Məzmun
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Səhifə 29 / 32 · 88%

Qaya altı. Döyüş meydanı.

Döyüş meydanı tozanaq içində idi, döyüşən tərəflər bir-birindən seçilmirdi, və indi bu tozanaq bağırırdı, fəryad edirdi və toz dumanı içində bir-birinə çarpan minlərlə qılıncların ağzında günəş şüaları gah parıldayırdı, gah sönürdü...

Afşin əlində yalın qılınc at üstündə bu tozanaqdan çıxdı və arxasınca gələn qoşun başçıları dərhal əmiri-ləşgəri ortalığa aldılar. Afşin qana bulaşmış qılıncını, ağ atının boynuna çəkib sildi, sonra qılıncını qınına qoydu və döndü Cəfər ibn Dinara dedi:

– Ya Cəfər, biz ki, burda Babəkin son ümidini mühasirəyə almışıq, əgər bu gün Azin və döyüşçüləri məhv olmasa, bu fürsət bir daha ələ düşməyəcək və qalibiyyət bizdən üz çevirəcək!

Cəfər ibn Dinar dedi:

– Ya əmir, sənin səxavətin bu döyüşü qırğına çevirmişdir və əmin ol ki, hava qaralmamış kəsilən başları yığıb-yığışdırmaq olmayacaq və inşallah qalibiyyət bizimdir.

Divdad qan-tər içində arxadan çapıb gəldi və Afşinə dedi:

– Ya əmir, xəbərlər boş şayiə deyilmiş və o adam doğrudan da Babəkdir.

Afşin gülümsədi:

– Ey Divdad, isti getdikcə şiddət edir və bu dağ günəşi göydən başımıza od ələyir və bu səbəbdən bir çoxları kimi sən də bu gün bir az sorsomləmisən. Məgər bu mümkün olan bir işdirmi ki, Babək təkbaşına mənim qoşunlarım içində məni axtarsın?

Divdad. Ya əmir, başına and olsun ki, sözüm həqiqətdir və bu saat Babəkin həyatı təhlükədədir. Çünki arxadakı qoşunun həyəcanı artır və cuşə gəlmiş bir dəstə fədai əllərində yalın qılınc Babəkin arxasınca gəlirlər və kafirə ölüm, deyib bağırırlar.

Bu zaman hardansa, yaxındakı bir təpə üstündən gur bir səsin car çəkdiyi eşidildi:

– Ey müsəlmanlar, agah olun ki, bu dağın canavarı öz yuvasından çıxıb və indi istəyir ki, əmiri-ləşgərə pənah aparsın, amma siz qoymayın ki, o kafir mənzilə çatsın və sığınsın Afşinə, nicat tapsın və əgər bu gün də biz onu qətl eləməsək, qiyamət günü sərvəri-kainat bizdən üz çevirər, vaveyla, ey islam əhli, qeyrət dəmidir, və bilin ki, qiyamət günü də çox uzaq deyil...

Afşin diksindi və dedi:

– Ey Divdad, bu it kimdir ki, məndən icazəsiz mənim qoşunum içində car çəkir?

Divdad. Ya əmir, bu haman azançıdır ki, kürəyində yüz taziyanənin izi var.

Afşin qəzəblə qamçısını atının sağrısına çəkdi və başındakı bütün silahlı qulamları ilə bərabər geriyə çapdı...

Dağ yolu. Tozanaq.

Bu tozanaq içində bir-birinə doğru çapan Babək ilə Afşinin atları baş-başa gəlib şahə qalxdılar və Afşin alnının tərini silərək dedi:

– Şükür olsun ki, vaxtında özümü yetirdim. Qəsdin nədir, ey Babək? Özünə müftəcə ölüm axtarırsan, yoxsa bir ordu qarşısında əzəmət satırsan?

Babək. Nə birincidir, ey Afşin, nə ikinci... və Babək hüzuruna gəlmişdir ki, aman istəsin!

Afşinin gözləri parıldadı:

– Və nəhayət ki, sözü söyləməyə dilin gəldi. Və elə bu saat burda, dizim üstə xəlifəyə məktub yazıram və məktubu bərid göyərçini ilə əmirəlmömina göndərirəm... Amma əmirəlmöminindən cavab gələnə qədər mənə girov lazımdır və kimləri səndən girov istəyirəm, özün bilirsən.

