək istədi, amma bu vaxt biri o yandan çıxıb dedi ki, dayanın, ey qafillər, nə edirsiniz və əgər istəyirsiniz ki, o zalım qiyamətə qədər əzab çəksin, lazımdır ki, siz o canavara toy edib arvad alasınız...
Dəclə çayı sahili. “Sülh” qəsri
Qəsrin ən ziynətli otağında qızıl şamdanlarda qırmızı, yaşıl və sarı şamlar yanırdı. Və döşəməyə qızıldan toxunmuş böyük bir həsir salınmışdı.
Və bu qızıl həsir üstündə, əynində ziynətli ağ libas olan gəlin ilə, başdan ayağa qara geyinmiş Məmun ayaq üstündə bir-birinin yanında dayanmışdılar.
Xəlifənin bibisi əlində qızıl bir sini içəri girdi və sininin içindəki inciləri gəlin və Məmunun başına endirdi və Məmun qızıl həsir üstünə səpələnmiş incilərə baxaraq dedi:
– Ya bibi, neçə dənə idi bu incilər?
– 303 dənə idi, ya əmirəlmöminin.
– Bu qədəri israfdır, ya bibi, və mən bu inciləri qız evinin cariyələrinə bağışlayıram, çağır gəlib yığışdırsınlar.
Bibi əlini əlinə vurdu və dərhal bir dəstə cariyə qız yüyürüb gəldi və bir göz qırpımında inciləri qızıl həsir üstündən dənlədilər. Sonra qızlar və xəlifənin bibisi pərdə arxasında yox oldular.
İndi də xəlifənin ögey anası şişman Zübeydə xatun içəri gəldi və Zübeydənin üstündə o qədər cavahirat vardı ki, qoltuğuna girmiş iki cariyə qıza söykənib güclə ayağı üstündə dayanırdı.
Zübeydə cariyələrin qolları üstündəki çox zinətli xələtdən birini Məmunun, digərini gəlinin çiyninə saldı.
Məmun. Ya Zübeydə, bizə böyük ikram elədin, amma bibim kimi sən də israfə yol verirsən.
Zübeydə. Ya əmirəlmöminin sənin səxavətin müqabilində bu heç dərəcəsindədir. Və qoy olmasın, Araz qırağından Varsan şəhərindən gələn bir ilin xəracı ki, bu naçiz hədiyyələrə sərf etmişəm.
Məmun. Ya Zübeydə, sən mərhum atam Harunəlrəşidin baş hərəmi idin və əmirəlmöminin sənə Azərbaycan məmləkətindəki Varsan şəhərini mehriyyə verdi. İndi mən də bu uğurlu gündə o məmləkətdəki şəhərlərdən Təbrizin xəracını ömürlük sənə bəxş edirəm...
Zübeydə. Ey xəlifələrin ən yaxşısı, görüm sənin ömrün Süleyman peyğəmbərin ömründən uzun olsun və yeni övrətin sənə 7 oğul doğsun, bir qız doğmasın!
Və Zübeydə xatun qoltuğuna girən iki cariyənin köməyi ilə otaqdan çıxdı.
Məmun ilə gəlin otaqda tək qaldılar və xəlifə qara cübbəsinin döş cibindən, hər biri sərçə yumurtası boyda olan bir ovuc almas çıxardıb gəlinin başına səpələdi, sonra qızın duvağın üzündən qaldırdı.
Yuvarlaq iri almaslar dayanmadan qızıl həsir üstündə o yan-bu yana diyirlənirdi. Məmun dayanıb gözləyirdi, baş aşağı dayanmış gəlin isə yerindən tərpənmirdi...
Məmun qızıl həsir üstündə diyirlənən almaslara baxaraq şair Əbu Nəvasdan iki misra oxudu, sonra dedi:
– Ey Səmərqənd kimi uca boylum, səbəb nədir ki, bizim hədiyyələrə etina etmirsən?
Gəlin əyildi və yalnız bir dənə almas götürdü, sonra Məmunun qarşısında diz çöküb yer öpdü və ayağa qalxıb dedi:
– Ya əmirəlmöminin, Həsən ibn Səhlin qızı Boran bu gündən sənin kənizindir və sənin səxavətinin bir zərrəsi bütün ömrü boyu kifayət edər.
Məmun. Ya Həsən ibn Səhlin qızı, bundan sonra sənin adın Boran olmayacaq, çünki bu gündən mən sənə həzrət Xədicənin ismini bəxş edirəm ki, bu ismin sahibi peyğəmbərimizin birinci övrəti idi və övrətlər içində birinci olaraq İslamı qəbul edən də o qadın idi.