Babək. O adamlar ki, sən məndən girov istəyirsən, bu saat orda, qaya altında cəng edirlər, ona əmr elə görə döyüş dayansın və qoşunların əl saxlasınlar.

Afşin duruxdu, sonra gözləri qıyıldı və dedi:

– Ey Babək, sən xəlifədən aman istəyib sağ qalmaq istəyirsən, yoxsa Azini, son ümidini xilas etmək üçün yol axtarırsan?

Babək. Ya şərtimi qəbul et ey Afşin, yaxud mərd ol və burax məni onların yanına, və qoy Babək öz döyüşçüləri ilə bərabər bir yerdə məhv olsun!

Afşin bağırdı:

– Bilirəm, bu sənin üçün səadət olardı, amma Afşin istəmir ki, səninlə bərabər böyük məramı və son ümidi dəfn olunsun... Ey Divdad, çap Cəfər ibn Dinara de ki, bütün qoşun əl saxlasın və döyüş müvəqqəti dayansın, amma Azin mühasirədə qalsın!

Qaya altı. Döyüş meydanı.

Ağır yaralanmış Azin yamacda yıxılmışdı və artıq ayağa qalxmağa taqəti yoxdu...

Uzaqlarda isə ayrı-ayrı kiçik dəstələrə bölünmüş xürrəmilər ilə düşmən qoşunları arasında döyüş gedirdi.

Və indi yamacda, ölənlər və yaralananlar arasında bir xəstə xürrəmi qız gəzinirdi, ağır yaralananlar üzərinə əyilirdilər, son nəfəsində su istəyənlərə su verirdilər. Qızlar içərisində Cunay da vardı, və indi o, əlindəki cürdəkdən axırıncı damcıları bir piyaləyə süzərək Azinin başı yanında diz çökdü. Azin gözlərini açdı, Cunay əyildi, yaralının başını yerdən qaldırdı, lakin Azin başını buladı:

– Əvvəl ona, ey Cunay... Sonra mən də bir qurtum içərəm...

Cunay dönüb baxdı, üç addımlıqda yerə yıxılmış gənc xürrəmini gördü. Əlində piyalə qalxdı, yaralının yanına getdi. Gənc xürrəmi gözlərini açdı, başını qaldırdı və hər iki əlilə piyaləni qamarladı, sonra birdən kimi gördüsə dayandı və dedi:

– Ey bacım, əvvəl ona, o məndən ağır yaralanmışdır.

Cunay döndü üçüncü döyüşçünün yanına getdi, yaralının başını yerdən qaldırdı, döyüşçü gözlərini açdı, Cunaya baxıb gülümsədi və Cunay piyaləni yaralının dodaqlarına yaxınlaşdırarkən, döyüşçünün başı birdən yana əyildi və gözləri qapandı...

Cunay qolu üstə ölənin başını ehtiyatla yerə qoydu, qalxıb ikinci xürrəminin yanına gəldi və gözləri geniş açıldı, ikinci döyüşçü də ölmüşdü...

Cunay döndü Azinin üstünə yüyürdü, Azin artıq nəfəs almırdı...

...Divdad yanında iki nəfər carçı yamacı köndələninə keçdi və Cəfər ibn Dinarın yanına gəldi:

– Ya Cəfər, – dedi, – əmr elə, qoşun cəngi dayandırsın. Çünki Babək aman istəyir və Afşin əmr elədi ki, bütün qoşun əl saxlasın!

Cəfər ibn Dinar ilə Buğa bir-birinin üzünə baxdılar. Sonra Cəfər istehza ilə gülümsəyərək dedi:

– Ey Divdad, artıq gecdir və özün yaxşı bilirsən ki, müharibənin cilovun həmişə əldə saxlamaq olmur və o qızıl kisələrin ki, Afşin bura göndərmişdi, indi mən yox, o kisələr əmr edir qoşuna... Dön, bax, odur fərqanə bölükləri və mənim oxçularım artıq qala divarlarının anrısına aşıblar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 saat 15 dəq
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 saat 10 dəq
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 dəq
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 dəq

Başqa şairlərin şeirləri