Xədicə. Bu gündən Xədicə də əmirəlmöminin kənizidir və kəniz söz demək üçün izin istəyir.
– İzin verildi, de, – dedi Məmun və gülümsədi.
Xədicə. Ya əmirəlmöminin, səbəb nədir ki, Xorasandakı dostlarını qurban verdin, amma burda, Bağdaddakı düşmənlərini əfv elədin və mənim əmim ki, sənin vəzirin və sağ əlin idi, Sərəxs şəhərində hamam içində qətl edildi, amma öz əmin ki, sənə rəqib idi, cəzasız qaldı?
Məmun diksindi, gözləri qəzəblə parıldadı, lakin xəlifənin sürməli gözlərinin heybətli baxışlarını gəlinin uzunsov badamı gözləri cəsarətlə qarşıladı. Məmun özünü ələ aldı və dedi:
– Ya Xədicə, boynunu itaət xaltasından çıxaranlar qurban getdi və boynunu yenidən itaət xaltasına salanlar əfv olundu...
Xədicə. Ya əmirəlmöminin, dübarə izin istəyirəm.
– Dübarə izin verildi, – dedi Məmun və qaşları çatıldı.
Xədicə. Və yenə səbəb nədir ki, ya əmirəlmöminin, qardaşın Əbu İshakı özünə vəliəhd təyin elədin və ismin Mötəsim qoydun, amma bizim gələcək oğlumuzu indidən xar etdin və qanuni haqqını tapdadın!
Sübhanallah! – deyə Məmun səsləndi, – oğlu olan övrətim cəsarət edib mənə bir söz demədi, amma ki, hələ oğlu olmamış övrətim birinci gecədən mənim hüzurumda qilqal edir? Və elə isə qulaq as, ey Boran, qulaq as, ey Xorasan qızı...
Xədicə. Ya əmirəlmöminin, sənin anan Məracil də xorasanlı qızı idi və görüm o banunun qəbri nur ilə dolsun!
Məmun özünü boğdu və təmkinlə dedi:
– Ya Xədicə, mən bəsirət gözüylə çox uzağa baxdım və qardaşımı ona görə özümə vəliəhd təyin elədim ki, məndən sonra baş verəcək əzim fitnələrdə böyük oğlum Abbas və səndən olacaq digər oğullarım salamat qalıb məhv olmasınlar.
Xədicə. Ya əmirəlmöminin, nəyə lazımdır mənim oğlumun salamat qalması, əgər səndən sonra bu xilafətə o sahib durmayacaqsa və bu gün əmirəlmöminin kənizi olan Xədicə vəliəhd anası olmayacaqsa...
Məmun hövsələtəng oldu, çiynindəki almaslı xələti dartıb yerə çırpdı və başı alovlu gəlin otağından çıxdı. Və qulamlar bir-birinin dalınca xəlifənin qarşısında ipək pərdələri sıyırdılar və Məmun iti addımlarla bir-bir otaqlardan keçib getdi və nəhayət gəldi; böyük salona yetişdi. Mülazimi Sirac son pərdəni açmaq istərkən, əlini qaldırdı;
– Toxta, ya Sirac?
Dayandı, nəfəsini dərdi və bir an fikrə getdi, sonra başını qaldırdı və təəccüblə soruşdu:
– Nə olub, ya Sirac? Nə üçün məclisdən səs gəlmir, nə üçün çalanoxuyan yoxdur?
– Ya əmirəlmöminin, uzaqdan bir-birinin dalınca çaparlar gəldi, vəliəhdə nə dedilərsə, məclis susdu və indi hamı sizin intizarınızdadır.
Məmun işarə elədi. Sirac pərdəni sıyırdı və xəlifə məclisə daxil oldu. Cərgə ilə divar boyu bir-birinin yanında oturmuş və susmuş qonaqlar dərhal yer öpüb ayağa sıçradılar.
Məmun. Nə olub, həzərat? Toya gəlmisiniz, yoxsa bura yas məclisidir?
Mötəsim irəli çıxdı və baş əyib dedi:
– Ya əmirəlmöminin sənin ki, bu mübarək toyun hələ 40 gün davam edəcək və hələ o 40 gün ki, sən bu “Sülh” qəsrində çıxmayacaqsan, izin ver, xilafətin ucqarından gələn mühüm bir xəbəri təxirə salmadan hüzuruna ərz edim.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.